Məhkəmə qərarları › İş №2(103)-3852/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3852/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3852/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin edilsin, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 “A”, yeni yaşayış binası, A3 korpusu, 17-ci mərtəbədə yerləşən 3 otaqlı, sahəsi 145,11 kv.m təşkil edən mənzilin özgəninkiləşdirilməsi və mənzildə təmir-tikinti işlərinin aparılması cavabdehlərə və üçüncü şəxslərə iddianı təmin etmə tədbiri kimi qadağan edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə rədd olunsun. Şikayət rədd olunmalıdır. Belə ki, həmin mənzil mübahisə predmetidir. İddia ərizəsində tələb olunub ki, mənzilə dair cavabdehlərin arasında bağlanmış müqavilə etibarsız hesab edilsin və mənzil iddiaçıya təhvil verilsin. Mübahisə həll edilənə qədər mənzil özgəninkiləşdiriləcəyi təqdirdə tərəflər arasındakı mübahisə daha mürəkkəbləşəcək, mübahisəyə yeni şəxslər cəlb ediləcək, əlavə mübahisələr yaranacaq. O cümlədən mübahisə həll edilənə qədər mənzildə təmir işlərinin davam etdiriləcəyi təqdirdə tərəflər arasındakı təmir xərclərinin əvəzinin ödənilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və digər məsələlər barədə əlavə mübahisələr yaranacaq. Bütün bunlar isə son nəticədə qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizəni təmin etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar