Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3847/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh-təşkilatın tabeliyində olan müxtəlif şöbələrdə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, o, xx.xx.2021-ci il tarixli əmrlə bir il müddətinə Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsində 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş (xx.xx.2022-ci il tarixli əmrlə vəzifəsinin adı dəyişdirilərək şöbə rəisi adlandırılmış), xx.xx.2023-cü il tarixli əmrlə isə həmin şödədə şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə İB-nin xx.xx.2023-cü il tarixli 14-2- 2/3-1K-408/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozuqda) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixli 14-2-2/3-1K-408/2023 saylı əmr ilə xitam verilməsini, iddiaçının 2023-cü ilin aprel ayı ərzində işdə olmaması ilə əsaslandırmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-yə qarşı məhkəməyə müraciət edərək, İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onun Birliyin Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsinin rəis müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək cavabdehin tabeliyində olan müxtəlif şöbələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı ilk dəfə AR DNŞ Cavabdeh İB-nin xx.xx.2010-cü il tarixli 84- K saylı əmri ilə, üç ay sınaq müddəti təyin edilməklə, bir il müddətinə X8 X3 şöbəsində 13cü dərcəli rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə onunla bağlanmış xx.xx.2010-cü il tarixli əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, xx.xx.2010-cu il tarixli, 110-K saylı əmrlə bir il müddətinə, üç ay sınaq müddəti ilə, yenidən cavabdehin Nəsimi Qaz X3 şöbəsində 13-cü dərcəli rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə onunla bağlanmış sonuncu əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, xx.xx.2010-cu il tarixli, 3663 saylı əmrlə o, bir il müddətinə, üç ay sınaq müddəti ilə, Birliyin idarəetmə aparatının Kommersiya Departamentinin Müqavilələrin tərtibatı şöbəsində 15-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli, 203-K saylı əmrlə Birliyin idarəetmə aparatının Hüquq Departamentinin istehlakçılarla müqavilələrin bağlanılması şöbəsinə 15ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə Birliyin idarəetmə aparatının müqavilələrin bağlanılması şöbəsinə 15-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, (xx.xx.2017-ci il tarixli əmrlə ştat cədvəlində aparılmış dəyişikliklə əlaqədar 15-ci dərəcə böyük mühəndis hesab edilmişdir), xx.xx.2018-ci il tarixli əmrlə isə Birliyin idarəetmə aparatının Abonent bazasında xidmət şöbəsində 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə onunla bağlanmış sonuncu əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, xx.xx.2021-ci il tarixli əmrlə o, bir il müddətinə Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsində 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş (xx.xx.2022-ci il tarixli əmrlə vəzifəsinin adı dəyişdirilərək şöbə rəisi adlandırılmış), xx.xx.2023-cü il tarixli əmrlə həmin şödədə şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli 14- 2-2/3-1K-408/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozuqda), xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar müddətli əlildir (əlillik hərbi xidmət dövrü ilə bağlı yaranmışdır) və ona yüngül işlərdə işləməsi ilə əlaqədar əmək zəmanəti verilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 nömrəli, 12 dekabr 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının həqiqətən də 2023-cü ilin aprel ayında üzrsüz səbəbdən işdə olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının heç bir üzrsüz səbəb olmadan bir gündən artıq müddətdə işdə olmaması, hələ onunla bağlanmış əmək müqaviləsinin ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş versin (işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun). Lakin cavabdeh iddiaçının 2023-cü ilin aprel ayında işə gəlməməsi nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır.
6. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsində intizam tənbehinin aşkar edilməsindən sonra onun tətbiq edilməsi üçün konkret müddət – 1 ay müəyyən edilmişdir. Cavabdeh isə, intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmrin verilməsi əsasları kimi X2 xx.xx.2023-cü il tarixli məktubu, cavabehin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin xx.xx.2023-cü il tarixli xidməti məruzəsi və 2023-cü ilin aprel ayı üzrə işçilərin işə davamiyyəti tabeli göstərilmişdir. Əmrin də məzmunundan göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsas səbəbi onun 2023-cü ilin aprel ayında (yaxud hər hansı bir günüdə) üzrsüz səbəbdən işə gəlməməsi olmuşdur. Eyni zamanda, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin xidməti məruzəsi xx.xx.2023-cü il tarixdə belə təqdim edilməsinə baxmayaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. Halbuki, iddiaçı barəsində müvafiq əmələ görə intizam tənbehinin tətbiq edilməsi 2023-cü ilin may ayının sonunadək verilə bilərdi. Cavabdeh isə pozuntu aşkar olunduqdan azı 2 ay sonra iddiaçı barədə inzibati tənbehi tətbiq edərək onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə xitam vermişdir.
7. Məhkəmə digər bir tərəfdən qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilərkən ondan izahat alınmamış, onun X2 iclasında iştirakı təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq 2023-cü ilin aprel ayı ərzində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Aprel ayı ərzində 19 günə yaxın iş buraxan və bununla bağlı hər hansı üzrlü səbəb gətirməyən və ya özünün dediyi səbəbləri hər hansı sübutla təsdiq edə bilməyən iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini uzun müddət yerinə yetirmədiyindən iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli dəyişikliyin 3.1-ci bəndində işçi İddiaçı əmək funksiyası olaraq daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, rəsmiləşdirilməsi, aidiyyəti üzrə bölüşdürülməsi və icraçılara çatdırılmasına nəzarət edir, dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq şöbə daxilində kargüzarlıq işlərinin aparılmasını təşkil edir, verilmiş tapşırıqların icrasının gedişində yaranmış məsələlərə dair şöbə rəhbərliyinə məlumatlar və arayışlar verilməsini təmin edir, şöbə rəhbərliyinin tapşırığına əsasən təbii qazdan istifadə ilə bağlı yaranmış məsələlərlə əlaqədar onların müraciətləri əsasında abonentləri qəbul edir, keçirilmiş qəbulların uçotunu aparır, onlara müvafiq izahatlar verir, lazım gəldikdə qaldırılmış məsələrlə bağlı ərizələrini qəbul edir və onun qanuna müvafiq qaydada icra olunmasını təmin edir, müəssisə, təşkilat və vətəndaşlardan idarəyə daxil olmuş vəicra olunması üçün şöbəyə göndərilmiş ərizə, təklif, teleqram və şikayətlərin araşdırılması, onlara vaxtında yazılı və şifahi cavabların hazırlanmasını təmin edir və müqaviləyə dəyişilikdə göstərilən digər öhdəlikləri üzərinə götürmüşdür. İddiaçının 19 günə yaxın hər hansı üzrlü səbəb gətirmədən iş buraxması yuxarıda sadalanan əmək funksiyalarının yerinə yetirilməməsinə səbəb olmuş və təbii ki, bu da işin normal ahənginin və icra intizamının pozulmasına gətirib çıxarmışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunun göstərilən normaları ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının 19 iş günü işdə olmaması və həmin müddətlərdə öz əmək funksiyalarını yerinə yetirməməsi, bununla da həm əmək intizamına və əmək müqaviləsi üzrə vəzifələrini icra etməməsi kobud pozuntu olduğundan işəgötürənin hüququdur ki, həmin işçini ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etsin. Əmək qanunvericiliyi intizam tənbehinin verilməsinin müddətini 6 aya qədər müəyyən etmişdir. Belə olduğu halda məhkəmənin qətnamədə intizam tənbehinin verilməsi üçün bir ay müddətinin keçməsini əsas gətirməsini əsassız və qanunsuz hesab edir. Həmçinin işçinin bir gündən artıq işdə olmamasını əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas olmadığı qənaətini də əsassız hesab edir. Məhkəmə həm də çəkişmə prinsipinə əməl etməyərək cavabdeh tərəfin iştirakını təmin etmədən sübutlara birtərəfli qiymət vermişdir ki, bu da məhkəmənin qəbul etdiyi qətnaməsinin işin faktiki hallarına uyğun gəlmədiyinə dəlalət edir. Halbuki işçi 19 günə yaxın iş buraxmış və bunun da müəssisənin iş prosesində hansı ağır nəticələrə gətirib çıxardığına izah verməyə ehtiyac yoxdur. Hazırki iş üzrə qəbul edilmiş qətnamədə məhkəmə dəfələrlə vurğulamışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi sənədlərdən də görünür ki, məhkəmə iclaslarında iştirak etməməyinin üzrlü səbəbləri vardır, lakin bunu görməzdən gələn məhkəmə qərəzli olaraq qeyd etmişdir ki, cavabdeh tərəf məhkəməyə heç bir məlumat verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində onların iştirakı təmin olunmamışdır. Bu səbəbdən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə iclasları təyin olunan tarixlərdə üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişlər. Bundan başqa iddiaçı 3 aprel tarixindən-6 aprel tarixinədək, eyni zamanda 10 aprel tarixindən-28 aprel tarixinədək iş yerinə gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı rəsmi təsdiqedici sənəd işəgötürənə təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh İB-də məsələ araşdırılmış, xidməti məruzələr olunmuş və ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni 72-ci maddənin “a” bəndinə əsasən bütün günü heç bir üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir, hesab edir ki, əmrlə bağlı hər–hansı qanun pozuntusuna yol verilməmişdir, əmr qanunidir. Bütün lazimi sənədlər məhkəməyə təqdim olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş əmr və hazırkı işlə bağlı görülən tədbirlər qanuni olmuşdur. Apellyasiya şikayətində qeyd edilmiş 6 ay ərzində intizam tənbehi verilə bilər dəlili ilə bağlı bildirmişdir ki, Cavabdeh İB tərəfindən araşdırma aparılmış, xidməti yazılar aparılmış, hüquq departamentinə müraciət olunmuş, daha sonra araşdırma aparılmış, Cavabdeh İB-nin direktoruna müraciət olunmuş, Həmkarlar İttifaqına müraciət olunmuşdur. Araşdırmanın nəticəsi olaraq mövcud əmr verilmişdir və həqiqətən müəyyən olunmuşdur ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 20 günə yaxın müddətdə işə gəlməmişdir. 11 mayda iddiaçının izahatı alınmışdır. Bundan sonra qaz satış departamentinin rəisi işçi barəsində tədbir görülməsi ilə bağlı müraciət etmişdir, bunun tarixi barədə dəqiq məlumat verə bilmir. 12 mayda həmin müraciətə baxılmışdır. Cavabdeh İB-in direktrouna xidməti yazı ünvanlanmış, nəticədə yekun əmr qəbul olunmuşdur 12.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilmişdir ki, işçinin öhdəliyində şəkərli diabet xəstəsi varsa nəzərə alınmalıdır. Anası şəkərli diabet xəstəsidir, xərçəng xəstəliyi də vardır, atası 2022-ci il tarixində vəfat etmişdir, sosial vəziyyəti yaxşı deyildir. O, anasının səhhəti ilə əlaqədar bir neçə gün işdə olmamış, həmin vaxt da işə gəlib ərizə yazaraq anasının vəziyyəti barədə məlumat vermişdir. O, işə gedib-gəlirdi, hazırda həmin ərizəni cavabdeh tərəf itiribdir. O, əvvəlcə cavabdeh tərəfi məlumatlandırmışdır, rəhbərin xidməti otağında ərizə də yazmışdır. O, anasına xidmət edirdi, vaxtlı-vaxtında qulluğunda dururdu, işə də gedib-gəlmişdir. May ayını işləmişdir və iyun ayında maaş da almışdır.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
17. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən: 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin 2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 19.68-ci (1-ci hissə) maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 20.70-ci (“ç” bəndi) maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 21.71-ci (2-ci hissə) maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdətutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 22.71-ci (3-cü hissə) maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənedilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 23.72-ci (a bəndi) maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfatetməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 24.76-cı (1-ci hissə) maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitamnverilə bilər. 25.80-ci (1-ci hissə) maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 26.83-cü (1-ci hissə) maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğvedilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 27.186-cı (1-ci hissə) maddəsinə əsasən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. 28.186-cı (2-ci hissə) maddəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. 29.187-ci (1-ci hissə) maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 30.187-ci (2 və 3-cü hissə) maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 31.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
32.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin, həmçinin hüquqlarını müdafiə edən vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.
36. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
37. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh-təşkilatın tabeliyində olan müxtəlif şöbələrdə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsası ilə) xitam verilimiş, o, xx.xx.2021-ci il tarixli əmrlə bir il müddətinə Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsində 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş (xx.xx.2022-ci il tarixli əmrlə vəzifəsinin adı dəyişdirilərək şöbə rəisi adlandırılmış), xx.xx.2023-cü il tarixli əmrlə isə həmin şöbədə şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-408/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozuqda) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K- 408/2023 saylı əmr ilə xitam verilməsini, iddiaçının 2023-cü ilin aprel ayı ərzində işdə olmaması ilə əsaslandırmışdır.
38. Məhkəmə kollegiyası mübahisənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi baxımından araşdırılmalı olmasını qeyd edir Belə ki, cavabdeh apellyasiya şikayətində, əmək qanunvericiliyinə əsasən törətdiyi intizam xətasına görə işçiyə intizam tənbehinin 6 aya qədər verilə bilməsinə istinad edir.
39. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur.
40. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərindən göründüyü kimi intizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Üzrsüz səbəbdən işburaxma zamanı intizam tənbehinin verilə bildiyi bir aylıq müddətin axımı işburaxmanın axrıncı günündən başlayır və işçinin yalnız xəstə olduğu, yaxud ezamiyyətdə, məzuniyyətdə olduğu vaxt bu müddətin axımının dayandırılmasına səbəb olur. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir
41. Məhkəmə kollegiyası işə əlavə olunmuş materiallardan da müəyyən edir ki, cavabdeh iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halı onun 2023-cü ilin aprel ayında 19 gün ərzində işdə olmadığı ilə əlaqələndirmişdir.
42. İş materiallarından da müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək işə gəlməmişdir. İddiaçı tərəfindən intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırmaq üçün ondan xx.xx.2023-cü il tarixdə yazılı izahat alınmış, bununla əlaqədar əmək münasibətlərinin tənzimlənməsi haqqında xidməti yazı ilə cavabdehtəşkilatın rəhbərliyinə müraciət edilmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə İB-nin Həmkarlar İttifaqı Komitəsindən Bakı Regional Qazın Satışı Departamentinin Ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsinin rəisi müavini vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini kobud surətdə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. AR DNŞ Cavabdeh İB Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarxili 74-07ə saylı qərarı ilə iddiaçının AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
43. Beləliklə iddiaçının işdən çıxarılmasına dair əmr, həmin intizam xətasının törədildiyi gündən (işə üzrsüz səbəbdən çıxmadığı axrıncı iş günündən-xx.xx.2023-cü il tarixindən) 1 təqvim ayından çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixində verilmişdir. İş materiallarına əlavə edilmiş iş vaxtının uçot tabelindən çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixindən sonra iddiaçının may ayında faktiki işləmədiyi (məzuniyyət, bülleten) iş günlərinin sayı 5 gün olmuş, intizam tənbehinin verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddət 5 günə uzadılmışdır. Bununla belə cavabdeh tərəfindən intizam tənbehinin verilə bildiyi bir aylıq müddət ötürülmüşdür.
44. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh-işəgötürən tərəfindən iddiaçıya “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə intizam tənbehi yol verdiyi pozuntunun aşkar edildiyi müddət ərzində verilmədiyi üçün hazırda intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılmasına, işçinin təqsir dərəcəsinin müəyyənləşdirilməsinə və s. zərurət qalmamışdır.
45. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 nömrəli, 12 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova