Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3838/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(005)-3977/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladı X3 birlikdə, ailə üzvləri qismində qaynanası Cavabdeh1 adına olan "Cavabdeh2” MMC tərəfindən yeni inşa etdiyi “EAST PARK” yaşayış kompleksindəki 1ci blokun 5-ci mərtəbəsində yerləşən 23 nömrəli mənzilində yaşamağa istifadə hüququnun tanınması və onları həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(005)-3977/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş Cavabdeh1 məxsus mənzildən müvəqqəti yaşayış (istifadə) hüququmun təmin edilməsi barədə tələbinin qəbul edilməsini, qətnamənin tamamilə ləğv olunması, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, X7 ilə 18 iyul 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. 05 aprel 2018-ci ildə oğlu X8 anadan olub. Cavabdeh qaynanası Cavabdeh1 adına olan ünvan 1 ünvanında yerləşən mənzil sökülərək yerində "Cavabdeh2” MMC tərəfindən yeni bina inşa edilib və onlara həmin binada əvəzləşmə yolu ilə (Pilot Layihəyə əsasən) yeni mənzil verildi. Həmin evə gəlin köçmüş və həmin mənzildə ona otaq ayrılmışdır. Həmin otaqda və digər sahələrdə onun cehizi yerləşdirilib. Yeni bina tikilənə qədər Cavabdeh2 MMC tərəfindən hər ay 400 manat kirayə haqqı alır və müvəqqəti olaraq qaynanası, yoldaşı, o və azyaşlı oğlu digər mənzildə, ünvan 2 ünvanında yerləşən, 3-cü blok, 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı 120 saylı mənzildə yaşamışlar. Nəhayət Cavabdeh2 MMC tərəfindən yeni bina inşa edilmiş və onlar 2019-cu ilin sonunda 3-cü blokun 5-ci mərtəbəsində yerləşən 23 saylı yeni mənzilə köçürülmüşlər. İddiaçıya həmin evdə otaq ayrılmış və orada həyat yoldaşı X7 və azyaşlı övladı X8 ilə birlikdə yaşamışlar. Həmin yeni mənzilin bütün mebel və digər əşyaları valideynləri tərəfindən alınaraq qurulmuş və onun yeni cehizi orada yığılmışdır. Belə ki, qaynanası Cavabdeh1 onlara yaxın qohumdur və bu səbəbdən valideynləri tərəfindən onların yeni evlərinə alınan hər bir əşyanın ən keyfiyyətlisini, ən bahalısını əldə edib onlara təqdim ediblər, heçnə əsirgəməyiblər. 27 avqust 2020ci ildə o, evə gələndə qapının açarının dəyişdirilməsini görmüş və yaşadığı mənzilə daxil ola bilməmişdir. Həmin mənzildə həm onun, həm də azyaşlı övladının paltarları və digər əşyaları qalmışdır. Qaynanası Cavabdeh1 onu körpə uşaqla evdən qovmuşdur. Bu günə qədər onları mənzilə buraxmır. Onun başqa yaşayış yeri yoxdur. Maddi vəziyyəti aşağıdır. Uşağının ehtiyaclarını tam şəkildə ödəyə bilmir. Həmin mənzildə qaynanasının həyat yoldaşı, qızları, onların övladları rəsmi qeydiyyatda olsalar da, orada yaşamırlar, Moskva şəhərinə köçüblər. Hesab edir ki, onun və azyaşlı övladı X3, birlikdə, qaynanası Cavabdeh1 adına olan ünvan 3 ünvanında yerləşən Cavabdeh2 MMC tərəfindən yeni inşa edilən binadakı mənzilində yaşamaqa istifadə hüququ tanınmalıdır və onlar həmin mənzilə köçürülməlidirlər. Hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi absurd qətnamə qəbul edib. Bu halı təsdiq etmək üçün sübutları təqdim etsə də, qətnamədə hakim bu məsələni açıqlamayıb və işə bir tərəfli, qərəzli baxaraq qaııunun tələblərini pozmaqla qətnamə qəbul edib. Cavabdeh tərəfin məhkəmədə iştirak etməsini, etirazını, sübutlarını təqdim etməsini hakim təmin etməyib, yaşadığı mənzilə yerli baxış keçirməyib. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayətdə göstərilənlərə əlavəsi yoxdur, vəkilinin də dediklərini təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və qızının hüquqlarının bərpa edilməsini xahiş edir. Çünki, qızı kirayələrdə qalıb. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirdi ki, oğlu Tehvənin ailə üzvüdür, iddiaçı da onun oğlunun arvadıdır. Qətnamə qəbul ediləndə nikahları pozulmamışdı. İddiaçı azyaşlı oğlu ilə birlikdə müvəqqəti yaşamaq üçün yer istəyir. Ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamış, üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə X7 arasında 18.07.2017-ci il tarixində nikah bağlanmış və birgə nikahdan 05.04.2018-ci il tarixdə X8 doğulmuşdur. Nikahda olduqları dövr ərzində iddiaçı və azyaşlı uşağı cavabdehə (yəni qaynanasına) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 saylı evin 19 saylı mənzildə yaşamışlar. Daha sonra tərəflər arasındakı münasibətlər gərginləşmişdir. Hazırda iddiaçı cavabdehə məxsus evə köçürüməyi tələb edir. İddiaçının köçürülmə tələbini irəli sürdüyü mənzil 22.04.2017-ci il tarixdə "Cavabdeh2" MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 məxsusdur. İddiaçı mübahisəli mənzilin sahibinin ailə üzvü olmadığından və həmin mənzildə yaşasa belə, ona istifadə hüququ əldə etmədiyindən, onun mübahisəli evə köçürülməsi mümkünsüzdür. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğvi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, tərəflər arasında məhz mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2019-cu ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, iddiaçının köçmək istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Cavabdeh1 mülkiyyətində olmuş başqa bir mənzilin digər cavbdeh Cavabdeh2 MMCnin pilot layihə çərçivəsində sökməsi nəticəsində əldə etdiyi mənzildir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə iddiaçının yaxud onunla rəsmi nikahda olmuş, cavabdehin oğlu X4 hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. İddiaçının mübahisəli mənzilə dair cavabdehlə yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və rəsmi nikahda olduğu cavabdeh X5 məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar belə iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının Cavabdeh1 məxsus mənzildə müvəqqəti yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan Cavabdeh1 qıznın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi keçmiş qaynanası Cavabdeh1 bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(005)-3977/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3838/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3838/2021
03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver