Məhkəmə qərarları › İş №2(103)-3854/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3854/2025

09.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3854/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsədin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-778/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı MMMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kupça) alması üçün lazım olan tədbirlərin görülməsinin idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0.30 manat müəyyən olunması qərara alınmışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 4, mənzil 159 (ünvan 2 ünvanında yerləşən mənzil tam payla xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022- ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır.

3. İddiaçı MMMC-nin 01 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir.

4. Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023- cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər aşağıdakılar barədə razılığa gəldilər: “Kommunal" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi razılaşdırılmışıdır. 78845 manat məbləğində borca dair tələb hüququnun “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında “Kommunal" MMC-nin aşağıdakı qeyd olunan borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz öhdəsinə götürür: "xxxx" ASC- 66283 manat, "xxxx" MMC 4500 manat, icarə haqqı 7745 manat, digər sənədlər, yazışmalar 15 qovluq, müqavilələr, ödəniş qəbzləri, digər sənədlər 150 qovluq; -İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış 306 №- li 23 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, binada mənzil mülkiyyətçisi olaraq binanın saxlanması üzrə xidmətlər göstərilməsi və onların haqlarının ödənilməsi ilə bağlı 3 gün ərzində İddiaçı MMMC ilə müqavilə bağlanması xahiş edilmişdir.

5. İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış 27 №-li xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, sonuncudan 5 gün müddətində kommunal xidmətlərə görə yaranmış 492,20 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokolun surətindən görünür ki, 2023-cü il üçün maliyyə fəaliyyətinə dair illik planın icrası ilə bağlı hesabat təsdiq edilməsi, 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatının təsdiq edilməsi, 2025-ci il üçün maliyyə fəaliyyətinə dair illik planın təsdiq edilməsi, 2025-ci il üçün illik gəlir və xərclər smetasının təsdiq edilməsi, Nəsimi-45" MMMC-nin 2 il müddətinə İdarə heyətinin seçilməsi, "xxxx" MMMCnin 2 il müddətinə təftiş komissiyasının seçilməsi, binanın saxlanması xərclərinə görə 1 m2 üçün 30 qəpik xidmət haqqı saxlanılmaqla aylıq ödənişləri bir aydan artıq gecikdirən mənzil mülkiyyətçilərinə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0,3 %-i miqdarında cərimə hesablanması, binanın həyətində təmir və abadlıq işlərinin görülməsi, liftlərin əsaslı təmir edilməsi üçün görülməli işlərin smetası, sxemi və planının təsdiq edilməsi və o, cümlədən liftlərin təmir edilməsi üçün geri qaytarılması şərtilə 2 il ərzində 68061 manat məbləğində borcun bankdan və ya digər mənbədən götürülməsi, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi xəbərdarlığa əsasən binanın həyətinə yanğınsöndürmə texnikasının maneəsiz girişinin təmin edilməsi, ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilməsi, 166 (B) Blokuna bitişik birbaşa girişi-çıxışı olan qaraja avtomobilin həyətdən giriş çıxışının bağlanılması məqsədilə qaraj mülkiyyətçisi ilə onun sərəncam vermə hüquqları nəzərə alınmaqla razılaşdırılmasına qərar verilməsi səlahiyyətlərinin İdarə heyətinə həvalə edilməsi, Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMMC cavabdehlər X4, X9, X6, X2, Cavabdeh və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixinədək borcları yaranmış cavabdehlər: X7 - binanın saxlanması xərclərinə görə 202.30 (iki yüz iki manat 30 qəpik) X13 - binanın saxlanması xərclərinə görə 330,90 (üç yüz otuz manat 90 qəpik) X11 - binanın saxlanması xərclərinə görə 1130,60 (bir min otuz manat 60 qəpik) X3 - binanın saxlanması xərclərinə görə 399 (üç yüz doxsan doqquz) manat X8 – binanın saxlanması xərclərinə görə 664 (altı yüz altmış dörd manat) Cavabdeh – binanın saxlanması xərclərinə görə 580,20 (beş yüz səksən manat 20 qəpik) həmçinin 500 (beş yüz) manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat, korrespondensiya xərcləri 50 (əlli) manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o, cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMMC tərəfindən həyata keçirilir. “Nəsimi-45" MMMCnin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, "Nəsimi-45” MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin borcları yaranmışdır. Məlum edir ki, cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Bundan əlavə “Nəsimi-45" MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqı kimi 500 (beş yüz) manat ödənilmişdir. Hesab edir ki, həmin vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

9. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 2376/2024 saylı qərardadı ilə İddiaçı MMMC-nın cavabdehlər X4, X9, X6, X2, Cavabdeh və X5 qarşı “pul” tələbinə dair 2(005)-2376/2023 saylı mülki işdən İddiaçı MMMC-nın cavabdeh X9 qarşı pul tələbi, İddiaçı MMMC-nın cavabdeh X6 qarşı pul tələbi, İddiaçı MMMC-nın X2 qarşı pul tələbi, İddiaçı MMMC-nin Cavabdeh qarşı pul tələbi, iddiaçı "xxxx" MMMC-nın X5 qarşı pul tələbi tələbi ayrılaraq ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.

10. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə ərizəsi təqdim edərək, binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) görə xx.xx.2025-ci il tarixinədək borcu yaranmış cavabdeh: Cavabdeh – 627,80 manat pul vəsaitinin və həmçinin 500 (beş yüz) manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat, korrespondensiya xərcləri 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq “Nəsimi-45" MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-778/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 627,80 (altı yüz iyirmi yeddi manat səksən qəpik) manat borc, hüquqi xidmətə görə ödənilmiş məbləğin əvəzi kimi 100 (yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manatın tutularaq İddiaçı MMMC-nın xeyrinə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 38.1, 38.2, 119.1, 120.5, 121.1, 122.3, 135.1, 135.2.3, 137.1, 137.4, 140.1, 140.3, 141.3, 142.4, 142.10-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarına, AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 124, 218.3, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı MMMC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin də qeyd etdiyi kimi iddiaçı "xxxx" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. İş materiallarına əlavə edilmiş tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər "xxxx" MMC-nin çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı xx.xx.2022-ci il tarixədək yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi, bunun qarşılığında "xxxx" MMCnin "xxxx" ASC-yə 66283 manat, "xxxx" MMC-yə 4500 manat, icarə haqqına 7745 manat borc öhdəliklərini "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin öz öhdəsinə götürməsi barədə razılığa gəlmişdirlər. Yəni İddiaçı MMMC yaranan zaman "xxxx" MMC bütün tələb hüquqlarını İddiaçı MMMC-yə ötürmüşdür. Eyni zamanda İddiaçı MMMC də "xxxx" MMC-nin borclarını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin məhkəmə iddianın qismən tələb edilməsinin səbəbi olaraq göstərmişdir ki, "xxxx" MMMC yalnız xx.xx.2022- ci il tarixdən başlayaraq xidmət haqqına görə ödəniş tələb edə bilər. Göründüyü kimi məhkəmə düzgün qərar qəbul etməmişdir. Əgər "xxxx" MMMC "xxxx" MMC-nin borclarını ödəməyi öz üzərinə götürübsə, eyni zamanda qarşılıqlı olaraq da "xxxx" MMC-nin çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı xx.xx.2022-ci il tarixədək yaranmış 78.845 manat məbləğində tələb hüququ da "xxxx" MMMC-yə ötürülməlidir. Qanunvericiliyimizdə hətta kooperativin ləğv edilməsi və onun hüquqi varisi kimi təşkilati hüquqi forması dəyişilərək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılması da nəzərdə tutulub. Burada qanuna zidd bir əməl yoxdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-778/2025 saylı qətnaməsi əsassızdır və məhkəmə düzgün qərar qəbul etməmişdir. Buna görə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-778/2025 saylı qətnaməsi qismən ləğv edilərək iddia tam məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

15. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinin 140.3cü maddəsinə görə, ümumi yığıncaq tərəfindən qəbul edilən ödənişlər məcburi xarakter daşıya bilər. Lakin cavabdeh bu ümumi yığıncaqda iştirak etməmiş və qəbul edilən qərarla bağlı əvvəlcədən məlumatlandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə görə, müqavilənin bağlanması üçün tərəflərin iradə ifadəsi əsas götürülməlidir. Heç bir müqavilə bağlamadığını və məcburi ödənişləri qəbul etmədiyini bildirir. Məhkəməyə təqdim etdiyi sübutlarla bildirir ki, bina üçün göstərildiyi iddia edilən xidmətlər ya tam göstərilməyib, ya da keyfiyyətsiz olub. Bu səbəbdən, tələb olunan məbləğin ödənilməsi hüquqi baxımdan əsassızdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi müəyyən sübutlarla əsaslandırılmalıdır. Məhkəmə isə borcun məbləğini dəqiq araşdırmadan və İddiaçı MMMC-nin təqdim etdiyi sənədlərin düzgünlüyünü yoxlamadan qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, mənzil sahibləri yalnız öz mülkiyyət hüquqlarına mütənasib olaraq ümumi bina xərclərinin ödənilməsində iştirak etməyə borcludurlar. Lakin bu işdə məhkəmə konkret hansı xidmətlərin cavabdehin mənzilinə aid olduğunu və bu xidmətlərdən istifadə edib-etmədiyini araşdırmadan qərar qəbul etmişdir. Bundan başqa tələb edilən borcun əmlakın sahəsinə mütanasib olmadığını bildirir. Çıxarışla müəyyən edilmiş kvadratdan artıq hesablanılır. Məhkəmə iş üzrə icraatın ayrılmasını nəzərə almamış, vəkilə ödənilən xərcləri yalnız ondan tutmaq qərarına gəlmişdir. Halbuki hazırki iddia ərizəsi tək ona qarşı verilməmişdir. İddiaçı tərəfindən borcun məbləği və ödənişlərin əsaslandırılması sübut edilməli idi. Məhkəmə bu sübutların təqdim edilib-edilmədiyini dəqiq araşdırmadan qətnamə çıxarmışdır. Qətnamədə göstərildiyi kimi, binanın ümumi xərcləri mənzil sahiblərinin ümumi yığıncağında qəbul edilən qərarla müəyyən edilib. Lakin həmin yığıncaqda iştirakı olmamış və razılığı alınmamışdır. Lakin bu qərardan əvvəlcədən xəbəri olmamışdır və ona razılıq verməmişdir. Mənzil-kommunal xidmətlərinin tam və keyfiyyətli şəkildə göstərilmədiyi halları dəfələrlə bildirmişdir. Xüsusilə, liftlərin təmirinin yarımçıq qalması, blokların işıqlandırılması ilə bağlı problemlər və həyət təmizliyində ciddi çatışmazlıqlar mövcuddur. Xidmətlər tam şəkildə göstərilmədiyinə görə, onların ödənişinin tam şəkildə tələb olunması əsassızdır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yalnız onlara tam göstərilən xidmətlərə görə ödəniş etməlidirlər. Məhkəməyə təqdim etdiyi sübutlarla bildirir ki, • liftlərin təmiri yarımçıq qalıb, • blokların işıqlandırılması ilə bağlı problemlər var, • həyət və ümumi ərazilərin təmizliyi təmin edilmir. Bu səbəbdən, xidmətlərin tam göstərilmədiyi halda ödənişin məcburi tələb edilməsi Mülki Məcəllənin 385-ci maddəsinə əsasən müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi kimi qiymətləndirilməlidir və hüquqi əsası yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

20. 29.3-cü maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır;

21. 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir;

22. 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir;

23. 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir;

24. 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər.

25. 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır.

26. 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

27. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

28. 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir.

29. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

30. 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

31. 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

32. 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir

33. 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.

34. 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər.

35. 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər.

36. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

37. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

39. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

41. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Hazırki halda, qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri verdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-778/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

52. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

53. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

54. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

55. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağına əsasən yaradılmış və xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrə qədər binanın saxlanması xidmətləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. ünvan 4, mənzil 159 (ünvan 2 ünvanında yerləşən mənzil tam payla xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İddiaçı MMMC ilə "xxxx" MMC arasında mənzil mülkiyyətçilərinə olan tələb hüququnun verilməsi (78.845 manat) və borc öhdəliklərinin (66283 manat) ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşma bağlanmışdır. "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokoluna əsasən, binanın saxlanılması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m=30 qəpik, qeyri-yaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik olması qərara alınmışdır.

56. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

57. Kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 162 (ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın 1 kv.m sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Mütləq ödəniş ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Hazırda qüvvədədir.

58. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə, bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisi çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə, kommunal xidmətlərə görə haqq ödəməlidir. Bununla belə qeyd olunan binanın sahə mülkiyyətçisi, həmin binada yerləşən Blok A, 159 №-li mənzilin sahibi Cavabdeh ona məxsus olan sahənin saxlanması xərcləri çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Apellyasiya şikayətində qeyd edilənlər formal mülahizə olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

59. Məhkəmə Cavabdeh yaranmış kommunal xidmətlərə görə tutulmalı olan məbləğə münasibətdə haqlı olaraq hesab etmişdir ki, iddiaçı “Nəsimi-45" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Belə olan halda “Nəsimi-45" MMMC yalnız qeyd olunan tarixdən başlayaraq xidmət haqqına görə ödəniş tələb edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışla müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 164, mərtəbə 10, mənzil № 3 (ünvan 4, Blok A, mənzil № 159) 2022-ci ilin sentyabr ayından etibarən xx.xx.2025-ci il tarixədək borcu 627,80 manat təşkil edir. Belə olan halda Cavabdeh kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 627,80 (altı yüz iyirmi yeddi manat səksən qəpik) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

60. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə hesab edir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlar hazırki işin hallarına və mübahisənin predmetinə aid olmayan, başqa hüquqi münasibətlərə aid olan hallardır. Həmin hallar iş üzrə mövcud faktiki hallarla uzlaşmadığından hazırki işin mahiyyəti baxımından hüquqi əhəmiyyət kəsb etmir. Bu baxımdan, müəyyən iş üzrə iddia tələbindən kənara çıxan, əsaslandırılmamış və baxılan işə tətbiqi mümkün olmayan halların şikayətin dəlili qismində qeyd edilməsi əsassız olmaqla apellyasiya şikayətinin təmin olunmasına əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilə bilməz.

61. Həmçinin məhkəmə iddiaçının korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin xərcləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. İddiaçının binanın saxlanma xərcləri ödənilənədək cavabdehə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması tələbinin isə hər hansı bir qanuni əsası olmadığından təmin edilməməlidir.

62. Kollegiya qeyd edir ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iş üzrə icraatın ayrılması da nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 59 manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-778/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar