Məhkəmə qərarları › İş №2(103)-3834/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3834/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3834/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər (“xxxx” MTK-nın təsisçiləri) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X1 vərəsələri: (arvadı) Cavabdeh5 və (övladı) Cavabdeh6 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçıların cavabdehlərə qarşı irəli sürdükləri “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.09.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 həmin qətnamədən verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 15.01.2020-ci il tarixli qətnamə (İş № 2(103)-716/2020) ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh5 apelyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli qətnaməsinin Cavabdeh5 münasibətdə iddianın təmin edilməsi barədə hissəsinin ləğv edilməsini, iddia tələbinin Cavabdeh5 münasibətdə təmin edilməməsini, qətnamənin mübahisələndirilən qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən İddiaçı1 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 27.01.2021-ci il tarixli qərar (İş № 2(102)-21/2021) ilə kassasiya şikayətlərinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən hazırki mülki işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxılarkən Rayon Məhkəməsi 07.05.2021-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi 10.06.2019-cu il tarixli qərardaddan Maraqlı şəxs tərəfindən şikayətin verildiyini bildirmiş və həmin şikayətə baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan həmin Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-nin 267.3-cü maddəsinə görə isə, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-nin 269-cu maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli məktubunda qeyd edilən şikayətə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar