Məhkəmə qərarları › İş №2(103)-5837/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5837/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5837/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, tərcüməçi Günay Bağırova-Yəhyayevanın, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev № 89-da yerləşən 11 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil iddiaçının mülkiyyətində olub. xx.xx.2020-ci ildə iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) Cavabdeh1 arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanıb, mənzilin satış qiyməti 12.000 manat müəyyən edilib. Digər Cavabdeh2 alıcı Cavabdeh1 anası və etibarnamə üzrə nümayəndəsidir. Alqı-satqı müqaviləsinin alıcının nümayəndəsi kimi anası imzalayıb. Müqavilənin əsasında xx.xx.2020-ci ildə alıcının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Daha sonra alıcı (yeni mülkiyyətçi) Cavabdeh1 iddia ilə məhkəməyə müraciət edərək satıcı (əvvəlki mülkiyyətçi) İddiaçı mənzildən çıxarılmasını tələb edib, Suraxanı RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib. Bundan sonra satıcı (əvvəlki mülkiyyətçi) İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsini mübahisələndirib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, müqavilənin əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin və cavabdehlər mənzildən çıxarılsın. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 (eyni zamanı digər Cavabdeh1 nümayəndəsi) apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddia onunla əsaslandırılıb ki, müqavilə satıcının aldadılması nəticəsində bağlanıb. Aldatma onunla izah edilir ki, mənzil dəyərindən aşağı qiymətə alqı-satqı edilib və satış qiyməti satıcıya tam ödənilməyib. Lakin iddiaçının (satıcının) aldadıldığı müəyyən olunmur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci, tərəflər müqaviləni könüllü şəkildə bağlayıblar. Belə ki, iddiaçının öz mənzilini satmaq niyyəti olub və alıcı axtarıb. Cavabdehlər ana-övladdır, onlar iddiaçının qonşuluğunda – Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev № 89-da yerləşən 14 №-li mənzilidə yaşayıblar. Cavabdehlər iddiaçının öz mənzilini satmaq niyyətini bildikdən sonra mənzili almaq qərarına gəliblər. Bu, tərəflərin izahatından müəyyən olunur. İkinci, qiymət tərəflərin razılığı əsasında müəyyən olunub, hər iki tərəf müqaviləni imzalayıb və müqavilə notariat qaydasında təsdiq olunub. Mənzilin ümumi sahəsi 36,7 kv.m təşkil edir, təmirsizdir, yaşayış üçün yararsızdır, bunu təsdiq edən fotoşəkillər məhkəməyə təqdim olunub. İddiaçı mənzilin bazar dəyərinin 12.000 manatdan yüksək olduğunu təsdiq edən sübut təqdim etməyib. Buna baxmayaraq, müqavilə azadlığı (Mülki Məcəllə, maddə 390) müqavilə tərəflərinə qiyməti azad surətdə - bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. Qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübut yoxdur. Üçüncü, əvvəlki mübahisəyə (mənzildən çıxarılma barədə mübahisəyə) baxılarkən satıcı İddiaçı bildirib ki, alqı-satqı müqaviləsi bağlanarkən belə razılıq olub ki, satıcı 3 il mənzildən çıxmayacaq, lakin alıcı onun vaxtından əvvəl mənzildən çıxarmaq istəyir. Göründüyü kimi, satıcı aldadıldığını və mənzilin dəyərindən aşağı satıldığını bildirməyib. Əksinə, həmin izahat onu təsdiq edir ki, satıcının müqavilə azadlığı pozulmayıb, o, könüllü şəkildə mənzilin 12.000 manata satılması barədə müqavilə bağlayıb. Dördüncü, əgər müqavilə bağlandıqdan sonra alıcı mənzilin qiymətini tam ödəməyibsə, satıcı qiymətin ödənilməsi barədə iddia verə bilər. Qiymətin tam ödənilməməsi öhdəliyin icra edilməməsi hesab olunur. Öhdəliyin icra edilməməsi öhdəliyi əmələ gətirən əqdin etibarsızlığına əsas ola bilməz. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib, lakin həmin əsasların sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmayıb. Çünki öhdəliyin icra edilməməsi əqdin bağlanmasından sonra mövcud olan haldır. Əqdin etibarsızlığına o hal əsas ola bilər ki, əqd bağlanana qədər və ya bağlanan zaman mövcud olsun. Mülki Məcəllənin 337.1-ci maddəsinin göstərişi də bunu təsdiq edir. Həmin maddədə qeyd olunub ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Pozmaqla bağlanmış” ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən halın əqd bağlanana qədər və ya bağlanan zaman mövcud olmasını tələb edir. Beləliklə, Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Konstitusiya Məhkəməsinin “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur: “Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır”. Hazırkı işdə belə hallar müəyyən edilmir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar