Məhkəmə qərarları › İş №2(103)-3859/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3859/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3859/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Mustafayeva (Allacova) Sevinc Akif qızı arasında xx xxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 3216 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 2271/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-2271/2021 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsində “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə” nəzərdə tutulmuşdur. Onun xx xxxx 2020-ci il tarixli ərizəsində əsas kimi “ona məlum olmayan səbəb” göstərilmiş, birinci və apelyasiya instansiya məhkəmələri bunu əsas götürərək iddianı sübut edə bilmədiyi qənaətinə gəlmişlər. Hazırki ərizəsində o, artıq əsas kimi cavabdehin əmlak ələ keçirmək niyyəti olmasını göstərmiş və bununla da onun əvvəlki iddia ərizəsi ilə hazırkı iddia ərizəsi arasında iddianın əsasına görə fərq vardır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(001)- 2271/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3463/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Mustafayeva (Allacova) Sevinc Akif qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-7448/2020 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Kollegiya qeyd edir ki, iddiaçı şikayətində hazırki iddia eyni tərəflər arasında və eyni predmet barəsində olsa da, lakin eyni əsaslar üzrə deyil, fərqli əsaslarla verildiyini bildirsə də, iddiaçı tərəfindən tərəfindən verilmiş hər iki iddia ərizəsində cavabdehin ailə qurmaq niyyətinin olmaması bildirilmiş, iddiaçının ilk dəfə müraciət etdiyi nikahın etibarsızlığı barədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ailə qurmaq niyyətinin olmamasının sübuta yetirilməməsinə görə təmin edilməmiş, apelyasiya instansiya məhkəməsi tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-2271/2021 saylı qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar