Məhkəmə qərarları › İş №2(103)-3848/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3848/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3848/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Mirzə Tağızadədən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, komleks bank xidmətlərinə görə borc kimi 60 ABŞ dolları, faiz borcu kimi 37,80 ABŞ dolları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (bank) ilə cavabdehin (müştərinin) arasında xx.xx.2015-ci il tarixli 035437 №-li kompleks bank xidmətləri müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı cavabdehə göstərilən xidmətləri göstərməyi öhdəsinə götürüb: 1) bank hesabının açılması və aparılması; 2) bank kartlarının buraxılması və verilməsi; 3) elektron bank xidmətlərinin göstərilməsi. Müqavilənin 3.4.5-ci bəndində qeyd olunub ki, yaranmış “texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarmaq cavabdehin (müştərinin) vəzifəsidir. Overdraft xidmətinin mahiyyəti ondan ibarətdir ki, kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. İddiaçı bildirir ki, xx.xx.2020-ci il tarixli kart əməliyyatı nəticəsində cavabdeh tərəfindən iddiaçıya 60 ABŞ dolları borc məbləği (overdraft) yaranmışdır. Kompleks bank xidmətləri müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcun məbləği 60 ABŞ dolları, faiz borcunun məbləği 37,80 ABŞ dolları təşkil edir. İddiaçı bunun təsdiqi kimi hesabdan çıxarışı məhkəməyə təqdim edib (iş v. 38). Hesabdan çıxarışdan həmin məbləğdə borcun yarandığı görünür. Cavabdeh apellyasiya şikayətində bildirib ki, hesabdan çıxarışa görə borc xx.xx.2020-ci il tarixdə “X2” nəticəsində yaranıb, “Priority Pass” kartının imkan verdiyi xidmətlərdən yalnız hava limanlarında istifadə etmək mümkündür, o, həmin tarixdə ölkədən çıxmayıb və ölkəyə qayıtmayıb, yəni hava limanında olmayıb. Lakin “Elektron məhkəmə” informasiya sistemindəki məlumatdan görünür ki, cavabdeh həmin tarixdə ölkədə olmayıb. O, xx.xx.2019-cu ildə H.Əliyev adına X1 istiqamətində ölkədən çıxıb, xx.xx.2021-ci ildə isə İstanbul istiqamətindən H.Əliyev adına Beynəlxalq Aeroporta qayıdıb. Bundan başqa, kartın imkanlarından başqa şəxs (iddiaçının kartı etibar etdiyi şəxs) də hava limanında istifadə edə bilər, kartdan istifadə üçün iddiaçının özünün hava limanında olması vacib deyil. Beləliklə, məhkəmə Mülki Məcəllənin 385, 386 və 425-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar