Məhkəmə qərarları › İş №2(103)-3822/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3822/2022

13.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3822/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1rşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2 əvvlki vəzifəsinə - Əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün 9.338,4 manat əmək haqqı ödənilsin, maddi və mənəvi zərərin əvəzi kimi 5.000 manat ödənilsin, qətnamə icra edilənə qədər hər gün üçün ümumi məbləğin 1 faizi həcmində hesabalanacaq cərimə ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsassız olduğunu bilirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2 Əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsində işləyib. Əmək müqaviləsi 30.03.2020-ci il tarixdə 3 ay müddətinə bağlanıb. Müqavilənin müddəti bitdiyinə görə işəgötürənin 30.06.2020-ci il tarixli əmri ilə əmr edilib ki, iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilsin. Əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (3 aya) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Ona görə də hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bəndi) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.Cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında verilən şərhlərə əsaslanaraq hesab edir ki, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. İddiaçı “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2 əvvəlki vəzifəsinə - Əmək bazarının təhlili və proqnazlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunsun və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar