Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3831/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 15.000 manat pulun alınıb iddiaçıya qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli 116 saylı müqaviləyə əsasən, iddiaçı ümumi sahəsi 97,3 kv.m olan mənzili nağd pulla almışdır. İddiaçı 97,3 kv.m üçün 92.500 manat pul ödədiyi halda, aldığı yaşayış sahəsi 81,5 kv.m-dir. Müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması və artıq ödənilmiş məbləğin 15.000 manatın iddiaçıya geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət edildiyi halda, buna cavab verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 18 mart 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 6.464,54 (altı min dörd yüz altmış dörd manat əlli dörd qəpik) manat pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 04 aprel 2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı və nəticə hissələrində "xxxx" MMC kimi yazılmış yanlışlıq "xxxx" MTK kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ilə "xxxx" MTK arasında 15 sentyabr 2020-ci il tarixli, 116 saylı alqı-satqı müqaviləsi imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən binanın 13-cü mərtəbəsinin 116 saylı, 2 otaqlı, ümumi sahəsi 97.3 kv.m. olan mənzili İddiaçı mülkiyyətinə verilmişdir. Lakin idiaçı məhkəmədə iddia qaldırdıqdan sonra iddianın predmetini təşkil edən edən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən binanın 13-cümərtəbəsinin 116 saylı, 2 otaqlı mənzili Tağıyeva Sərfinaz Nəsi qızına satmışdır. Həmin məzilə dair Tağıyeva Sərfinaz Nəsib qızının adına A.R. ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24.02.2022-ci il tarixli Çixarış verilmişdir. Məhkəmə prosesi davam etdiyi vaxt və yekun məhkəmə aktı çıxarıldığı zaman mənzil iddiaçı Xoşqədəmin deyil, Sərfinazın mülkiyyətində olmuşdur. Belə ki, İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə subyektiv hüquq sahibi, yəni subyektiv hüququn elementlərindən biri olan “başqa (borclu) şəxslərdən tələb etmək hüququ”nun sahibi kimi qəbul etmək mümkün deyildir. İddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki məhkəmə prosesi davam etdiyi vaxt həmin əmlak iddiaçının mülkiyyətində olmamışdır. İddiaçının irəli sürdüyü iddia tələbinə münasibətdə subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir. Hazırkı iddia tələbini həmin mənzilin faktiki mülkiyyətçisi Tağıyeva Sərfinaz Nəsib qızı qaldıra bilərdi. Məhkəmə iddiaçının iddia etdiyi mənzilin ikin olaraq onun mülkiyyətində olub-olmamasını halını araşdırmadan, Xoşqədəmin iddia tələbinə dair subyektiv hüquqa malik olmadığı halda qanunsz olaraq maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli hüququ tətbiq etməmiş, nəticədə MPM-nin 217.1-ci maddəsinin tələblərinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququnməhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalı idi. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilərdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinin tələbinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olub-olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında 15 sentyabr 2020-ci il tarixli, 116 saylı alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən binanın 13-cü mərtəbəsinin 116 saylı, 2 otaqlı, ümumi sahəsi 97.3 kv.m. olan mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə mənzilin dəyəri olan 92.500 manat pulu "xxxx" MTK-ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 92.500 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 14 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən 1 girişli hündürmərtəbəli binanın 13-cü mərtəbəsinin 116 saylı mənzilinin faktiki sahəsi cəmi 90,5 kv.m təşkil etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947 saylı məhəllədə yerləşən 1 girişli hündürmərtəbəli binanın 13-cü mərtəbəsinin 116 saylı mənzilinin ümumi sahəsinin 87,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə mənzilin sahəsini müəyyən edərkən haqlı olaraq ekspert rəyinə istinad etmiş və mənzilin faktiki sahəsi ilə bağlı aparılan hesablamaları əsas götürmüşdür. Həmin rəydən də görünür ki, istinad edilən mənzilin faktiki sahəsi 90,5 kv.m. təşkil edir. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh "xxxx" MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzil 97,3 kv.m. deyil, 90,5 kv.m. təşkil etdiyindən cavabdeh tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-123/2022 saylı iş üzrə 18 mart 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3831/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3831/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver