Məhkəmə qərarları › İş №2(103)-3820/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3820/2024

20.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3820/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X12” publik hüquqi şəxsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, intizam tənbehi, əmrin ləğv edilməsi,) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “X12” publik hüquqi şəxsinin nümayəndələri X8 və Nümayəndə iştirakları ilə İddiaçı “X12” publik hüquqi şəxsinə qarşı “əmrin qanunsuz hesab edilməsi və “töhmət” növündə intizam tənbehinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin (“TƏBİB”) “X12” publik hüquqi şəxsi arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı “X12” publik hüquqi şəxsinə rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir.

2. “TƏBİB”-in İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 18-1/2-M-8205/3-1- 24083/2023 saylı məktubda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixində TƏBİB-in inzibati binasına dəvət edilərək sizinlə görüşülmüş, müraciətinizdə qeyd edilmiş şəhid övladı Fərid Cahangirlinin babası Telman Eyvazovun “X12”nin (Pirallahı TM) rəhbərliyinə etdiyi yazılı şikayətlə bağlı müvafiq izahatınız alınmışdır. İzahatınızda sizinlə bağlanmış əmək müqaviləsində iş saatının 14:30-da bitdiyini, qeyd edilən hadisənin iş saatlan ərzində baş vermədiyini və Şua diaqnostika şöbəsinə müraciət edən vətəndaşın şəhid ailəsinin üzvü olduğunu bilmədiyini bildirmişsiniz. Araşdırma zamanı şəhid övladı F.Cahangirlinin Şua diaqnostika şöbəsinə xx.xx.2023-cü il tarixində saat 14:46-da müraciət etdiyi müəyyən edilmişdir. Əmək müqavilənizə baxış zamanı məlum olmuşdur ki, sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Məcəllə) 43-cü maddəsinin “ə” bəndinin tələbinə uyğun tərtib edilməmiş və müqavilədə işçinin istirahət vaxtı nəzərə alınmadığından iş saatları 09:00-14:30 qeyd edilmişdir. Məsələ ilə bağlı Pirallahı TM-in rəhbərliyinə yazılı məlumat verilmiş, baş vermiş hadisənin iş saatları ərzində olmadığı, eyni zamanda sizinlə bağlanmış əmək müqaviləsinə Məcəllənin 46-cı maddəsinin 5-ci bəndinə əsasən dəyişiklik edilmə tövsiyə olunmuşdur. Əlavə olaraq, bundan sonrakı əmək fəaliyyətiniz dövründə həssas əhali qrupu hesab edilən vətəndaşlara daha diqqətli yanaşmağınızı xahiş edirik”.

3. X10 “X12”nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə göstərmişdir ki, həmin tarixdə övladı ilə rentgen otağının qarşısında durarkən dəfələrlə növbəsiz xəstələri adlarıyla çağıraraq, onun növbəsini pozaraq rentgendən keçirmişlər. Növbəsiz xəstələri çağıran tibb bacısı Aygün və həkimi Xəyalə çıxaraq ona “xəstəni mən çağırmışam, belə məsləhət idi, belə lazımdı, həkim mənəm özüm bilərəm, get kimə istəyirsən şikayət elə” demişdir.

4. X6 “X12”nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə göstərmişdir ki, “rentgen həkimi Xəyalə xanım haqqında tədbir görülsün. Heç bir həkimin ixtiyarı yoxdur xəstəni üç gün qapıda saxlayıb növbəm ola-ola desin ki, sən gözlə saat 4-də gəl. Və danışıq qabiliyyəti olsa daha yaxşı olardı”.

5. Mirzəyeva Pərvanə xx.xx.2023-cü il tarixdə “X12” publik hüquqi şəxsində çoxsaylı müayinədən, xx.xx.2023-cü il tarixdə isə rentgen müayinəsindən keçmişdir.

6. “X12” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-16/3-1-1085/2023 nömrəli əmri ilə, İddiaçı əmək funksiyasını qismən və keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmiş, əmrə əsas kimi X5 və X2 şikayət ərizələri, habelə İddiaçı izahatları göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) “X12” publik hüquqi şəxsinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, intizam tənbehinə cəlb olunmasına dair cavabdehin direktoru Azər Zeynalov tərəfindən 26 dekabr 2023-cü il tarixli 18-1-16/3-1085/2023 saylı əmrin qanunsuz hesab edilməsi və "töhmət” növündə intizam tənbehinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən “Həkimlərin Mərkəzləşdirilmiş qaydada işə qəbulu” bir ştat vahidi üzrə “X12” Publik Hüquqi şəxsində şüa diaqnoztika həkimi vəzifəsinə təyin edilərək göndərilmiş, həmin vaxtdan orada həkim vəzifəsində işləmişdir. “X12” Publik hüquqi şəxsində 2015-ci ildən bu günə kimi işlədiyi müddətdə heç bir qüsuru olmamış, həkim vəzifəsini icra edərkən istər müayinə üçün müraciət edən xəstələrə, istərsə də iş kollektivinə hər zaman məsuliyyətlə yanaşmışdır. 2021-ci ilin ortalarında X9 "X12” Publik hüquqi şəxsinə direktor vəzifəsinə gəlmişdir. Bir müddət normal münasibətlərdə işlədikdən sonra mərkəzin direktoru Azər Zeynalovun ona qarşı qərəzli yanaşmaları ilə qarşı-qarşıya qalmışdır. Azər Zeynalov direktor vəzifəsinə gəldikdən bir müddət sonra direktor müavini Elşən Həşimov özünə məxsus müayinə sənədini (forma 86) müayinə etmədən “sağlamdır” yazılması üçün göndərmiş, o isə bunu qəbul etməyərək şəxsin müayinədən keçməli olduğunu bildirmişdir. Bütün qərəzli yanaşmalar da elə bundan sonra başlamışdır. “X12” Publik hüquqi şəxsinin direktoru Azər Zeynalova da dəfələrlə bildirmişdir ki, ondan heç bir qanunsuz hərəkətlərin edilməsini tələb etməsin. xx.xx.2023-cü il tarixdə vətəndaş Telman Eyvazov tərəfindən barəsində əsassız və qanunsuz olaraq olan şikayəti araşdırmadan “Təbib”ə göndərmişdir. Hadisənin qısa şərhi belədir ki, onun tibb mərkəzində iş saatı 14:30-da bitir. Hadisə baş verən günü evə getmək üçün hazırlaşıb bütün cihazları söndürmüş, otaqdan çıxıb evinə getmək istədikdə kabinetin qarşısında olan bir şəxs müayinə olunması üçün uşağını gətirdiyini bildirmişdir. Vətəndaş müraciət etdiyində saat 14:46 olmuş, o da öz növbəsində iş saatının bitdiyini və cihazların sönülü olduğunu, evinə tələsdiyini, müayinə üçün səhər gəlməsini demişdir. Həmin vaxt vətəndaşdan heç bir cavab almamış, çıxıb getmişdir. Hadisə baş verən zaman övladı burun-boğazdan əməliyyat olmuşdu və o, ana kimi övladının yanına da tələsmişdir. Yolda olarkən direktor Azər Zeynalov onun mobil telefonuna “whatsapp” vasitəsi ilə yazaraq bildirmişdir ki, iş saatı bitmiş olsa da “xəstə şəhid ailəsidir, ona baxmaq lazımdır, bizə ayib olar.” Bunu bildikdən sonra iş saatının bitməsinə baxmayaraq, şəhid ailəsinə köməklik göstərmək üçün mərkəzə geri qayıtmaq qərarına gəlmişdir. Mərkəzə daxil olmuş və xəstəni müayinə etmək istədiyini demiş, bu zaman uşağın babası və nənəsi onun ünvanına nalayiq ifadələr işlədərək təhqir və təhdid etməyə, eyni zamanda onu işdən çıxartdıracağını söyləyərək səs-küy etməyə başlamışlar. Sakinliyini qoruyaraq bildirmişdir ki, övladı əməliyyat olunub, evdə təkdir və iş saatı da bitdiyi üçün evinə tələsirdi. Lakin vətəndaş buna heç bir məhəl qoymayaraq səs-küy yaratmağa davam etmişdir. Bütün bundan sonra direktor Azər Zeynalov bu hadisə barədə “TƏBİB”ə məlumat verərək araşdırma aparılmasını istəmişdir. Hadisə ilə bağlı “TƏBİB”ə dəvət edilmiş, izahatı alınmış, onu dinləyərək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmişdir. Heç bir qanun pozuntusu etmədiyi, şikayətin qanunsuz və əsassız olduğu məlum olmuşdur. Bundan sonra 2023-cü ilin dekabr ayının əvvəllərində X10 və X6 tərəfindən edilmiş əsassız şikayətlərə görə "X12” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalov onun barəsində töhmət növündə intizam tənbehinə cəlb olunmağı barədə əmr vermişdir. Belə ki, Cavid Həsənli 2023-cü ilin dekabr ayının əvvəllərində qızının döş qəfəsi orqanlarının rentgen qrafıyası müayinəsi üçün müraciət etmiş, xəstə sağlam olmuşdur. Həmin vaxt növbədə olan qol nahiyyəsində sınıq ilə bağlı rentgen qrafıyası ilə müraciət edən ağır xəstə, həmçinin digər iki şəxs olmuşdur. Ona görə də həmin vaxt növbədə olanların heç bir etirazı olmadan qolundan sınıq olan xəstəyə tərəfindən öncəlik verilmişdir. Müayinə prosesi sadəcə sınığın yerdəyişməsinin müəyyən olunmasından ibarət olduğundan təxminən 2-3 dəqiqə zaman almışdır. Onlar otağa daxil olduqdan sonra digər növbədə olan şəxs X10 etirazlar etmiş, bunu eşidən mühafizə dərhal şəxsi şikayət yazması üçün yönləndirmişdir. Buradan açıq-aşkar məlum olur ki, ona qarşı birmənalı olaraq qərəzli yanaşma vardır. Bu hadisədə onun əmək funksiyasında hər hansı qüsuru olmamışdır. Bundan başqa, 2023-cü ilin dekabr ayının əvvəllərində “X12” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalovun onun barəsində töhmət növündə intizam tənbehinə cəlb olunmağı barədə əmrin verilməsinə səbəb olan digər şikayət etmiş vətəndaş X6 isə dövrü tibbi müayinədən keçmək üçün müraciət etmişdir. Müraciət edən xəstələrin sayının çox olması səbəbindən xəstəxananın dirktoru Azər Zeynalovla məsləhətləşmişdir ki, dövrü tibbi müayinə üçün müraciət edən xəstələrə saat 13:00-dan sonra baxsınlar, saat 13:00-a kimi isə nisbətən ağır və çox ağır xəstələri müayinə etsinlər. Bu sadəcə sözdə olan daxili qərar əsasında olmuşdur. Ona görə də obilqat həkimi tərəfindən X3 müayinə üçün saat 13:00-dan sonra yaxınlaşması bildirilmişdir. Pərvanə Mirzəyeva etirazlar bildirmiş, həmin vaxt növbədə olan ağır xəstələr qəbul edildiyi üçün Pərvanə Mirzəyevanın dərhal müayinəsi tərəfindən mümkün olmamışdır. Şəxs həmin gün 13:00-dan sonra müayinə olunmağına baxmayaraq, əsassız olaraq ondan şikayət yazmış, bildirmişdir ki, guya ona kobud davranılmışdır. Lakin bu tamamilə əsassızdır, belə bir hal olmamışdır. Çünki o, müayinə üçün gələn xəstələrlə birbaşa və ya qarşılıqlı ünsiyyətdə olmur. O, vəzifəsini pult otağından, yəni şüşə arxasında idarə edirək xəstələri müayinə edir. Hər iki şəxsin, yəni X5 və X2 əsassız şikayətləri barədə izahatları alınmışdır. Bütün bu olanlar ona əsas verir ki, şəxsinə qarşı qərəzli yanaşma olduğunu bildirsin. “Töhmət” növündə intizam tənbehi verildikdən sonra əmrlə tanış olduqda etirazını bildirirək qeydlərini aparmış və məhkəməyə müraciət edəcəyini yazılı şəkildə qeyd edərək bildirmişdir. Qeyd etdiklərindən də görünür ki, “X12” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalovun ona qarşı qərəzli yanaşması vardır. Ona bunu deməyə əsas verən odur ki, mərkəzin direktoru vətəndaşlar tərəfindən barəsində əsassız və qanunsuz şikayətləri araşdırmadan, şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almadan, xəbərdar etmədən, barəsində töhmət növündə intizam tənbehinə cəlb olunma barədə əmr vermişdir. “X12” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalovun ona qarşı qərəzliliyi onda görünür ki, barəsində ilkin şikayət olunanda həmin şikayətin araşdırılmasını “TƏBİB”ə yönəltmiş, “TƏBİB” isə barəsində olan şikayətin heç bir əsasının olmamasını müəyyən etmişdir. Lakin bu dəfə direktor heç bir araşdırma etmədən və şikayətləri yuxarı orqana həvalə etmədən barəsində töhmət növündə intizam təhbehinə cəlb olunma barədə əmr vermişdir. Həmin mərkəzdə işlədiyi müddətdə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmişdir. Müayinə üçün müraciət edən xəstələrlə birbaşa və ya digər halda heç bir ünsiyyətdə olmur.

9. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya verilmiş töhmət intizam tənbehi əsasən iki vətəndaş şikayəti ilə bağlıdır. Onlardan biri Pərvanə Mirzəyevadır, Pərvanə xanım ayın 5-də “X12”nə forma 83 arayışı almaq üçün müraciət etmiş, lakin həmin gün 6 müayinədən keçsə də, rentgen müayinəsindən ayın 7-si keçmişdir. Vətəndaş şikayət yazaraq, həkim İddiaçı tərəfindən 3 gün qapıda gözlədildiyini və ona arayışın verilməsinin ləngidildiyini bildirmişdir. Bu məsələ inzibati məsələlər üzrə direktor müavini Elşən bəy tərəfindən də araşdırılaraq müəyyən edilmişdir. Digər şikayət isə 04 dekabr tarixində həkim tərəfindən növbədənkənar xəstənin qəbul edilməsi ilə bağlıdır. Belə ki, vətəndaş şikayət edərək bildirmişdir ki, rentgen qəbulunda növbəsi olmasına baxmayaraq, başqa şəxs qəbul edilmiş, həkim Xəyalə və tibb bacısı Aygün xanım çıxaraq ona qışqırıb, “özüm bilərəm, get hara istəyirsən şikayət elə” demiş, kobudluq etmişdir. İddiaçı barəsində çoxsaylı şikayətlər olur.

10. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi X11 izahatında bildirmişdir ki, iddiaçıdan dəfələrlə vətəndaş şikayətləri olur. Bununla bağlı, Xəyalə xanımla dəfələrlə danışıqlar aparılmış, şifahi xəbərdarlıq edilmiş, lakin nəticəsi olmamışdır. İddiaçının növbədənkənar buraxdığı xəstə Əhməd Əhmədov da onların işçiləridir. Ə.Əhmədov müraciətindən 10-15 gün əvvəl qolunu sındırmış və təkrar müayinəyə gəlmiş, hər hansı həyati təhlükəsi olmamışdır. “X12” öz qazancını müayinəyə gələn vətəndaşlarla təmin edir. Həkimin bu cür davranışları, xəstələrin tibb mərkəzindən uzaqlaşmasına səbəb olur, bu da tibb mərkəzinə ziyan vurur.

11. Məhkəmənin şahid qismində dindirdiyi Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində rentgen kabinetinin qabağında 1-ci postda olmuş, xəstə ilə həkim arasında insident yaranmışdır. Həkim xəstənin növbəsi ola-ola öz tanışını ad ilə çağıraraq növbəsiz otağa salmışdır. Həkimlə xəstə arasında mübahisə yaranmışdır. Xəstə həkimə demişdir ki, “mənim növbəmdir”, həkim isə xəstəyə “özüm bilərəm, içəri kimi çağırıram” demişdir. Onlar xəstəni nə qədər sakitləşdirsələr də, qane olmamış və rəhbərliyə şikayət etmək istəmişdir. Onlar da direktor köməkçisinə yönəltmişlər. Vətəndaş Şirzad müəllimin otağında izahat yazarkən həkim İddiaçı da içəri daxil olaraq əsəbi vəziyyətdə xəstənin üstünə qışqıraraq “get hara istəyirsən şikayət et, mən heç kimdən qorxmuram” demişdir.

12. Məhkəmənin şahid qismində dindirdiyi Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 1-ci postda olduğu zaman bir vətəndaşla insident yaranmış, onlar vətəndaşı başqa vətəndaşlara narahatlıq yaratmamaq məqsədilə rentgen otağının yanından uzaqlaşdırmış, direktor köməkçisinin otağına aparmışlar. Sonradan bildiyinə görə həkim İddiaçı ilə vətəndaş arasında növbə üzərində insident yaranmışdır.

13. Məhkəmənin şahid qismində dindirdiyi Şahid3 ifadəsində göstərmişdir ki, 3cü postda xidmətdə olduğu zaman səs-küy eşidib 1-ci posta gəlmişdir. Həkim İddiaçı ilə vətəndaş arasında olan mübahisəni görməsə də, şikayət edən vətəndaşı otağa gətirmişlər. Vətəndaş onun növbəsinə Xəyalə doktorun başqa adamı salmasını bildirmişdir. Orxan ona demişdir ki, “həqiqətən vətəndaşın növbəsi idi, doktor onun növbəsinə başqasını qəbul edib”. Deyib ki, “öz işimdi, kimi istəsəm qəbul edərəm”. Sonra həmin vətəndaş şikayət ərizəsi yazıb. Şirzad müəllim direktor köməkçisinin otağına getdi. O da otaqda idi. Vətəndaş ərizə yazıb. Köməkçinin otağı aralıydı və Xəyalə doktor kobud şəkildə vətəndaşla yenidən mübahisə etdi. Bərkdən qışqıra-qışqıra dedi ki, "mən eləmişəm, tibb bacısının burda günahı yoxdur. Düz eləmişəm, özüm bilərəm kimi qəbul edirəm, kimi qəbul etmirəm”. Qapı açıq idi, səsi koridorda olan camaat və mühafizəçilər eşidirdi. Xəyalə doktor otaqda az qaldı ki, vətəndaşın üstünə cumsun. Heç kimə məhəl qoymadan, hörmət qoymadan, baxmayaraq ki, otaqda direktorun köməkçisi var idi, mühafizə bölməsinin rəisi, vətəndaş, bir də o var idi. Çox kobud danışıb qapını çırpıb getdi, orda dedi ki, hara istəyirsən şikayət et.

14. Məhkəmənin şahid qismində dindirdiyi Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X1 vəsiqəsi üçün Forma-83 arayışı almaq istədiyini bildirmiş, Vəfa həkim forma 83 arayışı vermiş, P. Mirzəyeva müvafiq olaraq bütün müayinlərdən keçmişdir. Lakin rentgen müayinəsindən keçə bilməmişdir. xx.xx.2023-cü il tarixində P. Mirzəyeva yenidən müraciət etmiş və yenə rentgen müayinədən keçə bilməmişdir. Təkrar olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. O, öz iş otağında oturarkən P. Mirzəyeva otağa gələrək əsəbi halda rentgen həkimi İddiaçı onunla kobud rəftar etməsini, üç gündür rentgen müayinəsindən keçə bilmədiyini demişdir. Daha sonra öz şikayətini bildirmək üçün rəhbərliyin qəbuluna getmişdir.

15. Məhkəmənin şahid qismində dindirdiyi Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X1 vəsiqəsi üçün forma-83 arayışı almaq istəyini bildirmiş, vətəndaşa blankı vermiş, P. Mirzəyeva müvafiq olaraq bütün müayinələrdən keçmiş, lakin rentgen müayinəsindən keçə bilməmişdir. xx.xx.2023-cü il tarixdə P. Mirzəyeva yenidən müraciət etmiş və yenə rentgen müayinəsindən keçə bilməmiş, təkrar olaraq xx.xx.2023cü il tarixdə müraciət etmişdir. O, öz iş otağında olarkən P. Mirzəyeva otağa gələrək əsəbi halda rentgen həkimi İddiaçı onunla kobud rəftar etməsini, üç gündür rentgen müayinəsindən keçə bilmədiyini demiş, daha sonra şikayətini bildirmək üçün rəhbərliyin qəbuluna getmişdir.

16. Məhkəmənin şahid qismində dindirdiyi Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə rentgen otağının qarşısında həmişə olduğu kimi həkim rentgenoloq İddiaçı xəstə ilə mübahisəyə səbəb olmuş, növbədə olan xəstənin yerinə şəxsən özü digər xəstəni çağırmışdır. Bu barədə ona 1-ci postda olan mühafizəçilər məlumat vermişlər. Mühafizəçilər Şahid2 və Şahid1 vətəndaşın şikayət etmək istədiyini bildirmiş, vətəndaşa yaxınlaşıb sakitləşdirmişdir. Amma vətəndaş şikayət etmək istədiyini demişdir. Onu mühafizəçilərlə birlikdə direktorun köməkçisi Şirzad müəllimin yanına gətirmişlər. Vətəndaş şikayətçi olduğunu söyləmiş, elə bu vaxt həkim-rentgnoloq İddiaçı əsəbi vəziyyətdə qışqıra-qışqıra otağa daxil olaraq və direktorun köməkçisinə əhəmiyyət verməyərək onun sözünü kəsib vətəndaşın üstünə qışqırmışdır. Şirzad müəllim işi araşdırmaq üçün çağırdığı tibb bacısını da otaqdan çıxardaraq demişdir ki, “sən mənim işimlə məşğul ol”. Həkimin hirsi soyumamış, otaqdan çıxanda xəstəyə demişdir ki, "get hara istəyirsən şikayət elə, mən heç kimdən qorxmuram.”

17. Məhkəmənin şahid qismində dindirdiyi Şahid7 ifadəsində göstərmişdir ki, Xəyalə Məmmədov haqqında davamlı olaraq vətəndaşlar tərəfindən bir çox şikayətlər verilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra vətəndaş yaxınlaşmışdır ki, “Xəyalə xanımdan şikayət edirəm”. O, ilk öncə vətəndaşı otağına dəvət edərək sakitləşdirib, səbəbini öyrənməyə çalışmışdır. Vətəndaş demişdir ki, neçə dəfələrdir rentgen növbəsində gözləyir və özü görmüşdür ki, Xəyalə xanım ondan əvvəl bir çox insanı içəri çağırır. Vətəndaş səbəbini soruşub ki, niyə, səbəb nədir? Xəyalə həkim isə "özüm bilərəm kimi çağırıram” cavabını verib. O da məsələni araşdırmaq üçün tibb bacısını otağa çağırmışdır. Xəyalə həkim də otaqda vətəndaşla kobud danışmış, tibb bacısını otaqdan çıxardaraq ona demişdir ki, “olmaz, sən get özüm danışacam”.

18. Birinci instansiya məhkəməsinin 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı, işlədiyi müəssisə olan “X12” publik hüquqi şəxsində rentgen müayinəsi üçün müəyyən edilmiş qaydada növbə götürmüş xəstələri öz vaxtında qəbul etməyərək, eləcə də xəstələrlə kobud rəftar edərək əmək funksiyasını qismən və keyfiyyətsiz yerinə yetirmişdir. İddiaçı, şikayətçi X7 və X4 həqiqətən də öz növbələrində qeyd edilən vaxtda qəbul etmədiyini bildirərək, iddiasını C.Həsənlinin növbəsi zamanı ondan daha ağır xəstəni qəbul etmək məcburiyyətində olması, həmçinin P.Mirzəyevanın dövri müayinə üçün gəldiyi saatda, yəni saat 13:00-dək ağır xəstələri qəbul etdikləri ilə əsaslandırmış, lakin öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, “X12” publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli 18-1-16/3-1-1085/2023 nömrəli əmrin verilməsi əsaslı olmuşdur.

20. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Əmək Məcəlləsinin 186-cı, Mülki Prosessual Məcəllənin 14-cü və 77.1-ci maddələrinə istinad etmişdir.

21. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, cavabdehdən asılı vəziyyətdə olan şahidlərin ifadələrinə istinadla qanunsuz və qərəzli qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

23. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndələri isə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

25. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

26. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

27. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

28. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.

39. Belə ki, iddiaçıya intizam tənbehinin verilməsinə əsas olan pozuntu, yəni X5 və X2 şikayətlərində əks olunan xüsusatlar (§ 3,4) öz təsdiqini tapmışdır.

40. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-116/2024 saylı iş üzrə 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar