Məhkəmə qərarları › İş №2(103)-3852/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3852/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3852/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qızı qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Bank ASC-yə olan 6184.93 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 82.25 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh ilə "xxxx" Bank ASC arasında xx.xx.2021-ci il tarixli, ********************saylı "Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə görə, Cavabdeh "xxxx" Bank ASC-ya məxsus "MC WORLD” kart növü istifadəçisidir. Həmin müqavilənin 2.1ci maddəsinə əsasən, tərəflər arasında münasibətlər bu Xidmət Müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan "Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri" (bundan sonra "Standart Şərtlər") ilə tənzimlənir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, müştəri bu Xidmət Müqaviləsini, Bankın cari tariflərini, "Standart Şərtlər"i oxuduğunu, başa düşdüyünü və tüm bəndlər ilə razı olduğunu təsdiq edir; - "Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi” müqaviləsinin Standart Şərtlərinin 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən, kart hesabına artıq səhvən mədaxil olmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinəsinə etiraz etməmək (Bənd 3.1.8), əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud "OFFLİNE” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir; - "Bank” qismində "xxxx" ASC ilə "Borclu” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Borcun hissə-hissə ödənilməsi barədə" Razılaşmaya əsasən, "Borclu” tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqaviləyə əsasən, ona verilmiş kartın istifadəsi nəticəsində "Bank” qarşısında yaranmış borcunu hissəhissə ödəməyi öz öhdəsinə götürür (Bənd 1). Tərəflər razılaşırlar ki, "Borclu"nun "Bank”a olan borcunun məbləği 9037.20 manat təşkil edir (Bənd 2). "Borclu” 9037.20 manat borc məbləğini təşkil edən pul vəsaitini 12 (on iki) ay müddətinə, aylıq 753.10 manat məbləğindən az olmayaraq, ödəməyi öz öhdəsinə götürür (Bənd 3). "Borclu" ödənişləri hər ayı son iş günündən gec olmayaraq həyata keçirməlidir (Bənd 4). "Borclu" tərəfindən ödənişlər iki dəfədən çox gecikdirildiyi halda, "Bank” bu Razılaşmanı birtərəfli qaydada ləğv edə və borcun tam məbləğdə ödənilməsini "Borclu”dan tələb edə bilər (Bənd 5). "Borclu” bu Razılaşmanın 4-cü bəndinə uyğun olaraq, ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün borcun ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu ödəməlidir (Bənd 6); - "Azər-Türk Bank” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, ”Azər-Türk Bank” ASC-nin müştərisi olan Cavabdeh məxsus debet karta xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Bununla əlaqədar olaraq Banka 6184.93 manat məbləğində ziyan dəymişdir; - "Azər-Türk Bank” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, "Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında "Fiziki şəxslərə ödəniş kartının (debet,kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Bunun nəticəsində Cavabdeh əsassız olaraq varlanmışdır və banka 9037.20 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilənlərin aradan qaldırılması məqsədilə xx.xx.2023-cü il tarixində "Bank” ilə "Borclu" arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma bağlanmış, lakin Cavabdeh tərəfindən Razılaşmanın tələbləri kobud şəkildə pozularaq, ödənişlərin vaxtında aparılmaması təmin olunmamışdır. Hazırda Cavabdeh "Bank”a 1213 (min iki yüz on üç) manat 20 (iyirmi) qəpik məbləğində gecikdirilmiş borcu vardır. "xxxx" ASC 5 (beş) iş günü ərzində gecikdirilmiş 1213.20 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin etməyini Cavabdeh xahiş etmişdir. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi Cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə "Bank” hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara mraciət edəcəyini cavabdehə bilirmişdir; - xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 81.85 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9322 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hesabdan çıxarışa əsasən "Azər-Türk bank” ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanan ******************** nömrəli "Fiziki şəxslərə ödəniş kartının(debet kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər həmin müqavilə əsasında cavabdehin istifadəsində olan kart üzrə Əməliyyatlar yerinə yetirilmiş, həmin əməliyyatlar üzrə 11.864,27 manat məbləğində mədaxil əməliyyatları, 18.049,20 manat məbləğində məxaric əməliyyatları nəticədə ödənilməmiş qalan məbləğ 6184,93 manat müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 385.1, 386.1, 390.1, 954.1, 954.2, 954.3, 956.1, 960.1, 960.2, 966, 1091.1, 1091.2, 1092.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 124.1-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, tərəflər arasında "Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixində müqavilə bağlanmışdır, müqaviləyə əsasən, Bank ödəniş kartının verilməsi iə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur, xx.xx.2021-ci il tarixdə bağlanan ******************** nömrəli "Fiziki şəxslərə ödəniş kartının (debet kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər həmin müqavilə əsasında cavabdehin istifadəsində olan kart üzrə Əməliyyatlar yerinə yetirilmiş, həmin əməliyyatlar üzrə 11.864,27 manat məbləğində mədaxil əməliyyatları, 18.049,20 manat məbləğində məxaric əməliyyatları həyata keçirilmiş, nəticədə ödənilməmiş 6184,93 manat məbləğ qalmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə Razılaşmaya əsasən, "Borclu” tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqaviləyə əsasən, ona verilmiş kartın istifadəsi nəticəsində "Bank” qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Cavabdeh iddia tələbini qəbul etmir və pulu X2 verdiyini, əsl cavabdehin o olduğunu bildirir.Məhkəmə qeyd edir ki, bank hesabı müqaviləsinə müvafiq surətdə pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası - iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 6184,93 manat məbləğində pul vəsaiti əldə etdiyindən, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 6184.93 manat alınaraq "xxxx" ASC-ə verilməlidir. Məhkəmə, cavabdehin xx.xx.2023-cü il tarixli razılşamanın etibarsız olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı bunu sübut edə bilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə cavabdehin hazırkı tələb üzrə cavabdehlik daşımaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə müqavilə münasibəti məhz onun arasında yarandığından və o, bağlanılmış müqavilə üzrə tərəf olduğundan, bank kartına köçürülmüş pul vəsaitinin kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq yaranmış öhdəliyə görə məsuliyyət məhz müqavilə tərəfin üzərinə düşdüyündən, cavabdehin bu dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmə qeyd edir ki, cavabdeh hazırkı tələbə dair cavabdehlik daşıyan şəxsdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339, 425-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin məhkəmə prosesində Mərkəzi Bankın mütəxəssislərinin iştirakı ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda təmin edilməmişdir. xx.xx.2025 tarixində xx.xx.2024 tarixli 9/9322 saylı ekspert rəyi ilə tanış oldu. Həmin savadsız rəyə etiraz etdi. Çünki mübahisə predmeti olan, İddiaçıASC-nin ziyana uğramasının subutları bu rəydə öz əksinin tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv müraciətlər göndərmək hüququ vardır. Məhkəmənin istinad etdiyi sübut haradadır və nə üçün cavabdehə təqdim edilməyib?! E-məhkəmə portalında belə sübut yoxdur. Hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025 tarixli qətnaməsi tam əsassızdır, belə ki,İddiaçı ASC pul tələb edirsə, aşağıda göstərilən sənədləri təqdim etməlidir: 1) Visa/MasterCard sistemi tərəfindən silinibsə Clearing & Settlement Report (Təmizləmə və Hesablaşma Hesabatı) - İddiaçıASC-nin hesabından məbləğin silindiyini göstərən Visa/MasterCard sistemindən çıxarış. 2) Birbaşa İddiaçıASC geri qaytarıbsa «REFUND» sənədi (pulun geri qaytarılması haqqında). Bu sənədlərdə aşağıdakı təfərrüatlar və təsdiqlər yer almalıdır: Sənəd Başlığı: "REFUND" və ya ekvivalent başlıq aydın şəkildə yazılmalıdır. Tərəflər: Pulu qaytaran tərəfin (bank) və pulun alıcısının tam məlumatları (ad, soyad, ünvan, və s.) göstərilməlidir. Qaytarılan Məbləğ: Qaytarılan məbləğ dəqiq və valyuta ilə göstərilməlidir. Səbəb: Səhvən alınmış məbləğin hansı səbəblə qaytarıldığı aydın şəkildə izah edilməlidir. Tarix: Sənədin tərtib edildiyi tarix və əməliyyatın baş verdiyi tarix yazılmalıdır. Əməliyyat İD: Bankın Möhürü və Müdirin İmzası: Möhür: Bank tərəfindən verilmiş hər hansı sənədin hüquqi qüvvəyə malik olması üçün möhür vacibdir. X4: Bu, bankın məsul şəxsi tərəfindən sənədin təsdiqləndiyini göstərir. Lakin bəzi hallarda bankın digər səlahiyyətli şəxsi də imza ata bilər. Qəbz və ya Sübut Sənədi: Pulun qaytarıldığını təsdiqləyən ayrıca sənəd və ya bank sistemində müvafiq əməliyyatın təsdiqi əlavə edilməlidir. Hüquqi Əsas: Möhür və müdirin imzası olmadan sənəd tam hüquqi qüvvəyə malik sayılmır. Əgər bank bu sənədi möhürsüz və ya imzasız təqdim edibsə, rəsmi qaydada onlardan tam təsdiqlənmiş versiya tələb edilməlidir. Bu yeganə sənəddir ki, bankın ziyana uğramasını subut edə bilər. İstənilən arayış və digər sənədlər bankın ziyana uğradığını əks etdirmir və sübut kimi istifadə oluna bilməz! Bank kredit verməyib, ziyana uğramasa, borclandıra bilməz! Həmçinin bankın sübut kimi təqdim etdiyi xx.xx.2023 tarixli razılaşma etibarsız əqddir, çünki aldatma(ziyan subut edilməyib) və hədə təsiri altında ona imzalatdırılmışdır. İddiaçıASC ziyana uğradığının sübutu kimi kart hesabımdan çıxarış təqdim edib. Hesabdan çıxarış əməliyyatların cədvəlidir. Bu cədvəlin hər sətirinin sübutları olmalıdır. Sübut-əməliyyatın təfərrüatıdır (transaction details). Əməliyyatın təfərrüatı yoxdursa, deməli həmən əməliyyatın sübutu yoxdur,əməliyyat mövcud deyil. Uyğun olaraq, belə hesabdan çıxarışı təqdim edən tərəf qarşı tərəfi aldatmaq məqsədi güdür. Hesabda qalıq pul olmadığı halda 9037,20 manat necə məxaric edilib?! Qarşı bank X6 haqda məlumatı görən varmı?! Göründüyü kimi, kart hesabindan çıxarış vəsaitin geri qaytarıldığını əks etdirmir! Çox sadə bir sənəd istəmişdir bankdan: xaricdən gələn vəsaitin geri qaytarılmasını təsdiq edən ödəmənin təfərrüatı (transaction details). Əmindir ki, yoxdur bu sənəd. Olsa idi, bank bu günədək ona və ya məhkəməyə təqdim edərdi. Ümumiyyətlə iddiaçı ziyana uğramasını sübut edə bilməmişdir! Bank ona kredit verməyib,ziyana uğramasa, onu borclandıra bilməz! Hesab edir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozulmuşdur. Əgər bank bu sənədi möhürsüz və ya imzasız təqdim edibsə, rəsmi qaydada onlardan tam təsdiqlənmiş versiya tələb edilməlidir. Həmçinin bankın sübut kimi təqdim etdiyi xx.xx.2023 tarixli razılaşma etibarsız əqddir, çünki aldatma (ziyan subut edilməyib) və hədə təsiri altında imzalatdırılmışdır. İddiaçıASC ziyana uğradığının sübutu kimi onun kart hesabından çıxarış təqdim edib. Hesabdan çıxarış əməliyyatların cədvəlidir. Bu cədvəlin hər sətirinin sübutları olmalıdır. Sübut-əməliyyatin təfərrüatidır (transaction details).Əməliyyatin təfərrüati yoxdursa,deməli həmən əməliyyatin sübutu yoxdur, əməliyyat mövcud deyil. Uyğun olaraq, belə hesabdan çıxarışı təqdim edən tərəf qarşı tərəfi aldatmaq məqsədi güdür. Hesabında qalıq pul olmadığı halda 9037,20 manat necə məxaric edilib?! Qarşı bank X6 haqda məlumati görən varmı?! Göründüyü kimi, kart hesabindan çıxarış vəsaiti geri qaytarıldığını əks etdirmir! Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442.öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1.öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1.əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 739.1.borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.4. Əgər barışıq razılaşması məhkəmə qaydasında protokol şəklində bağlanmışdırsa və ya əgər notariat qaydasında təsdiqlənmiş barışıq razılaşmasının iştirakçılarından biri üçün digər iştirakçının müəyyən iddiaları ilə əlaqədar dərhal icraata başlanırsa, onda icraat istər barışıq razılaşması üzrə, istərsə də hüquqi qüvvəsi olan məhkəmə qərarı üzrə həyata keçirilə bilər. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, "Bank” qismində "xxxx" ASC ilə "Borclu” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Borcun hissə-hissə ödənilməsi barədə" razılaşmaya əsasən, "Borclu” tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqaviləyə əsasən, ona verilmiş kartın istifadəsi nəticəsində "Bank” qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür (Bənd 1). Tərəflər razılaşırlar ki, "Borclu"nun "Bank”a olan borcunun məbləği 9037.20 manat təşkil edir (Bənd 2). "Borclu” 9037.20 manat borc məbləğini təşkil edən pul vəsaitini 12 (on iki) ay müddətinə, aylıq 753.10 manat məbləğindən az olmayaraq, ödəməyi öz öhdəsinə götürür (Bənd 3). "Borclu" ödənişləri hər ayı son iş günündən gec olmayaraq həyata keçirməlidir (Bənd 4). "Borclu" tərəfindən ödənişlər iki dəfədən çox gecikdirildiyi halda, "Bank” bu Razılaşmanı birtərəfli qaydada ləğv edə və borcun tam məbləğdə ödənilməsini "Borclu”dan tələb edə bilər (Bənd 5). "Borclu” bu Razılaşmanın 4-cü bəndinə uyğun olaraq, ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün borcun ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu ödəməlidir (Bənd 6). "Azər-Türk Bank” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ilə Banka 6184.93 manat qəpik məbləğində ziyan dəyməsi təsdiq edilmiş və bunu təkzib edən (etirazın əsasını təşkil edən) sübutlar təqdim edilməmiş, razılaşma mübahisələndirilməmiş, hansı hədələr altında razılaşmanın imzalanması açıqlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9322 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hesabdan çıxarışa əsasən "Azər-Türk bank” ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanan ******************** nömrəli "Fiziki şəxslərə ödəniş kartının(debet kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər həmin müqavilə əsasında cavabdehin istifadəsində olan kart üzrə Əməliyyatlar yerinə yetirilmiş, həmin əməliyyatlar üzrə 11864,27 manat məbləğində mədaxil əməliyyatları, 18049,20 manat məbləğində məxaric əməliyyatları nəticədə ödənilməmiş qalan məbləğ 6184,93 manat müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, rayon məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün qənaətə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar