Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3838/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş əlavə qətnamə çıxarılması barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.800 manat və 25.000 ABŞ dolları borcun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən 2005-ci ildən borclu olduğu 5.800 manata görə 4.930 manat (85 %), 2006-cı ildən borclu olduğu 5.000 ABŞ dollarına görə 4.000 ABŞ dolları (80 %), 2008-ci ildən borclu olduğu 10.000 manata görə 7.000 manat (70 %), 2011- ci ildən borclu olduğu 15.000 manata görə 8.250 manat (55 %), 2012-ci ildən borclu olduğu 10.000 ABŞ dollarına görə 5.000 ABŞ dolları (50 %), 2013-cü ildən borclu olduğu 10.000 ABŞ dollarına görə 4.500 ABŞ dolları (45 %), cəmi olaraq 20.180 manat və 13.500 ABŞ dolları faizinin, ümumilikdə isə 50.980 manat və 38.500 ABŞ dolları pulun, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 30.800 manat və 25.000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və əgər Cavabdeh əməllərində dələduzluq cinayətinin əlamətlərinin olması müəyyən edilərsə, bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh tutulan pulun məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə 30.200 manat və 12.500 ABŞ dolları məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması, iddianın mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya əsasən Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş ilə görə illik 5 faiz olmaqla 19.670 manat və 7.375 ABŞ dolları məbləğində faiz məbləğinin (qətnamə çıxarılan gün bank uçot dərəcəsi ilə) ödənilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun iddia tələbində və apellyasiya şikayətində göstərilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamədə ödənilməsi təmin edilmiş borcun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci və 449.1-ci maddələrinə əsasən qətnamə çıxarılan gün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin ödənilməsi hissəsinə münasibət bildirilməmişdir. Məhkəmə iclasında iddiaçı X3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən ərizəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə nəzərdən keçirib, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər; 392-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilməsinə və apellyasiya şikayətində mübahisələndirilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsinin iş üzrə çıxarılmış yekun qətnaməsində cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğə görə gecikdirilmiş müddət üzrə illik faizlərin ödənilməsi ilə bağlı tələbə toxunulmamış və bu hissəyə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilməmişdir. Bu da həmin tələbə münasibət bildirilməsi zərurəti ilə əlaqədar əlavə qətnamə çıxarılmasını şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissədə dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi illik faiz dərəcəsinin tutulması ilə bağlı hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə bununla bağlı göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmədən əvvəl məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Belə ki, iddiaçı şikayət ərizəsi ilə müraciət edərək, cavabdehin ondan 30.800 manat və 25.000 ABŞ dolları məbləğində pulu alaraq ələ keçirdiyini bildirmişdir. Həmin araşdırmanın nəticələrinə dair Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə onun ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə müxtəlif əsaslarla verilmiş pulun qaytarılması müddəti razılaşdırılmamışdır. Cavabdeh ümumiyyətlə iddiaçıya borcunun olmadığını bildirir. İddiaçının məsələ ilə bağlı hüquq mühafizə orqanlarına etdiyi müraciəti üzrə qərar isə xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif əsaslarla müvafiq məbləğlərdə pul götürüb sonradan qaytarılmaması öz təsdiqini tapmışdır. Bununla da iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, cavabdehin gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan borc məbləğinin 30.200 manat və 12.500 ABŞ dolları təşkil etdiyini, məsələ ilə bağlı iddiaçının şikayəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın xx.xx.2019-cu il tarixdə qəbul edildiyini, bu məbləğin bundan sonra da ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırki iddianın xx.xx.2022cü il tarixdə qaldırıldığını nəzərə alıb, belə qənaətə gəlir ki, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2019-cu (qeyd edilən qərar xx.xx.2019-cu il tarixli olduğundan hesablamanın son tarixinə uyğun olaraq, yuvarlaq şəkildə xx.xx.2019-cu il tarixi hesablamanın əvvəli kimi götürülür) - xx.xx.2022-ci il tarixləri əhatə edən 3 il 5 aylıq müddət üzrə hesablanmalıdır. Həmin dövr üçün də ödənilməli olan faiz məbləği (30.200 x 5% / 100 % = 1.510 – 1 il üzrə, 1.510 / 12 ay x 5 ay = 629,16, 1.510 x 3 il + 629,17 = 5.159,17) 5.159,17 manat və (12.500 x 5% / 100% = 625 – 1 il üzrə, 625 / 12 ay x 5 ay = 260,28, 625 x 3 il + 260,28 = ) 2.135,28 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməli, apellyasiya şikayəti ərizə ilə bağlı baxılan hissədə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu - xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 5.159,17 manat və 2.135,28 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalı, ərizə qalan hissədə təmin edilməməli, qətnamə ərizə ilə bağlı baxılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu, 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 392-1-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ərizəsi qismən təmin edilsin. İddiaçı apellyasiya şikayəti ərizə ilə bağlı baxılan hissədə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu - xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 5.159,17 (beş min bir yüz əlli doqquz manat, on yeddi qəpik) manat və 2.135,28 (iki min bir yüz otuz beş ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ərizə ilə bağlı baxılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3838/2023
Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-3838/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver