Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3829/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2, X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4016/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətində olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 89 saylı evin, 11 saylı mənzilini (bundan sonra mübahisəli mənzil) 12.000 manat məbləğinə pula Cavabdeh1 (bundan sonra 1-ci cavabdeh) satmışdır.
2. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borcalan Cavabdeh2 (bundan sonra 2-ci cavabdeh) faizsiz olaraq xx.xx.2023-cü il tarixədək 6.000 manat məbləğində kredit vermişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)- 4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilə dair onunla Cavabdeh1 arasında 4 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsi, cavabdehlər - Cavabdeh1 və X4 mübahisəli mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2020-ci ilin mart ayında Cavabdeh1 anası, yəni digər cavabdeh mülkiyyətində olan mənzili 12.000 manata ona satmağı təklif etmişdir. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə o, yaxın ailə dostu Aslanov Nazimlə birlikdə onu 4 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna aparmışdır. Orada sonradan öyrənmişdir ki, X8 oğlu Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli mənzilin alqı-satqısı üçün müqavilə tərtib etmişdir. Göstərilən alqı-satqı müqaviləsinə əsasən mənzilini 12.000 manata cavabdehə satmışdır. Üstəlik, sonradan ona izah edilmişdir ki, nəinki sözügedən evi ucuz qiymətə satmış, hətta 6.000 manatı ona ödədikdən sonra kredit müqaviləsinə uyğun olaraq qalan məbləğin ödənilməsini 3 il müddətinə uzatmışdır. Bu məbləğin 150 manatını ona hissə-hissə cavabdeh Nəcəfova Adilya ödəmiş və onun evdən çıxarılması ilə bağlı iddia qaldıran zaman onun 3.000 manat borcu qalmışdır. İddiaçı onunla güya kredit müqaviləsi bağlamış, ona əsasən, iddiaçı guya ona 6.000 manat borc vermişdir. Halbuki, o, bu pulu ona borc verməmişdir. Aydın olmuşdur ki, o Azərbaycan dilini bilmədiyi üçün nə baş verdiyini, hansı sxemlərin qurulduğunu başa düşməmişdir. Bu müqavilələrdə kredit müqaviləsinin onun üçün rus dilinə tərcümə olunduğuna dair öz əlyazma qeydi və imzası yoxdur. Müqavilənin bağlanmasından bir ildən çox vaxt keçdikdən sonra, cavabdeh mənzilə dair çıxarış alaraq, oğlunun vasitəsi ilə onun mənzildən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hətta pulun qalan hissəsini, yəni 3.000 ona iki il əvvəl ödəməyi təklif etmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4016/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Tural Məmmədov).
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan mənzili Cavabdeh1 12.000 manata satmış və həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüququ Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan alqı-satqı müqaviləsini cavabdehlər onu aldatmaq yolu ilə imzalatdırdıqlarından həmin müqavilənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında qanuni şəkildə alqı-satqı müqaviləsinin bağlandığına istinad edərək iddia tələbi ilə razı olmadığını qeyd etmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bağladığı əqdlərin məzmununun onun üçün tərcümə olunmadığını göstərsə də, bununla bağlı əlyazma qeydininin və imzasının olmamasına dair sübutları məhkəməyə təqdim etməmiş, yalnız şifahi mülahizələrə əsaslanmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Həmin qətnamə ilə iddiaçının mübahisəli mənzildən çıxarılmasının müəyyən edilməsi özü-özlüyündə iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı əqd kimi qəbul edilməsinin göstəricisidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Avropa Məhkəməsi X14rşı” qərarının 139-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci, 88-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 5837/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyev).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər müqaviləni könüllü şəkildə bağlayıblar. Belə ki, iddiaçının öz mənzilini satmaq niyyəti olub və alıcı axtarıb. Cavabdehlər ana-övladdır, onlar iddiaçının qonşuluğunda – Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev № 89-da yerləşən 14 №-li mənzilidə yaşayıblar. Cavabdehlər iddiaçının öz mənzilini satmaq niyyətini bildikdən sonra mənzili almaq qərarına gəliblər.
15. Məhkəmə kollegiyası mübahisəli mənzilin qiyməti ilə bağlı qeyd etmişdir ki, qiymət tərəflərin razılığı əsasında müəyyən olunub, hər iki tərəf müqaviləni imzalayıb və müqavilə notariat qaydasında təsdiq olunub. Mənzilin ümumi sahəsi 36,7 kv.m təşkil edir, təmirsizdir, yaşayış üçün yararsızdır, bunu təsdiq edən fotoşəkillər məhkəməyə təqdim olunmuşdur. İddiaçı mənzilin bazar dəyərinin 12.000 manatdan yüksək olduğunu təsdiq edən sübut təqdim etməyib. Buna baxmayaraq, müqavilə azadlığı (Mülki Məcəllə, maddə 390) müqavilə tərəflərinə qiyməti azad surətdə - bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. Qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası mənzildən çıxarılma ilə bağlı qeyd etmişdir ki, iddiaçı alqısatqı müqaviləsi bağlanarkən satıcının 3 il mənzildən çıxmayacağı barədə razılığın olduğunu bildirmiş, lakin alıcı onu vaxtından əvvəl mənzildən çıxarmaq istəmişdir. Göründüyü kimi, satıcı aldadıldığını və mənzilin dəyərindən aşağı satıldığını bildirməyib. Əksinə, həmin izahat onu təsdiq etmişdir ki, satıcının müqavilə azadlığı pozulmayıb, o, könüllü şəkildə mənzilin 12.000 manata satılması barədə müqavilə bağlayıb. Müqavilə bağlandıqdan sonra alıcı mənzilin qiymətini tam ödəməyibsə, satıcı qiymətin ödənilməsi barədə iddia verə bilər. Qiymətin tam ödənilməməsi öhdəliyin icra edilməməsi hesab olunur. Öhdəliyin icra edilməməsi öhdəliyi əmələ gətirən əqdin etibarsızlığına əsas ola bilməz. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib, lakin həmin əsasların sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmayıb. Çünki öhdəliyin icra edilməməsi əqdin bağlanmasından sonra mövcud olan haldır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 339.2-ci, 390-cı maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər Vüqar Həsənov (sədrlik edən və mərizəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev)
20. Kassasiya instansiya məhkəməsi daha əvvəl baxılmış mənzildən çıxarma tələbinə dair iş üzrə cavabdehin adına aparılmış qeydin əsası olan alqı-satqı müqaviləsinin etibarlı əqd olaraq tanınmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd etmişdir ki, həmin iddia üzrə iddiaçı olan hazırkı iş üzrə cavabdeh məhz əşya hüququna, yəni daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna istinad etməklə mənzildən çıxarma tələbi irəli sürmüşdür. Cavabdehin (baxılan iş üzrə iddiaçının) əqdin etibarsızlığı ilə bağlı etirazı, yazılı tələbi və ya qarşılıqlı iddiası olmamışdır. Əqdə əsaslanan tələb hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yoxdur. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmaz. Baxılan iş üzrə hüququnun pozulmasını iddia edən iddiaçı cavabdehin əşya hüququnun mövcudluğunu müvafiq qaydada həmin icraatda mübahisələndirmədiyi üçün, yəni qeydin hüquqi əsasını təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürmədiyi halda birinci instansiya məhkəməsi əqdin etibarlılığına qiymət verməkdə haqlı olmamışdır. Apellyasiya instansiya məhkəməsi isə əşya hüququna əsaslanan tələbə baxılarkən əqdin mübahisələndirilmədiyini, məhkəmənin öz vəzifəsindən irəli gələrək tələbdən kənara çıxaraq (tələb olmadan) əqdin etibarlı olmasına dair birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır. İddiaçı əqdi aldadılma əsası ilə mübahisələndirmiş, lakin apellyasiya instansiya məhkəməsi tərəflərin müqaviləni könüllü şəkildə bağlamalarına, qiymətin tərəflərin razılığı əsasında müəyyən olunmasına, hər iki tərəfin müqaviləni imzalaması, müqavilənin notariat qaydasında təsdiq olunmasına, qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübutunu məhkəməyə təqdim etməməsinə, mənzildən çıxarılma ilə bağlı tələbə baxılarkən aldadılması və mənzilin dəyərindən aşağı satılmasını bildirmədiyinə istinad etmişdir. Hazırkı iş üzrə məhkəmələr mübahisəli mənzilin alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçının aldadılmasına dair araşdırma aparmamış, satıcı olan iddiaçının müqavilənin bağlanmasından sonra 1 ildən artıq müddət ərzində mənzildə yaşamaqda davam etməsi, müqavilə üzrə mənzilin dəyərinin həmin dövr üçün mənzilin likvid dəyərindən aşağı olub-olmaması (halbuki iddiaçı göstərir ki, həmin vaxt mənzilin dəyəri
50. 000 manatdan artıq olmuşdur) kimi işin əhəmiyyətli hallarını, iddiaçının kredit verməsinə dair müqavilənin məhz həmin gündə bağlanması, müqavildə mənzilin dəyərinin tam ödənilməsi göstərilsə də, həmin müqavilənin bağlanmasının məqsədi müəyyən edilmədən yalnız forma tələblərinə riayət olunduğuna, müqavilə azadlığının pozulmamasına əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlmişlər. Digər tərəfdən, məhz mübahisələndirilən müqavilə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə iddiaçının həmin dəlillərinin yoxlanması (bu zaman nəzərə alınmalıdır ki, iddiaçının iştirakı ilə keçirilmiş bütün məhkəmə icraatlarında o tərcüməçi ilə təmin olunmuş, lakin təmin etmənin onun xahişi və ya məhkəmənin təşəbbüsu ilə edilməsi müəyyən deyil.) ilə bağlı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin hər hansı araşdırma aparmadıqları aşkardır. Nəzərə alınmalıdır ki, notariat işinin əldə edilməsindən sonra iddiaçının müqavilənin rəsmləşdirildiyi dili bilib-bilməməsi, onun tərcüməçiyə ehtiyacının olub-olmaması, belə ehtiyacının təmin olunması üçün xahişinin olub-olmaması və ümumiyyətlə müqavilənin şərtlərinin ona aydın olması həmin materialların tədqiqindən sonra müəyyən edilə bilərdi.
21. Kassasiya instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, Azərbaycan dilini mükəmməl bilmir, məişət səviyyətində bilir. Cavabdehlər anabaladır və onun qonşuları olmuşlar. Alqı-satqı müqaviləsi onunla Cavabdeh1 arasında bağlanmışdır. Ona mənzilə görə əvvəlcə ümumilikdə 10.000 manat, bu məbləğin yarısının, yəni 5.000 manat hissəsinin dərhal, 5.000 manat hisəsinin isə kreditlə ödənilməsi təklif edilmişdir. O, ödənişin bir hissəsinin kreditlə aparılmasına razı olmuş, lakin təklif edilən məbləğlə razılaşmamışdır. Daha sonra ona mənzilə görə eyni şərtlərlə 12.000 manat məbləğində pul, bu pulun da 6.000 manat hissəsinin dərhal, qalan 6.000 manat hissəsinin isə kredit müqaviləsi üzrə 3 il müddətinə hissə-hissə ödəməsi təklif edilmişdir. Kredit müqaviləsi şəxsi məsələlərdən dolayı onu qane edirdi. Bu səbəbdən aralarında olan razılığa əsasən ümumi dəyərin 6.000 manat hissəsi hər ay 150 manat ödəmək şərti ilə aylara bölünmüş və 2020-ci ilin mart ayından 2023-cü ilədək cavabdehlər ona hər ay 150 manat ödəməli idi. Nəticədə onunla Cavabdeh1 arasında 4 saylı Bakı Asan Xidmət Mərkəzində mənzilin 12.000 manat pula satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış, daha sonra 6.000 manat pula dair onunla digər Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Sonradan o bilmişdir ki, 2020-ci ilin aprel ayında Cavabdeh1 mənzili öz adına rəsmiləşdirmişdir. O, həm mənzilin 12.000 manat pula satılmasına, həm də həmin məbləğin yarısının 2023-cü il tarixədək ödənilməsinə razılıq vermiş və bunu mübahisələndirmir. Bu şərtlər onu qane edirdi. Kredit barəsində razılaşdıqları üçün o, bankdan götürdüyü pulun 6000 manat hissəsini Nazim adlı şəxsə geri qaytarmış, lakin alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğ tam ödənilməmiş qarşı tərəf mənzili öz adına rəsmiləşdirmişdir. Halbuki onlar məbləğin 2023-cü ilədək ödənilməsi barədə razılığa gəlmişdilər. Buna baxmayaraq, cavabdeh mənzillə bağlı öz adına çıxarış almışdır. 2021-ci ildə isə cavabdehlər onun mənzildən çıxarılması bağlı məhkəməyə müraciət etmişdilər. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq, bildirmişdir ki, o, mənzildən bütün məbləğ ödəniləndən sonra 2023-cü ildə çıxmalı idi, lakin belə bir şərti öz aralarında və müqavilə üzrə razılaşdırmamışdılar, müqavilə bağlanan zaman tərcüməçi yox idi, o da tələb etməmişdir. Mənzilin dəyərini mübahisələndirmir, təbii ki, mənzilin qiyməti daha yüksəkdir, lakin qiymətlə bağlı pretenziyası yoxdur, mənzilindən vaxtından əvvəl məcburi çıxarıldığı üçün müqavilə etibarsız hesab edilməlidir, 2021-ci ilin avqust ayına qədər ona ödənişlər olmuş, ümumilikdə ona 9.000 manat (bu məbləğin 150 manat hissəsi notariat ofisinə ödənilmişdir) ödənilmişdir, ondan sonra bank hesabına baxmamış, hər hansı ödənişin olub-olmamasından məlumatım yoxdur, qalan 3.000 manat məbləğin ödənilməsinə razı deyil, belə ki, hazırda evsiz qalmışdır, müqavilə etibarsız hesab edildikdən sonra 9000 manatı geri qaytarmağa hazırdır. Həmçinin, cavabdehin mövqeyinə münasibət bildirərək, qeyd etmişdir ki, mənzili hansı məqsədlə və şərtlərlə razılaşması onun şəxsi işidir. Cavabdehlərlə heç bir borc müqaviləsi bağlamamış, cavabdehin təqdim etdiyi müqavilə sonradan hazırlanıb, əsl sənəd deyil. Cavabdeh2 ilə aralarında kredit müqaviləsi bağlanmışdır.
24. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı əvvəlcə mənzili öz qonşusuna vəsiyyət etmişdi. 2020-ci ilin yanvar ayında onlar arasında mübahisə yaranan zaman ona məlum oldu ki, iddiaçı ölkəni tərk etmək niyyətində olduğundan mənzilini satır. Mənzilə baxmaq üçün alıcılar gəlirdi. İddiaçı Rusiya Federasiyasına köçənədək 1-2 il ərzində mənzildə qalmaq istədiyi üçün mənzilin satılması mümkün olmurdu. Daha sonra iddiaçı yanvar ayında ona mənzili 10.000 manata almağı təklif etdi. 2 ay sonra mart ayının 9-da isə mənzili 12.000 manata almağı təklif etdi. İddiaçı ölkəni tərk edəcəyini bildirib, mənzili satmağı özü təklif etmişdir. O, bütün məbləği ödəyə bilmədiyi üçün məbləğin yarısının hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişdilər. İddiaçı 1-2 il ərzində Rusiya Federasiyası vətəndaşlığını alması və qohumlarının yanına köçməsi üçün sənədlərini hazırlayanadək həmin mənzildə yaşayacağı üçün pulun hissə-hissə ödənilməsinə razı idi. Onlar razılaşmışdılar ki, 6.000 manat pul nağd, qalan 6.000 manat pul isə hissə-hissə ödəniləcəkdir. İddiaçı da Rusiya Federasiyasına gedənədək 1-2 il ərzində həmin mənzildə yaşamağa davam edəcək, əgər daha tez müddətə getsə idi o, qalan pulu birdəfəlik ödəməli idi. xx.xx.2020-ci il tarixdə mənzilin 12.000 manat məbləğə satılması barədə müqavilə imzalandı, kassaya 12.000 manat pul ödənildi. İddiaçı xx.xx.2020-ci il tarixdə bankdan 12.000 manat pulu təhvil alandan sonra onun 6.000 manat hissəsini onun əvəzinə pulu ödəmiş Nazim adlı şəxsə qaytardı. Onlar həmin gün, daha sonra onun təklifi ilə ASAN xidmət mərkəzində 3 il müddətində ödənilməsi şərti ilə 6.000 manat məbləğində kredir müqaviləsi imzaladılar. Müqaviləyə əsasən pulu 3 ilin sonunda ödəməli idi. Cavabdeh özü pulun hissə-hissə ödənilməsini tələb etdi. Daha sonra onlar mənzillə bağlı çıxarış almışdılar. Bir neçə müddət sonra iddiaçı mənzilin damının təmiri üçün müraciət etdi, o, da mülkiyyətçi olduğu üçün mənzilin damını 2.000 manat xərc çəkərək təmir etdirdi. Ondan sonra mənzilə sayğacların qoyulması zamanı aralarında mübahisə yarandı. Bu zaman iddiaçının Rusiya Federasiya getmək fikrinin olmadığı ona məlum oldu. Bu səbəbdən o, onun mənzildən çıxarılması barədə məhkəməyə müraciət etdi. Həmin vaxt mənzilə çəkilmiş xərclərin qaytarılması şərti ilə müqaviləni ləğv etməyi iddiaçıya təklif etmişdir. Lakin hazırda müqavilənin ləğvinə razı deyil. Belə ki, mənzili tam təmir etdirmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin kredit müqaviləsi üzrə 3.000 manat pulu ödəmiş, iddiaçı mənzildən çıxarılandan sonra qalan borcun hamısını ödəmək istəmiş, lakin iddiaçı məhkəməyə müraciət etdiyi üçün o, borcun ödənilməsini dayandırmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X9 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür;
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarının: “Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyəti ilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
34. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi xahiş edildiyindən qətnaməni tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
36. Məhkəmə kollegiyası iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 89 saylı evin, 11 saylı (36,7 kv.m. ölçüdə 1 otaqlı) mənzili iddiaçının mülkiyyətində olmuş, həmin mənzil onunla 1-ci cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1-ci cavabdehə 12.000 manat pula satılmış, həmin müqaviləni onun adından etibarnamə üzrə nümayəndəsi olan 2-ci cavabdeh imzalamış və ödəniş həmin gün notariat ofisinin kassası üzərindən aparılmışdır. Bundan sonra elə həmin gün iddiaçı ona ödənilmiş 12.000 manat pulun 6.000 manat hissəsini Nazim adlı şəxsə (hər iki tərəf bu məbləğin Nazim adlı şəxsdən borc alındığını bildirir) qaytarmış və həmin məbləğlə bağlı xx.xx.2020-ci il tarixdə iddiaçı ilə 2-ci cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı 6.000 manat pulu faizsiz olaraq 3 il müddətinə qaytarmaq şərti ilə 2-ci cavabdehə borc vermişdir. Mübahisəli mənzilə dair 1-ci cavabdehin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
37. Hazırda iddiaçı mənzilin satın alınması üçün ona ümumilikdə 9.000 manat məbləğində ödəniş edildiyini və müqavilə ilə müəyyən edilmiş məbləğ tam ödənildikdən sonra mənzildən çıxmalı olduğunu, lakin cavabdeh tərəfin onu aldatdığını, alqı-satqı müqaviləsi bağlandıqdan 1 ay sonra 1-ci cavabdehin mənzilə dair mülkiyyət hüquqlarını dövlət reyestrində dövlət qeydiyyatına aldırdığını, onun da mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etdiyini və nəticədə onun mənzildən çıxardığını bildirir. Bu səbəbdən alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini və cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdeh tərəf isə alqı-satqı müqaviləsinin iddiaçının öz iradəsinə, o cümlədən razılaşdığı məbləğ əsas götürülməklə bağlandığını, bu məbləğin 6.000 manat hissəsinin müqavilə bağlanan zaman verildiyini, 6.000 manat hissəsinin isə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 3 il ərzində ödənilməsi barədə razılaşdıqlarını, iddiaçıya münasibətdə hər hansı aldatma halının olmadığını, iddiaçının öz şəxsi məsələlərinin (Rusiya Federasiyasının vətəndaşlığının alınması və qohumlarının yanına köçməsi üçün sənədlər hazırlamaq) həll edilməsi üçün onun 1-2 il ərzində mənzildə yaşamağa davam etməsi barədə razılaşdıqlarını, ötən dövr ərzində kredit müqaviləsi üzrə 3.000 manat ödədiyini, ödənilməyən 3.000 manatın da birdəfəlik olaraq iddiaçıya ödənilməsinə razı olduğunu, bunu iddiaçı mənzildən çıxarılan zaman da ona təklif etdiyini, lakin iddiaçının bundan imtina etdiyini bildirir və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
38. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir. Eyni zamanda, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, aldatma dedikdə, şəxsə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində şəxsdə əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (şəxsə yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (hərəkətsizlik - əqdin realizə olunmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susulması).
40. Lakin iddiaçı aldadıldığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddia tələbinin uğurluluğuna nail olmaq üçün bu halların mövcudluğunu sübut (təsdiq) etmək vəzifəsi mülki prosessual qanunvericiliyə əsasən məhz həmin halın mövcudluğuna istinad edən tərəfin (hazırki halda iddiaçı) üzərinə düşür. Məhkəmə tərəfindən də belə bir halın baş verməsi müəyyən edilməmişdir.
41. Məhkəmə kollegiyası iddianın məzmunu və iddiaçının mövqeyi ilə bağlı xüsusilə vurğulayır ki, iddiaçı tərəfindən mənzilin məhz cavabdehlərin hər hansı birinin təklifinə əsasən satılması halı öz təsdiqini tapmır. Belə ki, iddiaçının özünün mənzili satmaq niyyəti və istəyi olmuşdur. Hətta tərəflər arasında hazırda mübahisələndirilən müqavilə bağlanmamışdan əvvəl iddiaçı mənzili başqa bir şəxsə vəsiyyət etmiş, lakin sonradan bu vəziyyətnaməni ləğv etdirmişdir. Başqa sözlə, cavabdehlər artıq iddiaçı tərəfindən satılan mənzilin alınması ilə bağlı niyyətlərini bildirmiş və ilk olaraq 10.000 manat təklif etmişdilər. Bu halı iddiaçı da təsdiq edir və bu qiyməti qəbul etmədiyini, lakin sonradan təklif edilən 12.000 manatla razılaşdığını bildirir. Bu da öz növbəsində tərəflər arasında mənzilin satış qiyməti ilə bağlı müzakirələrin aparıldığını və nəticə etibarı ilə razılaşdırılmış məbləğin hər iki tərəfin, o cümlədən iddiaçının maddi maraqlarına uyğun olduğunu təsdiq edir.
42. Əhəmiyyəti və zəruriliyi nəzərə alınaraq, bu məsələ iş üzrə keçirilmiş məhkəmə iclasında kollegiya tərəfindən tərcüməçinin iştirakı ilə dəqiqləşdirilmiş və iddiaçı mənzilin dəyərinin daha yüksək olduğunu, lakin mənzilin dəyərini mübahisələndirmədiyini, mənzilin qiyməti ilə bağlı pretenziyasının olmadığını bildirmişdir. İş üzrə növbəti məhkəmə iclasında kollegiya bir daha bu məsələnin üzərində dayanmış və iddiaçı yenə də, həmin vaxt üçün 12.000 manat pulun onun evinin real qiyməti olmadığını, lakin bununla razılaşdığını və qiymətə etiraz etmədiyini bildirmişdir. Bununla belə, iddiaçı öz iradəsinə uyğun olaraq mülkiyyətində olan mənzili satmaq istəmiş, bu məsələdə cavabdehlərlə razılaşmış, o cümlədə mənzilin dəyəri ilə bağlı müzakirələr aparmış və nəticədə 12.000 manata cavabdehlərə satmışdır. Qeyd edilənlər iddiaçının aldadılmanın nəticəsi olaraq mülkiyyətində olan mənzilə dair 1-ci cavabdehlə alqı-satqı müqaviləsi bağlamasını, o cümlədən iddiaçının iradəsinə zidd olaraq müqavilədə mənzilin dəyərinin 12.000 manat göstərilməsini istisna edir.
43. Məhkəmə kollegiyası iddiaçının müqavilənin məzmununun ona aydın olmaması dəlili ilə bağlı qeyd edir ki, iddiaçı milliyyətçə rusdur, azərbaycan dilini yalnız məişət səviyyəsində bildiyini göstərir. Məhkəmə iclasında tərcüməçi ilə təmin edilmişdir. Buna baxmayaraq, onların arasında mənzillə bağlı rəsmiləşdirmə aparılan zaman alqı-satqı müqaviləsi və digər sənədlər iddiaçıya tərcüməçi tərəfindən tərcümə edilməmiş, ümumiyyətlə notarius tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Qeyd edilənlər məhkəmənin sorğusuna uyğun olaraq həmin müqavilənin rəsmiləşdirilməsini həyata keçirmiş notariat ofisi tərəfindən göndərilən notariat işindən müəyyən edilmişdir. Lakin bu halın mövcudluğu həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Belə ki, bu məsələni tənzimləyən Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 13-cü maddəsində belə hallarda notariusun imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib etməsinin və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsinin zəruriliyi təsbit edilmişdir. Lakin bu hərəkətlərin edilməsi hüquqi nəticə etibarı ilə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsin (mövcud vəziyyətdə iddiaçının) arzu edilən dillə bağlı müraciətindən (“xahiş edirsə”) asılı etmişdir. Lakin Kollegiya tərəfindən iddiaçının bu məsələyə münasibəti öyrənilərkən o, müqavilə bağlanan zaman tərcüməçinin olmadığını, onun da tərcüməçi tələb etmədiyini bildirmişdir.
44. Digər tərəfdən artıq müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan mənzili satmaq niyyəti olmuş, tərəflər məhz bu məqsədlə notariat kontoruna getmişlər, mənzilin qiymətini də tərəflər öz aralarında razılaşdırmışdılar. İddiaçı notariat kontorunda müqavilə bağlanan zaman ondan 150 manat məbləğində pulun tutulduğunu da bildirmişdir. Həm bu məbləğ, həm də mənzilin dəyərini təşkil edən 12.000 manat müqavilədə rəqəmlə qeyd edilmişdir. İddiaçı azərbaycan dilini mükəmməl bilmədiyini qeyd etsə də, rəqəm tanımadığını söyləmir. Bundan əlavə iddiaçı 1946-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində yaşayır və Azərbaycan vətəndaşıdır. Müqavilə bağlanan tarixə onun 74 yaşı olmuş və onun 74 il ərzində məişətdə geniş istifadə edilən “mənzil”, “ev”, “alqı-satqı”, “razıyam”, “satıram”, “alıram” sözlərinin mənasını başa düşməməsi qeyri-mümkündür. Bundan əvvəl iddiaçı hətta mənzilin başqa şəxsə vəsiyyət etməsi, sonradan vəsiyyətnamənin ləğv edilməsi prosedurundan da keçmiş, lakin həmin vaxt ona tərcüməçinin verilməməsindən narazıçılıq etmir. İddiaçı müqavilə üzrə ona ödənilmiş 12.000 manat pulun 6.000 manat hissəsinin borc alındığını və müqavilə bağlandıqdan sonra ona ödənilmiş bu məbləğin 6.000 manat hissəsinin borc sahibi olan Nazim adlı şəxsə qaytardığını da etiraf edir. Həmin müqavilənin 11-ci bəndinə uyğun olaraq iddiaçı öz üzərinə xx.xx.2020-ci il tarixədək mənzilin 1-ci cavabdehin faktiki sahibliyinə verilməsi öhdəliyini götürməsinə baxmayaraq, aralarında əldə edilmiş razılığa əsasən bundan sonra da xeyli müddət mənzildə yaşamağa davam etmişdir. Bununla belə, iddiaçı tərcüməçi olmadan da satıcı qismində çıxış etdiyi alqı-satqı müqaviləsinin şərtləri barədə tam məlumatlı olmuş və bu şərtlər ona aydın olmuşdur. Bu səbəbdən həmin müqavilə onun notarial qaydada rəsmiləşdirilməsi zamanı bu prosesə tərcüməçinin cəlb edilməməsi, habelə sənədlərin mətnlərinin rus dilində tərtib edilməməsi əsası ilə etibarsız hesab edilə bilməz.
45. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə 1-ci cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan tarixdə, iddiaçı ilə 2-ci cavabdeh arasında kredit müqaviləsi də bağlanmışdır. İddiaçı bu müqavilə üzrə cavabdehə hər hansı məbləğdə pulu borc vermədiyini iddia edir, cavabdeh bununla razılaşır. Hər iki tərəf mənzilin alqı-satqısına dair müqavilə üzrə ödənilməli olan 12.000 manat pulun 6.000 manat hissəsinin iddiaçıya ödənildiyini, qalan 6.000 manat hisəsinin isə 3 il ərzində ödənilməsi barədə razılaşdıqlarını və bunun təminatı olaraq (iddiaçı onun təşəbbüsü olduğunu bildirir), xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin bağlandığını göstərirlər. Ötən dövr ərzində kredit müqaviləsi üzrə 3.000 manat pulun ödənilməsi də işin mübahisəsiz halıdır.
46. Məhkəmə kollegiyası da göstərilənləri, o cümlədən hər iki müqavilənin eyni tarixdə bağlanmasını və tərəflərin izahatlarını nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında hüquqi nəticə etibarı ilə mənzilin nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin müəyyən edilmiş alqı-satqı qiymətinin 6.000 manat hisəssi ödənilmiş, qalan hissəsinin ödənilməsini isə 1-ci cavabdeh 3 il ərzində təmin etməli idi. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi də məhz ödənilməli olan 6.000 manat pulun ödənilməsini təminat altına almaq məqsədi ilə bağlanmış, mahiyyət etibarı ilə borcun etirafı müqaviləsidir. Hər bir halda, alqı-satqı müqaviləsi bağlandıqdan sonrakı dövrdə iddiaçıya ümumilikdə 3.000 manat məbləğində pul ödənilmişdir. Bu məbləğin onun tərəfindən qəbul edilməsi də məsələnin mahiyyəti barədə tam məlumatlı olmasını təsdiq edir. İddiaçı kredit müqaviləsinin şəxsi məsələlərdən dolayısı onu qane etdiyini də bildirmişdir.
47. İddiaçı da məhz qeyd edilən 6.000 manat pulun ödənilməsi tam təmin edilmədən 1-ci cavabdehin artıq bir aydan sonra, yəni 2020-ci ilin aprel ayında mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdığını və onun mənzildən çıxardığını iddia edir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən qeyd edilən 6.000 manat ona tam ödənildikdən sonra 1-ci cavabdeh mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalı və yalnız bundan sonra o, mənzili tərk etməli idi. Məhz bu şərtlərə əməl edilmədiyindən cavabdehlər tərəfindən aldadıldığını iddia edir. Tərəflər arasında iddiaçının həmin mənzildən çıxarılması ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində də məhz bu dəlilləri irəli sürmüşdür.
48. Lakin cavabdeh tərəf iddiaçının bu dəlili ilə razılaşmır alqı-satqı müqaviləsini belə bir şərtlə bağlanmadığını, iddiaçının öz şəxsi məsələlərini həll etmək üçün 1-2 il ərzində mənzildə yaşaması barədə razılaşdıqlarını göstərir. İddiaçı özü də nə şifahi qaydada, nə də ki, müqavilə üzrə onun qalan 6.000 manat tam ödənilənədək mənzildə yaşaması ilə bağlı qarşı tərəflə aralarında razılığın olmadığını bildirir. Mənzildən çıxarılma barədə iddianın qaldırılmasının əsası kimi, məhz iddiaçının mənzildən çıxmaqdan imtina etməsi göstərilmişdir. Həmin icraatda da cavabdehlər iddiaçının alqı-satqı müqaviləsi bağlandıqdan sonra növbəti 3 il deyil, bir müddət mənzildə yaşaması barədə razılığa gəldiklərini, lakin cavabdehin son dövrlər mübahisə yaratmağa başladığını və mənzildən çıxmaqdan imtina etdiyini, bu səbəbdən iddia qaldırmaq məcburiyyətində olduqlarını, hətta həmin vaxt 6.000 manat pulun ödənilməmiş qalan 3.000 manat hissəsinin ödənilməsini də təklif etdiklərini (iddiaçı hazırki iddiada ona 3.000 manat pulun ödənilməsinin təklif edildiyini etiraf edir) göstərmişdilər. Nəticə etibarı ilə iddiaçı bu barədə hər hansı razılaşma olmadan, öz mülahizəsinə əsasən həmin mənzildə xx.xx.2023-cü il tarixədək yaşamasının mümkün olması qənaətinə gəlmişdir. Bu da öz növbəsində alqı-satqı müqaviləsinin iddiaçının vacib əhəmiyyətli yanılması əsası ilə etibarsız hesab edilməsini də istisna edir.
49. Nəzərə alınmalıdır ki, ididaçının mənzildən çıxarılması barədə iddia da alqı-satqı müqaviləsi bağlandıqdan qısa müddət sonra deyil, 1 ildən artıq müddət keçdikdən sonra qaldırılmış və həmin iş üzrə qətnamə çıxarılan xx.xx.2021-ci il tarixə iddiaçı artıq 1 il 7 aydır ki, mənzildə artıq mülkiyyətçi olmayaraq, yaşayırdı. Alqı-satqı müqaviləsi bağlandıqdan bir ay sonra 1-ci cavabdehin mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi də mülki qanunvericiliyin tələblərinə uyğundur və müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
50. Lakin birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən yuxarıda göstərilən halları araşdırmamış yuxarıda qeyd edilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hazırki iş üzrə prosesual əhəmiyyətə malik olması qənaətinə gələrək, alqı-satqı müqaviləsini etibarlı əqd olaraq tanımışdır. Halbuki, həmin icraat çərçivəsində cavabdeh qismində çıxış edən iddiaçının əqdin etibarsızlığı ilə bağlı etirazı , yazılı tələbi və ya qarşılıqlı iddiası olmamışdır. Bununla belə, iddiaçı cavabdehin əşya hüququnun mövcudluğunu müvafiq qaydada həmin icraatda mübahisələndirmədiyi üçün, yəni qeydin hüquqi əsasını təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürülmədiyi halda birinci instansiya məhkəməsi əqdin etibarlılığına qiymət verməkdə haqlı olmamış və hüquq normalarının tələblərini pozmuşdur. Lakin nəticə etibarı ilə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bu səbəbdən, həmçinin, iddia ilə bağlı hazırki qənaətini əsas götürüb, məhkəmə kollegiyası qeyd edilən əsasla birinci instansiyanın qətnaməsinin ləğv edilməsini zəruri hesab etmir.
51. Bununla belə, məhkəmə kollegiyası tərəfindən mübahisəli alqı-satqı müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir. Qeyd edilənlər öz növbəsində mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsini istisna edir.
52. Məhkəmə kollegiyası iddia üzrə irəli sürülmüş digər tələblərin “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu, həmin tələblərin təmin edilib-edilməməsinin bilavasitə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin edilib-edilməməsindən asılı olduğunu və bu tələbin əsassız olması qənaətinə gəlindiyini nəzərə alıb, hesab edir ki, digər tələblər də təmin edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4016/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.