Məhkəmə qərarları › İş №2(103)-3840/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3840/2023

06.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3840/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: işçilərin ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, həmkarlar ittifaqı, həmkarlar ittifaqının razılığı, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1nə və Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “işdən azadolma barədə əmrin və Həmkarlar İttifaqı Komitəsinin Protokolunun ləğv edilməsi, işə bərpa olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh1 MMC-nin 2 saylı X14 Şöbəsinə 13-cü dərəcə ilə rəis vəzifəsinə işə qəbul olunmuşdur.

2. "xxxx" Rabitə Müəssisəsi və İddiaçı arasında 04 iyun 2012-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı "xxxx" Rabitə Müəssisəsinə 3 aylıq sınaq müddəti ilə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir.

3. Cavabdeh1 ilə İddiaçı arasında 04 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 MMC-nin "xxxx" X3 şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: a) Əməyin mühafizəsi üzrə təlimatların aparılması; b) Mülki müdafiə işlərinin təşkili; c) Yanğın təhlükəsizliyinə nəzarət.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X21 Nəbiyevin xx.xx.2022ci il tarixli Ə-36/22 nömrəli əmri ilə Cavabdeh1 "xxxx" Rabitə Müəssisəsinin strukturu və ştat cədvəli təsdiq edilmişdir.

5. Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov tərəfindən Cavabdeh1 MMC-nin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 103-9/1/9720-22 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin "xxxx" Rabitə Müəssisəsinin yeni strukturunun yaradılması ilə əlaqədar aşağıda göstərilən ştatların ləğv edilməsi nəzərdə tutulmuşdur. İxtisar edilən ştat sayı - 8 ştat vahidi: "xxxx" RM - 1 rəis müavini ştat vahidi; Mühasibat uçotu və hesabat şöbəsində 1 müdir - baş mühasib ştat vahidi; Mühasibat uçotu və hesabat şöbəsində 2 muhasib ştat vahidi; Poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsi - 1 Baş mütəxəssis ştat vahidi; Poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsi - 2 mütəxəssis ştat vahidi; İnzibati şöbə -1 mütəxəssis ştat vahidi. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməyinizi xahiş edirik”.

6. Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov tərəfindən Cavabdeh1 MMC-nin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış digər məktubda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin "xxxx" Rabitə Müəssisəsinin yeni strukturunun yaradılması ilə əlaqədar aşağıda göstərilən ştatların ləğv edilməsi nəzərdə tutulmuşdur. İxtisar edilən ştat sayı: "xxxx" RM - 1 vahid rəis müavini ştatı; Mühasibat uçotu və hesabat şöbəsinin ləğv edilir: 1 vahid müdir – baş mühasib ştatı və 6 vahid mühasib ştatı; Poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsi - 1 vahid baş mütəxəssis ştatı və 2 vahid mütəxəssis ştatı; İnzibati şöbə - 1 mütəxəssis ştat, 1 vahid mütəxəssis ştatı, 0,5 vahid fəhlə, 0.5 vahid tərcüməçi ştatı; Müştəri xidmətləri şöbəsindən 4 vahid sürücü - kuryer ştatı ləğv edilir və inzibati şöbəyə 4 vahid sürücü ştatı əlavə edilir; İnzibati şöbədən 1 vahid baş mütəxəssis ştatı ləğv edilir və Müştəri xidmətləri şöbəsinə 1 vahid baş mütəxəssis ştatı əlavə edilir. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməyinizi xahiş edirik”.

7. "xxxx" X8 İttifaqı Komitəsinin növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli 1 №-li protokolunda göstərilmişdir ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh1 MMCnin İdarə Heyətinin sədri Əfqan Cəlilovun "xxxx" Rabitə Müəssisəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 103-9/1/9720-22 saylı müraciətə baxmış, X13 üzvləri yeni struktur yaradılması ilə əlaqədar "xxxx" RM-də ştatların Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq ixtisar olunmasına etiraz etmədiklərini bildirmiş və ştatları ixtisara düşmüş işçilərin müvafiq işlə təmin edilməsinə, ixtisarların minimum səviyəyə endirilməsinə köməklik göstərməyi Cavabdeh1 MMC-nin rəhbəri Əfqan müəllimdən xahiş etmişlər.

8. Cavabdeh1 MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə xəbərdarlıq teleqramı göndərilmiş, xəbərdarlıqda aşağıdakılar göstərilmişdir: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə-36/22/2 nömrəli əmri ilə yeni redaksiyada təsdiq edilmiş "xxxx" Rabitə Müəssisəsinin strukturuna uyğun olaraq ştatınız ixtisara düşdüyündən, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 15 iyul 2022-ci il tarixində sizinlə bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azadsınız. Bildirmək istəyirik ki, sizinlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajınıza uyğun olaraq, sizə orta aylıq əmək haqqınızın 2 misli miqdarında işdən çıxarılma müavinəti ödəniləcəkdir. Eyni zamanda nəzərinizə çatdırılır ki, işdən çıxarılma müavinəti ilə yanaşı razılığınız əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli bir dəfəyə ödənilməklə sizinlə bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Bu xəbərdarlıq 13 may 2022-ci il tarixdə qüvvəyə minəcək”.

9. Həmin teleqramın arxa hissəsində İddiaçı xx.xx.2022-ci il tarixdə öz xətti ilə “Həmin teleqramdan imtina etmişəm, teleqramı qəbul etmə ilə bağlı qəbzə imza atmamışam” qeydini yazmışdır.

10. Cavabdeh1 xx.xx.2022-ci il tarixli Ə-2242/22 nömrəli əmri əsasında, "xxxx" X3 şöbəsinin mütəxəssisi İddiaçı Məmməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir.

11. Cavabdeh1 İdarə Heyətinin sədri tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanlanmış teleqramda göstərilmişdir ki, "xxxx" Rabitə Müəssisəsində aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutduğunuz mütəxəssis ştatı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin siya və ştatları ixtisar edildikdə) ixtisar edilmiş və sizinlə bağlanılmış əmək müqavilsinə xitam verilmişdir. Bununla əlaqədar olaraq sizə, Cavabdeh1 MMC-nin 2 saylı poçt filialında (keçmiş əmək haqqınız 450 manat saxlanılmaqla) ştatdankənar mütəxəssis vəzifəsi təklif olunur. Sizə edilən iş təklifinə xx.xx.2022-ci il saat 09.30-da Cavabdeh1 MMC-nin İnsan Resursları Departamentinə gələrək münasibət bildirməyiniz xahiş olunur”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı (iddiaçı) Cavabdeh1 İdarə Heyətinin sədri Əfqan Cəlilova və Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsinin sədri Sara Həsənovaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri X10 tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında 15 iyul 2022-ci il tarixli Ə- 2242/22 nömrəli əmrin və "xxxx" X2 İttifaqı Komitəsinin sədri Sara Həsənovanın sədrliyi ilə qəbul edilmiş 29 aprel 2022-ci il tarixli 1 nömrəli protokolun ləğvi, "xxxx" X3 şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun 15 iyul 2022-ci il tarixli Ə-2242/22 saylı əmri ilə "xxxx" X3 Şöbəsinin mütəxəssisi vəzifəsinə dair onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmiş, əmək müqaviləsi ləğv olunmuşdur. "xxxx" X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu və xx.xx.2022-ci il tarixli İRD PUŞ-01-09-01-147 nömrəli xəbərdarlıq teleqramı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin çıxarılmasına əsas olub. Lakin sədrin işdən azad olma barəsində əmrində xəbərdarlıq teleqramının nömrəsi düzgün göstərilməyib. Hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli Ə-2242/22 saylı əmr və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, İnzibati şöbənin mütəxəssisi vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 MMCnin İdarə Heyətinin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə təqdim etdiyi təqdimatdan görünür ki, "xxxx" RM-nin 1 vahid rəis müavini ştatı, Mühasibat uçotu və hesabat şöbəsi ləğv edilərək 1 vahid müdir - baş mühasib ştatı (yəni onun vəzifəsinə dair) və 6 vahid mühasib ştatı, poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsinin 1 vahid mütəxəssis ştatı və 2 vahid mütəxəssis ştatı, inzibati şöbənin 1 vahid baş mütəxəssis ştatı, 1 vahid mütəxəssis ştatı, 0,5 vahid fəhlə, 0,5 vahid tərcüməçi ştatı, Müştəri xidmətləri şöbəsindən 4 vahid sürücü-kuryer ştatı ləğv edilib və inzibati şöbəyə 4 vahid sürücü ştatı əlavə edilib, inzibati şöbədən 1 vahid baş mütəxəssis ştatı ləğv edilib və Müştəri Xidmətləri şöbəsinə 1 vahid baş mütəxəssis ştatı əlavə edilib. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməyini Cavabdeh1 MMC İdarə Heyətinin sədri xahiş etmişdir. Həmin təqdimatdan göründüyü kimi (iki 0,5 ştat vahidlərini 1 ştat vahidi hesab etməklə) 13 ştat vahidi ixtisar edilmişdir. Amma Cavabdeh1 MMC-nin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinə təqdim etdiyi təqdimatda ixtisar edilən ştat sayı 8 ştat vahidi kimi göstərilib. Həm də, "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli 1 №-li protokolunda da ixtisar edilən ştat sayı göstərilmir. Cavabdeh1 MMC-nin sədrinin işdən azad olma əmri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının protokolu eyni tarixdə tərtib olunmuşdur, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. X4 tələsik yığıncağının səbəbi, qanuna uyğun 10 gün müddətdə Cavabdeh1 MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilovun 103-9/9720-22 saylı xx.xx.2022-ci il tarixli məktubuna baxılmasında onun iştirakının təmin edilməməsi, struktur dəyişikliyi və ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar fikrinin dinlənilməməsi, yığıncaqda iştirak edən şəxslərin onun ixtisarı ilə bağlı fikirlərini bildirməmələrinin səbəbi araşdırmalı, ƏM-nin tələblərinə zidd hərəkətlər aşkarlandığı halda sözügedən Həmkarlar İttifaqı Komitəsinin protokolu ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli əmrində onun vəzifəsinə dair ştat vahidinin ixtisar edilməsinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin ştat vahidinin ixtisar edilməsi barədə əsas kimi heç bir qərarı göstərilmir. Cavabdeh1 MMC-nin sözügedən əmrində aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, lakin başqa vəzifəyə keçirilməyi barədə sədr heç bir tədbir görməmişdir. Göründüyü kimi tutduğu əvvəlki vəzifə olan "xxxx" RM-nin inzibati şöbəsinin mütəxəssisi ştat vahidinin ixtisar edilməsi məhz həmin "xxxx" RM-nin ştat cədvəlinə uyğunlaşdırılmasının nəticəsində də baş verməmişdir. Deməli, işdən azad edildiyi ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq ştat cədvəlinə uyğunlaşdırma ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı dəyişiklər edilməsi ilə əlaqədar meydana çıxmamışdır. Bundan əlavə o, mütəxəssis vəzifəsindən azad edilmişdir, bu barədə məlumatı olsa da belə, tərəf kimi əmrlə razılaşmır, bu barədə əmrdə qeyd etmişdir, ona görə də bu hal işin mübahisəli halı kimi hesab edilməlidir. Göründüyü kimi, işəgötürən qismində çıxış edən cavabdehlər tərəfindən sözügedən əmrdə onun işdən azad edilməyinin, həmin ştat vahidinin ixtisar edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə onun ixtisası, peşəsinə uyğun başqa işə keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülməmişdir. Həmçinin, həmin ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq qərarın icrası ilə bağlı dəyişikliyin edilməsi zərurətindən irəli gəlməmişdir. Bununla da, ştat vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları tam şəkildə aşkar edilir. Cavabdeh1 MMC-də və "xxxx" RM-də xx-xx-1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır, işlədiyi dövrdə qanun pozuntularına yol verməmişdir, rəhbərlik qarşısındada hörməti həmişə yüksək olub. Cavabdeh1 MMC-nin sədri AR ƏM-in 78.1-ci maddəsinin qanuni tələblərin pozaraq əmr verərkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi kimi vəzifəsində saxlanılmalı olmasını nəzərə almamışdır. ƏM-nin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində yaşına, qulluq mövqeyinə, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq şəristəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Lakin Cavabdeh1 MMC-nin sədri ƏM-nin 16.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri buna göz yumaraq, ayrı-seçkilik edərək onun inzibati şöbənin mütəxəssisi vəzifəsini qanunsuz ixtisara salmaqla onu işdən azad etmişlər. Halbuki, həmin dövrdə başqa işə keçmə haqqında əmrlə ondan təcrübəsi az olan "xxxx" RM-nin Mühasibat uçotu və hesabat şöbəsinin mühasibləri X5, X6, X11 və X12 18 may 2022-ci il tarixindən əmək haqqı saxlanılmaqla Cavabdeh1 MMC-nin Baş ofisinin Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə ştatdankənar mühasib vəzifəsinə keçirilmişlər. Həm də inzibati şöbədə çalışdığı mütəxəssis vəzifəsi ixtisara düşdüyü halda, müştəri şöbəsinə vahid ştat əlavə edildiyindən işdən azad olunmağı qanunsuzdur.

14. Sonradan iddiaçının ərizəsi əsasında onun cavabdehlər qismində göstərdiyi şəxslər (subyektlər) Cavabdeh1 MMC və Cavabdeh1 MMC-nin "xxxx" RM-nin Həmkarlar İttifaqı komitəsi ilə əvəz olunmuşlar.

15. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Əmək Məcəlləsinin 223.1-ci və 223.2-ci maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaranmalıdır. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. Həmin Məcəllənin 223.5-ci maddəsinə əsasən işəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın, yəni X17 Xidmətinin razılığı ilə yenidən təşkil və ya ləğv edilə bilər. 116 nəfər işçisi olan "xxxx" Rabitə Müəssisəsinin ona aid olan yeganə əmək mühafizəsi üzrə mütəxəssisi ştatını ƏM-nin 223-cü maddəsinin qanuni tələblərini pozaraq Cavabdeh1 MMC ixtisar edir, bu pozuntularla "xxxx" X2 İttifaqı Komitəsi qanunsuz razılaşır, bu barədə saxta protokol tərtib ediblər. "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin 29 aprel 2022-ci il tarixli protokolun saxtalığı bundan ibarətdir ki, protokol Cavabdeh1 MMC-nin rəhbərinin sifarişi ilə tərtib edilmişdir, yəni təsir altında tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə guya ki, Həmkarlar İttifaqı Komitəsi iclas keçirmişdir. X19 Komitəsinin protokolunda göstərilmiş şəxslərin çıxışlarına diqqət etdikdə açıq-aşkar məlum olur ki, xx.xx.2022-ci il tarixdə iclas keçirilməyib, ona görə ki, iclasda iştirak edən şəxslər öz çıxışlarında qeyd edirdilər ki, ixtisara düşən şəxslərə bildirişlər 11 may 2022-ci il tarixdə təqdim edilmişdir. Əmək qanunvericiliyin tələblərinə əsasən ixtisara düşən şəxslərə bildiriş işəgötürənin əmrindən və Həmkarlar İttifaqı Komitəsinin iclasından əvvəl verilməlidir. İşçilərin ixtisarı ilə bağlı qanuna zidd olaraq bir saxta formada bildirişlərin işəgötürənin əmrindən və Həmkarlar İttifaqı Komitəsinin əmrlə eyni xx.xx.2022-ci il tarixdə keçirilən iclasdan 1 ay 13 gün keçdikdən sonra 11 may 2022-ci il tarixdə verilməsi faktı bir də sübuta yetirir ki, işəgötürənlə Həmkarlar İttifaqı Komitəsi qanunsuz və işəgötürənin təsiri altında saxta sənədləşdirmə aparmışlar. ƏM-nin 80-ci maddəsinə əsasən X7 işəgötürənin tədqimatı daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Amma ƏM-nin 80-ci maddəsinin tələbləri pozularaq tələsik, demək olar ki, bir saat ərzində Həmkarlar İttifaqı Komitəsi özünün əsaslandırılmış qərarını yox, iclas protokolunu işəgötürənə təqdim etmiş, işəgötürən isə işçilərin ixtisarı ilə bağlı həmin protokolu əmrində əsas kimi göstərmişdir. Bundan başqa, Həmkarlar İttifaqı Komitəsinin ixtisara düşən şəxslərə rəsmi çağırışı olmayıb və həmin şəxslərin iclasda iştirakı təmin olunmayıb, hətta qanunsuz tərtib edilmiş iclas protokolu ilə tanış etməyiblər. Həmin protokolu təkidlə götürmüş ixtisara düşən başqa bir şəxsdən almışdır. Cavabdeh X2 İttifaqı Komitəsinin işçilərin ixtisara salınması ilə bağlı əsaslandırmış qərarı yoxdur. X20 əsaslandırma aparsaydı, onun 42 il əmək fəaliyyətinə, 42 ildən 10 ilin isə əmək mühafizəsi üzrə mütəxəssis fəaliyyətinə nəzər yetirmiş olsaydı, onlara məlum olardı ki, qanuna uyğun olaraq onun iş vəzifəsi ixtisara düşə bilməz. Rabitə sahəsində 42 illik əmək fəaliyyətinin təcrübəli peşəkarlığını nəzərə almadan qərəzli formada işdən azadolma əmri verilmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən 1 (bir) ay sonra ona iş təklif olunur və bu məqamı Cavabdeh1 MMC-nin nümayəndəsi sübut kimi əsassız olaraq məhkəməyə təqdim edir.

16. Cavabdeh1 MMC-nin nümayəndələri iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişlər ki, qanunvericiliyə görə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edə və ixtisar zamanı bunu nəzərə ala bilər. İddiaçı rabitə sahəsində ümumilikdə 10 il iş stajına malik olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" RM-nin inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. "xxxx" Rabitə Müəssisəsinin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli Ə-36/22 saylı əmr əsasında Cavabdeh1 MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar 13 may 2022-ci il tarixli İRD PUŞ - 01-09-01-147 nömrəli teleqram göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Təəssüf ki, xəbərdarlıq edildikdən sonrakı müddət ərzində iddiaçının peşəsinə və ixtisasına uyğun vakant yer olmadığına görə ona başqa yer təklif oluna bilinməmişdir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçi tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən müvafiq tədbirlər görmüşdür. Əlavə olaraq ştatların ixtısarı ilə bağlı məsələ cavabdehin xx.xx.2022-ci il tarixli 103-9/1/9720-22 saylı müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və xx.xx.2022-ci ildə HİK-nin 01 saylı protokolunda bəzi ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixində tərəflərindən peşəsinə və ixtisasına uyğun vakant yer təklif edilmişdir. Həmçinin iddiaçı ilə şifahi danışıq aparılmış, lakin o, təklifləri qəbul etmədiyini bildirmişdir. İşəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də İddiaçı 15 iyul 2022-ci il tarixli, Ə-2242/22 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir.

17. Birinci instansiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. İddiaçı iddia tələbində onunla bağlanan əmək müqaviləsinə xitam verilərkən həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.

19. Gəldiyi nəticəni məhkəmə, Əmək Məcəlləsinin 11-ci, 56-cı, 70-ci, 71-ci, 77-ci və 78-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

22. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 MMC-nin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişlər.

23. İddiaçı həmçinin bildirmişdir ki, məhkəmədə iddia qaldırdıqdan sonra ona edilən iş təklifini qəbul etmir və öz əvvəlki vəzifəsinə bərpa olunmaq, eyni zamanda məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini istəyir.

24. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsi nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

26. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

27. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

28. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

29. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

30. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

31. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

32. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

33. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7nın qabaqcadan razılığı alınmaqla ləğv edilir.

34. Maddə 223 (5-ci hissə). İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər.

35. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. İşçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın ararılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə edir.

45. İşin hallarından göründüyü kimi, "xxxx" Rabitə Müəssisəsində ixtisar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin xx.xx.2022-ci il tarixli Ə-36/22 nömrəli əmri əsasında aparılmış, həmin əmrlə müəssissənin yeni ştat cədvəli təsdiq edilmiş, məqsədin Cavabdeh1 MMC-nin işində səmərəliliyin və operativliyin təmin edilməsi” olduğu göstərilmişdir.

46. "xxxx" Rabitə Müəssisəsinin yeni ştat cədvəlində müəssissənin İnzibati şöbəsində 2 mütəxəssis vəzifəsi əvəzinə, 1 mütəxəssis vəzifəsi nəzərdə tutulmuş, yeni ştat cədvəlinə uyğun olaraq şöbədə işçilərin ixtisarı həyata keçirilmişdir.

47. Kollegiya ilk növbədə qeyd edir ki, “işçilərin sayının ixtisarı” ilə “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məsələn, müəssisədə 2 mütəxəssis ştatı mövcuddursa və 1 mütəxəssis ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mütəxəssis ştatı mövcuddursa, və o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır.

48. Hazırkı iş üzrə müəyyən olunan odur ki, "xxxx" Rabitə Müəssisəsində işçilərin sayının ixtisarı həyata keçirilmiş, iddiaçının işləmiş olduğu İnzibati şöbə və ya mütəxəssisi ştatı ləğv edilməmişdir.

49. Bu baxımdan kollegiya iddiaçının, “əməyin mühafizəsi funksiyasını həyata keçirdiyindən, ixtisar X9 razılığı olmadan aparıla bilməzdi” arqumentini əsaslı hesab etmir; belə ki, qanunvericilik (§ 34) əməyin mühafizəsi xidmətinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edilə biləcəyini müəyyənləşdirmişdir - "xxxx" Rabitə Müəssisəsində isə müvafiq xidmət ləğv edilməyərək, yalnız 2 mütəxəssis ştatından biri ixtisar olunmuşdur.

50. İddiaçının, ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir (§ 31) və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

51. Kollegiya onu da qeyd edir ki, iddiaçı, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışlar (§ 32).

52. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" Rabitə Müəssisəsində işçilərin ixtisarının həyata keçirilməsinə əsas Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin xx.xx.2022-ci il tarixli əmri olmuş, lakin həmin əmr mübahisələndirilməmişdir.

53. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə 8 nəfər ixtisar prosesinə cəlb edilmişdir və bu səbəblə də iddiaçıya qarşı ayrıseçkiliyə yol verildiyi arqumenti əsaslı hesab oluna bilməz.

54. İddiaçının, əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, həmkarlar təşkilatının iclasına dəvət olunmaması və həmkarlar təşkilatının məsələyə formal yanaşdığı arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsində, ixtisar olunması nəzərdə tutulan işçinin həmkarlar təşkilatının iclasına mütləq olaraq dəvət edilməli olması nəzərdə tutulmamışdır. Həmkarlar təşkilatının iclas protokolundan isə aydın olur ki, iclasda iştirak edənlər məsələni müzakirə etmiş, bununla bağlı mövqelərini bildirmişlər.

55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

56. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçıya Cavabdeh1 MMC-nin 2 saylı poçt filialında (keçmiş əmək haqqı 450 manat saxlanılmaqla) ştatdankənar mütəxəssis vəzifəsi təklif olunsa da, o bundan imtina etmiş, apellyasiya baxışı zamanı da bu təklifi qəbul etmədiyini bildirmişdir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2058/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar