Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3822/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzildən çıxarılma (boşaldılma) və mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma (boşaldılma) və mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 nömrəli 30 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 174 nömrəli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əslindən müəyyən edilir ki, “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 112,4 kv.m olan, 12 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti - tikilən mənzilin ümumi yaşayış sahəsinin (oxdan-oxa) 1 kv.m qiyməti 742 manatdan olmaqla, 83.000 manat müəyyən edilmişdir. Müqaviləyə görə “Sifarişçi” müqavilə imzalanarkən mənzilin ümumi dəyəri olan 83.500 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə "xxxx" MMC-nin direktor əvəzi T.M.Məmmədov tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.
2. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aylar üzrə ödəniş cədvəlindən və eyni tarixli 174 nömrəli maliyyə arayışından müəyyən olunur ki, "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal ünvanında inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindəki 12 saylı mənzilin dəyəri olan 83.500 manat İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC-yə heç bir borcu yoxdur.
3. "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04 nömrəli arayışda göstərilmişdir ki, "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci alatava, 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 saylı mənzil həqiqətən İddiaçı məxsusdur.
4. Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, prokurorluqda aparılan istintaq zamanı Yasamal rayonu, Yeni Yasamal, 7- ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən tikilmiş və idarə olunan yaşayış binasında 112,4 kv.m sahəsi olan, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzilin xx.xx.2020-ci il tarixli, 174 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı, sonradan isə həmin mənzil xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə əsasında X5 tərəfindən Cavabdeh1 satılması müəyyən edilmişdir.
5. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2118-xid-22 saylı məktubdan müəyyən edilmişdir ki, həmin prokurorluqda "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində CM-nin 178.3.2, 308.1, 313 və 320.1-ci maddələri istintaq edilən cinayət işi xx.xx.2022-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, X5 xx.xx.2022-ci il tarixdə CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir.
7. Aparılmış istintaq zamanı İddiaçı və Şahid2 zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 iş üzrə şahid qismində dindirilmişdir.
8. Məktuba həmçinin məhkəməsinin sorğusuna əsasən Cavabdeh1 ilə mübahisəli mənzillə bağlı verilmiş müqavilələr əlavə edilmişdir. Həmin müqavilələr məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edilmişdir ki, eyni mübahisəli mənzillə bağlı xx.xx.2021-ci il tarixli, 163 nömrəli və xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilələr, xx.xx.2021-ci il tarixli, 163 nömrəli maliyyə arayışı, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş cədvəli mövcuddur.
9. Belə ki, Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilənin məzmunundan müəyyən edilir ki, podratçı qismində "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 12 saylı mənzilini tikib sifarişçiyə təhvil vermək, sifarişçi isə həmin mənzili qəbul edərək əvəzində 82.320 manat ödəniş etmək öhdəliklərini götürmüşlər. Həmçinin xx.xx.2021-ci il tarixli, 163 nömrəli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 12-ci mənzilinin dəyəri – 82.320 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC-yə heç bir borcu yoxdur. Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilədə isə göstərilmişdir ki, podratçı eyni mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin mənzili qəbul edərək əvəzində 85.000 manat ödəniş etməyi öhdəsinə götürür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 12 nömrəli mənzilindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 83.500 manat pul ödəməklə "xxxx" MMCdən 24 yanvar 2020-ci il tarixli, 174 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 112.4 kv.m olan, 12 saylı mənzili almışdır. 2021-ci ilin dekabr ayında məlum olmuşdur ki, "xxxx" MMC-nin adından qeyd edilən ünvanda inşa edilən çoxmərtəbəli binanın bir sıra mənzilləri təkrarən başqa şəxslərə satılmışdır. Ona görə də o məlumatı əldə etdikdən sonra mənzilə baxmaq üçün həmin ünvana getmiş və giriş qapısının dəyişdirildiyini görmüşdür. O, qapını döydükdə isə sonradan adını öyrəndiyi Polad adlı şəxs açmışdır. Həmin şəxsdən kim olduğunu və onun mənzilində nə işi olduğunu soruşduqda, Polad adlı şəxs ona həmin mənzili Ağasəmiddən aldığını bildirmiş, ondan sənədləri göstərməsini tələb etdikdə isə Polad sənədlərinin olmadığını bildirmişdir. O təcili olaraq "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmiş və MMC-dən 15 dekabr 2021-ci il tarixli, 94 saylı arayış verilmişdir. Arayışla "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci Alatava 80A ünvanında inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 saylı mənzilin İddiaçı məxsus olması rəsmi qaydada təsdiq edilmişdir. Cavabdeh1 ilə arasında mənzilin boşaldılması ilə bağlı danışıqlar olmuş, cavabdeh əvvəlcə möhlət istəmişdir. Lakin bir aydan sonra cavabdeh "xxxx" MMC-dən pulunu aldığı halda mənzildən çıxacağını bildirmişdir. Ona məxsus mübahisəli mənzildə Cavabdeh1 ilə həyat yoldaşı Cavabdeh2 yaşayır və könüllü olaraq mənzili boşaltmaq istəmirlər. Hətta ona məlum olmuşdur ki, "xxxx" MMC-nin adından həmin binada yerləşən bir sıra mənzillərin saxta müqavilələrlə təkrar satılması epizodu ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılır. O və cavabdehin prokurorluqda izahatları alınmışdır. Belə ki, ona məxsus mənzilin saxta müqavilə ilə X5 tərəfindən Cavabdeh1 “satılması” faktı üzrə və digər epizodlar üzrə hazırda istintaq aparılır. Cinayət işi üzrə X5 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Göstərilənlərlə yanaşı Bakı şəhəri Yasamal rayon prokurorluğuna 17 iyun 2022-ci il tarixdə verilmiş sorğuya cavab olaraq təsdiq edilmişdir ki, Yasamal rayonu, Y.Yasamal, 7-ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş və idarə olunan yaşayış binasında 112.4 kv.m sahəsi olan 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzil xx.xx.2020-ci il tarixdə 174 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. Sonradan həmin mənzil xx.xx.2021-ci il tarixli 163 nömrəli saxta müqavilə əsasında iş üzrə təqsirləndirilən şəxs X5 tərəfindən Cavabdeh1 satılmışdır. O həmçinin qeyd etmişdir ki, mənzili alandan bir ay sonra özünü Cəmiyyətin satış müdiri kimi təqdim edən X3 hissə-hissə olaraq mənzilin təmiri üçün 25.000 manat pul ödəmişdir. Bu barədə istintaqda ifadə vermişdir. Belə ki, o mənzilə baxanda həqiqətən ustaların işlədiyini və təmir işlərinin aparılmasını görmüşdür. Ona görə də Ağasəmidə hissə-hissə 25.000 manat pulu vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayon pokurorluğuna ərizə verərək X5 tərəfindən aldadılaraq Yasamal rayonu, Y.Yasamal, 7-ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş və idarə olunan yaşayış binasında ümumi sahəsi 112,4 kv.m olan 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzili xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə əsasında təkrar olaraq aldıqlarını bildirmişlər. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 178-ci və digər maddələri ilə cinayət işinin istintaq olunması, X5 barəsində ittiham verilməsini, onun barəsində axtarış elan edilməsini və həmin iş üzrə Cavabdeh1 zərərçəkmiş şəxs kimi tanınmasını, vurulmuş zərərin əvəzinin də təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etmək hüququnun olmasını bildiyi halda, yenə də cavabdeh ona məxsus mənzildən könüllü olaraq çıxmaq istəməmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim – Əkbərli Günel) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv.m. olan, iki otaqlı, 12 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC-nin direktoru Abbasov M.Ə tərəfindən imzalanmışdır. Müqavilələrin məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixli müqavilədə mənzilin dəyəri 82.320 manat, xx.xx.2021-ci il tarixli müqavilədə isə 85.000 manat göstərilmişdir. Həmçinin sənədlər müqayisəli şəkildə tədqiq edildikdə adi vizual baxışdan müəyyən edilir ki, ayrı-ayrı şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suala əsasən nə adına müvafiq sənədlər tərtib edilmiş Cavabdeh1, nə də həmin sənədlərin ona təqdim edilməsində vasitəçilik etmiş qardaşı və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 mötəbər dəlillərlə iki müxtəlif müqavilənin olması və müqavilələr arasındakı ziddiyyəti izah edə bilməmişlər.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsi tərəfindən həmin idarədə istintaq edilən cinayət işi üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki və xəttşünaslıq ekspertizası əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/319-5/278 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən müəyyən edilmişdir ki, ekspertizaya tədqiqat üçün "xxxx" MMC-nin təsisçilərindən olan X6, X10, işçisi Şahid1, X2, proses iştirakçıları Şahid2 və Cavabdeh1 şərtisərbəst və eksperimental nümunələri, "xxxx" MMC-nin möhürü təqdim edilmişdir. İmza və xətt nümunələri üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsindən ekspert tərəfindən belə nəticəyə gəlinmişdir ki, xx.xx.2021-ci il tarixli 127 saylı müqavilənin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin əlyazma mətni X5 tərəfindən icra olunmuşdur. Bundan başqa rəylə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqavilədə “Sifarişçi” qrafasındakı imza, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarında, eyni zamanda xx.xx.2021-ci il tarixli 127 saylı müqavilədə “Sifarişçi” qrafasındakı, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur.
15. Müəyyən edilmişdir ki, Cavabdeh1 adına bağlanmış xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin və maliyyə arayışının əlyazma mətnləri eyni şəxs tərəfindən icra edilmişdir. Lakin həmin əlyazma mətinləri Şahid2 və Cavabdeh1, eləcə də X8, X13, Şahid1 və X5 tərəfindən deyil başqa şəxs (və ya şəxslər) tərəfindən icra olunmuşdur.
16. Cavabdeh1 adına bağlanmış xx.xx.2021-ci il tarixli, 127 nömrəli və xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilələrə əlavə edilmiş ödəniş cədvəlinin “Ödənişi qəbul edənin imzası” qrafasındakı 1 ədəd imzalar X8, X13, Şahid1 tərəfindən deyil başqa şəxs (və ya şəxslər) tərəfindən icra olunmuşdur. Həmin imzaların X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
17. Sənədlərin texniki ekspertizası üzrə aparılmış tədqiqat nəticəsindən ekspert tərəfindən belə nəticəyə gəlinmişdir ki, xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMCnin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilə müqavilənin “Podratçı” və “"xxxx" MMC-nin direktoru” qrafalarında olan imzalar və maliyyə arayışında olan imzalar faksimel vasitəsilə vurulmuşdur .
18. xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilənin möhür əksləri və imzalar hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axıntılı printerdə çap edilmişdir. Lakin həmin müqavilədəki möhür əksi ekspertizaya tədqim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.Hər iki müqavilənin “Sifarişçi” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar, hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa qələmlə icra edilmişdir.
19. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, cinayət işi üzrə aparılan istintaq zamanı Cəmiyyətin təsisçiləri təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Hazırki mülki iş üzrə İddiaçı və cavabdehin qardaşı Şahid2 onların öz müraciəti əsasında deyil, istintaqın gəldiyi qənaətə əsasən zərərçəkmiş şəxs qismində tanınmışlar. Müəyyən edilir ki, X5 həmin Cəmiyyətdə hər hansı rəsmi vəzifə tutmamış, lakin o, özünü bina sakinlərinə Cəmiyyətin nümayəndəsi kimi təqdim edərək faktiki olaraq binanın komendantı kimi fəaliyyət göstərmişdir.
20. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlardan müəyyən edilir ki, mübahisəli mənzilin yerləşdiyi və Cəmiyyət tərəfindən inşa edilmiş yaşayış binasının xeyli sayda sakini Yasamal rayon prokurorluğuna kollektiv şikayət ərizəsi ilə müraciət edərək 2019-cu ildən 2021-ci ilin yay aylarınadək olan müddət ərzində özünü Cəmiyyətin nümayəndəsi və komendantı kimi təqdim edən X5 tərəfindən Cəmiyyətin vəzifəli şəxslərinin adına saxta müqavilə və maliyyə arayışları əsasında mənzillər satılması faktına görə CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.
21. Həmin cinayət işi üzrə Şahid2 xx.xx.2021-ci il tarixli 224 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 89.600 manata; xx.xx.2021-ci il tarixli 215 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 105.600 manata, xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 82.320 manata mənzil satılmaqla, ona məxsus 277.520 manat pulun ələ keçirilməsi ilə bağlı, o, zərərçəkmiş şəxs qismində tanınmışdır.
22. Bundan başqa cinayət işi üzrə İddiaçı xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 95.000 manata mənzil satılmaqla ona məxsus pulun ələ keçirilməsi ilə bağlı, o, zərərçəkmiş şəxs qismində tanınmışdır. 28. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı hazırkı mülki iş üzrə mübahisəli mənzillə bağlı deyil digər müqavilə əsasında binadan aldığı mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. Mübahisəli mənzillə bağlı isə Cavabdeh1 deyil, onun qardaşı Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışlar.
23. Yasamal Rayon Məhkəməsinin oxşar məhkəmə mübahisəsi üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(004)-2121/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, 163 nömrəli və xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilələri "xxxx" MMC-nin adından imzalayan X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
24. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, mübahisəli mənzil təmir edilmişdir. "xxxx" MMC-nin mənzil kommunal xidməti haqqında mədaxil qəbzindən müəyyən edilir ki, mənzilin hazırda faktiki istifadəçisi olan Cavabdeh1 tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları üzrə aylıq 35 manat olmaq cəmi 70 manat ödəniş edilmişdir. Bununla da müəyyən edilir ki, mübahisəli mənzil hazırda təmirli vəziyyətdə olmaqla cavabdehin faktiki istifadəsindədir.
25. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, nümayəndənin izahatında göstərilən xüsusatlar əks olunur. Beləliklə işin müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzilin tikilərək iddiaçıya verilməsi barədə "xxxx" MMC ilə iddiaçı arasında 24 yanvar2020ci il tarixli, 174 nömrəli müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışına əsasən iddiaçı mənzilin dəyəri olan 83.500 manat pul vəsaitini tam ödəməklə almışdır. Bundan sonra eyni mənzilə dair Cavabdeh1 adına iki müxtəlif tarixlərdə, yəni xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müqavilə tərtib edilmiş və mənzil ona ilkin müqavilə verildiyi tarixdə təhvil verilmişdir. Cavabdeh mənzili təmir etdirməklə hazırda faktiki ailəsi ilə birlikdə yaşayır.
26. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, Cavabdeh1 adına iki müxtəlif tarixlərdə, yəni xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müqavilə tərtib edilmiş müqavilələrin rekvizitləri saxtalaşdırılmışdır. Belə ki, hər iki müqavilə həmin vaxt yaşamayan "xxxx" MMC-nin direktor əvəzi olmuş M.Ə.Abbasovun adından imzalanmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/319-5/278 nömrəli ekspert rəyi ilə isə təsdiq olunur ki, xx.xx.2021-ci il tarixli 127 saylı müqavilə M.Ə.Abbasovun adından X5 tərəfindən imzalanmış, lakin xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilənin kim tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmamışdır. Müqavilələrdəki möhür əksinə gəldikdə isə müəyyən edilir ki, xx.xx.2021ci il tarixli, 163 nömrəli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmasına baxmayaraq "xxxx" MMCnin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilənin möhür əksləri "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etsə də birbaşa klişedən vurulmamış və texniki qurğu vasitəsilə kompüterə köçürülməklə qrafik proqram təminatından istifadə etməklə axıntılı printerdə çap edilmişdir. Bundan başqa rəylə müəyyən edilir ki, hər iki müqavilədə “Sifarişçi” qrafasındakı, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəllərindəki “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən birbaşa icra olunmuşdur.
27. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzili və bunun müqabilində ödənişi "xxxx" MMC-nin səlahiyyətli vəzifəli şəxsindən deyil, mənzilin satışı ilə bağlı səlahiyyəti olmayan X1 təhvil almışdır. Bunun əksinə olaraq İddiaçı mübahisəli mənzilin alınması ilə bağlı müqaviləni Cəmiyyətin səlahiyyətli vəzifəli şəxsi olan X13 ilə bağlamış və onun tərəfindən imzalanmışdır. Mənzil İddiaçı təhvil verilməsinə baxmayaraq o, mənzilin təmirini binada faktiki olaraq mənzillərin təmiri ilə məşğul olan X3 tapşırmışdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı mənzilin təmiri ilə maraqlandıqda həmyerliləri olan ustalar tərəfindən işlər aparılmasının şahidi olmuşdur. Cavabdehin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən də görünür ki, onlar həqiqətən də iddiaçı ilə həmyerli olmaqla Şamaxı rayonundandırlar. Belə olan halda məhkəmə iddiaçının buna dair izahatını inandırıcı hesab edir.
28. Göstərilənlərlə yanaşı məhkəmə iclasında cavabdeh xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqaviləni imzalamadığını bildirməsinə baxmayaraq, ekspert rəyi ilə müəyyən edilir ki, eyni mənzillə bağlı iki müxtəlif müqavilə onun özü tərəfindən birbaşa olaraq imzalanmışdır.
29. Eyni zamanda "xxxx" MMC mübahisəli mənzillə bağlı yalnız İddiaçı ilə müqavilə bağlandığını və Cavabdeh1 ilə aralarında hər hansı müqavilə mövcud olmadığını bildirmişdir. AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəmə təqdim edilmiş Tərlan Məmmədovun verdiyi ifadənin məzmunundan görünür ki, mübahisəli mənzillə bağlı cavabdehə Cəmiyyət tərəfindən hər hansı müqavilə və ya başqa sənəd verilməmişdir. Həmin mənzil İddiaçı satılmışdır.
30. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 163 saylı və xx.xx.2021-ci il tarixli, 127saylı müqavilələr saxtalaşdırılmışdır. İşin hallarından da göründüyü kimi, qeyd olunan faktla bağlı ARnın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində AR CM-nin 178.3.2, 308.1, 313 və 320.1-ci maddələri ilə cinayət işi üzrə istintaq aparılır. Həmin iş üzrə Cəmiyyətin işçisi olmuş X5 xx.xx.2022-ci il tarixdə CMnin 178.3.2 və 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş, istintaq zamanı İddiaçı və Şahid2 zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 iş üzrə şahid qismində dindirilmişdir.
31. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə dair subyektiv hüququ yaranmamışdır. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilin onun mülkiyyətində olduğunu bildirərək cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə vicdanlı alıcı olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, mübahisə predmeti olan mənzil "xxxx" MMC tərəfindən ilk dəfə iddiaçıya satılmışdır, daha sonra Cavabdeh1la həmin mənzilin satışına dair iki fərqli tarixli müqavilə bağlanmışdır. Bu halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil xx.xx.2020-ci il tarixli, 173 saylı müqaviləyə əsasən iddiaçının əmlakı hesab edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mübahisə predmeti olan sahəyə hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Beləliklə, məhkəmə mübahisə predmeti olan mənzilə dair iddiaçının etibarlı müqaviləsinin olmasını və iddiaçının öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələri ilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
33. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onun mülkiyyət hüquqlarını pozduğu üçün qanunsuz və əsassızdır. Mübahisəli mənzili almaqda ona qardaşı Şahid2 vasitəçilik etmişdir. Mənzilin pulunu o, qardaşı Buluda vermiş, daha sonra binanın qarşısında qardaşının iştirakı ilə Ağasəmid tərəfindən ona təqdim edilən müqaviləni imzalamışdır. Ona müqavilə təqdim edilərkən imzalanmış və möhürlənmiş şəkildə olmuşdur. Müqavilə tərtib edilərkən bilavasitə iştirak etməmişdir. Ona mənzili də Ağasəmid özü təhvil vermişdir. Onda olan məlumata görə, binanın bütün işlərini Ağasəmid həll etmişdir. Ona mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışını Ağasəmid müqavilə ilə birlikdə təqdim etmişdir. Qardaşı Buludun deməsindən bilmişdir ki, o, mənzilin alğısatqısı ilə bağlı Fərəc adlı şəxslə daşınıb razılaşmış və mənzilə görə onun dəyərini ödəmişdir. Ona isə mənzilinin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışını Ağasəmid müqavilə ilə birlikdə təqdim etmişdir. O, MMC-nin təsisçilərinin heç biri ilə əlaqədə olmamışdır. Onda olan məlumata görə, evi alarkən qardaşı Fərəc və Ağasəmidlə ünsiyyətdə olmuşdur. Verilmiş suallara əsasən bildirmişdir ki, mənzil ona 5 mart 2021-ci il tarixdə təhvil verildikdən qısa müddət sonra təmirinə başlamışdır. Çünki, o, hazırkı mənzili almaq üçün əvvəl yaşadığı evi satmış və əldə etdiyi vəsait hesabına mübahisəli mənzili almışdır. Mənzildə təmir işlərini aparan ustalar öz tanışları olmuşdur. Təmir üçün tikinti materiallarını MMC tərəfindən ona yaradılmış şərait əsasında binanın birinci mərtəbəsində yığmışdır. Bu şərait ona Ağasəmid tərəfindən yaradılmışdır. Onun bildiyinə görə təmirə MMC-nin rəhbəri tərəfindən icazə verilmişdir. Səyyar adlı “qoca” ləqəbli şəxs də tikinti materiallarının daşınmasında ona pul müqabilində köməklik etmiş, lakin o da mənzilin Təsadüfə məxsus olmasını deməmişdir. Məhkəmə ifadə verən şahidlər yalnız Cavabdeh1 tərəfindən təmir xərcləri tam ödənildiyini təsdiq etdilər. Şahidlər Polad tərəfindən 60.000 manatdan çox pul xərclədiyini bildirmişdirlər. Mənzil 2 otaqlı olmaqla 3 otağa düzəldilmişdir. Təmirə çəkdiyi xərclərlə bağlı sübutları vardır. Təmir işləri 4-5 usta tərəfindən görülmüşdür. O, MMC-nin işçisi kimi həmçinin mühasib olaraq Lamiyəni tanımışdır. Belə ki, o, mənzildə faktiki yaşamağa başladıqdan sonra aylıq 35 manat kommunal ödənişləri Lamiyəyə vermişdir. Yalnız bir dəfə ona ödənişlə bağlı qəbz verilmişdir ki, həmin qəbzi də məhkəməyə təqdim etmişdir. Mübahisə ilə bağlı olaraq noyabr ayından sonra heç bir kommunal ödəniş etməmişdir. Verilmiş suallara əsasən cavabdeh onun adına mübahisəli mənzillə bağlı bağlanmış iki müxtəlif tarixli, eləcə də mənzilin dəyəri müxtəlif göstərilmiş müqavilələrə baxış keçirib, bunun səbəbini izah edə bilməmiş və qeyd etmişdir ki, müqavilələr ona təqdim edilərkən MMC-nin rəhbəri adından kimin imzalamasını və möhürü kimin vurmasını aydınlaşdırmamışdır. Miradəm Abbasovun müqavilə bağlanan tarixdən öncə vəfat etməsini isə həmin vaxt bilməmişdir. Onunla 2021-ci ilin mart ayının 5-də bir müqavilə bağlanmış, 2-ci müqavilə isə olmamışdır və 2-ci müqavilədə olan imza onun imzası deyildir. Prokurorluqda isə bu barədə məlumat vermişdir. Prokurorluqda istintaq edilən cinayət işi üzrə o, deyil qardaşı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hesab edir ki, o, əvvəlki evini satıb, hazırkı mübahisəli evi alıb bu vəziyyətə düşdüyü üçün zərər çəkibdir. Məhkəmə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam, hərətərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsi işin göstərilən hallarına heç bir qiymət verməmiş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. O mübahisəli mənzilin dəyərini tam şəkildə ödəməklə əldə etmiş və o, vicdanlı alıcı hesab edilməlidir. Onunla bağlanmış müqavilənin etibarsızlığı isə iddiaçı tərəfindən mübahisələndirilməmiş, müqavilənin saxta olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Belə olan halda müqavilə qanuni hesab edilməlidir. Prokurorluq orqanlarında isə bu faktla bağlı başlanmış cinayət işi üzrə hazırda ibtidai istintaq davam etdirilir. İşin hallarından isə görünür ki, mənzil ona faktiki təhvil verilməklə, o və onun ailə üzvlərinin istifadəsində olmaqla orada yaşayırlar. Bundan başqa, mənzildə təmir işləri aparılarkən MMC-nın işçiləri də bu barədə məlumatlı olub ona bunun üçün zəruri şərait yaradılmışdır. Dolayısı ilə mənzil ona MMC tərəfindən faktiki təhvil verilmiş hesab edilməlidir. Mübahisəli mənzilə dair təmir xərclərinin tərəfindən tam ödənildiyi təsdiq edilir. Mübahisəli mənzili təmir etdirən, yaşayan şəxs o olduğu halda, onun müqaviləsi hələ də qüvvədə olduğu halda, məhkəmə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamış, məhkəməyə müraciət edən şəxsin, subyektiv hüququnun olub-olmamadığı müəyyən edilməli, yalnız sonra əmlaka dair sərancam vermək hüququ müzakirə edilməli və məhkəmə məktuba deyil, preyudisial qərarlara istinad edə bilərdi, məhkəmə istintaq orqanın məktubuna istinad etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5500/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müqavilələrin mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsızlığı ilə bağlı dəlillərin müzakirəsi cinayət işi üzrə işin araşdırılan hallarına uyğun təhlil edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar cavabdehin birtərəfli qaydada müqavilənin ləğvi səlahiyyətlərindən kənar onun etibarlılığını müəyyən edən sübutların mötəbərliyi baxımından qiymətləndirilməlidir. Belə ki, müqavilə tərəflərindən birinin öhdəliyini tam yerinə yetirməməsi digər tərəfin mülki qanunvericiliyə riayət etməklə onun ləğv edilməsi tələbi ilə müraciət etmək hüquqlarını müəyyən edir. Belə (ləğv və ya etibarsızlıq) tələbi müqavilə tərəfləri birbirlərinə, habelə, iddiaçı MMC-yə qarşı irəli sürməmişdir. Bundan əlavə, müqavilələrin bağlanma tarixi üzrə kimin ilkin və ya kimin sonra müqaviləsinin bağlanmasına qiymət verilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından bəlli olur ki, mənzil tikintisi və satışını həyata keçirən MMC-nin vəzifəli şəxslərinin (və ya bu adla çıxış edən digər şəxslərin) əməlləri barəsində cinayət tərkibi üzrə ittiham edilməklə cinayət təqibi aparılsa da, hadisənin olub-olmamasını müəyyən edən halları təsdiq edəcək qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud deyildir. İşin mübahizəsiz halı ondan ibarətdir ki, cavabdeh Yeni-Yasamal yaşayış massivi, 7-ci Alatava, ev 80A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 nömrəli əmlakın alınması üçün ödəniş müqabilində MMC-nin vəzifəli şəxsi tərəfindən ona müvafiq rəsmi sənədlər təqdim edilmiş və ailəsi ilə birgə təmir etdirdiyi mübahisəli mənzilə köçüb etirazsız yaşamışdır.
37. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsinin tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin üçüncü şəxs olan MMC tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan və sahiblik hüququ əldə edən cavabdehin hüquqları da nəzərə alınmalıdır. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi, başqa hal sübuta yetirilmədiyi təqdirdə üçüncü şəxsin vəzifəsidir. Belə ki, onun (işlərə nəzarəti həvalə etdiyi şəxslər) tərəfindən mübahisəli mənzilə sahiblik etmək, yəni onu təmir edərək orada yaşamaq kimi hallara etiraz etməməsi və sonradan iddiaçının müqaviləsinin tanınması cinayət təqibi üzrə araşdırılan və həmin iş üzrə sübuta yetirilməli olan hallardır. Cinayət işi üzrə ekspert rəylərinin mötəbərliyi həmin icraat həddində digər sübutların məcmusu halında müəyyən edilən hallardır, lakin qeyd edildiyi kimi, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Müqavilələrin mübahisələndirilməməsi, habelə cinayət təqibi üzrə onların tədqiq edilməsi (edilməli olduğu), hazırki mülki icraat həddində (tələb həddindən kənar) onlara qiymət verilməsini, tədqiqat aparılmasını (mülki prosessual qanunvericiliyin tələbləri baxımından) istisna edir. İddianın əsasını müqavilə münasibətləri təşkil etdiyindən müqavilə üzrə qanunla müəyyən edilmiş tələbləri şərtləndirən hüquqi əsaslara qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu baxımdan diqqət mərkəzində saxlanılmalıdır ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə görə bu növ müqavilələr bağlanması notarial qaydada aparılmalı təminat qeydi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat hərəkətləri aparılır və məhz bu qeydiyyat müqavilənin etibarlılığını şərtləndirən xüsusatdır. Belə qeydiyyatın olmaması hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaradan hallardır, müqavilənin üzərində yazılmış tarixi əhəmiyyətsiz edir, müqavilənin sonradan tərtib edilməsini istisna etmir və bu müstəvidə iddiaçı tərəfindən ilkin olaraq müqavilə bağlanmasını sübut etmir.
38. Beləliklə, müqavilələr deyil, münasibətlərin əsl səciyyəsi qiymətləndirilməlidir ki, hazırda cavabdehlərin iddiaçıya münasibətdə mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir, cavabdehin kimlər tərəfindənsə aldadılması, onun mənzili təmir etdirərək orada etirazsız yaşaması, binanın tikintisinə və mənzillərin satışına məsul olmuş (olmalı) şəxslərin susması (razılığı) və bu faktları təkzib edən mötəbər sübutların təqdim edilməməsi cavabdehlərin mənzili özbaşına zəbt etmə hallarını istisna edərək onların mənzil üzərində faktiki sahibliyinin gərçəkləşməsini təsdiq edir.
39. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1.1., 144-1.2., 144-1.3., 144-1.4., 144-1.5., 144.5., 144-1.6., 163.1., 163.2., 163.3., 164.1., 164.2., 165.1., 165.2., 178.1., 178.2., 178.8., 179.2., 179.3., 179.4., 232., 456., 648.1., 648.2., 648.3., 770-1., 770-1.1., 770-1.1.1., 770-1.1.2 və 770-1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81, 82.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-395/2024 nömrəli 22 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Əlliyev (məruzəçi), A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5500/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
41. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, göründüyü kimi, iş üzrə tərəflərin istinad etdikləri müqavilələr və digər faktiki hallarla bağlı birinci instansiya məhkəməsi gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır. Ondan fərqli nəticəyə gələn apelyasiya məhkəməsi isə rayon məhkəməsinin mövqelərini ağlabatan şəkildə təkzib etməmiş, hansı səbəbdən onunla razılaşmadığını lazımi şəkildə göstərməmişdir. Kassasiya kollegiyası apelyasiya məhkəməsinin mövqelərini əsaslı hesab etmir, ona görə ki, əvvəla, mübahisəli mənzilə İddiaçı hüquqlarının tanınması və yaşayış sahəsinin verilməsi ilə bağlı iddiaçı ilə "xxxx" MMC arasında mübahisə yoxdur. Belə ki, MMC mənzilə dair müqavilənin cavabdehlə deyil, məhz iddiaçı ilə bağlandığını və mənzilin iddiaçıya məxsus olduğunu yazılı şəkildə təsdiq etmişdir. Belə olan halda, mənzili faktiki olaraq sahibliyində saxlayan Cavabdeh1la iddiaçı arasında yaranmış mübahisə üzrə cavabdehin həmin yaşayış sahəsindən çıxarılmasına dair hazırkı iddia qaldırılmışdır. Odur ki, mübahisəli mənzilə münasibətdə tərəflərdən hansının üstün hüquqa malik olduğuna mülki mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qiymət verilməlidir. Bu baxımdan MMC-nin vəzifəli şəxslərinin əməlləri ilə bağlı aparılan cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmaması iddianın rədd edilməsinə əsas ola bilməz.
42. Kollegiya apelyasiya məhkəməsinin “bu növ müqavilələr bağlanması notarial qaydada aparılmalı təminat qeydi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat hərəkətləri aparılır və məhz bu qeydiyyat müqavilənin etibarlılığını şərtləndirən xüsusatdır. Belə qeydiyyatın olmaması hüquq və vəzifələrdən suiistifadəyə şərait yaradan hallardır, müqavilənin üzərində yazılmış tarixi əhəmiyyətsiz edir, müqavilənin sonradan tərtib edilməsini istisna etmir və bu müstəvidə iddiaçı tərəfindən ilkin olaraq müqavilə bağlanmasını sübut etmir” məzmunlu mövqeyi ilə bağlı bildirir ki, çoxmənzilli yaşayış binalarının müstəqil tərkib hissəsinə dair təminat qeydinin aparılması ilə bağlı təcrübənin tətbiq edilməməsi, belə yaşayış sahələrinin inşa edilməklə təhvil verilməsi və dəyərinin ödənilməsi barədə tikinti şirkəti ilə sifarişçi arasında müqavilələrin bağlanmasını istisna etmədiyi kimi, belə əqdlərin etibarsız sayılmasına da əsas vermir.
43. Məhkəmə tərkibi bu qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun qaydada əsaslandırmamışdır.
c) Proses iştirakçılarının izahatı
44. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
45. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
46. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
47. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
50. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
53. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göründüyü kimi mübahisəli mənzilə dair "xxxx" MMC ilə iddiaçı arasında 24 yanvar 2020-ci il tarixli, 174 nömrəli müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışına əsasən iddiaçı mənzilin dəyəri olan 83.500 manat pul vəsaitini tam ödəməklə almışdır.
63. Bundan başqa eyni mənzilə dair Cavabdeh1 adına iki müxtəlif tarixlərdə, yəni xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müqavilə tərtib edilmiş və mənzil ona ilkin müqavilə verildiyi tarixdə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədə mənzilin dəyəri 82.320 manat, xx.xx.2021-ci il tarixli müqavilədə isə 85.000 manat göstərilmişdir. Cavabdeh mənzili təmir etdirməklə hazırda faktiki ailəsi ilə birlikdə yaşayır.
64. Müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış müqavilə "xxxx" MMC-nin direktor əvəzi T.M.Məmmədov tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.
65. Cavabdeh1 ilə bağlanmış müqavilələr isə həmin vaxt yaşamayan "xxxx" MMC-nin direktor əvəzi olmuş M.Ə.Abbasovun adından imzalanmışdır, belə ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələri "xxxx" MMC-nin adından imzalayan X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
66. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/319-5/278 nömrəli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli 127 saylı müqavilə M.Ə.Abbasovun adından X5 tərəfindən imzalanmış, lakin xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilənin kim tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmamışdır. Müqavilələrdəki möhür əksinə gəldikdə isə müəyyən edilir ki, xx.xx.2021ci il tarixli, 163 nömrəli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmasına baxmayaraq "xxxx" MMCnin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilənin möhür əksləri "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etsə də birbaşa klişedən vurulmamış və texniki qurğu vasitəsilə kompüterə köçürülməklə qrafik proqram təminatından istifadə etməklə axıntılı printerdə çap edilmişdir. Bundan başqa rəylə müəyyən edilir ki, hər iki müqavilədə “Sifarişçi” qrafasındakı, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəllərindəki “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən birbaşa icra olunmuşdur.
67. İş materiallarına əsasən müəyyən edilmişdir ki, özünü "xxxx" MMC-nin nümayəndəsi və komendantı kimi təqdim edən X5 tərəfindən Cəmiyyətin vəzifəli şəxslərinin adına saxta müqavilə və maliyyə arayışları əsasında mənzillər satılması faktına görə CMnin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə mübahisəli mənzillə bağlı İddiaçı deyil, Cavabdeh1 qardaşı Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışdır.
68. Müəyyən edilmişdir ki, iddiaçı hazırkı mülki iş üzrə mübahisəli mənzillə bağlı deyil, digər müqavilə əsasında binadan aldığı mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. Mübahisəli mənzillə bağlı isə Cavabdeh1 deyil, onun qardaşı Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışlar.
69. Beləliklə Cavabdeh1 mübahisəli mənzili və bunun müqabilində ödənişi "xxxx" MMCnin səlahiyyətli vəzifəli şəxsindən deyil, mənzilin satışı ilə bağlı səlahiyyəti olmayan X1 təhvil almışdır. Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 163 saylı və xx.xx.2021-ci il tarixli, 127 saylı müqavilələr saxtalaşdırılmışdır, Cavabdeh1 mübahisəli mənzilə dair subyektiv hüququ yaranmamışdır.
70. Həmçinin "xxxx" MMC mübahisəli mənzillə bağlı yalnız İddiaçı ilə müqavilə bağlandığını və Cavabdeh1 ilə aralarında hər hansı müqavilə mövcud olmadığını bildirmişdir.
71. İddiaçının tələbi haqlı olduğundan məhkəmə də əsaslı olaraq mübahisə predmeti olan mənzilə dair iddiaçının etibarlı müqaviləsinin olmasını və iddiaçının öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını nəzərə alaraq cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 nömrəli iş üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.