Məhkəmə qərarları › İş №2(103)-3842/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3842/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3842/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi və "xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi və "xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-70/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-359/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" İnvestisiya Kommersiya ASC ilə cavabdeh Mürsəlova Məryəm İsmayıl qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Mürsəlova Məryəm İsmayıl qızından cəmi 38.016,73 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutularaq, "xxxx" X4 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 nömrəli evin, 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh olan İddiaçı apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 487/5-9 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bununla bağlı həmin cəmiyyət tərəfindən ipoteka predmetini təşkil edən əmlakın satışını təşkil etmək üçün xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da isə təkrar açıq hərrac keçirilmiş və bu barədə tələbkar "xxxx" ASC-yə, İddiaçı və borclu Mürsəlova Məryəm İsmayıl qızına, habelə Sabunçu rayon İcra Şöbəsinə poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmişdir. Bununla yanaşı hərrac barədə qeyd edilən tarixlərdə “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir. Təkrar hərrac da baş tutmamış və “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında bu barədə elan yerləşdirilmişdir. Bundan sonra hərrac təşkilatı tərəflərə və icra məmuruna xx.xx.2022-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş və “İpotek haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 46.537,50 manata almağı təklif etmişdir. Bununla bağlı "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə “X8 barədə” protokol imzalanmış və mənzil xx.xx.2022-ci il tarixdə dövlət reyestrində "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin 46.537,50 manat qiymətinə tələbkar "xxxx" ASC-yə satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və həmin hərracın təşkilatçısı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, məhkəmə nə onu, nə də cavabdeh olaraq adları qeyd edilən şəxsləri məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırmadığından, ünvanlarına hər hansı bir bildiriş göndərmədiyindən o, məhkəmə iclaslarında iştirak edib iddia tələbinə dair fikir bildirə bilməmişdir. Eyni zamanda, məhkəmə qətnaməsi ona lazımi qaydada təqdim edilmədiyindən ondan vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Hərracların keçirilməsi barədə ona hər hansı bir bildiriş gəlməmiş və onun həmin hərraclar barəsində hər hansı bir məlumatı olmamışdır. Sonradan hərracı keçirən təşkilatdan guya ona göndərilmiş bildirişləri və onların verilməsi barədə kuryer xidməti qəbzlərini almışdır. Məhkəməyə təqdim etdiyi həmin qəbzlərlə vizual tanışlıq belə onların saxta olduğunu sübut edir. Belə ki, cavabdehin 1-ci hərrac barədə bildirişi üzrə FMEXPRESS-in kuryer xidmətləri üçün mədaxil qəbzinin xx.xx.2022-ci il tarixli, 262356 saylı və 262357 saylı surətlərində “kvartirantlar yaşayırlar, qəbul etmədilər” qeydi, 2-ci hərrac barədə bildirişi üzrə xx.xx.2022-ci il tarixli, 262654 saylı surətində “bu adam xaricdədir, Türkiyədə” qeydi, xx.xx.2022-ci il tarixli, 262655 saylı surətində “bu evdə qohum yaşayır, məktubu götürmədi, zəng vuranda trubkanı götürmür” qeydi, xx.xx.2022-ci il tarixli, 284163 saylı və 3-cü hərrac barədə bildirişi üzrə 284164 saylı surətlərində “qapı bağlıdır” qeydi yazılmışdır. Halbuki həmin qeydlər həqiqətdən uzaq qeydlərdirlər. Belə ki, həmin mənzildə o və ailə üzvləri yaşayırlar. Nə onun, nə də ailə üzvlərinin başqa yerdə yaşayış evi yoxdur ki, sözügedən mənzili kirayə versinlər, eləcə də həmin tarixlərdə o, Türkiyədə nəinki yaşamamışdır, eləcə də olmamışdır. Bundan əlavə, təxminən bir aylıq müddəti əhatə edən bildirişlərin çatdırıla bilməməsi barədə səbəblər birbirindən kəskin şəkildə fərqlənir ki, bu da həmin məlumatların həqiqiliyini şübhə altına qoyur. Göründüyü kimi, hərraclar onu bu barədə rəsmi qaydada məlumatlandırmamaqla keçirildiyindən nəticələri etibarlı hesab oluna bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi sözügedən mənzilin düzgün qiymətləndirilməməsinə və onun əsl dəyərindən xeyli ucuz qiymətə dəyərləndirilməsinə də diqqət yetirməmiş, müvafiq qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, mənzilin mövcud dəyərinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 148 saylı qiymətləndirmə hesabatında sözügedən üç otaqlı mənzilin dəyərinin 73.000 manat deyil, 105.000 manat olduğu təsdiq olunur.

4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 23/2022 saylı icra vərəqəsinə və Sabunçu rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hərracın yekunlarına dair protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. "xxxx" ASC ünvan 2 ünvanında yerləşən mənzilə dair Çıxarışı xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Bu səbəbdən, mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 70/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X7)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mövcud qanunvericiliyin normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, bildirişlər ünvan 1 ünvanında yerləşən mənzilə çatdırılmış, lakin qəbzlər qəbul edilmədiyindən geri qaytarılmışdır. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmədən hərracın keçirilməsinin qanunsuz olması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hal qanunauyğun şəkildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2018-ci ildə qəbul edilmiş, hərrac 2022-ci ildə, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Sonradan müddət bərpa edilməklə, iddiaçı tərəfindən qətnamə mübahisələndirilsə də, qüvvədə saxlanılmışdır. Bu halın hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olmaması barədə mövqe həmçinin mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hərracların keçirilməsi zamanı qanunvericilik tələblərinin pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, eləcə də əmlakın dəyərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi nəzərə alınmaqla, hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin iddia müddətinin tətbiqinə dair ərizəsi barədə məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, 416cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci, 42-ci, 43-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin maddələrinə 82.3-cü, 119.1-ci, 233-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırmış, o cümlədən hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, şəxsən özü tez-tez "xxxx" ASC-yə getmişdir. Bu baxımdan hərrac barədə bankın əməkdaşları da ona məlumat verilə bilərdi. Lakin belə bir məlumat verilməmişdir. Mənzil onun tərəfindən qızı Mürsəlova Məryəm İsmayıl qızının kredit öhdəliklərinin təminatı olaraq, ipoteka ilə yüklü edilmişdir. Mürsəlova Məryəm İsmayıl qızı hazırda Türkiyədə yaşayır. Lakin o, həmin mənzildə yaşayır. Hərracla bağlı hər hansı məktub göndərilsə idi, o, məktubu qəbul edərdi. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdeh "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir; 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

16. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; xx.xx.2023-cü il tarixədək olan redaksiyada 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; xx.xx.2023-cü il tarixədək olan redaksiyada 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.

19. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Mürsəlova Məryəm İsmayıl qızı ilə "xxxx" X4 ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4 ünvanında yerləşən mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. X11 İsmayıl qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisənin nəticəsi olaraq, məhkəmə qaydasında Mürsəlova Məryəm İsmayıl qızından cəmi 38.016.73 ABŞ dolları məbləğində kredit borcunun (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutularaq, "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73.000 manat olmaqla açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qərara alınmışdır. Qətnamə əsasında verilmiş icra sənədinin icrası qaydasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən verilmiş sifariş üzrə cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərrac (ilkin və təkrar) baş tutmamış və bunun nəticəsi olaraq, həmin əmlak sonuncunun təklifinə əsasən "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bununla bağlı onların arasında xx.xx.2022-ci il tarixdə “X8 barədə” protokol imzalanmış və əmlak xx.xx.2022-ci il tarixdə dövlət reyestrində "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir.

25. İddiaçı bundan sonra həmin qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirmişdir. Lakin onun apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bu baxımdan qeyd edilən hal hazırki hərracın etibarsız hesab edilməsi üçün əsas yaratmır.

26. Hazırda iddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar olunmadığını, hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini iddia edir və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi yeri və vaxtı barədə xəbərdar olunmaması və bunun nəticəsi olaraq hərracda iştirak etməməsi səbəbindən “Hərracın yekunları barədə” xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh hərrac təşkilatçısından onun xeyrinə tutulmasını tələb edir. Eyni zamanda, iddiaçı iddia çərçivəsində hərracın predmeti olmuş mənzilin dəyərinin daha yüksək olmasını və aşağı qiymətlə hərraca çıxarılmasını da hərracın etibarsız hesab edilməsi üçün əsas hesab edir.

27. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya Məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada (kütləvi informasiya vasitələrində) və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada (kütləvi informasiya vasitələrində) və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media (kütləvi informasiya vasitələrində) və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi internet saytlardan çıxarıları ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.

29. Belə ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin iddiaçı mülkiyyətində olan əmlakı hazırda mübahisələndirdiyi hərracdan nəinki almaq üçün maddi vəsaitə malik olması mövqeyindən çıxış etmir, ümumiyyətlə belə bir niyyət və istəyinin olduğunu bildirmir (hər halda hərrac qətnamə çıxan tarixdən 4 sonra keçirilmiş və bu baxımdan iddiaçı tərəfin borcu ödəmək və əmlakı ipoteka yüklülüyündən azad etmək üçün kifayət qədər vaxtı olmuşdur). Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının işitakı yalnız formal xarakter daşıyacaqdır.

30. Məhkəmə kollegiyası 29-cu bənddə göstərilən fikirlərin davamı olaraq onu da qeyd edir ki, hərracın keçirilməsi barədə məlumatlandırmanın müxtəlif üsullarının (media məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi bu prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Müəyyən edilmiş məlumatlandırma üsullarına uyğun olaraq da hərrac təşkilatı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən məlumatlandırmanın həyata keçirilməsi bu əsasla hərracın etibarsız hesab edilməsini istisna edir.

31. Hazırki iş üzrə də qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin, həm də xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə iddiaçıya müvafiq olaraq xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, Eyni tarixlərdə, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qəzetdə ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Həm ilkin, həm də təkrar hərracla bağlı bildirişin olduğu zərf “ev sahibinin oğlu yaşayır, məktubu qəbul etmədi; kirayəçi yaşayır, məktubu qəbul etmədilər” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır. İddiaçının qızı Mürsəlova Məryəm İsmayıl qızına (həmin iş üzrə kredit götürən və cavabdeh olmuşdur) göndərilmiş xx.xx.2022-ci il tarixli sifarişli poçt göndərişinin olduğu zərf isə “Bu adam xaricdədir. Türkiyədədir” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının özü də qızının hazırda Türkiyədə yaşadığını bildirir. Başqa sözlə, aparılmış qeyd reallığı əks etdirir və həqiqətən də çatdırılmanın həyata keçirildiyini təsdiq edir. Əks halda, çatdırılmanı həyata keçirən şəxs Mürsəlova Məryəm İsmayıl qızının Türkiyədə olmasını bilə bilməzdi. Bununla belə, qeyd edilən zərflərin (onların çatdırılması barədə qaimələrin) mövcudluğu və onların üzərində olan qeydlər hərrac təşkilatı tərəfindən sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin həm real olaraq, həm də məhz iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməsini təsdiq edir. Təkrar hərrac da baş tutmadıqdan sonra bu barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2022ci il tarixli buraxılışında elan dərc edilmiş, bundan sonra hərrac təşkilatı tərəfindən iddiaçıya (sürəti "xxxx" ASC-yə) təklif göndərilmiş və sonuncu ilə qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət çərçivəsində, yəni xx.xx.2022-ci il tarixdə protokol imzalanmışdır.

32. Bununla belə, cavabdeh "xxxx" MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, o cümlədən həm hərracın keçirilməsi müddətlərini pozmamış, həm də bu barədə lazımi qaydada (müəyyən edilmiş üsullara uyğun olaraq) məlumatlandırmanı həyata keçirmişdir. Göndərilən bildirişlərdə əks olunmuş məlumatlar tamlığı baxımından da qanunvericiliyin tələblərinə tam uyğundur. Belə olan halda, həmin bildirişlərin hər hansı səbəbdən iddiaçı tərəfindən qəbul edilməsinin mümkün olmaması, habelə onun “Birja yenilikləri” qəzetinin buraxılışları barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dəlalət etmir və iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir.

33. İddiaçının əmlakın qiyməti ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra əmlakın qiyməti icra məmurunun sifarişi ilə aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilməmişdir. Əmlakın qiyməti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmin qətnamə 2018-ci ildə çıxarılmışdır. İddiaçının öz mövqeyinin (əmlakın 105.000 manat qiymətində olmasının) təsdiqi olaraq təqdim etdiyi hesabat isə xx.xx.2022-ci il tarixlidir. Nəzərə alınmalıdır ki, iddiaçı sonradan həmin qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, lakin həmin şikayətlər təmin edilməmişdir. Nəticə etibarı ilə həmin iş üzrə icraat xx.xx.2024-cü il tarixdə (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı) bitmiş, lakin əmlakın dəyərinin aşağı olması nə apellyasiya, nə də ki, kassasiya qaydasında müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının həmin əmlakın daha yüksək dəyərdə olması ilə bağlı dəlilləri də əsassızdır.

34. Məhkəmə kollegiyası bu məsələ üzrə birinci instansiya məhkəməsinin də mövqeyini nəzərə alıb, üçüncü şəxsin iddia müddətinin tədbiq edilməsi barədə ərizəsi ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd edir ki, hazırki münasibətlərə müddət tədbiq edilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 70/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar