Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3842/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(004)-2350/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin hərracdan alış dəyərinin (669.375 manat) Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-342/2017 saylı icra sənədi üzrə tələb məbləğindən (420.499 manat) artıq hissəsi və mülkiyyətçiyə ödənilməli olan 248.876 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 14.517,56 manat faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 554 manat pulun, cəmi 263.947,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(004)-2350/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmiş, İddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət etmək hüququ izah edilmiş, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Azərbaycan Respublikası-X6 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 554 (beş yüz əlli dörd) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardad ilə razı olmayan İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsinin icraata qəbulundan imtnası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsində də qeyd etdiyi pul tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi Səbail Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2(009)-342/2017 saylı icra sənədi üzrə tələb məbləğindən (420.499 manat) artıq hissəsi və mülkiyyətçiyə ödənilməli olan 248.876 manat, ikinci hissəsi isə olan 148.876 manat pulun ona ödənilməsinin gecikdirildiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 14.517,56 manat faizin tutulmasıdır. Bu səbəbdən də, hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2350/2023 saylı qərardadı ləğv edilməklə, iş üzrə icraat davam etdirilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 14.517,56 (on dörd min beş yüz on yeddi manat 56 qəpik) manat faizin Cavabdeh QSC BOKT-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(004)-2350/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(004)-2350/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 2(009)-342/2017 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı "xxxx" ASCnin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 (dörd yüz iyirmi min dörd yüz doxsan doqquz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1 -ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev satıldıqdan sonra cavabdehlər İddiaçı və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Həmçinin, iddia ərizəsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh QSC BOKT arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC BOKT-a keçmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 5262-291816/17 saylı, xx.xx.2021-il tarixli sifarişinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif edilmiş və bu təklif əsasında "xxxx" MMC ilə Cavabdeh QSC BOKT arasında bağlanmış 09/04 saylı, 08 fevral 2022-cl il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669.375 manata tələbkar "xxxx" QSC BOKT tərəfindən əldə edilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ipoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə edilmiş pul vəsaitinin borc ödənildikdən sonra artıq qalan hissəsinin ona ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olduğundan iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra sənədinin icraya yönəldildiyi icra qurumuna müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə uyğun olaraq hazırkı iddia məhkəmə qaydasında baxılmalı olmadığına görə düzgün olaraq iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin,o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; Həmin Qanununun 47.4-cü maddəsinə görə bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Göründüyü kimi hazırkı halda iddiaçının iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olmaqla, iddia tələbi üzrə əldə etməyə çalışdığı subyektiv marağı icra məmurunun hərəkətsizliyi ilə əlaqədardır. İddiaçının iddia tələbinin ikinci hissəsi olan, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 148.876 manat pulun ona ödənilməsinin gecikdirildiyinə görə hesablanmış 14.517,56 manat faizin tutulması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı halda iddiaçının iddia tələbləri bir-birilə bağlı olmadığından bir icraata birləşdirilməsi düzgün hesab edilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçıya izah edilməlidir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra sənədinin icraya yönəldildiyi icra qurumuna müraciətindən asılı olaraq, ona pulun qaytarılmasının gecikdirilməsi halı müəyyən olunduğu təqdirdə, o, müstəqil tələb şəklində Mülki Məcəlləinin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz üzrə məbləğin tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmaqla, məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(004)- 2350/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3842/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3842/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver