Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3847/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(004)-967/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19500 ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(004)-967/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən, İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər, uzun müddət birgə bank sistemində fəaliyyəti sayəsində tanış olmuşdur. Cavabdeh 2007-ci ilin orta aylarında, valyuta dəyişmə məntəqəsində işləyən oğlu X1 20-25000 civarında ABŞ dollarına böyük ehtiyacının olduğunu bildirməklə, oğlu Eldəniz Hüseynovun da iştirakı ilə ondan 22.000 ABŞ dolları məbləğində borc pul vəsaiti almışdır. Həmin borcdan Cavabdeh 17.07.2008-ci il tarixdə 2100 ABŞ dolları, daha sonra, 2009-cu ilin may ayında isə daha 400 ABŞ dolları (150+150+100), ümumilikdə 2500 ABŞ dolları ona qaytarsa da, borcun qalıq hissəsini, yəni 19.500 ABŞ dollarını ona geri qaytarmamışdır. Ona olan borcundan 2500 ABŞ dollarını qaytardığı və 19.500 ABŞ dolları borcunun qaldığı, həmin borcu da hissə hissə ona qaytaracağı barədə Cavabdeh, oğlu Eldəniz Hüseynovun iştirakı ilə, 15.01.2012-ci il tarixdə öz dəsti xətti ilə qəbz də yazaraq ona vermişdir. Lakin sonradan, Cavabdeh qalıq 19.500 ABŞ dollarını ona qaytarmadığından tərəfindən Cavabdeh və onun oğlu Eldəniz Hüseynova qarşı hazırkı tələblə Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırılmışdır ki, bu zaman, iş məhkəmədə baxılan vaxt Cavabdeh yaşadıqları evin yaxın vaxtlarda söküntüyə gedəcəyini, həmin evə görə də ona böyük məbləğdə pul vəsaitinin ödəniləcəyini və ödəniləcək puldan da ona olan borcunu qaytaracağına dair ona söz verib, inandırdığından, ərizəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli qərardadı ilə həmin iş baxılmamış saxlanılmışdır. Daha sonra Cavabdeh ilə aralarında dost münasibətləri bir daha davam etdiyindən, cavabdeh yaşadığı evin söküntüsü zamanı alacağı puldan qaytaracağına onu əmin etməklə ondan əlavə olaraq 2000 manat məbləğində borc pul vəsaiti istəmiş və tərəfindən 08 yanvar 2015-ci il tarixdə cavabdehə daha 2000 manat borc pul vəsaiti verilmişdir ki, bu barədə də o, öz dəsti xətti ilə qəbz yazaraq ona vermişdir. 08 yanvar 2015-ci il tarixdə ondan aldığı 2000 manat məbləğində borcundan hissə-hissə ona qaytaran Cavabdeh 09.10.2015-ci il tarixədə həmin borcdan daha 200 manatını (ümumilikdə 1800 manat) ona qaytardığı zaman, borcdan qalıq 200 manatın qaldığı barədə öz xətti ilə qəbz yazaraq ona vermişdir. 2016-cı ilin yanvar ayında, öz maddi vəziyyətinin pis olduğunu ona söyləməklə ona olan borcundan qalıq 200 manatın əvəzində isə ona cəmi 50 ABŞ dolları vermiş və bu zaman, 23.01.2016-cı il tarixdə ona borcunun qalmadığı barədə aralarında qəbz də yazılaraq, imzaları ilə təsdiq edilmişdir. Hazırki tələbi üzrə iş məhkəmədə araşdırılan zaman cavabdehin nümayəndəsi, Cavabdeh 08 yanvar 2015-ci il tarixdə ondan aldığı 2000 manat məbləğində borcun ödənişindən qalıq qalan 50 ABŞ dollarının qaytarılması və ona borcunun qalmadığı barədə 23.01.2016-cı il tarixli qəbzi məhkəməyə təqdim etməklə, guya hazırkı tələb üzrə cavabdehin ona borcunun tam ödənildiyini bildirmiş, məhkəmə isə həmin qəbzin cavabdehin ona olan əvvəlki, 19.500 ABŞ dolları məbləğində borca heç bir aidiyyətinin olmadığını nəzərə belə almadan, həmin qəbzi hazırki tələbi üzrə sübut kimi qəbul edərək , iş üzrə belə bir qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, o, cavabdehə köməklik edirdi ki, onun da borcunu qaytarsın. Güllüyə banklar borc vermirdi. Buna görə yardım etmək üçün borc götürüb ona verirdi. Borcunu da qaytarırdı, amma sonra nə oldusa, qaytarmadı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 bildirdi ki, cavabdehin oğlu valyuta dəyişmə məntəqəsində işləyirdi. Valyuta dəyişmədən iddiaçı və cavabdehin oğlu gəlir götürürdülər. Sonra cavabdehin oğlu qəfil xərçəng xəstəliyinə tutuldu və vəfat etdi. Cavabdeh heç vaxt iddiaçıdan borc almamışdır. Yalnız oğlunun borcuna görə iddiaçıya pul ödəmişdir. Cavabdehin iddiaçıya borcu qalmamışdır. Digər tərəfdən iddiaçı iddia müddətini də ötürülüb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh oğlu Eldəniz Hüseynova qaytarmaq şərtiylə ümumilikdə 22000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdehin oğlu müxtəlif vaxtlarda iddiaçıya olan borcundan ödənişlər etmişdir. Daha sonra Cavabdeh oğlunun xəstəliyi ilə əlaqədar borcu hissə-hissə ödəmək barədə öhdəlik götürmüşdür. Cavabdeh sonuncu dəfə iddiaçıya 23.01.2016-cı il tarixdə 50 dollar məbləğində ödəniş etmiş və iddiaçı cavabdehin ona borcunun olmamasına dair imzalı qəbz təqdim etmişdir. İddiaçı, cavabdehin ona verilmiş borcdan hələ də, borcu qaldığını iddia etsə də, məhkəməyə bununla bağlı eləcə də, borcun tam məbləği ilə bağlı heç bir sübutlar təqdim edə bilməmiş, bunun əksi olaraq məhkəmə iclasında tədqiq edilmiş, tərəflərin izmaları ilə təsdiqlənmiş 23.01.2016-cı il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıya borclu olduğu puldan qalıq qalmış 50 dollar məbləği həmin tarixdə ödəmiş, iddiaçı isə cavabdehin ona borcu qalmamasını təsdiq etmişdir. Hətta cavabdehin iddiaçıya borcu qalmış olsa belə, iş materilları ilə müəyyən edilir ki, cavabdeh tərəfndən borc üzrə sonuncu ödəniş 23.01.2016-cı il tarixdə ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan və eləcə də, iddiaçı hüququnun müdafiəsi üçün hazırkı tələblə müraciət edənədək, iddia müddətini keçirdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı cavabdehdən pul tələb edirsə bu barədə məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu barədə mötəbər sübut təqdim etmək və istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı cavabdehin ona həqiqətən borclu olmasına dair məhkəməyə mötəbər sübut təqdim etmir. Əksinə həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı ilə cavabdehin mərhum oğlu arasında borc pul münasibətləri olmuşdur. İşdə olan qəbzlərin, o cümlədən cavabdehin 15.01.2012-ci il tarixdə yazdığı qəbzin məzmunundan da onun iddiaçıdan bilavasitə borc aldığı təsdiqlənmir və iddia edilən borcun bilavasitə cavabdehə aid olmadığı açıq-aşkar bəlli olur. İkincisi, işdə olan(bax.i.v34) 23.01.2016-cı il tarixli qəbzə əsasən iddiaçı cavabdehin ona borcu olmadığını təsdiq edir. Lakin həmin qəbzin tələb etdiyi 19500 ABŞ dollarına aidiyyəti olmadığını, cavabdehin 08 yanvar 2015-ci il tarixdə aldığı 2000 manat borca görə yazıldığını bəyan edir. Ancaq həmin qəbzin həqiqətən 08 yanvar 2015-ci il tarixdə alınmış borca görə yazılması qəbzin məzmunundan görünmür. Əksinə həmin qəbzdə qalıq qalmış 50 ABŞ dollarının qaytarılmasının qeyd olunması, o qəbzin hazırki iddia üzrə olan borca aid olduğuna dəlalət edir. Ən azından ona görə ki, əgər qəbzdə qeyd olunanlar həqiqətən 08 yanvar 2015-ci il tarixli borca aid olsa idi həmin qəbzdə bu barədə qeydiyyat aparıla bilərdi, lakin aparılmamışdır. Birdəki, qeyd olunan qəbzin həqiqətən 08 yanvar 2015-ci ildə alınmış borca aid olmasını sübut etmək yükü artıq iddiaçının üzərinə düşür. İddiaçı isə bu halı mötəbər sübutlarla təsdiq edə bilmir. Üçüncüsü, cavabdeh iddiaçıya borcu qalmış olsa belə, cavabdeh tərəfndən iddiaçıya sonuncu ödəniş 23.01.2016-cı il tarixdə edilmişdir. Yəni, 3 illik iddia müddətinin axımı 23.01.2016-cı ildən başlansa 23.01.2019-cu il tarixdə bitir. İddiaçının ərizəsi isə məhkəməyə 20 noyabr 2020-ci il tarixdə daxil olmuşdur. Cavabdeh tərəfindən 2016-cı ildə edilmiş ödəniş nəzərə alınsa belə, yenə də üç illik iddia müddəti ötürülmüşdür. Buna görə də bu hal da iddianın rədd edilməsi üçün müstəqil əsas kimi çıxış etmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(004)- 967/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3847/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3847/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver