Məhkəmə qərarları › İş №2(103)-386/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-386/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-386/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili X2 iştirakları ilə İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh6-yə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 İsaq oğluna, Cavabdeh1 və Cavabdeh5 qarşı “kommersiya krediti müqaviləsi üzrə borc tələbi və borcun girov predmetlərinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-13/2020 saylı iş üzrə qəbul etdiyi 24 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh6-yə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 İsaq oğluna, Cavabdeh1 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 26.12.2016-cı il tarixə; - 105882-1-2895/4 saylı, 22.05.2015-ci il tarixli "Bərpa Olunmayan Kredit Xətti Müqaviləsi" üzrə Banka borclu olduğu 1171321.32 ABŞ dolları məbləğində əsas borcun, 102100.18 ABŞ dolları məbləğində faizin, 29637.20 ABŞ dolları məbləğində cərimənin, cəmi 1303058,70 ABŞ dolları pul məbləğinin və həmçinin məhkəməyə müraciət etmək üçün 30.00 (otuz)manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 vəCavabdeh2, Cavabdeh4 İsaq oğlu, Cavabdeh1, Cavabdeh5, "xxxx" MMC-dən müştərək qaydada alınaraq, İddiaçı-yə ödənilməsi; tələbin - tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan yaşayış sahəsi, Sumqayıt şossesində istifadədə olan 0.14253 ha torpaq sahəsində yerləşən 2160.4 kv.m ümumi, 2160.4 əsas kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (Avtosalon və Servis binası) binasına (ipotka predmetinin bazar dəyəri 1 728 000 (bir milyon yeddi yüz iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin İddiaçı-yə ödənilməsi; İpoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması; 105882-1-2895 saylı, 20 iyul 2012-ci il tarixli “Baş Kredit Razılaşması” və 105882-1-2895/4 saylı, 22.05.2015-ci il tarixli “Bərpa Olunmayan Kredit Xətti Müqaviləsi” ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 105882-1-2895 saylı, 20 iyul 2012-ci il tarixli “Baş Kredit Razılaşması” və 105882-1-2895/4 saylı, 22.05.2015-ci il tarixli “Bərpa Olunmayan Kredit Xətti Müqaviləsi”nin ləğv olunması, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 İsaq oğlundan və Cavabdeh5 müştərək qaydada 105882-1-2895/4 saylı, 22.05.2015-ci il tarixli "Bərpa Olumayan Kredit Xətti Müqaviləsi" üzrə 1171321.32 ABŞ dolları məbləğində əsas borc, 102100.18 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.276.421,50 ABŞ dolları (bir milyon iki yüz yetmiş altı min dörd yüz iyirmi bir ABŞ dolları 50 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan yaşayış sahəsi Sumqayıt şossesində istifadədə olan 0.14253 ha torpaq sahəsində yerləşən 2160.4 kv.m ümumi, 2160.4 əsas kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış (Avtosalon və Servis binası) binasına (ipoteka predmetinin ilkin satış qiyməti 4 500 000 (dörd milyon beş yüz min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması, daşınmaz əmlakın satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumenti ilə əsaslandırmışdır. Qətnamədən həmçinin Cavabdeh3 da apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı borc məbləğlərinin düzgün hesablanmadığı arqumenti ilə əsaslandırmış, həmçinin göstərmişdir ki, iş üzrə araşdırma aparılmamış, cavabdeh tərəfindən banka edilmiş ödənişlər nəzərə alınmamışdır. Bundan başqa iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmişdir. Ekspertizanın keçirilmədiyi bir halda hesablama aparılmadan sadəcə bankın məhkəməyə təqdim etdiyi rəqəmlər əsasında heç bir əsası olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bankın apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, iş üzrə təkrar ekspertiza təyin edilməklə, borc məbləğinin eləcə də ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili qətnamənin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində, Cavabdeh3 apellyasiya şikayətində isə qətnamənin bütövlükdə ləğv edilməsi xahiş edilsə də apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, cavabdeh borc məbləğinin düzgün hesablanmamasından narazı qalmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - ipoteka predmetinin ilkin satış qiymətinin və borc məbləğlərinin müəyyən edilməsi hissəsində yoxlanılır. İş materiallarında olan Cavabdeh3 ilə Bank VTВ (Azərbaycan) ASC arasında bağlanmış 20 iyul 2012-ci il tarixli, 105882-1-2895 saylı “Baş Kredit Razılaşması’'na əsasən Bank tərəfindən kredit alana 20.07.2012-ci il tarixindən 20.07.2022-ci il tarixədək 2 000 000 (iki milyon) ABŞ dollarında məbləğində kredit xətti açmışdır. İş materiallarında olan eyni tərəflər arasında bağlanmış 105882-1-2895/4 saylı, 22.05.2015-cü il tarixli “Bərpa Olunmayan Krediti Xətti Müqaviləsi”nə əsasən bank tərəfindən kredit alana 1-ci tranş üzrə 466 000 ABŞ Dolları, 2-ci tranş üzrə 794 000 ABŞ dolları məbləğində olmaqla, cəmi 1 260 000 ABŞ dolları məbləğində pul vəsaiti illik 14,5 faiz olmaqla 60 (altmış) ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, kredit alana məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan yaşayış sahəsi Sumqayıt şossesində istifadədə olan 0,14253 ha torpaq sahəsində yerləşən 2160.4 kv.m ümumi, 2160.4 əsas kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası (Avtosalon və Servis binası) 105882-NEDVİJ-276 saylı, 19.09.2012- ci il tarixli “Daşınmaz Əmlakın Sonrakı İpoteka müqaviləsi”si ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir İş materiallarından həmçinin görünür ki, Cavabdeh2, Cavabdeh4 İsaq oğlu, Cavabdeh1, Cavabdeh5 və "xxxx" MMC ilə Bank arasında müvafiq olaraq, 105893-7-2048 saylı, 15.08.2012-ci il tarixli, 105882-G_RAN-21 saylı, 24.09.2012-ci il tarixli, 107980-7- 2222 saylı 09.10.2012-ci il tarixli, 105892-7-2049 saylı, 17.08.2012-ci il tarixli, 213824 saylı, 27.12.2013-cü il tarixli “Zaminlik Müqavilə”ləri bağlanılmışdır. İş materiallarına əlavə edilmiş 29 dekabr 2016-cı il tarixli Arayışdan görünür ki, Cavabdeh3 105882-1-2895/4 saylı, 22.05.2015-ci il tarixli "Bərpa Olumayan Kredit Xətti Müqaviləsi" üzrə banka 1171321.32 ABŞ dolları məbləğində əsas borc, 102100.18 ABŞ dolları məbləğində faiz, 29637.20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1303058,70 ABŞ dolları borc pul təşkil edir. Birinci instasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına əsasən "xxxx" MMC tərəfindən verilmiş 68 saylı, 17 iyul 2019-cu il tarixli Hesabata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan yaşayış sahəsi Sumqayıt şossesində istifadədə olan 0.14253 ha torpaq sahəsində yerləşən 2160.4 kv.m ümumi, 2160.4 əsas-kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (Avtosalon və Servis binası) binasının real bazar qiyməti 4.500.000 (dörd milyon beş yüz min) manat təşkil edir. Birinci instansiya məhkəməsi əsas və faiz borcun məbləğini iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində borc məbləğini mübahisələndirdiyindən mübahisənin obyektiv həlli üçün iş üzrə ekspertiza təyin edilməklə ekspert qarşısında Cavabdeh3 ilə Bank VTV (Azərbaycan) ASC arasında bağlanmış 105882-1- 2895/4 saylı, 22.05.2015-cü il tarixli “Bərpa Olunmayan Krediti Xətti Müqaviləsi”nə əsasən (iş 1-ci cild səh. 31-41) əsasən Cavabdeh3 26.12.2016- cı il tarixə banka olan əsas və faiz borcunun məbləği müəyyən edilməsi kimi məsələ qoyulmuşdur. 28.12.2020-ci il tarixli 9/4119 saylı ekspertiza rəyindən görünür ki, işin materiallarından göründüyü kimi, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22.05.2015-ci il tarixli 105882-1-2895/4 saylı kredit müqaviləsi şərtləri əsas götrülməklə Cavabdeh3 26.12.2016-cı il tarixə "xxxx" Azərbaycan) ASC-yə olan borcu 1.338.221.06 ABŞ dolları məbləğində müəyyən olunur.: Əsas borc üzrə 1.161.39238 ABŞ dolları, faiz borcu üzrə 176.828.69 ABŞ dolları. Bundan sonra iddiaçı tərəf ekspert rəyi ilə razılaşmayaraq vəsatət verməklə, vəsatətini onunla əsaslandırmışdır ki, mühasibatlıq ekspertizasının rəyində cavabdehin banka olan borcunun məbləği azaldılmışdır. Qeyd olunanlara əsasən işin obyektiv həlli baxımından iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı məsələlər qoyulmuşdur: Cavabdeh3 ilə Bank VTV (Azərbaycan) ASC arasında bağlanmış 105882-1-2895/4 saylı, 22.05.2015-cü il tarixli “Bərpa Olunmayan Krediti Xətti Müqaviləsi”nə əsasən (iş 1-ci cild səh. 31-41) əsasən Cavabdeh3 26.12.2016-cı il tarixə banka olan əsas və faiz borcunun məbləği müəyyən edilsin; göstərilən kredit müqaviləsi üzrə borcalan tərəfindən aparılmış ödəmələrin ümumi məbləği nə qədərdir. 18.10.2021-ci il tarixli 9/5382 saylı ekspertiza rəyi ilə ilk olaraq təqdim edilmiş rəy eynilik təşkil etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdehlər, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişlər və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. İş materiallarında olan 28.12.2020-ci il tarixli 9/4119 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22.05.2015-ci il tarixli 105882-1-2895/4 saylı kredit müqaviləsi şərtləri əsas götrülməklə Cavabdeh3 26.12.2016-cı il tarixə "xxxx" Azərbaycan) ASC-yə olan borcu 1.338.221.06 ABŞ dolları məbləğində müəyyən olunur: Əsas borc üzrə 1.161.39238 ABŞ dolları, faiz borcu üzrə 176.828.69 ABŞ dolları. Buna görə də kollegiya cavabdehin borc məbləğlərinin düzgün hesablanmaması arqumentini qismən əsaslı hesab edir ve qeyd edir ki, cavabdehlərdən tutulmalı olan əsas məbləği ekspert rəyinə uyğun olaraq əsas borcun məbləği 1.161.392,38 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən, yalnız iddiaçı tərəfindən təqdim edilmiş arayışa istinad etməklə iş üzrə ekspert rəyi olmadan nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehlərdən tutulmalı olan cərimə məbləği hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, hazırki işin hallarından görünür ki, cərimə məbləğinin 3000 ABŞ dolları müəyyən edilməsi kollegiyanın qənaətinə görə əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla cərimənin 3000 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya iddiaçının - ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi barədə arqumentini də əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 68 saylı, 17 iyul 2019-cu il tarixli Hesabata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan yaşayış sahəsi Sumqayıt şossesində istifadədə olan 0.14253 ha torpaq sahəsində yerləşən 2160.4 kv.m ümumi, 2160.4 əsas -kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (Avtosalon və Servis binası) binasının real bazar qiyməti 4 500 000 (dörd milyon beş yüz min) manat təşkil edir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə obyektiv qiymət verilməsi məqsədi ilə apellyasiya baxışı zamanı da iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin 18 mart 2021-ci il tarixli QXM 372/M saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan yaşayış sahəsi Sumqayıt şossesində istifadədə olan 0.14253 ha torpaq sahəsində yerləşən 2160.4 kv.m ümumi, 2160.4 əsas -kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (Avtosalon və Servis binası) binasının bazar dəyəri 5.000.000 manat, likvid dəyəri isə 4.700.000 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya eləcə də apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əldə edilmiş əməttəşünaslıq ekspertizalarının rəylərinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi baxışı zamanı düzgün olaraq 4 500 000 (dörd milyon beş yüz min) manat dəyərində qiymətləndirilmişdir. İddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi isə işin qeyd olunan halları ilə öz təsdiqini tapmır, belə ki, tərəflər arasında bağlanmış 19.09.2012ci il tarixli “Daşınmaz Əmlakın Sonrakı İpoteka müqaviləsi”si ilə - ipoteka predmetinin bazar dəyəri 1 728 000 AZN manat məbləğində qiymətləndirilmişdir və ötən müddət ərzində həmin əmlakın iddiaçının təqdim etdiyi rəylərə əsasən müəyyən edilməsi yol verilməz olmaqla müəyyən edilmiş məbləğlər işin faktiki hallarını əks etdirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur, iddiaçının apellyasiya şikayəti isə əsassız olmuşdur. Belə olan halda iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan əsas borc məbləğinin eləcə də cəmi borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, əsas borc apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyinə uyğun olaraq 1.161.392,38 ABŞ dolları müəyyən edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərcləri tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorun özünə aid edilməlidir. Kollegiya həmçninin qeyd edir ki, apelyasiya baxışı zamanı əmlakın qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 18 mart 2021-ci il tarixli QXM 372/M saylı qiymətləndirmə hesabatı məhkəməyə təqdim edərək həmçinin qeyd edilmişdir ki, qiymətləndirmə işinə görə cavabdeh tərəfindən ödəniləcək məbləğ 1500 manat, iddiaçı tərəfindən ödəniləcək məbləğ 1000 manat təşkil edir. Kollegiya qiymətləndirmə işinə görə müəyyən edilmiş məbləği 2500 masnat həddində deyil, 500 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edərək bildirir ki, qeyd edilən məbləğin 250 manatı Cavabdeh3, qalan 250 manatı isə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-13/2020 saylı iş üzrə qəbul etdiyi 24 fevral 2020-ci il tarixli qətnaməsi cavabdehlərdən əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh6-dən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 İsaq oğlundan və Cavabdeh5 müştərək qaydada iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalı olan əsas borc 1.161.392,38 ABŞ dolları (bir milyon yüz altmış bir min üç yüz doxsan iki ABŞ dolları, otuz səkkiz sent), faiz borcu 176.828.69 ABŞ dolları (bir yüz yetmiş altı min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) məbləğində, cəmi borcun məbləği 1.341.221,07 (bir milyon üç yüz qırx bir min iki yüz iyirmi bir ABŞ dolları, yeddi sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) məbələğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 350 (üç yüz əlli) manatın 175 (bir yüz yetmiş beş) manatı iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən, 175 (bir yüz yetmiş beş) manatı isə Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qiymətləndirmə xərci olan 500 manatın 250 manatı Cavabdeh3, qalan 250 manatı isə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar