Məhkəmə qərarları › İş №2(103)-3829/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3829/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3829/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Cavabdeh2 ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı mülki iş (Açar sözlər: «hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipoetkaya xitam verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-236/2023 saylı, 06 mart 2023cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-11260/2016 saylı qətnaməsi ilə İddiaçı və X1 müştərək qaydada 10936.03 ABŞ dolları əsas borc, 1269.58 ABŞ dolları faiz borcu, 50.80 ABŞ dolları cərimə, cəmi 12256.41 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" ASC yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsaitdən borcun ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-86/2021 saylı qətnaməsi ilə İddiaçı məxsus olan “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 19- 175 saylı hesabatı ləğv edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4204/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının 10 yanvar 2020-ci il tarixli, 01/32 saylı “Hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ilkin hərrac 21 yanvar 2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 1 ünvanında keçiriləcək. İlkin satış qiyməti 11000 manat müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının 24 yanvar 2020-ci il tarixli, 01/73 saylı “Hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərrac 05 fevral 2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 1 ünvanında keçiriləcək. İlkin satış qiyməti 11000- 15%=9350 (doqquz min üç yüz əlli) manat müəyyən edilmişdir.

6. Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli 08/04 nömrəli protokolf əşhz Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 11000 manat olmaqla, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 7012.5 manata tələbkar Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Cavabdeh2 ASC, Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən, X2 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi; “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiada göstərilir ki, həm məhkəmələr tərəfindən, həm də ekspert tərəfindən avtomobillə bağlı qiymətləndirmənin düzgün keçirilmədiyi və məbləğin aşağı göstərildiyi təsdiq olunmuşdur. Qiymətləndirici tərəfindən avtomobilin qiymətinin müəyyən edilmə metodları düzgün seçilməmişdir. Digər tərəfdən avtomobilin hərracdan satışını həyata keçirən cavabdeh "xxxx" MMC tərəfindən təşkil edilərək həyata keçirilmiş nə ilkin, nədəki, təkrar hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməmiş, həmin hərraclarda iddiaçının iştirakı təmin edilməmiş, əmlakın əldə edilməsində iddiaçnın üstünlük hüququ pozulmuşdur. Hərracdan ümumiyyətlə xəbəri olmamışdır. İş materialları ilə tanış olarkən əldə edilmiş poçt qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən ona göndərilən heç bir poçt qəbzi ona çatmamış, onun tərəfindən imzalanmamışdır. Bunlardan başqa, icra şöbəsindən əldə olunmuş sənədlərin surətlərindən görünür ki, avtomobillə bağlı ilkin və təkrar hərraclar baş tutmadığına görə, "xxxx" MMC tərəfindən tələbkar olan Cavabdeh2 ASCyə təklif göndərilmişdir. Həmin təklifdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində ilkin satış qiymətindən 25% aşağı, yəni 7012,5 manata əldə olunması təklif olunmuşdur. Təklifdə həmçinin avtomobilin 30 təqvim günü ərzində əldə olunmadığı halda ipotekaya xitam veriləcəyi barədə Bank xəbərdar olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci iltarixli nömrəsində elan dərc edilmişdir. X2 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, bankın səlahiyyətli nümayəndəsi X3 həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtomobili 7012,5 manata əldə olunmasına razılıq vermişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka predmeti Bank tərəfindən 30 günlük müddət ötürülməklə qəbul edilmişdir. Belə ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin müddətdən etibarən 30 gün müddətində yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, həmçinin 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən əldə edilmişdir.

9. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən, X2 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi; “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi, “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddianın həcminin artırılması ərizəsində göstərilir ki, işə məhkəmədə baxıldığı müddətdə cavabdehlər tərəfindən çoxsaylı pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 52/20 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat tərtib edilmişdir. Həmin hesabata əsasən, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil 11.000 manata dəyərləndirilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın ləğvi” tələbinə dair məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxıldığı müddətdə ekspertiza təyin edilmiş, 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1600 kub/sm, “Chevrolet Aveo” markalı 99FL512 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 12.500 (on iki min beş yüz) manat müəyyən olunur.Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul edildiyi halda, icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra icraatın təzələnməsinə dair hər hansı qərar qəbul edilməmiş, “İcra haqqında” Qanunun 19.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da, icraatın təzələnməsinə dair hər hansı qərar mövcud olmadığı halda, hərracın keçirilməsinin davam etdirilməsi tamamilə qanunsuzdur. Bu isə, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə daha bir əsasdır. İşə məhkəmədə baxıldığı dövrdə mübahisə predmeti olan avtomobil bir neçə dəfə iddiaçının razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, sorğuya cavab məktubundan bəlli olur ki, avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin adına qeydiyyata alınsa da, elə həmin gün də bank tərəfindən alqı- satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Sonuncu isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən avtomobili Cavabdeh4 satmışdır (əslində isə addan-ada keçirmiş, özgəninkiləşdirilmə üçün görünüş yaratmışdır) və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-236/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbinin qismən təmin edilərək Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 18 mart 2022-ci il tarixli “X2 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Həracın yekunları” barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ilk növbədə iddia tələblərinin “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, 21 yanvar 2020-ci il tarixli hərracda ipoteka predmetinin ilkin satış qiyməti 11000 (on bir min) manat məbləğində müəyyən edilmiş, 5 fevral 2021-ci il tarixli təkrar hərracda isə 11000-15%=9350 (doqquz min üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçının qiymətləndirməni mübahisələndirməsi ilə bağlı icraat dayandırılsa da, 18 mart 2022-ci il tarixli hərracın yekunları barədə protokolda yenə də qiymət 110000-25%=7012.5 (yeddi min on iki manat əlli qəpik) məbləğində müəyyənləşdirilərək bank tərəfindən qəbul edilmişdir. Halbuki həmin vaxt artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsinə, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyinə əsasən ipoteka predmetinin orta bazar qiymətinin 12500 (on iki min beş yüz) manat olmasına baxmayaraq, icra məmuru hərracı dayandırıldığı yerdən davam etdirilməsi barədə hərrac təşkilatına müraciət etmiş, bank isə ipoteka predmetini əldə etmişdir. Beləliklə, məhkəmə qətnaməsi nəzərə alınmamışdır. Eyni zamanda hərrac təşkilatı ipoteka qoyana bildirişin göndərilməsi və kütləvi informasiya vasitələrinə elanın dərc edilməsi ilə bağlı müddəaları da pozaraq, müddətlərə riayət etməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Lakin mülki işin materiallarına əlavə edilmiş “Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, 21 yanvar 2020-ci ildə baş tutan hərracın keçirilməsi barədə elan 10-16 yanvar 2020-ci il tarixdə verilmiş - yəni hərracın keçirilməsinə cəmi 10 gün qalmış; 5 fevral 2020-ci il tarixli təkrar hərracın keçirilməsi barədə elan isə 24-30 yanvar 2020-ci il tarixdə verilmişdir – yəni, hərracın keçirilməsinə cəmi 12 gün qalmış. Məhkəmə iddia ərizəsinin bildirişlərin iddiaçıya çatdırılmaması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Mülki işin materialları ilə təsdiq edilir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin hərrac təşkilatı tərəfindən yenə də müddətlərə riayət edilməmiş, bildirişlər 10 yanvar 2020-ci il və 24 yanvar 2020-c il tarixlərində göndərilmiş, bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə göstərilən halların hərracın keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin pozuntusu kimi qiymətləndirir və hesab edir ki, hərracın nəticələri barədə 18 mart 2022-ci il tarixli protokol etibarsız hesab edilməlidir. İddia tələbinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun icra sənədi üzrə hərəkətlərindən narazı qaldığı halda, məhkəmə qətnaməsini çıxaran məhkəməyə şikayət edə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, məhz məhkəmə qətnaməsi qəbul edən məhkəmə qətnamənin icrasına nəzarəti həyata keçirir. İddia tələbinin “ipotekaya xitam verilməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsində sadalanmışdır. Hazırki mülki iş üzrə həmin hallardan heç biri müəyyən edilmir. Eyni zamanda iddia ərizəsində göstərilənin əksinə olaraq, “ipoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinin pozulması da müəyyən edilmir; Belə ki, hərracın baş tutması barədə elan “Birja yenilikləri” barədə qəzetin 01 mart 2022-ci il tarixli sayında dərc edilmiş, protokol isə 18 mart 2022-ci il tarixdə imzalanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. İddia tələbinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki,... Cavabdeh3, Cavabdeh4nnun vicdanlı alıcı olması mülki işin materialları ilə təsdiq edildiyindən, əksini sübut edə biləcək dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən bu hissədə də iddia tələbi əsassızdır və təmin edilə bilməz.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən İddiaçı və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

14. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka predmeti Bank tərəfindən 30 günlük müddət ötürülməklə qəbul edilmişdir. Belə ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin müddətdən etibarən 30 gün müddətində yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, həmçinin 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən əldə edilmişdir Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddianın qismən “hərracın yekunlarına dair protokolun etibarsız sayılması” hissəsində təmin edilməsi, iddia tələbinin qalan hissələrdə də təmin edilməsi üçün əsas idi. Belə ki, bütün iddia tələbinin kökündə “hərracın etibarsızlığı” dururdu. Hərrac etibarsız sayıldığı halda, avtomobilə dair yeni alqı-satqı müqavilələri də etibarsız sayılmalı idi. Çünki, bank tərəfindən həmin avtomobilin satılmasına dair heç bir səlahiyyətinin olmadığı məhkəmənin özü tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən avtomobilin satılmasına dair satıcı olan Bankın səlahiyyətli olmadığı məhkəmə tərəfindən təsdiq edilmişdir. Əgər Bankın həmin avtomobili satmaqda heç bir səlahiyyəti yoxdursa, alıcının legitimliyindən necə söhbət gedə bilər?! İşə məhkəmədə baxıldığı dövrdə mübahisə predmeti olan avtomobil bir neçə dəfə iddiaçının razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, sorğuya cavab məktubundan bəlli olur ki, avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin adına qeydiyyata alınsa da, məhz elə həmin gün də bank tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Avtomobilin Cavabdeh3 satılmasına dair alqı-satqı müqaviləsində ümumiyyətlə tarix göstərilməmişdir. Müqavilənin müddəti isə müqavilənin mühüm şərtlərindəndir. Bundan əlavə, həmin müqavilədə qiymət 9500 manat, yəni avtomobilin real dəyəri olan 12500 manatdan qat-qat aşağı göstərilmişdir ki, bu da müqavilənin etibarsızlığına və alıcının vicdanlı alıcı olmadığına dəlalət edir. Nədənsə sonuncu da guya “vicdanlı alıcı” olmasına baxmayaraq, avtomobili bir neçə aydan sonra - xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır (əslində isə addan-ada keçirmiş, özgəninkiləşdirilmə üçün görünüş yaratmışdır) və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir.

15. Cavabdeh2 ASC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmiş və şikayət bununla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hərracın nəticələrinə dair protokolu, iddiaçının xahişi əsasında etibarsız hesab etməsi qanunsuz və əsassızdır. Belə ki, 7 ildir ödənməyən borcun qaytarılması üçün qanunvericiliklə və tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən, girov əmlakına tutma yönəltməyən, əmlakların hərracda yüksək qiymətə satılması üçün heç bir hərəkət etməyən iddiaçı ipoteka qoyanın formal olaraq əmlakın aşağı qiymətə qiymətlandirildiyini iddia etməsi əsassızdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunana hallara hüquqi qiymət verməmiş, iddiaçının hüquqlarını bərpa etdiyini əsas gətirərərk qanunsuz olaraq bankın hüquqlarını kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi.

17. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 isə cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 182.1 Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

19. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim (əvvəlki redaksiyada 45 gün) günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

20. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

21. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Maddə 6. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

22. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. İddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsində isə qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

29. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

30. Təmin edildiyi hissədə iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, təmin edilməyən hissədə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

31. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları təmin edilməyən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia o hissələrdə haqlı sayılmırdı.

32. Əvvəla, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti ilə bağlı hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki, ipoteka predmeti olan avtomobil ilə bağlı hərrac sonradan məhkəmə qətnaməsi ilə ləğv edilmiş qiymətləndirmə hesabatında göstərilən qiymət əsasında keçirilmişdir. Bu qiymətin real olmadığı isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Ona görə də hərracın yekunları ilə bağlı protokolu etibarsız sayarkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.

33. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Hazırki iş üzrə cavabdeh olan bank isə bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmeti olan avtomobili əldə etmişdir. Düzdü, iddiaçı bəyan edir ki, ipoteka predmeti bank tərəfindən 30 günlük müddət ötürülməklə, yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə tərəfindən əldə edilmişdir. Ancaq bunun səbəbi tələbkar bankın ipoteka predmetini əldə etmək istəyinin olmaması deyil, icra məmuru tərəfindən icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı olmuşdur. Birdəki, hər bir halda mübahisə predmeti olmuş avtomobil onsuzda ipoteka yüklülüyündən azad edilmiş və ipotekaya xitam verilmişdir. Çünki, bank hərracın nəticələri olaraq avtomobili əldə etdikdən sonra, digər Cavabdeh3 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmış, Cavabdeh3 isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır. 35.Qeyd olunan qərardadın 32-34-cü paraqraflarında qeyd olunmuşdur ki,… həmçinin, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçrilməmiş hesab edildiyi üçün onların yenidən təşkili “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

36. Bununla yanaşı, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinin tələbinə əsasən, yəni ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməli olduğundan bank da həmin avtomobili özgəninkiləşdirmişdir. Məhz bu hala görə avtomobilin bankın mülkiyyətinə keçməsinə dair tərtib edilmiş protokolu etibarsız hesab edərkən Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin tətbiq edilməsi mümkün olmazdı. Çünki, mübahisəli avtomobil vicdanlı üçüncü şəxs tərəfindən əldə edilmişdir. Bu cür vəziyyətdə ipoteka predmeti olmuş avtomobilin əvvəlki vəziyyətə, yəni etibarsızlığın nəticəsi olaraq ipoteka qoyanın mülkiyyətinə qaytarılması mümkünsüz olan bir vəziyyət sayılır. Ona görə də əqdin etibarsızlığının nəticəsi kimi həmin avtomobilin ipoteka qoyanın mülkiyyətinə qaytarılması məsələsi üzrə birinc instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Çünki, onsuzda ipoteka predmeti olmuş avtomobil sonradan vicdanlı üçüncü şəxslər tərəfindən əldə edildiyindən iddiaçının istədiyi əsasla ipotekaya xitam verilməsi və ipoteka qoyanın mülkiyyətinə qaytarılması da mümkünsüz sayılırdı. Düzdü, iddiaçı ipoteka predmeti olmuş avtomobili bankdan əldə edən digər cavabdehləri vicdanlı əldə hesab etmir və buna görə alqı-satqı müqavilələrini də mübahisələndirir. Lakin bəyan etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür, o, isə bu halları sübuta yetirə bilmir. 37.İpoteka qoyanın bildirişi şəxsən almaması isə keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

38. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış avtomobilin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin avtomobili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin avtomobili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.

39. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-236/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-236/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar