Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3849/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT, "xxxx" ASC və Bank X1rşı iş üzrə (Açar sözlər: borcun silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 QSC BOKT-un nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT, "xxxx" ASC və Bank X1rşı “borcun silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-499/2023 saylı 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 QSC BOKT tərəfindən verilmiş apelyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məkhəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 1363/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı kedit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh3 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh3 QSC-yə keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanılmış, xx.xx.2011-ci il tarixli 1537 nömrəli kredit müqaviləsi üzrə üzərinə hesablanmış 25425 ABŞ dolları məbləğində borcun bütün maliyyə sənədlərindən, daxili və idarələrarası elektron məlumat sistemlərindən silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması və 220 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanmış, xx.xx.2011-ci il tarixli 1537 nömrəli kredit müqaviləsi üzrə 25425 ABŞ dolları məbləğində kredit borcunun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il 2(005)-1363/2019 saylı qətnaməsi ilə iddia müddətinin keçməsinə görə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il 2(103.)-1141/2019 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli 2(102)-460/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflər arasında mülki mübahisə həll edilmişdir. Lakin, cavabdehlər qanunsuz olaraq göstərilən borcu maliyyə sənədlərindən və elektron məlumat sistemindən silməkdən imtina edirlər və onu aktiv borc kimi göstərməyi davam edirlər. Cavabdehlər şifahi olaraq öz əməllərini belə izah etmişlər ki, məhkəmə bu barədə onların üzərinə öhdəlik qoymamışdır. Borcun silinməsi barədə onların xx.xx.2022-ci il tarixli məktublarına cavabdehlər cavab verməmişlər və bu hərəkətləri ilə borcu silmək niyyətində olmadıqlarını bir daha təsdiq etmişlər. Məhkəmə qətnaməsi ilə borcun silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulmasa da, onlar borcu, ümidsiz borc kimi silməlidirlər. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlər bu borcu ondan tələb etmək hüququnu itirmişər və bu faktı qəbul etməlidirlər. Lakin, onlar mülki hüquqlarından sui-istifadə edərək, məhkəmə qətnaməsinə məhəl qoymaq istəmirlər və bu hərəkətləri ilə onun mülki hüquqlarını kobud surətdə pozurlar. Mülki hüquq münasbətlərinin subyekti olaraq o, mülki hüquqlarını sərbəst həyata keçirə bilmir, barəsində mənfi fikir formalaşır, adına xələl gətirilir, bank, kredit və qeyri-kredit təşkilatları onunla mülki münasibətlərə girməkdən imtina edirlər.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 aprel 2023-cü il tarixli 2(009)-499/2023 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-a "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1537 saylı kredit müqaviləsi üzrə hesablanmış 25425 ABŞ dolları məbləğində borc barədə məlumatın (bütün maliyyə sənədlərindən, daxili və idarələrarası elektron məlumat sistemlərindən) mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi öhdəliyinin qoyulması, iddiaçı tərəfindən ödənilmiş 220 manat dövlət rüsumunun Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbi, mahiyyəti etibarilə onun banka olan borc məbləği haqqında məlumatların kredit reyestrində həqiqi vəziyyətə uyğun yerləşdirilməsi məqsədi daşıyır. Bu cür məlumatların verilməsi cavabdehin birbaşa vəzifəsidir. Bəhs olunan kredit müqaviləsi üzrə tələb də qüvvəsini itirmişdir və kredit reyestrində xitam verilmiş öhdəlik barədə məlumatların əksini tapması, kredit reyestrinin təyinatına uyğun gəlmir. Məlumat təchizatçısı olan Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385, 551, “İnformasiya əldə etmək haqqında” Qanuna, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh3 QSC BOKT apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia müddətinin ötməsi o demək deyildir ki, bu öhdəlikdən azaddır, həmin öhdəliklər hazırda da mövcuddur. İddiaçının kredit müqaviləsi üzrə hesablanmış 25425,73 ABŞ dolları kredit borcu olmasına baxmayaraq, borc bu günə qədər ödənilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh QSC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 551. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
23. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası iddia müddətinin keçməsinə görə rədd edilmişdir.
24. İddiaçı hazırki tələbində bu qətnamələrə əsaslanaraq həmin borcun silinməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir.
25. Birinci instansiya məhkəməsi də Mülki Məcəllənin 551-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə tələb qüvvəsini itirmişdir.
26. Cavabdeh apellyasiya şikayətində ona əsaslanır ki, iddia müddətinin ötməsi o demək deyildir ki, bu öhdəlikdən azaddır, həmin öhdəliklər hazırda da mövcuddur.
27. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslıdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına görə iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edibetməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür.
30. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.
31. Göründüyü kimi iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur.
32. İddia müddətinin ötürülməsi əsası ilə bankın iddia tələbinin rədd edilmiş olmasına əsaslanaraq İddiaçı hazırda həmin borcun silinməsini tələb etməsi əsassızdır.
33. Beləliklə, apellyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-499/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT, "xxxx" ASC və Bank X1rşı “borcun silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.