Məhkəmə qərarları › İş №2(103)-3820/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3820/2025

24.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3820/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3820/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1741/2025 saylı qətnaməsindən cavabdeh nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024cü il tarixli, 984 k/d nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan radiosunun “Ədəbi dram və folklor” verilişləri baş redaksiyasında yarımştat redaktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan Radiosuna Azərbaycan Radiosu/Rv X10 Redaksiyasının “Əsas, RV X10” redaksiyasının yarımştat müxbiri vəzifəsinə təyin edilmişdir. İddiaçı məzuniyyətdə olduğu vaxtda təxminən 2024-cü ilin avqustun sonu sentyabrın əvvəlində Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan və müxbir işlədiyi Azərbaycan Radiosunda bir sıra verilişlərin hazırlanması və efirə buraxılması dayandırılmışdır. O, məzuniyyətdən qayıdarkən radioda verilişlərin dayandırılmasının şahidi olmuş, buna baxmayaraq o və digər işçilər işlərini davam etdirmişdirlər. Verilişlərin dayandırılması, bunun səbəbləri barədə iddiaçıya hər hansı rəsmi məlumat (bildiriş) verilməmişdir. Buna baxmayaraq iddiaçı 2024-cü ilin sentyabr ayında əmək haqqı (nə minimum əmək haqqı, nə də quruluş və ya qonorar haqqı) almamışdır. İddiaçı əmək müqaviləsi ilə işləyirdi, əmək haqqı 360 manat müəyyən edilmişdir, verilişlərin hazırlanması və efirə verilməsi, yaxud hər hansı reportajın hazırlanmasına görə əlavə olaraq quruluş haqqı və ya qonorar ödənilirdi. Belə ki, onun əmək haqqı minimum əmək haqqı və radioda gördüyü işlərə görə qonorardan və quruluş haqqından ibarət olmuşdur. Təxminən hər ay 1000-dan 1500 manat məbləğində əmək haqqı almışdır. 28 sentyabr 2024-cü il tarixdə qeyri iş günü (altıncı gün) evdə olarkən cavabdeh hüquqi şəxsin sədrinin köməkçisi Rüstəm müəllim şəhər nömrəsi ilə zəng edərək 27 sentyabrda Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətində departament direktoru işləyən Həmidağa Əsədzadənin uşağının vəfat etməsinə görə Facebook profilində sevincini bildirən status yazdığına görə sədrin onunla əmək müqaviləsini dayandırmasını bildirib. Həmidağa Əsədzadənin həyat yoldaşı Aysel Əsədzadə cavabdeh müəssisədə maliyyə şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı sədrə vatsapla yazıb statusun Həmidağaya aid olmadığını izah etməsinə baxmayaraq o, izahı qəbul etməyərək buna görə onun barəsində mənfi rəyini bildirib, eyni zamanda ona "bu iblislikdir" demişdir, bundan sonra isə vatsap sosial şəbəkəsində nömrəsini bloka etmişdir. Bu arada cavabdehin Kadrlar İdarəsindən Orxan müəllim zəng edərək sədrin göstərişi ilə zəng etdiyini demiş və bildirmişdir ki, onunla əmək müqaviləsi dayandırılcaq. Ona narazılığını bildirdikdə Kadrlar İdarəsinin rəisi İlhamə xanımla danışmalı olduğunu bildirib. Növbəti iş günü 30 sentyabr 2024-cü il tarixində iddiaçı Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətinin inzibati binasına həmişəki kimi avtomobili ilə daxil olmaq istədikdə, polis əməkdaşı xidməti vəsiqəni alıb sədrin iddiaçını idarəyə buraxmamaq barədə göstəriş verdiyini və vəsiqəni geri almağı tapşırdığını bildirib. Bu barədə narazılığını bildirdikdə polis əməkdaşı onun bilmədiyi şəxslərlə danışıb vəsiqəni qaytarmadan və avtomobili inzibati binanın həyətinə daxil olmağa icazə vermədən iddiaçıya içəri keçməyi bildirib. İddiaçı inzibati binaya daxil olub Kadrlar İdarəsinin rəisi İlhamə xanıma nə üçün vəsiqəsinin alınmasını və idarəyə buraxılmamasını soruşduqda, o, sədrlə gedib danışmağı məsləhət görmüşdür. Həmin vaxt sədrin köməkçisi Cavid müəllimə sədrlə görüşmək istədiyini bildirmiş, o isə öz növbəsində qeyd edib ki, sədr dedi: "Mən onu haqqında qərarımı vermişəm və onu qəbul etməyəcəm." Həmin gün İlhamə xanımdan işdən azad olunması barədə sənəd verməyi xahiş etmişdi ki, Prezident Administrasiyasına müraciət etsin. İlhamə xanım onları hədələməməyi bildirmişdir. İddiaçı isə göstərib ki, hədələmir, Prezident mükafatçısı olduğu üçün buna haqqı çatır. Bundan sonra İlhamə xanım işdən azad olunacağı barədə sənədi verəcəklərini və bu barədə iddiaçıya məlumat verəcəyini bildirib evə getməyi xahiş etmişdir. Eyni zamanda vəsiqəni də qaytaracaqlarını söyləmişdir. Səhəri gün 01 oktyabrda idarəyə getmiş, İlhamə xanım tapşırdığı üçün polis vəsiqəsiz onu içəri buraxıb. Həmin günü İlhamə xanım ilə əlaqə saxladıqda bildirib ki, 02 oktyabr 2024-cü ildə sənədi və vəsiqəni ona verəcək. 02 oktyabr 2024-cü ildə iddiaçıya bildirib ki, gəlib sənədi göturə bilər. Həmin günü gedib İlhamə xanımdan sənədi alıb və həmin sənəd işlədiyi müxbir vəzifəsinin ixtisarı ilə bağlı 29 oktyabrda işdən azad olunmağı barədə İlhamə xanımın adından bildiriş olmuşdur. 03 oktyabr 2024-cü ildə işə gedərkən qapıdan keçmək problemi olduğunu İlhamə xanıma vatsap vasitəsi ilə yazaraq bildirmişdir. İlhamə xanım: "gəlin vəsiqənizi götürün" deyib. Həmin günü Zemfira xanımdan xidməti vəsiqəsini götürmüşdür. Beləliklə 29 oktyabr 2024- cü ilədək iddiaçı işə getməli idi. 17 oktyabr 2024-ci il tarixdə iddiaçı işə gedərkən polis xidməti vəsiqəni alıb 20 dəqiqə ərzində onu işə buraxmayıb. Etiraz etdikdə sonda vəsiqəni geri qaytarıb işə buraxıb. İnzibati binaya daxil olarkən sədrin radionun binasından çıxdığını görüb. Bu barədə İlhamə xanım ilə vatsap danışığı qeydə alınıb.. Sonda, yəni, 29 oktyabr 2024-cü ildə səhər saatlarında çağıraraq işdən azad olunma barədə yalnız Sədrin adından imzasız olan əmri və əmək kitabçasını imza atırıb ona təqdim ediblər. Son haqq-hesabı isə 01 noyabr 2024-cü ildə təqdim ediblər. Həmin vaxtdan başlayaq bir ay ərzində Mediasiya təşkilatına müraciət edib, Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyəti öz nümayəndəsini Mediasiya sessiyasına göndərməmişdir. Mediasiya sessiyasının baş tutmaması barədə arayış aldıqdan sonra məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1741/2025 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70-ci maddəsinin “b” bəndi, 71.1, 71.3, 76.1, 76.2, 77.1, 77.3 77.4, 78.1, 78.2, 80.1, 80.2, 83.1, 83.2, 84, 294.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi redaksiyada müxbir ştatı ixtisar olunub, digər redaksiyada isə müxbir deyil, tamamilə başqa vəzifə üzrə yeni ştat yaradılıb. Yəni “eyni adda vəzifə”mövcud deyil. Yalnız başqa funksional vəzifələr üzrə yeni ştatlar təsdiqlənmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürənə təşkilati dəyişikliklər aparmaq səlahiyyəti verir və bu zaman eyni vəzifə üzrə işə qəbulun aparılıbaparılmaması əsas götürülür. Hazırki mübahisə üzrə isə belə hal baş verməmişdir. Digər tərəfdən, qətnamədə bir redaksiyada ştatixtisarı olduğu halda, digərində ştat artırılmasına istinad olunması əsassızdır. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, işəgötürənə öz təsərrüfat və idarəçilik fəaliyyətini səmərəli şəkildə təşkil etmək hüququ tanınır. Buradan da nəticəyə gəlinir ki, hansı redaksiyada hansı vəzifəyə ehtiyacın olub-olmaması barədə qərarı yalnız işəgötürən verir və işəgötürənin struktura dəyişiklik səlahiyyəti məhdudlaşdırılmır. Hakimin obyektiv araşdırması aparmadan qətnamədə işəgötürənin bu hüququnu məhdudlaşdırması nəticəsinə gəlməsi hüquqi baxımdan əsassızdır. “RV X10” redaksiyasında müxbir vəzifəsinin ləğvi təşkilati zərurətdən irəli gəlib, “RV İnformasiya proqramları” redaksiyasında 2 ştat vahidinin artırılması isə müstəqil qərarlardır, redaksiyanın planına uyğun olub və biri digərinə ziddiyyət təşkil etmir. Hazırki iş üzrə işəgötürən QSC-nin Həmkarlar İttifaqı Komitəsinə tələblərə uyğun müvafiq müraciət edilmiş, həmkarlar ittifaqı isə qanunla müəyyən edilmiş müddət ərzində cavab vermişdir. Eyni zamanda, Əmək Məcəlləsinin qeyd olunan 287-ci maddəsi fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında yaranan fikir ayrılığı olduqda tətbiq edilir. İddiaçı ilə QSC arasında isə hər hansı fikir ayrılığı olmayıb və buna dair hər hansı sübut da mövcud deyil. QSC Həmkarlar İttifaqı Komitəsinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının həmkarlara çağırılması şifahi şəkildə həyata keçirilmiş və proses zamanı heç bir narazılıq ifadə olunmamış, iddiaçı Həmkarlar Komitəsinə dəvətolunduğu zaman ondan işdən çıxmasının səbəbi soruşulduqda “Belə məsləhətolduğu üçün çıxıram” cavabını vermişdir. Bu cavab iddiaçının öz iradəsi ilə işdən ayrıldığını göstərir və hər hansı bir məcburiyyət halı müşahidə olunmamışdır. Belə olduğu halda Həmkarlar İttifaqı mövcud olmayan mübahisəyə necə baxa bilərdi? Deməli, fərdi əmək mübahisəsi olmamasına baxmayaraq, iddaçının Həmkarlar İttifaqının iclasında iştirak etməməsini məhkəmə yanlış olaraq qanun pozuntusu kimi qiymətləndirmişdir. İş materiallarından görünür ki, QSC-ninsədrinə RV “Səhər” musiqi verilişləri redaksiyasından iddiaçının tutduğu müxbir vəzifəsinin (ştatının) ixtisar edilməsi ilə əlaqədar müvafiq təqdimat daxil olmuşdur. Həmin təqdimat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbi üzrə xx.xx.2024-cü il tarixdə QSC-ninsədri tərəfindən Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. Həmkarlarİttifaqı Komitəsi müraciəti xx.xx.2024-cü il tarixli məktubla cavablandırıb. Bundan sonra QSC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə ştat cədvəlində bir çox ştat vahidləri ləğv olunub. Maraqlı haldır ki, iddaçı İddiaçı xx.xx.2024-cü il tarixli ixtisar əmri ilə tanış olub, imzalayıb və heç bir etiraz, yaxud pretenziya bildirməyib. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsininqətnaməsi ilə işəgötürənin qanunla tanınmış bu hüququnun praktikada icrasına müdaxilə edilmiş, onun ştat sayını optimallaşdırmaq və struktur dəyişiklikləri aparmaq səlahiyyəti məhdudlaşdırılmışdır. Bu isə qanunvericiliyə və işəgötürənin hüququna ziddir. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" QSCdə əmək fəaliyyətini davam etdirmişdir və bu dövr ərzində onun əmək stajı 3 ildən artıq olmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1– ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə, habelə Kollektiv Müqaviləyə uyğun olaraq 4 təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdarlıq edilmişdir. Bu da işəgötürənin xitam prosedurlarına tam şəkildə riayət etdiyini göstərir. İşin hallarından da göründüyü kimi ali təhsil diplomu olmayan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər dairəsinə də aid deyil. Əgər iddiaçı vəzifə üçün zəruri ixtisas səviyyəsinə malik deyilsə onun bərpası həm hüquqa, həm də cavabdehin daxili normativ sənədlərinə ziddir. Vəzifə öhdəliklərini yerinə yetirmək üçün tələb olunan səviyyədə təhsili olmayan işçinin işə bərpası effektivliyin və işəgötürənin təşkilati müstəqilliyinin pozulması deməkdir. Qətnamədə ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci iltarixli məktubuna istinad olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2005-ci il 28 noyabr tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş "Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3"nın İİ "Mütəxəssislər bölməsində "Xüsusi müxbir" vəzifəsinin əmək funksiyalarının müəyyən edildiyi göstərilir. Lakin məhkəmə həmin sənəddə "Xüsusi müxbir" vəzifəsinin “ali ixtisas təhsili” ixtisas tələbinin olmasını və iddiaçının ali təhsilinin olmadığını nəzərə almamışdır. İddiaçı əvvəllər işə qəbul edilmiş olunsa da, sonradan Cəmiyyətdə ştat ixtisarı zamanı təhsil səviyyəsi və ixtisas hazırlığı kimi obyektiv meyarlar nəzərə alınmışdır. İxtisar eyni vəzifədə olan əməkdaşlar arasında müqayisə əsasında həyata keçirilib və iddiaçının ali təhsili olmadığı üçün saxlanılması nəzərdə tutulmayıb. Bir daha bildiririk ki, iddiaçının əvvəlki vəzifəsi olan “müxbir” vəzifəsinin vəzifə təlimatına əsasən bu vəzifənin yerinə yetirilməsi üçün ali ixtisas təhsili tələb olunur ki, iddiaçı bu tələbə cavab vermir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

9. Məhkəmə baxışı zamanı iddiaçı verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

10. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada)

11. Maddə 11., “ə” bəndi. İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

12. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

13. Maddə 71 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

14. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

15. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

16. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

17. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

18. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7 qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.

28. Ümumilikdə, işin halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan radiosunun “Ədəbi dram və folklor” verilişləri baş redaksiyasında yarımştat redaktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Televiziya və X8 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Azərbaycan Radiosuna Azərbaycan Radiosu/Rv X10 Redaksiyasının “Əsas, RV X10” redaksiyasının yarımştat müxbiri vəzifəsinə təyin edilmişdir. "xxxx" QSC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cəmiyyətin ştat cədvəlində bir sıra dəyişikliklərin edilməsinə zərurət yaranmış və iclas protokolunda ştat cədvəlində bir çox ştat vahidləri ləğv olunmuşdur. İddiaçı 29 oktyabr 2024-cü il tarixli 984 №-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən (işçilərin ixtisarı) işdən azad edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmrinin ləğv edilməsi, "xxxx" QSC-də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

29. Birinci instansiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kollektiv müqavilədə ixtisarla işdən azad etmə halı ilə əlaqədar olaraq müqavilə ləğv edilərkən bu barədə mübahisəyə həmkarlar ittifaqı orqanın nəzdində yaradılmış məhkəməyə qədər baxan orqan baxmalı idi. X5 iclası keçirilsə də, İddiaçı həmin iclasda iştirakı təmin edilməmişdir. Bununla da qanun pozuntusuna yol verilmişdir. Həmçinin, Həmkarlar İttifaqının iclası keçirilməli, həmin iclas qərar müəyyən edildikdən sonra şəxsə ştat və ya işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq göndərilməlidir. Lakin cavabdeh təşkilat ilk öncə iddiaçıya xx.xx.2024-cü il tarixdə işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq göndərmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqının iclası keçirilmişdir. Bundan əlavə "Gəl səhərim" verilişi radionun daimi verilişidir, onun bütün efirlərində müxbirlərin topladığı məlumatlar əsasında onların hazırladıqları süjetlər verilir. Radionun efirə gedən verilişlərində əməkdaşların göstərilən qaydada hazırladıqları xeyli sujetlər var, demək olar ki, hər verilişdə belə süjetlər var. Bu süjetləri radionun əməkdaşları hazırlayır, yəni material toplayır, müsahibə götürür, verilişi bu məlumatlarla təmin edirlər. Bu işlər isə "müxbir" vəzifəsinin əmək funksiyasına daxildir. Belə çıxır ki, radioda müxbir işlərinə zərurət aradan qalxmamışdır, əksinə bu davam edir.

30. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edir və ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqının iclasının keçirilməsinə dair prosedur pozuntularına dair mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

31. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

32. Əmək Məcəlləsinin 294.3-cü maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar İttifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul edildiyi gündən başlanır.

33. Qanunvericiliyin də tələblərindən göründüyü kimi işəgötürən tərəfindən müəyyən əsaslarla əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqı təşkilatının bu prosesdə roluna dair yalnız razılığın alınması məsələsi ilə bağlı imperativ norma təsbit olunmuş, həmin razılığın alınması ilə bağlı keçirilən iclasın aparılması qaydalarına dair isə hər hansı məcburi göstəriş mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən istinad olunan normanın isə məzmunundan görünür ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar İttifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması dispozitiv olaraq işəgötürənin diskresion səlahiyyətinə buraxılmışdır. Bu halda məhkəmə tərəfindən işəgötürənin üzərinə həmkarlar ittifaqının nəzdində başqa bir orqan yaratması və həmin orqanın iclasında işçinin iştirakının məcburi olaraq təmin edilməsi kimi bir öhdəliyin qoyulması əsassız hesab olunmalıdır.

34. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Həmkarlar İttifaqının iclası keçirilməli, həmin iclas qərar müəyyən edildikdən sonra şəxsə ştat və ya işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq göndərilməlidir. Lakin cavabdeh təşkilat ilk öncə iddiaçıya xx.xx.2024-cü il tarixdə işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq göndərmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqının iclası keçirilmişdir. Qeyd olunan mövqeyə münasibətdə kollegiya bildirir ki, qanunvericilikdə göstərilən müddətlərlə bağlı tələblər həmin münasibətlərin iştirakçısı olan və hüquqları qorunmağa ehtiyacı olan subyektlərin maksimum müdafiəsi məqsədilə nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qəbuledilməz olan məqam həmin müddətlərin digər subyektlər tərəfindən sözügedən şəxsin ziyanına olaraq azaldılması və ya uzadılması ola bilər. Hazırki işdə isə işəgötürən tərəfindən artıq xx.xx.2024-cü il tarixdə, yəni Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 4 təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdarlıq edilmişdir və bu normanın gözlənilməsi işçinin mənafelərinə uyğun olmaqla həmkarlar ittifaqının iclasından sonra bildirişin göndərilməsi halında işçinin hüquqlarının labüd pozuntusunun qarşısını almışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halların işəgötürənin əleyhinə təfsiri düzgün olmamışdır.

35. Kollegiya ixtisarın aparılması ilə bağlı qanunvericiliyin normalarının düzgün tətbiqinə münasibətdə isə aşağıdakıları qeyd edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin effektiv iqtisadı fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir.

37. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın.

38. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, cavabdeh müəssisədə “müxbir” ştatına ehtiyac olmaması səbəbindən ləğv olunması inandırıcı görünmür, çünki radio proqramını müxbir vəzifəsi mövcud olmadan aparmaq mümkün deyil. Qeyd edilən arqumentə münasibətdə kollegiya qeyd edir ki, bir müəssisənin fəaliyyəti zamanı müəyyən əmək funksiyalarının icrası labüd olsa da, məhz həmin funksiya üçün ayrıca ştat vahidinin olması mütləq şərt deyil. Hazərda iddiaçının cavabdeh müəssisədə işlədiyi struktur bölmə radio verilişinin aparılması ilə bağlıdır və bu cür verilişdə bir sıra sujetlərin mövcud olması gözləniləndir. Lakin həmin sujetlərin hazırlanması üçün mütləq şəkildə ayrıca müxbir ştatının saxlanılmasının nə dərəcədə zəruri olması, həmçinin sözügedən vəzifənin funksiyalarının digər uyğun bir vəzifə tərəfindən icrasının mümkünlüyü də yoxlanmalıdır.

39. Bununla əlaqədar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Audiovizual Şurasına sorğu ünvanlanmış və sonuncu tərəfindən məhkəməyə xx.xx.2025ci il tarixli cavab məktubu daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, Audiovizual Şura fəaliyyət istiqamətini “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş səlahiyyətlər çərçivəsində tətbiq edən, audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirən dövlət orqanıdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Audiovizual Şuranın proseslərə müdaxilə etmək, araşdırmaq və hüquqi qiymət vermək səlahiyyətləri yoxdur. Lakin ümumi olaraq formalaşmış praktika və quruma ünvanlanan bir sıra müraciətlər əsasında sorğunuzda qeyd olunan ilk iki suala münasibətdə müxbir ştatı olmadan radio fəaliyyətinin və ya ümumiyyətlə, müxbir vəzifəsinin hər hansı digər vəzifə tərəfindən həyata keçirilməsinin mümkün olduğunu nəzərinizə çatdırırıq. Sorğuda yer alan sonuncu suala münasibətdə, yəni “müxbir” vəzifəsi ilə “xüsusi müxbir” vəzifəsinin əmək funksiyaları, o cümlədən vəzifəyə dair tələblərin eyniləşdirilə və ya analogiya tətbiq oluna bilməsi ilə bağlı hər hansı məlumatımız mövcud deyildir.

40. Göründüyü kimi adıçəkilən orqanın fərdi məhkəmə mübahisəsinə rəy vermək səlahiyyəti olmasa da, ümumilikdə qeyd edilmişdir ki, müxbir ştatı olmadan radio fəaliyyəti və ya ümumiyyətlə, müxbir vəzifəsinin hər hansı digər vəzifə tərəfindən həyata keçirilməsi mümkündür. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə, cavabdeh müəssisədə baş tutan radio proqramının sırf müxbir ştatı olmadan həyata keçirilməsi, mümkündür və aparılan ixtisarın reallıqdan uzaq olması mənasına gəlmir. Doğrudur, radioda mütəmadi olaraq sujetlərin yayımlanması həyata keçirilir və bu da özündə müəyyən əmək funksiyalarını ehtiva edir, lakin yuxarıda göstərilən cavab məktubunda da qeyd edildiyi kimi, həmin əmək funksiyaları digər bir vəzifə tərəfindən də icra edilə bilər.

41. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müsahibə almaq və efirə vermək üçün hazırlamaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2005-ci il 28 noyabr tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş "Televiziya ve radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3nın İİ "Mütəxəssislər" bölməsində "Xüsusi müxbir" vəzifəsinin əmək funksiyalarına uyğun gəlir. Lakin məhkəmənin özünün də qeyd etdiyi kimi, əmək funksiyaları konkret əks olunan vəzifənin adı “xüsusi müxbir” olmaqla iddiaçının vəzifəsi olan müxbir vəzifəsindən fərqlilik təşkil edir.

42. Bu barədə iş materiallarında olan ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Əmək Macallesinin 57-c maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işəgötürən işçinin əmək funksiyasının amak müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerine yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq va birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tarafindan tasdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tarafindan müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.Həmin Məcəllənin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tant (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalanına uyğun olaraq həyata keçirilir. Eyni zamanda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2005-ci il 28 noyabr tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş "Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3"nın İİ "Mütəxəssislər bölməsində "Xüsusi müxbir" vəzifəsinin əmək funksiyaları müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq "müxbir vəzifəsi üzrə əmək funksiyalarının Kitabçada "Xüsusi müxbir vəzifəsi üzrə əmək funksiyalarına uyğunlaşdırmaqla və ya Məcəllənin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin özü tərəfindən müəyyənləşdirilməklə əmək müqaviləsində nəzərdə tutulması qanunvericiliyin tələblərinə uyğundur.

43. Beləliklə, adıçəkilən məktubdan da göründüyü kimi “xüsusi müxbir” və “müxbir” vəzifələrinin əmək funksiyalarının analogiya üzrə tətbiqi də dispozitiv müəyyən olunmuş, Məcəllənin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin özünə də bu səlahiyyət həvalə edilmişdir. İşəgötürən olaraq Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclas protokolundan çıxarışa əsasən Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ştat cədvəlində Xüsusi layihələr studiyasında 1 ştat vahidi böyük redaktor:Telefilm studiyasının istehsalat qrupunda 1 ştat vahidi 2-ci kateqoriyalı kinorejissor; Kinoproqramlar redaksiyasında 1 ştat vahidi ali kateqoriyalı rejissor;Dublyaj redaksiyasında 1 ştat vahidi inzibatçı; RV Xüsusi Layihələr redaksiyasında 1 ştat vahidi böyük redaktor; RV X9 redaksiyasında 1 ştat vahidi redaktor; RV X10 redaksiyasında 2 ştat vahidi müxbir ştat vahidləri ləğv olunması qərara alınmışdır, nəticədə işəgötürən öz səlahiyyətlərindən istifadə edərək əmək funskiyalarına əsasən ştatların saxlanmasının zərurətini qiymətləndirmişdir.

44. Bundan əlavə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi iddiaçının işlədiyi RV X10 redaksiyasında sadəcə iddiaçının deyil, əlavə də müxbir ştatları ləğv olunmuşdur və bu halda iddiaçıya qarşı hansısa xüsusi qərəzin göstərilmiş olması ağlabatan görünmür. Digər bir redaksiyada əlavə 2 müxbir ştatının yaradılması isə hazırki halla birbaşa bağlı hesab edilə bilməz. Belə ki, həmin ştatlar “RV İnformasiya proqramları” adlı redaksiyada yaranmışdır və adlarından da göründüyü kimi iki redaksiyanın fəaliyyət istiqamətləri fərqli olduğundan, müvafiq olaraq ehtiyac olan vəzifələrin dairəsi də müxtəlif ola bilər. Odur ki, göstərilən hal da iddiaçı barəsində aparılan ixtisarın əsassızlığına dəlalət etmir.

45. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 984 k/d nömrəli əmri qanunvericiliyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1741/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar