Məhkəmə qərarları › İş №2(103)-3848/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3848/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3848/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3848/2024 (Açar sözlər: hüquqi yardım göstərilməsi barədə müqavilə üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı hüquqi yardım göstərilməsi barədə müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-666/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 31 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı vurulmuş mənəvi zərərin tutulması ilə bağlı Cavabdeh Azərbaycan Respublikasının bütün məhkəmələrində təmsil etməyi, Cavabdeh iddiaçıya xidmət haqqı ödəmədən onun işini bütün instansiyalar üzrə görməyi, cavabdeh isə işin uğurlu həlli nəticəsində Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 (altmış) faizi miqdarında əlavə mükafatı vəkilə ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli yekun qərarı qanuni qüvvəyə minsə də, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndi cavabdeh tərəfindən pozularaq, həmin bənddə qeyd edilən əlavə mükafat iddiaçıya ödənilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin 2.1-ci maddəsinə əsasən cavabdehdən 3960 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər razılığa gəldilər ki, işin uğurlu həlli nəticəsində müraciət edən Cavabdeh Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 faizi miqdarında əlavə mükafatı vəkilə, yəni iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 0 (sıfır) manat müəyyən olunmuşdur, yəni cavabdeh ona xidmət haqqı ödəmədən onun işini bütün instansiyalar üzrə görməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “məhkəmə hökmü nəticəsində bəraət almış şəxsə mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” tələbinə dair iddiası qismən təmin edilmişdir və cavabdehin xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. Tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2928/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qərar qəbul edilməsi ilə bağlı kassasiya şikayəti də təmin olunmamışdır, yəni bir sözlə 6600 manat məbləğində mənəvi zərərlə bağlı kompensasiya cavabdehə ödənilməlidir. İş materiallarına əlavə olunan Nəsimi İcra və probasiya şöbəsinin 17 yanvar 2024-cü il tarixli qərarına əsasən cavabdehin bank hesabına 6600 manat köçürülmüşdür. Bundan sonra cavabdehdən müqavilə üzrə iddiaçıya ödənilməli olan 3960 manatın 60 faizini tələb edəndə, o, müxtəlif bəhanələrlə müqavilə üzrə üzərinə götürdüyü öhdəlik üzrə mükafat məbləğini ödəməkdən boyun qaçırdı, ona görə də, məhkəməyə müraciət etməsi zərurəti meydana gəldi.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 666/2024 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1980 manat və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 777.1, 777.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, qeyd olunan qərar hüquqi yardım göstərən şəxslərə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsini göstərir, yəni cavabdehlə onun arasında olan hüquqi əsas 30 dekabr 2022- ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilədir və iddiaçı bu müqavilədə göstərilmiş şərtləri nəzərə alaraq cavabdehə hüquqi yardım göstərmişdir. Lakin 1-ci instansiya məhkəməsi nəyəsə görə bu müqaviləni nəzərə almadığını əsaslandıra bilməmişdir.

9. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsində olmuş icraat tamamilə iddiaçının sübutları əsasında aparılmış, cavabdehə tərəf olaraq müdafiə hüququndan istifadə edilməsinə şərait yaradılmamışdır. Məhkəmə onun sərbəst ifadə vermək hüququnu məhdudlaşdıraraq sübutlarını təqdim etmək və onları araşdırmaq üçün şərait yaratmamışdır. Belə ki, cavabdeh 1-ci instansiya məhkəməsində də bildirmişdir ki, vəkillə olan razılaşmaları ondan ibarət idi ki, vəkil ona minimum 30 000 (otuz min) manat məbləğində təzminat təmin elətdirəcəyi vədini vermişdir ki, bu söhbət də məhz şahidin yanında baş tutmuşdur. Yəni minimum 30 000 manat məbləğində təminat udulacağı vədinə görə o, uduşun 50 % (əlli faiz) yəni yarısını verməyə razılaşmışdır. Daha az məbləğin olma ehtimalı, ümumiyyətlə, danışıqlarda olmamışdır. Az bir məbləğin təzminat olaraq təmin edilməsi şərti ilə o, müqavilə bağlayası olmamışdır. Aralarında bağlanmış olan müqaviləni isə oxumamışdır, çünki iddiaçı Vəkillər Kollegiyasının üzvü olaraq etibara sahib biri olmuşdur. İddiaçı ilə aralarında olan bütün danışıqların şahidi onun yaxın rəfiqəsi Rəşidova Xurman olmuşdur ki, bütün bu halları təsdiq edə bilər. 25 ildir ki, rəfiqədirlər. 30 dekabr 2022-ci il tarixdə rəfiqəsi Xurmanla vəkilin dediyi ünvana, yəni 20 saylı orta məktəbin yanında yerləşən ofisə getmişlər. Axşam saat 7-8 radələri olduğundan tək getmək istəməmişdir, bütün danışıqlar da məhz onun iştirakı ilə olmuşdur. Lakin bu şahidin dindirilməsi üçün şərait yaradılmamış və bununla da məhkəmə araşdırılması natamam aparılmışdır. Həmçinin qeyd olunan Xidmət müqaviləsinin şərtlərində işin Ali məhkəmədə aparılması da daxil olaraq tam yekunlaşdırılması nəzərdə tutulsa da, iddiaçı Ali məhkəmə instansiyasında işi davam etdirməmişdir ki, bu da müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi anlamına gəlir. Yetirilməmiş öhdəlik artıq müqavilə şərtlərinin məhz iddiaçı tərəfindən pozulması nəticəsini doğurur ki, belə olan halda ona heç bir məbləğ də ödənilməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

f) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışında iştirak edən iddiaçı özü tərəfindən təqdim edilən apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə bağlanılıb və razılaşma əldə olunub. Artıq həmin məhkəmə işi üzrə də pul qarşı tərəfə ödənilib. Normalda hər instansiya üçün ayrılıqda müqavilə bağlanılır və order verilir. Lakin bu işdə bir müqavilədə bütün instansiyalarda iştirak nəzərdə tutulub.

13. Apellyasiya baxışında iştirak edən cavabdeh özü tərəfindən təqdim edilən apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının tələb etdiyi məbləğlə razı deyil, ***-**** manat civarı olsa, bəlkə, ödəyə bilərdi. Bağladığı müqavilənin məzmunundan xəbəri olmayıb. Bir vəkil vasitəsilə tanış olmuşlar. Digər iş üzrə icra icraatına xitam verilib və pul ona ödənilib.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 60. 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

15. Maddə 125. 7-ci hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

17. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:

18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

22. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

24. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir;

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;

27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

31. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

32. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir;

33. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki iş üzrə hər iki tərəf apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilməli, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti isə təmin edilməməlidir.

42. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində işin faktiki hallarını lazımi qədər aydınlaşdırmamış, iddia ərizəsi ilə bağlı gəldiyi qənaətin konkret olaraq hansı əsaslara söykəndiyini dəqiq göstərməmişdir.

43. Kollegiya ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

44. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin tapşırıq müqaviləsinə dair müddəaları təşkil edir. Belə ki, Cavabdeh ilə İddiaçı arasında “Kredo” Vəkil bürosundan bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilənin 1.1-ci maddəsinə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən vəkilə həvalə edilən tapşırığın mahiyyəti: vurulmuş mənəvi zərərin tutulması ilə bağlı Cavabdeh Azərbaycan Respublikası bütün məhkəmələrində təmsil etmək. Müqavilənin 2-ci maddəsinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 0 (sıfır) manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, işin uğurlu həlli nəticəsində müraciət edən Cavabdeh Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 (altmış) faizi miqdarında əlavə mükafatı vəkilə ödəməyi öz öhdəsinə götürür. Beləliklə, tərəflərin bu müqavilə ilə qarşılıqlı olaraq üzərilərinə öhdəliklər götürməsi işin mübahisə olunmayan hallarıdır.

45. Mülki qanunvericiliyin tələblərinə əsasən tapşırıq müqaviləsi üzrə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

46. Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir.

47. Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

48. Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

49. Beləliklə, Mülki Məcəllənin 6.2 və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun Mülki Məcəllə ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur.

50. Hüquqi yardım göstərilməsi barədə müqavilə üzrə haqqın ödənilməsi ilə bağlı bir sıra məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə müvafiq olaraq, vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.

51. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsinin İİİ hissəsi).

52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər. Vəkilə ödənilən haqqın işin nəticəsindən asılı olmasına əsaslanan “pactum de quota litis” anlayışı (ödənişin işin uğurlu həllinə bağlı olması) qədim Roma hüququndan gələn və Avropa ölkələrində istifadə edilən anlayışdır.

53. Göründüyü kimi, müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir.

54. Hazırki işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən 30 dekabr 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilədə də vəkil qismində iddiaçının öz müstəqil peşə fəaliyyəti ilə əlaqədar cavabdehi bütün məhkəmə instansiyalarında təmsil etməsi qarşılığında bunun üçün alacağı məbləğlə bağlı müddəalar öz əksini tapmış və bu müddəa bütün müqavilə ilə birlikdə cavabdeh tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Bu da o deməkdir ki, cavabdeh bu müqaviləni bağlamaqla iddiaçıya ona göstərdiyi hüquqi yardıma görə müəyyən olunmuş həcmdə əlavə mükafatı iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür və bu şərt tərəflərin azad iradəsi ilə müəyyənləşdirilmişdir.

55. Cavabdeh öz apellyasiya şikayətində və birinci instansiya məhkəməsindəki mövqeyində göstərmişdir ki, vəkil olaraq iddiaçı ona hüquqi yardım göstərdiyi məhkəmə işi ilə bağlı 30.000 manat məbləğində iddiası təmin olunacağı barədə vəd vermiş və cavabdeh yalnız bu halda müqavilədə göstərilən həcmdə pulu ödəməyə razılıq vermişdir. Lakin qeyd edilənlərə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilədə qeyd edilən 60% həcmdə mükafatın iddianın tam həcmdə təmin olunacağı təqdirdə ödənilməsi kimi bir qeyd şərt nəzərdə tutulmamış, yalnız “işin uğurlu həlli nəticəsində” əldə olunacaq məbləğ nə qədər olacaqsa, həmin məbləğin 60%-i həcmində ödənişin edilməsi şərtləndirilmişdir. Bundan əlavə Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən yuxarıdakı normalarından da göründüyü kimi, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

56. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanılan 30 dekabr 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsinə əsas təşkil etmir.

57. Kollegiya iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

58. Belə ki, iddiaçı öz şikayətində qeyd etmişdir ki, tərəflər arasında bağlanılan müqavilənin 2-ci maddəsinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 0 (sıfır) manat müəyyən olunur və tərəflər razılığa gəlirlər ki, işin uğurlu həlli nəticəsində müraciət edən Cavabdeh Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 (altmış) faizi miqdarında əlavə mükafatı vəkilə ödəməyi öz öhdəsinə götürür. Buna görə də iddianın təmin edilən 6600 manat məbləğində olan hissəsinin 60%-i, yəni 3960 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir.

59. Göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı öz ərizəsində və apellyasiya şikayətində tərəflər arasında bağlanılan müqavilənin yuxarıda təsvir olunan 2ci maddəsinə istinad etsə də, müqavilənin ilkin predmetini təşkil edən 1.1 və 1.2-ci bəndlərində hər iki tərəfin öhdəliklərini nəzərdə tutan bəndin tətbiqini nəzərə almamışdır. Belə ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən vəkilə həvalə edilən tapşırığın mahiyyəti vurulmuş mənəvi zərərin tutulması ilə bağlı Cavabdeh Azərbaycan Respublikası bütün məhkəmələrində təmsil etməkdən ibarətdir və növbəti bəndlərdə nəzərdə tutulan qonorar məbləğlərinin məhz onun iddiaçını mümkün olan bütün instansiyalarda təmsil etməsi nəticəsində ödənməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarından da göründüyü kimi hazırki iş üzrə İddiaçı cavabdehi yalnız birinci instansiya və apellyasiya məhkəmələrində təmsil etmiş, işin Ali Məhkəmədə aparılması isə başqa vəkil tərəfindən həyata keçirilmişdir. Bu halda iddiaçının müqavilə üzrə razılaşdıqları, lakin təmsil etmədiyi instansiya üçün də əlavə haqq alması istər müqavilənin şərtlərinə, istərsə də tərəflərin iradəsinə uyğun deyil və müqavilədə nəzərdə tutulan 60% həcmində mükafatın tam formada ödənilməsi qanuni hesab edilə bilməz.

60. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında da qeyd edildiyi kimi, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir

61. Mülki hüququn qeyd edilən prinsiplərini nəzərə almaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə vicdanlı davranışla bağlı tələb təsbit olunmuş, vəkilin öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməli olması, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borclu olması öz əksini tapmışdır. Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının tələblərinə riayət etmək isə qanunvericiliyə müvafiq olaraq hər bir vəkilin vəzifəsi kimi müəyyən edilmişdir

62. Lakin bu hissədə birinci instansiya məhkəməsi mükafatın həcminin dəqiq müəyyənləşdirilməsində səhvə yol vermişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında bağlanılan 30 dekabr 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilədə işin uğurlu həlli nəticəsində iddiaçıya ödənilməsi təsbit olunan 60% həcmdə mükafat onun hər 3 instansiyada müvəkkilini təmsil etməsi şərtilə müəyyən olunmuşdur və iddiaçının cavabdehi həmin instansiyaların ikisində təmsil etməsi işin mübahisəsiz halını təşkil edir. Bu halda birinci instasiya məhkəməsi həmin 60%-lik mükafat miqdarını hansı əsasla məhz yarısında, yəni 30% həddində müəyyənləşdirməsini açıqlamamış, bunun hansı proporsianallıqla bölündüyünü göstərməmiş, bunun nəticəsində iddiaçının qanunla qorunan mənafelərinə zidd bir mövqe sərgilənmişdir.

63. Halbuki işin uğurlu həlli nəticəsində əldə ediləcək məbləğin 60%-i həcmində müəyyənləşdirilmiş mükafat məbləği hər 3 instansiyada təmsil etmə ilə bağlı olduğundan və həmin instansiyaların 2-sində - birinci və apellyasiya instansiyası məhkəmələrində təmsil olunma ilə bağlı şərt ödəndiyindən qeyd edilən 60% həcmdə olan mükafatın da 2/3 hissəsi, yəni 40% həcmində mükafat məbləğinin müəyyən edilməsi həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə əsasən məqsədəmüvafiqdir və bununla da ədalətli məhkəmə araşdırması təmin edilmiş olur.

64. Buna görə də kollegiya hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırki iş üzrə cavabdeh olan Cavabdeh mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası 6600 manat məbləğində təmin edildiyinə və həmin məbləğ sonuncuya ödənildiyinə görə yuxarıda qeyd edilən mövqe əsas götürülərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilməli, 6600 manat məbləğində pulun 40%-i, yəni 2640 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçı verilməlidir.

65. “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

70. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 43,33 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun 22 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya İddiaçı ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilməlidir.

72. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-666/2024 saylı qətnaməsi iddianın təmin edilən hissəsində, yəni “Cavabdeh 1980 (bir min doqquz yüz səksən) manat və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” hissəsində dəyişdirilsin və “Cavabdeh 2640 (iki min altı yüz qırx) manat və 43,33 (qırx üç manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” kimi müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun 22 (iyirmi iki) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar