Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3835/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(005)-2216/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə borc verdiyi 30000 ABŞ dolları məbləğində pulun, habelə həmin pul vaxtında qaytarılmadığına görə dəymiş zərərin əvəzi kimi Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla 5437 ABŞ dolları məbləğində pulun, cəmi 35447 ABŞ dollar məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxx” MMC-nın direktoru olan Cavabdeh yeni aviareys açmaq adı ilə 2017-ci ildə ondan 20000 ABŞ dolları, 2018-ci ildə isə 10000 ABŞ dolları, cəmi 30000 ABŞ dolları məbləğində borc almış, borcun qaytarılmasının təminatı kimi mənzil alqı-satqısı barədə “xxxx” MMC ilə bağladığı müqavilənin əslini girov qoymuşdur. Ş.Şahməmmədov borcunu qaytarmadığına görə o, tələbi həmin mənzilə yönəltmək istəmiş, lakin ona məlum olmuşdur ki, həmin sənədlər saxtadır. Buna görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(005)- 2216/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30000 ABŞ dolları məbləğində borcun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə qeyri-obyektiv olmaqla yanaşı, iş üzrə əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, həmin pul vəsaiti həqiqətən İddiaçı tərəfindən ona verilmiş, pulun isə MMC-nin turizm sahəsində həyata keçiriləcək layihələrə yatırılacağı və yalnız uğurlu nəticə olacağı təqdirdə qeyd edilən pul vəsaitinin əlavə gəlirlə birgə iddiaçıya qaytarılacağı şərtləşdirilmişdir. Lakin pandemiya səbəbindən nəzərdə tutulmuş layihənin sonadək həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Şəraitin belə əhəmiyyətli dərəcədə dəyişməsi ona da külli miqdarda ziyan vurmuşdur. Buna görə də MMnin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin ləğv edilməsinə əsasdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(005)-2216/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18.10.2017-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 7 ay müddətinə qaytarmaq şərtilə 20000 ABŞ dolları, 12.04.2018-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 18.09.2018-ci ildə qaytarmaq şərtilə 10000 ABŞ dolları məbləğində borc götürmüşdür. 16.07.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 30000 ABŞ dolları məbləğində borcu var və həmin borcu ayda 1000-1500 ABŞ dolları olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Yenə həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh 30000 ABŞ dolları məbləğində borc pul vermiş, borcalan isə öhdəliklərini icra etməmiş və borc aldığı məbləği iddiaçıya geri qaytarmamışdır. Cavabdeh Ş.Şahməmmədov iddiaçı ilə aralarında turizm sahəsində biznes münasibətləri olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, yazdığı əlyazmalarda isə iddiaçıdan borc aldığını göstərmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi ABŞ dolları ilə olsa da və bu barədə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmasa da, qətnamənin icrası zamanı pul tələbi müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə icra olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(005)- 2216/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3835/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3835/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver