Məhkəmə qərarları › İş №2(103)-3843/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3843/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3843/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 3200 manat pulun və məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 məktəbdə müəllimə işləyir. 2016-cı ildə, həyat yoldaşının Şamaxı şəhərindən Sumqayıt Şəhərinin məktəblərinin birinə köçürülməsi üçün Cavabdeh1 oğluna 4000 manat pul vermişdir. Pulu verərkən Cavabdeh1 oğlunun yanında Cavabdeh2 da olmuşdur. Sulduz bildirmişdir ki, verdiyi pulu Aqşinə verib, həyat yoldaşını Sumqayıta köçürəcəkdir. Həmin vaxt Sulduz və Aqşin pulu onun yanında sayaraq ondan təhvil almışdırlar. Onlar onun həyat yoldaşını qısa vaxt ərzində şəhərə köçürəcəklərini bildirmiş, lakin verdikləri sözə əməl etməmişdirlər. Hər iki cavabdeh onun verdiyi puldan, cəmi 800 manat qaytarmış, yerdə qalan pulu isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdırlar. Sulduzun müxtəlif bəhanələr gətirməsi, ona göndərilən smslərdə də öz təsdiqni tapır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədirlik edən: Fərid Əyyubov). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməklə, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3000 (üç min) manat vəsaitin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məlum qətnamə Cavabdeh2 iştirakı olmadan və çoxsaylı ziddiyyətli məqamlar ilə qəbul olunmuşdur. Belə ki, AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma zamanı həm Cavabdeh1 izahatında həm də iddiaçının özü də bildirmişdir ki, Cavabdeh2 bu məsələ ilə bağlı heç bir əlaqəsi olmamışdır. Həmçinin bu məsələ ilə bağlı İddiaçı digər cavabdeh və ümumi tanıdığı Cavabdeh1 görüşü Cavabdeh2 avtomobilində olmuş və o sadəcə həmin anda bu məsələni qıraqdan izləmişdir. Daha sonra onlar arasında olan bu məsələ ilə bağlı nə Cavabdeh2, nə İddiaçı tərəfindən, nə də ki Cavabdeh1 tərəfindən Cavabdeh2 heç bir vəsait verilməmiş və o heç bir məbləği heç kəsdən almamışdır. İddiaçının hal-hazırdakı məqsədi birinci cavabdehi tapa bilməməsi və Cavabdeh2 aid olmayan pul vəsaitini onun adına yazmaq və gələçəkdə Cavabdeh2 almaqdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçı M.Cəmaləddinov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmənin sorğusuna cavabından görünür ki, İddiaçı adı çəkilən orqana müraciət edərək Cavabdeh1 oğlu və Cavabdeh2, həyat yoldaşını işə düzəltmək adı altında, onun 4000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Araşdırma zamanı orqan tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ilin iyul ayında tanışları Cavabdeh1 və Cavabdeh2 4500 manat borc pul vermiş, sonradan həyat yoldaşının işə düzəlməsi ilə əlaqədar pul lazım olmasını bildirərək onlardan borcunu tələb etmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı olan borclarından 1500 manat qaytarsalar da, 3000 manatını qaytara bilmədiyindən onların barəsində şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında olan mübahisənin mülki xarakaterli olması müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, Cavabdeh2 aid hissədə ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri, iş materialları və tərəflərin izahatları əsasında qeyd edir ki, iddiçının iddia etdiyi borc məbləğini Cavabdeh2 verməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı iddia ərizəsində Cavabdeh1 4000 manat pul verdiyini, Cavabdeh2 da pulu verərkən həmin yerdə olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman kollegiya iclasında verdiyi izahatında gah borc pulu əslində digər Cavabdeh1 verdiyini, gah da hər iki cavabdehə verdiyini bildirərkən, məhkəmə tərəfindən bu ziddiyətli izahata açıqlama verilməsi istənilmiş, M. Camaləddinov fikirlərinə aydınlıq gətirərək Mirzəyevi tapa bilməyəcəyini və pulu ondan ala bilməyəcəyini sonradan başa düşdüyünü, ona görə də həmin məbləği Cavabdeh2 də tələb etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 ilə danışdığını və sonuncunun ona vədlər verərək aldatdığını bildirmişdir. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1lə olan telefon yazışmalarının surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, həmin yazışmalar iddiaçı ilə Cavabdeh2 arasında deyil, iddiaçı ilə Cavabdeh1 arasında olmuşdur. Kollegiyanın həmin telefon yazışmalarının surəti ilə bağlı mövqeyi ondan ibarətdir ki, həmin yazışmalar Mülki Prosessual Məcəllənin tələbinə əsasən, Cavabdeh1 razılığı olmadığı halda sübut kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etməmiş və həmin yazışmaların sübut kimi qəbul edilməsinə razılıq verməmişdir. Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsinə görə, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Qeyd edilən xüsusatlara və iddiaçının izahatına əsasən, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 borcun tutulması hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, Cavabdeh2 münasibətdə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh2 aid olan hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar