Məhkəmə qərarları › İş №2(103)-3831/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3831/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3831/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Bağırova Səadətxanım Böyükağa qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı «digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən cıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsindən cavabdeh Bağırova Səadətxanım Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bağırova Səadətxanım Böyükağa qızına və qeyrilərinə qarşı «digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən cıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 1234/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Bağırova Səadətxanım Böyükağa qızı ondan apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi artıq bir dəfə (cavabdehlər Cavabdeh5, Cavabdeh14 və Cavabdeh15 verdikləri apellyasiya şikayəti üzrə) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;

1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.

4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyini nəzərə almaqla apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam və hərtərəfli yoxlamalıdır. Bununla yanaşı, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İşdə olan xx xxxx 2019-cu il tarixli məktubdan və poçt reyestrindən (iş vərəq 226-228) görünür ki, birinci instansiya məhkəməsi cavabdehə qətnaməni rəsmi qaydada göndərmiş, qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilmədiyindən xx xxxxxxxx 2019-cu il tarixdə qətnamə icraya yönəldilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2019-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Apellyasiya şikayəti isə xx xxxxxx 2021-ci il tarixdə, yəni qətnamənin qəbulundan 2 il müddət keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (cavabdehin qətnamədən hansı tarixdə məlumatının olması, icra icraatına hansı tarixdə cəlb olunması və ondan sonrakı hərəkətləri və s.) yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh Bağırova Səadətxanım Böyükağa qızına və qeyrilərinə qarşı «digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən cıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsindən cavabdeh Bağırova Səadətxanım Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: imza var. Hakimlər: imzalar var.

Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar