Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3832/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı mülki iş (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-695/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri İcraiyyə Komitəsinin 05/485 nömrəli, 03 iyun 1958-ci il tarixli və Şaumyan rayonu X5 21 mart 1958-ci il tarixli, 30/366-17 nömrəli qərarı ilə X3 fərdi yaşayış evi tikmək üçün indiki Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində 412,1 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Əziz Yarəhmədov 14 dekabr 1997- ci il tarixdə, onun arvadı Badə Yarəhmədova 29 mart 2015-ci il tarixdə ölmüşdür. Cavabdeh2 ailə üzvləri Cavabdeh1 və X4 ilə birlikdə bugünədək davamlı olaraq mübahisəli evdə yaşayır. İddiaçı1 isə İddiaçı2 ilə ailə quraraq 1982-ci ildən sonra başqa ünvana köçmüş, onların İddiaçı4 və İddiaçı3 adlı övladları vardır. Cavabdeh2 razılığı ilə qardaşı İddiaçı1 sağlamlığından yaranmış problemlərlə əlaqədar ailə üzvləri ilə birlikdə 2020-ci ilin yay aylarından 2022-ci ilin sentyabr ayınadək mübahisəli evdə yaşamış, sonuncu tarixdən başqa ünvana köçmüşlər. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiada göstərilir ki, iddiaçılardan İddiaçı1, İddiaçı4 və İddiaçı3 həmin evdə dünyaya gəlmiş, İddiaçı2 isə həmin evə gəlin gəlmişdir. 2022-ci ilin iyun-iyul aylarında Cavabdeh2 iddiaçılara məlumat vermədən sözügedən evi satmaq niyyəti ilə həmin evə alıcı gətirmişdir. Bundan sonra onların münasibəti pozulmuşdur. Cavabdehlər polisə müraciət etmiş, polis əməkdaşı 30 avqust 2022-ci il tarixdə sözügedən ünvana gəlmişlər. İddiaçı1 və İddiaçı4 həmin polis əməkdaşı ilə birlikdə 37-ci Polis bölməsinə getmiş, İddiaçı3 həmin vaxt öz işi ilə əlaqədar evdə olmamışdır. İddiaçılardan evdə yalnız İddiaçı2 qalmışdır. Cavabdehlər İddiaçı2 yaşlı və xəstə olmasından istifadə edərək, onu döymüş, evdən güclə çıxararaq həyətə atmış, evin qapısını bağlayaraq onu evə buraxmamışlar. Bundan başqa cavabdehlər iddiaçıların əşyalarını da çölə atmışlar. İddiaçılar uzun müddət həmin evdə yaşamalarına baxmayaraq, cavabdehlər onları həmin evdən çıxarmışlar.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-695/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki,... İddiaçı1 hərbi xidmətə getdikdən sonra həmin evdən çıxmış, ailə quraraq başqa evdə yaşamış, 2020-ci ilə qədər həmin evə qayıtmamışdır. Qanunvericiliyin tələbinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məhkəmə qanunvericilik normasına əsasən belə hesab etmişdir ki, İddiaçı1 həmin dövr üçün mənzildən istifadə hüququnu itirmişdir. Belə ki, İddiaçı1 digər iddiaçı Marina Alekseyevna ilə ailə qurduqdan sonra bir müddət kirayədə qalsa da, sonradan özünə ev almış və özünə məxsus yaşayış yeri olmuşdur. O, uzun müddət ailəsi ilə birlikdə özünə aid olan yaşayış yerində yaşamışdır. Məhkəmə 2020-ci ildən sonra İddiaçı1 digər iddiaçılar olan ailə üzvləri ilə birlikdə mübahisəli ünvana köçərək orada yaşamaları ilə bağlı hissəyə qiymət verərək belə hesab etmişdir ki, məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlardan göründüyü kimi, 2020-ci ildə İddiaçı1 xəstələnmiş, Cavabdeh2 qardaşını kirayə yaşadığı evdən çıxaraq onunla yaşamağa dəvət etmişdir. İddiaçılar İddiaçı1, onun arvadı İddiaçı2, uşaqları İddiaçı4 və İddiaçı3 2020-ci ildən etibarən 2 il müddətində həmin evdə yaşamışlar. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı1 ailəsi ilə birlikdə müvəqqəti olaraq qardaşı tərəfindən mübahisəli evə köçürülmüş və orada qısa müddət ərzində yaşamışdır. Cavabdehin onu daimi əsaslarla evə köçürməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı və onun ailə üzvləri olan digər iddiaçılara müvəqqəti yaşamaları üçün icazə vermişdir. Odur ki, iddiaçıların fərdi yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Belə olan halda iddiaçılar istinad edilən ünvana köçürülə bilməz. Həmçinin məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Belə ki, evlə bağlı hər hansı hüquqi sənədləşmə mövcud deyildir. Ona görə də ev qanunsuz tikili olduğundan iddiaçıların evə dair hər hansı hüquqları yarana bilməz. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı1 apellyasiya şikayətində qətnamənin ona münasibətdə ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilir ki, uzunmüddət həmin evdə yaşamaqla onun sözügedən yaşayış sahəsinə istifadə hüququ yaranmış, bu hüququndan xx.xx.2022-ci il tarixinədək maneəsiz istifadə etmişdir. Yalnız xx.xx.2022-ci il tarixində cavabdehlər onun iradəsinə zidd olaraq onu və ailə üzvlərini yaşadığı evdən çıxartmış, bundan sonra həmin evə buraxmamışdır. Hazırda həmin mənzildən istifadə edə bilməməsi onun iradəsindən asılı deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi bunları nəzərə almamış, heç bir mötəbər sübut olmadan guya onun hərbi xidmətə getdikdən sonra həmin evdən çıxmış, ailə quraraq başqa evdə yaşaması, 2020-ci ilə qədər həmin evə qayıtmaması qənaətinə gələrək, hesab etmişdir ki, onun həmin evə istifadə hüququ yoxdur. Əslində bütün bunlar həqiqətdən uzaq, heç bir sübutla təsdiq olunmayan, cavabdehlərin təxəyyülünün məhsuludur. Məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə üçün digər əsası - guya onun xəstələnməsi, kirayədə yaşaması, cavabdehin buna görə evinə dəvət etməyi də heç biri həqiqətə uyğun deyildir. Bu hallar da hər hansı bir sübutla təsdiqlənmir. Sözügedən evdə 2000-ci ilin sentyabr ayın 1-dən əvvəl yaşamağa başladıqları üçün hesab edir ki, mövcud mübahisə həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 123cümaddəsi ilə tənzimlənməlidir. Birinci instansiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında kəskin uyğunsuzluq vardır. Belə ki, xx.xx.2022-ci il tarixə qədər mərhum atası tərəfindən inşa olunmuş Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsindəyerləşən 23 saylı fərdi yaşayış evindən maneəsiz istifadə etmişdir. Yalnız cavabdehlərin yaratdıqları maneələrdən sonra həmin evdən istifadə edə bilməmişdir. Həmin yaşayış sahəsinə istifadə hüququ yarandığı halda məhkəmə sözügedən yaşayış sahəsinə istifadə hüququnun olmaması qənaətinə gələrək onu həmin evə köçürtməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixindən sonra iradəsinə zidd olaraq yaşadığı fərdi yaşayış evinə buraxılmadığını sübut etsə də cavabdeh tərəf onun həmin evə 2020-ci ildə köçməyini sübut edə bilməmişdir. Məhkəmə qətnamədə guya hər iki tərəfin bu halı təsdiq etdiyini, onun ailə qurduqdan sonra həmin evi tərk etdiyinin etiraf etməsini qeyd etsə də əslində məhkəmə iclaslarında o və digər cavabdehlər bunu təsdiq etməmiş, əksinə uzun müddət həmin evdə yaşadıqlarını qeyd etmişlər. Həmçinin məhkəmənin Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin özbaşına tikili olması qənaəti ilə razı deyil. Belə ki, Bakı şəhəri İcrayə Komitəsinin 05/485 nömrəli, 03 iyun 1958-ci il tarixli və Şamuyan rayonu X5 21 mart 1958-ci il tarixli, 30/366-17 nömrəli qərarı ilə atası Yarəhmədov Əzizə fərdi yaşayış evi tikmək üçün indiki Xətai rayonu, UPD qəsəbəsi, Nazim Şükürov küçəsində 412,1 kv metr torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə fərdi yaşayış evi tikmək üçün atasına müvafiq icazə verilmişdir. Bununla bağlı müvafiq sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar və digər cavabdehlər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11."Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:
Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12.Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni yalnız İddiaçı1 aid hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmırdı. 21.Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh(lər) tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə İddiaçı1 istifadə hüququnun tanınması və köçürülməsi üçün əsasın və ehtiyacın yaranıbyaranmaması ilə bağlıdır. Lakin İddiaçı1 qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir.
22. İddiaçı1 cavabdehlərdən Cavabdeh2 qardaşı olsa da ailə qanunvericiliyi əsasında cavabdehlərlə birlikdə yaşamaq və onlardan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, İddiaçı1 bu istəyi ən azından cavabdeh qardaşı Cavabdeh2 bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik və oradan istifadə edən cavabdehləri isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, İddiaçı1 30 ildən artıq bir müddətdə yaşamadığı mübahisə predmeti olan evə istifadə hüququnun tanınması və köçməsini tələb edərkən həmin tikili cavabdehlərdən adına 2000-ci ildən əvvəl mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda iddia ümumiyyətlə əsassız olmalı idi. Çünki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən də İddiaçı1 mübahisə predmeti olan evə istifadə hüququ artıq uzun müddət əvvəl oradan köçüb getdiyindən itirilmiş olmalı idi.
23. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçılardan İddiaçı1 cavabdehlərdən Cavabdeh2 qardaşı olsa da köçmək istədiyi tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur yaxud olmamışdır. Çünki, apellyasiya baxışı zamanı da iddiaçının köçmək istədiyi evdə artıq uzun illərdir yaşamadığı və başqa ünvanda yaşaması təsdiq olundu. Ən azından işdə olan(bax.i.v.84-85) Mənzil Kommunal İstismar Sahələrinin verdikləri rəsmi arayışda iddiaçıların mübahisə predmeti olan evdə yaşamadığı, əksinə xx.xx.1991-ci ildən xx.xx.2003-cü ilədək Binəqədi rayonu Mir Cəlal küçəsindəki 89 saylı evin 11 nömrəli mənzilində yaşadıqları təsdiq olunur. Demək, İddiaçı1 başqa yaşayış yeri mövcud olmuş və cavabdeh olan qardaşının izahatında göstərdikləri səbəblərdən sonuncu mənzilin əldən çıxması onun hazırki iddiasını əsaslı edə bilməz. Çünki, İddiaçı1 cavabdeh olan qardaşı Cavabdeh2 və onun ailə üzvləri ilə 30 ildən artıq bir müddətdə bir evdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. Ona görə də İddiaçı1 bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır.
24. İddia ərizəsindən, apellyasiya şikayətindən və Cavabdeh2 apellyasiya baxışı zamanı verdiyi izahatın məzmunundan bəlli olur ki, əslində iddiaçı Fərhad Yarəhəmdovun məqsədi heç də mübahisə predmeti olan evə köçüb yaşamaq olmamışdır. Çünki, iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə çıxarılsa belə məqsədi heç də mübahisəli evə köçmək yox, yalnız qeydə alınmamış bu evdən “pay” almaq məqsədinə nail olmaq üçün cavbdeh olan qardaşına təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli evə köçürülməsini tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər qardaş və onların ailə üzvləri olsalar da onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli ev hal-hazırda cavabdehlər sahibliyində və istifadəsindədir. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-695/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-695/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.