Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3848/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7644/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının əri olmuşdur. Onlar 2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 28 may 2014-cü il tarixdə X4 anadan olmuşdur. Tərəflərin münasibəti əvvəllər yaxşı olsa da, sonradan pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(008)-1310/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq anasının himayəsinə verilmiş, Cavabdeh 18 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər ailə münasibətimə rəsmi qaydada daxil olduqları tarixdən iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Nikahları pozulduqdan sonra iddiaçı övladı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.B.Mehmandarov küçəsi 19, 68 saylı mənzildə kirayədə yaşamışdır. Cavabdehin çoxsaylı psixoloji təsirləri nəticəsində iddiaçı mübahisəli ünvandan övladı ilə birlikdə çıxmağa məcbur olmuşdur. İddiaçı həmin ünvana gəlin köçmüş və evdən çıxana qədər orada yaşamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(011)- 7644/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7644/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı ilə birlikdə özbaşına tikilidə yaşadığını, həmçinin övladının həmin evdə doğulduğunu, cehiz əşyalarının həmin evdə olduğunu nəzərə almamış, yalnız cavabdehin “həmin evdə müvəqqəti yaşayıram” sözünün əsas götürməklə qeyd edilən qətnaməni çıxarmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin özü 2000-ci ildən həmin evdə, iddiaçı isə 2010-cu ilin avqustun 27- dən həmin evdə yaşayır. Bu qədər uzun müddət başqasının evində müvvəqqəti heç bir haqq olmadan yaşamaq mümkün deyil. Onlların nikahları müddətində evdə və həyətdə təmir işləri görmüşlər, əlavə hamam tikilib (həyətdə), həyət iki yerə bölünməklə həmin həyətdə iki mərtəbəli başqa ev də tikilib. Əgər qeyd edilən torpaq sahəsi başqasına məxsusdursa, cavabdeh niyə həmin həyətdə ikinci evi tikib. Halbuki həmin evin tikilməsinə elə iddiaçı da maddi dəstək göstərmişdir. Həmin evdə yaşayış olmamasına baxmayaraq, ona nə gəlin gəldiyi evdə, nə də sonradan tikdikləri evlərində yaşamağa şərait yaratmırlar. Belə ki, qeyd edilən tikili özbaşına tikili olduğundan hesab edir ki, necə cavabdeh tərəf mübahisəli evdə yaşayır, iddiaçı da köçürülərək övladı ilə birlikdə həmin evdə yaşamalıdır. Qeyd edim ki, gəlin gəldiyim Bakı şəhəri, ünvan 3 ünvanında 2010-cu ildən 2019-cu ilədək övladımla birlikdə qeyd etdiyim ünvanda yaşamağı haqqında 98 saylı MKİS-si tərəfindən məhkəməyə təqdim edilmiş arayış olsa da belə Bakı şəhəri Xətai rayon məhkəməsi təqdim etdiyi sübutlara əhəmiyyət vermədən əsassız qətnamə qəbul etmişdir. Qeyd edir ki, gəlin gəldiyi Bakı şəhəri, ünvan 3 ünvanında 2010-cu ildən 2019-cu ilədək övladı ilə birlikdə qeyd etdiyi ünvanda yaşamağı haqqında 98 saylı MKİS-si tərəfindən məhkəməyə təqdim edilmiş arayış olsa da belə, Bakı şəhəri Xətai rayon məhkəməsi təqdim etdiyi sübutları əhəmiyyət vermədən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.İddiaçı əlavə olaraq verilən suallarla bağlı həmin həyətdə tikilmiş iki mərtəbəli evə deyil, 2010-cu ildə gəlin köçüb cehiz əşyalarını yığdığı fərdi yaşayış evinə köçürülməsini tələb etdiyini bildirmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ev özbaşına tikilidir və heç bir hüquqmüəyyənedici sənədi yoxdur.Cavabdeh İddiaçı həmin fərdi yaşayış evində 2010-cu ilin avqust ayından 2019-cu ilin avqust ayına kimi qeydiyyatsız yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı mübahisəli fərdi evdə uzun illər yaşamasına istinad etmiş, həmin evə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı İddiaçı qeyd edilən mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüququnun olması halı məhkəmədə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikili olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçı mübahisəli evə 2010-cu ildə gəlin köçmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından və bu münasibətlər mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazıkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. İş materiallarından göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi iddiasının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar mövcud deyildir, eləcə də iddiaçının həmin evin tikilməsində iştirakı, həmin evdə cavabdehlə birgə təsərrüfat aparması işin faktiki halları ilə müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri olaraq qeyd etmişdir ki, onlların nikahları müddətində evdə və həyətdə təmir işləri görmüşlər, əlavə hamam tikilib (həyətdə), həyət iki yerə bölünməklə həmin həyətdə iki mərtəbəli başqa ev də tikilib. Əgər qeyd edilən torpaq sahəsi başqasına məxsusdursa, cavabdeh niyə həmin həyətdə ikinci evi tikib. Halbuki həmin evin tikilməsinə elə iddiaçı da maddi dəstək göstərmişdir. Həmin evdə yaşayış olmamasına baxmayaraq, ona nə gəlin gəldiyi evdə, nə də sonradan tikdikləri evlərində yaşamağa şərait yaratmırlar. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçının nikahları müddətində və onun da vəsaiti ilə evdə və həyətdə təmir işləri görülməsi, əlavə hamam tikilməsi ilə bağlı hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim olunmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya daha sonra qeyd edir ki, həyət iki yerə bölünməklə həmin həyətdə iki mərtəbəli başqa ev də tikilməsi dəlilinin araşdırılması baxımından iddiaçıya verilən suallara cavab olaraq iddiaçı həmin həyətdə tikilmiş iki mərtəbəli evə deyil, 2010-cu ildə gəlin köçüb cehiz əşyalarını yığdığı fərdi yaşayış evinə (Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə) köçürülməsini tələb etdiyini bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında işdə iştirak edən şəxslərin izahatları, tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli evlə bağlı hər hansı hüququ yoxdur. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının övladı ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(011)- 7644/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3848/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3848/2022
06.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver