Məhkəmə qərarları › İş №2(103)-3845/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3845/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3845/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı ilkin iddia tələbi, Cavabdeh İddiaçı Elxan qızına qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: uşağın ananın yanında saxlanılması, aliment tələbi, uşağın atanın himayəsinə verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), x oğlu və x2 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi m oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı Elxan qızına qarşı “uşağın atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-151/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur.

2. xx.xx.2021-ci il tarixdə tərəflər mediatorun iştirakı ilə uşağın növbəli şəkildə hər həftə bir valideyndə qalmasına dair razılığa gəlmiş və bu bardə Barışıq Sazişi imzalanmışdır.

3. Cavabdeh “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etsə də, sonradan məhkəmədən ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahdan dünyaya gələn X2 İddiaçı yanında saxlanılması və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 2018-ci ildə toyu olsa da, onlar arasında rəsmi nikah olmamışdır. Cavabdehlə faktiki nikah münasibətlərindən xx.xx.2019-cu ildə X6 dünyaya gəlmişdir. Xasiyyət və həyat tərzləri uyğun olmadığı üçün tərəflər ayrılmaq qərarına gəlmiş və uşağın anada qalması və aliment tələbi ilə bağlı İddiaçı mediasiya institutuna müraciət etmişdir. Lakin tərəflər razılıq əldə edə bilməmiş, buna görə də, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Cavabdeh tərəfindən övladı X6 gizlədilmiş və onun uşaqla görüşməyi üçün heç bir şərait yaradılmamışdır

6. 02.11.2022-ci il tarixdə Cavabdeh İddiaçı qarşı uşağın atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, atası, anası və oğlu Emil ilə birlikdə valideynlərinə məxsus ünvanda yaşayırlar. İddiaçı ilə faktiki nikah münasibətlərində olduğu zaman, yəni xx.xx.2019-cu il tarixdə oğlu X6 doğulmuşdur. Faktiki nikah münasibətləri baş tutmadığından rəsmi nikaha da girməmişlər. Fatimə onların evində onun ailəsi ilə yaşayaraq, uşağa qayğı göstərmək istəmədiyi üçün hər gün harasa gedərək kimlərləsə görüşmək istədiyi üçün, yəni həyat tərzləri uyğun gəlmədiyindən Fatimə ilə ayrılmaq qərarına gəlmişdir. Fatimənin onlar ayrılandan sonra harada olması barədə çox vaxt məlumatı olmurdu. Yəni onun daimi yaşayış yeri yox idi. Fatimə sərbəst həyat tərzi keçirdiyindən oğlu Emil onunla, onun atası və anası ilə valideynlərinə məxsus 6 otaqlı evdə yaşıyırdı. Bu üç il yarım ərzində oğlu Emilin daimi yaşayış yeri qeydiyyatda olduğu evi olmuşdur. Lakin 2021-ci ildə Fatimə uşağı onlardan ayırmaq qərarına gələrək uşağı götürüb aparmışdır. Sonra baxa bilmədiyini görüb geri gətirmişdir. Bu səbəbdən uşağın kimin yanında qalmasına birdəfəlik qərar vermək məqsədilə Fatiməyə mediasiya sessiyasında iştirak etməyi təklif etdi. Lakin Mediasiya sessiyası davam etdirilmədi və onlara arayış verdilər. Daha sonra onlar öz aralarında razılaşdılar ki, uşaq bir həftə anasının yanında, bir həftə də atasının yanında qalacaq. Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında hər ikisinin iştirakı ilə keçirilən xx.xx.2021-ci il tarixli mediasiya sessiyasında onların imzaladığı 2021-004078 saylı Barışıq Sazişini mediator təsdiq etdi. Həmin Sazişin 2.1. maddəsinin şərtinə görə: “Tərəflər” Saziş imzalandıqdan sonra X2 (bundan sonra uşağın) növbəli şəkildə hər həftə bir valideyndə qalması barədə razılığa gəlirlər. Lakin uşağın mənafeyinə zidd hallar (xəstəlik, forsmajor hallar və s.) olduqda bu tələb yerinəyetirilməyə bilər. Həmin Sazişin 2.1.1. maddəsinə görə, uşağın bir valideyndən digər valideynə verilməsi günü hər həftənin bazar günü hesab edilir. Həmin Sazişin 2.1.2. maddəsinə görə, uşağın hansı valideyndə qalmasından asılı olmayaraq ən geci saat 22:00-da uşağın qaldığı valideynin yaşadığı ünvanda olmalıdır. Həmin Sazişin 2.1.3. maddəsinə görə növbəlilik qaydasına uyğun olaraq uşağı saxlayan valideyn bağça, məktəb və digər təhsil kurslarına uşağı vaxtında aparıb gətirməlidir. X7 şərtlərini pozan İddiaçı bazar günü, yəni xx.xx.2022-ci il saat 22:00-a kimi uşağı təhvil vermədi, dəfələrlə ondan bunu tələb etsə də, imtina etdi və uşağı bir daha onlara verməyəcəyi ilə hədələdi. Eyni zamanda, Fatimə bildirmişdir ki, yenidən mediasiyaya müraciət edib, Emilin onunla qalmasını, aliment və uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini tələb edib. Bununla da X5 2.2., 2.3. və 2.4. maddələrinin tələblərinə riayət etməyərək sazişi könüllü icra etməkdən yayınmışdır. Daha əvvəl ünvan 2 ünvanlanmış və uşağın himayəyə verilməsi, aliment və uşaqla ünsiyyətlə bağlı mediasiya sessiyasında iştirak etmək təklif olunmuşdu. Həmin mediasiyada o iştirak etdi, lakin qarşı tərəf mediasiyada iştirak etmədi və xx.xx.2022-ci ildə ona arayış verildi ki, məhkəməyə müraciət etsin. Təsadüfən parkda gəzərkən oğlu Emili Fatimənin anasının bibisi ilə gəzən gördü. Həmin an oğlu da onu gördü və qaçaraq qucağına gəldi. O, uşağı oradan apardı evinə. Bundan xəbər tutan Fatimə dəfələrlə onun ünvanına gələrək nalayiq söyüşlər söyərək uşağı tələb etmişdir. Lakin o, Barışıq sazişinin onun tərəfindən pozulduğunu əsas gətirərək uşağı yalnız onun yanında görə biləcəyini bildirdi. Cavabdeh İddiaçı daimi iş yeri olmayan, təhsili olmayan, gecə həyatı keçirən, uşağına qayğı göstərməyən, daimi yaşayış yeri olmayan bir anadır. Bu səbəbdən və qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi sübutlara əsasən hesab edir ki, oğlu X6 onun himayəsinə verilməlidir. Yuxarıda adı çəkilən Barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etsə də, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq hal-hazırda ərizəsinii geri götürmüşdür və hesab edir ki, İddiaçı ilə nikahları rəsmiləşdirilmədiyi üçün uşağın himayəyə verilməsi məsələsi hal-hazırda həll edilməli, cavabdehin mövcud vəziyyəti, uşaq onun yanında olan zaman uşağa etdikləri, uşağın mənafeyi nəzərə alınaraq oğlu Emil Hüseynli onun himayəsinə verilməlidir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(009)- 2419/2022 nömrəli qərardadı ilə azyaşlı uşağın tərəflərdən birinin yanında qalması ilə əlaqadar rəy verilməsi üçün sənədlərin Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi, rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır.

9. Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-238/2023 saylı rəyinə əsasın, uşağın yüksək mənafeyini nəzərə alaraq, İddiaçı oğlu: xx.xx.2019-cu il təvəllüdlü X2 anası ilə ünsiyyətdə olma hüququ qorunub saxlanılmaqla atası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab edilmişdir.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 151/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddianın təmin edilməsi, tərəflərin nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, tərəflərin nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı verilməsi və alimentin tutulmasının xx.xx.2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı verildiyi gündən hesablanması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli xx.xx.1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipinə əsasən, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən (ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ya digər ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol vermə, uşağa qarşı psixi və fiziki zor tətbiq etmə, valideynlik hüquqlarından suiistifadə etmə və s. bu kimi) hallar başa düşülür.

12. Məhkəmə qeyd etmişdir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.

13. Məhkəmə sübutların araşdırılması zamanı xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmasına mane olan hər hansı bir halı müəyyən etməmişdir və belə bir halın mövcudluğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbinin uşağın saxlanılması üçün alimentin tutulması hissəsi də təmin edilməli, yəni iddiaçı uşağın təminat səviyyəsinə uyğun alimentlə bağlı tələb irəli sürdüyünü və uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edildiyinindən cavabdehdən hər ay, uşağın yetkinlik yaşına çatanadək 220 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 Cavabdeh alınaraq İddiaçı verilməli və alimentin tutulması xx.xx.2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı verildiyi gündən hesablanmalıdır.

16. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 22.2.1, 58.1, 58.2, 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyanın 9-cu maddəsinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyanın 3-cü maddəsinə, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli xx.xx.1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon məhkəməsində iş üzrə araşdırma birtərəfli şəkildə aparılmış, sübutlara düzgün qiymət verilməmiş, işə baxan hakim işdə olan sübutlarla işin həll olunmalı olmasına baxmayaraq ilkin iddia üzrə iddiaçının xeyrinə əsassız qətnamə çıxarmışdır. Bundan başqa, işə baxan hakim təqdim etdikləri sübutlara düzgün qiymət vermədiyi kimi, araşdırmanı da tam aparmamışdır. İş üzrə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi nəzərə alınmamış, həmçinin həmin rəy verilərkən tərəflərin mənzil şəraiti də öyrənilməmişdir. Fatimənin guya kirayə götürdüyü mənzilə dair müqaviləsini belə məhkəmə tələb etməmiş, yalnız mənşəyi bilinməyən şəkillərlə kifayətlənmişdir. Həmçinin, Fatimənin psixoloji durumu barədə də xüsusi biliyi olan ekspertdən rəy alınmamışdır. Fatimənin yanında Emilin saxlanmasına mane olan kifayət qədər sübut məhkəməyə təqdim olunsa da, məhkəmə onlara qiymət verməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşaq hazırda atanın, nənənin və babanın himayəsindədir, həmin ərazidə 2 ildir bağçaya gedir. Uşaq hazırda da anası ilə ünsiyyətdədir, heç vaxt buna maneə yaradılmamışdır. Keçən ilin avqust ayında Fatimə uşağı götürüb yenidən mediasiyaya müraciət etdi ki, uşaq ona verilsin və aliment tutulsun. Barışıq sazişi İddiaçı tərəfindən pozulmuşdur. Daha sonra Mediasiya Təşkilatından onlara Fatimənin əlavə aliment tələbi də qoymaqla müraciət etməsinə dair bildiriş daxil olmuşdur. Həmçinin, Qəyyumluq və Himayəçilik Komissiyası rəy vermişdir ki, uşağın daimi yaşayış yeri müəyyən edilməlidir. Bu səbəbdən barışıq sazişinin təsdiqinə dair ərizəni geri götürmüşlər. İddiaçı sənəti rəqqasəlikdir, gecə klublarında rəqqasə kimi çalışır. Uşaq hər dəfə bildirir ki, anası ilə eyni evə gedir. Hazırda İddiaçı yaşayış yeri ilə bağlı problem yoxdur. Onun psixoloji problemlərinin olmasını ona görə bildirirlər ki, o, cavabdehlə bir evdə yaşadığı müddətdə birgə yaşayış qaydalarını pozur, istədiyi vaxt istədiyi yerə getmək arzu-niyyətləri ev qaydalarından fərqli olduğundan davalar salırdı. Uşaq ananın himayəsinə verilsə, ata ilə ünsiyyətinə maneələr yaradacaq. Artıq ananın bu hərəkətləri ilə qarşılaşıblar. Uşağın ananın himayəsinə verilməsinə ona görə razı deyillər ki, bu ananı üstün vəziyyətə salacaq və bundan sui-istifadə edilməsinə anaya şərait yaradacaqdır.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə etdi, verilən suallara cavab olaraq bildirdi ki, Fatimənin rəqqasə olduğunu əvvəlcədən bilmirdilər. Onların evindən getdikdən sonra rəfiqələri ilə qalırdı. Ümumiyyətlə, Fatimə, körpə vaxtından valideynləri ayrıldığından anasının bibisi ilə yaşamışdır. Tez-tez ev dəyişirdilər. Hal-hazırda Sumqayıtda yaşayır. Özünün dediyinə görə, bir neçə ay olar ki, eyni evdə yaşayır. İşləməyi ilə bağlı müqavilə yoxdur. Hal-hazırda yaşadığı evin şəraiti yaxşıdır, video-görüntü ilə görüb, amma daimi yaşayış yeri deyil. Cavabdeh işləyir, işdən axşam gəlir, həftənin şənbə və bazar günləri evdə olur, Elxan işdə olanda uşağa o baxır. Uşağın bir həftə ananın, bir həftə atanın yanında qalmasına onlar riayət edirdilər. Uşağı anaya verəndə gəzməyi üçün pul və bazarlıq da edirdi. Sonradan ana yaşayış yerini dəyişdirmiş, iki həftədən sonra uşağı tapıb evə gətirmişlər. Sonra qorxdular uşağı anaya verməyə ki, yenə yoxa çıxa bilər. Uşaqla görüş barədə qərardad çıxandan sonra uşağı anaya verdilər. Onlar istəyirlər ki, uşaq onların yanında qalsın və uşağa təhsil verə bilsinlər. Fatimənin özünün ali təhsili yoxdur, o, uşağa təhsil verə bilməyəcək.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, işdə olan Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi birtərəfli qaydada verilmişdir. Onlar rəyə birinci instansiya məhkəməsində etiraz etdilər, çünki həmin rəydə göstərilənlərin 90 faizi həqiqəti əks etdirmir. Yalnız müvəqqəti təminat tədbiri barədə ərizə təmin edildikdən sonra qarşı tərəf uşağın anası ilə ünsiyyətinə şərait yaratdı. İddiaçı yüngül həyat tərzi sürməsi ilə bağlı hər hansı sübut yoxdur, narkomaniyadan və alkoqolizmdən əziyyət çəkmir. O, evdən internet üzərindən satış proqramları ilə işləyir. Əmək müqaviləsinin olmaması onun məsuliyyətidir. Uşağın anası ola-ola niyə nənə və baba uşağa tərbiyyə verməlidir? Ana atanın, nənənin və babanın uşağı ilə ünsiyyətdə olmasına etiraz etmir. Hətta İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən nənəsi tərəfindən ona qayğı göstərildiyini də bildirmişdir. Ananın hazırda daimi yaşayış yeri var.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üşüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 22.2.1. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsulyyət daşıyırlar. Maddə 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

26. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi,sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

27. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Maddə 9 Uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmamalıdır.

28. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırki işdə qətnamə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin faktiki nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalmalı olduğunu müəyyən edərkən düzgün olaraq nəticəyə gəlmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 üstün maraqları nəzərə alınaraq, o, anası İddiaçı yanında saxlanılmalıdır.

34. Eyni zamanda, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən müvafiq qəyyumluq və himayəçilik komissiyasının rəyi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsaslanaraq heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasını göstərərək qeyd etmişdir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.

35. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin uşağın hansı valideynin yanında qalmasının onun mənafeyinə uyğun olmasının məhkəmədə araşdırılmamasına dair dəlilini əsassız hesab edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hansı valideynin yanında qalmasının müəyyən edilməsi zamanı uşağın təlim-tərbiyəsi, onun inkişafı ilə bağlı münasibətlər, valideynin davranışı, həyat tərzi, uşağa münasibəti, uşağın mənafeyi nəzərə alınmalıdır.

37. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşağın mənafeyini pozan əhəmiyyətli hallar kimi İddiaçı uşağa baxmamasına, onun keçirdiyi həyat tərzi və rəqqasə kimi fəaliyyət göstərməsinə, uşağına baxmaq iqtidarında olmamasına, onun daimi yaşayış yerinin olmamasına və uşağın atası ilə ünsiyyətinə maneələr törədəcəyinə istinad etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edilən halların mövcud olub-olmamasına, habelə bu halların uşağın üstün mənafeyi baxımından onun sağlam inkişafına təsir edib-etməməsinə münasibətdə qeyd edir ki, İddiaçı rəqqasə kimi fəaliyyət göstərməsi azyaşlı uşağın anadan alınaraq ataya verilməsi üçün əsas vermir.

39. Həmçinin, məhkəmə iclasında izahat verərkən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Hüseynova X1 Fatimənin hazırda yaşadığı evin şəraitinin yaxşı olduğunu bildirmişdir.

40. İşin araşdırılan halları ilə azyaşlı uşağın ananın himayəsinə verilməsini məhdudlaşdıran, atasının yanında qalmasının müəyyən edilməsinə əsas verən müstəsna hallar aşkar edilmir.

41. İlkin iddia üzrə cavabdehin nümayəndəsinin (anasının) bildirdiyinə görə, uşağa o, baxır, ata işlədiyinə görə yalnız iş günləri işdən sonra, şənbə və bazar günləri uşağı ilə məşğul ola bilir. Göründüyü kimi, uşağın təlim-tərbiyyəsi ilə, ona qulluqla əsasən nənəsi məşğul olur. Halbuki, ailə qanunvericiliyinin tələblərinə əsasən uşağın valideynləri digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər.

42. O da qeyd edilməlidir ki, hazırki mübahisədən öncə tərəflər arasında uşağın növbə ilə bir həftə ananın, bir həftə atanın yanında qalması ilə bağlı razılıq olmuş, yəni həmin vaxt ilkin iddia üzrə cavabdeh tərəf uşağın anası ilə qalmasına etiraz etməmiş, hazırki apellyasiya şikayətində göstərilən dəlilləri irəli sürməmişdir.

43. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçının alimentlə bağlı tələbini də qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmişdir.

44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə uşağın ananın yanında qalması, uşaqla bağlı digər valideynə münasibətdə hər hansı bir formada üstün imtiyaz, yaxud digər formada əlavə güzəştlər verilməsi demək deyildir. Belə ki, tərəflər bu vəziyyətdən sui-istifadə edərək hər hansı bir formada qarşı tərəfə uşağı ilə sərbəst ünsiyyət saxlamaq hüququna maneçilik törətməməlidirlər. Tərəflər nəzərə almalıdırlar ki, hər bir uşağın öz valideynlərinin qayğısından istifadə etmək, öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-151/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən uşağın valideynlərindən hansının yanında qalmalı olduğu ilə bağlı hissəsindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar