Məhkəmə qərarları › İş №2(103)-386/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-386/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-386/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(004)-1154/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə İddiaçı 7.500 manat borc almışdır. 2.Cavabdeh aldığı borcu müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya qaytarmamış, müqavilə şərtlərini pozduğu üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 vasitəsi ilə digər Cavabdeh2 ilə tanış olmuşdur. Bir müddət sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ticarətini genişləndimək məqsədi ilə ondan 7.500 manat borc almışdır. Cavabdeh2 borcu almasına dair ona xx.xx.2021-ci il tarixdə əlyazma ilə qəbz imzalayıb vermişdir. Onun Cavabdeh2 7.500 manat borc verməsindən Cavabdeh1 xəbəri olmamış, Cavabdeh1 Cavabdeh2 borc verməyi ondan xahiş etməmişdir. Cavabdeh1 borcun qaytarılması üçün zamin durmamış və borcu qaytarmağı öz üzərinə götürməmişdir. O, bir müddət sonra tanışı Cavabdeh2 ondan borc aldığı barədə Cavabdeh1 məlumat vermişdir. O, Cavabdeh1 borc verməmişdir. Cavabdeh2 borcun qaytarılmasını tələb etsə də, hazırkı vaxta kimi Cavabdeh2 ondan aldığı borcu qaytarmamışdır. Cavabdeh2 ilə onu Cavabdeh1 tanış etdiyinə görə, borcun onların hər ikisindən müştərək qaydada tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. 5.Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 o tanış etmişdir. Lakin İddiaçı Cavabdeh2 borc verməsindən onun məlumatı olmamışdır. O, İddiaçı Cavabdeh2 borc verməsini xahiş etməmişdir. İddiaçı Cavabdeh2 verdiyi 7.500 manat borcu onun əvəzinə qaytarmağı öhdəsinə götürməmişdir. İddiaçı tanışı Cavabdeh2 borcu qaytarmadığını ona bildirdikdən və məhkəməyə iddia verdikdən sonra, o Cavabdeh2 ilə əlaqə saxlamış və borcu qaytarmağı xahiş etmişdir. Cavabdeh2 borcu yavaş-yavaş ödəyəciyini bildirmişdir. O, İddiaçı borc almamış və Cavabdeh2 əvəzində borc ödəməyi də öhdəsinə götürməmişdir. Odur ki, iddia tələbinin ona qarşı olan hissədə rədd edilməsini xahiş edir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 mart 2024-cü il tarixli, 2(004)-1154/2024 saylı qətnaməsi ilə (hakim-Vahid Hacıyev) iddianın qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən borc aldığı 7.500 (yeddi min beş yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh1 qarşı olan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan:

7. Sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə İddiaçı 7.500 manat borc almışdır. Qazancından hörmət edəcəyini göstərmişdir. 8.Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 borc verməmişdir. 9.Məhəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdir ki, tərəflər arasında sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh2 borcu ödəməmişdir. 10.Məhkəmə iddia tələbini Cavabdeh1 aid hissədə əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə borc verərərkən, Cavabdeh1 xahişi və iştirakı ilə verməmiş, Cavabdeh1 borcun qaytarılması üçün İddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. İddiaçı məhkəmə iclasında izahatında Cavabdeh1 borc vermədiyini, Cavabdeh1 da Cavabdeh2 əvəzində borcu qaytarmağı öhdəsinə götürmədiyini təsdiq etmişdir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.2, 448.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı o tanımır və heç bir zaman da İddiaçı pul almamışdır. Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş qəbz onun tərəfindən nə yazılmış nə də imza edilmişdir. Həmin qəbz saxtadır. O, İddiaçı pul almamışdır. Göründüyü kimi, məhkəmə öz qətnaməsini əsaslandırarkən ilk növbədə qəbzin 2021-cı ildə tərtib ediməsindən 3 il sonra İddiaçı tərəfindən mübahisələndirməsinə, eləcə də İddiaçı izahatına istinad edərək həmin müqavilələrin bilavasitə onun-Cavabdeh2 tərəfindən imzalanması qənaətinə gəlmişdir. Təbii ki, bu yanaşma əsassız olduğu qədər də hər hansı məntiqi-hüquqi mühakiməyə sığmayan bir yanaşmadır. Çünki məhkəmə mübahisəyə bu aspektdən yanaşarkən 3 il müddətində İddiaçı tərəfindən qəbzi mübahisələndiməməsi məsələsini də nəzərə almalı idi. Onu da qeyd etmək istəyir ki, cavabdeh heç bir zaman ticarətlə məşğul olmamışdır. Onun ticarəti olmayıb, olmayan ticarətin genişləndirilməsindən də söhbət gedə bilməz. Cavabdeh tikintidə fəhlə işləmiş, hal-hazırda da fəhlə işləyir. İddiaçı fəhlə işləyən şəxsə ticarət üçün pul verməzdi. İşə onun iştirakı olmadan baxıldığından məhkəməişin həqiqi hallarını müəyyən edə bilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 17.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 20.Maddə 739.2 maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 21.Maddə 740.1.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 22.Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 23.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 24.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 aid iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında sadə yazılı formada tərtib edilmiş borc (kredit) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı öz öhdəliyini yerinə yetirərək cavabdehə borc vermiş, cavabdeh müqavilə üzrə aldığı borcu qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 33.Göründüyü kimi, Cavabdeh2 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 34.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 35.Məhkəmə kollegiyası apellyatroun iddiaçıdan borc alındığını təsdiq edən əlyazmada əks olunan yazının və imzanın ona aid olmaması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan hal ekspert rəyi ilə təkzib olunmuşdur. 36.Belə ki, apellyasiya mərhələsində əldə olunmuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertia Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1726 nömrəli eksper rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 30-cu vərəqində olan xx.xx.2021-ci il tarixli borc qəbzindəki yazılar və yazıların aşağı hissəsində “imza..” yazısının qarşısında imzanın Cavabdeh2 tərəfindən imza olunması müəyyən edilmişdir. 37.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 38.Həmçinin cavabdehin işə onun iştirakı olmadan baxılması barədə də dəlilləri də əsassız olmaqla iş materiallarından görünür ki, “AZEMİS” vasitəsilə Cavabdeh2 məxsus ***-***-**-** mobil nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 39.Kollegiya apellyatorun iddiaçı tərəfindən borcun 3 il müddətində tələb olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olduğundan, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində qətnamə qəbul olunanadək iddia müddətinin tətbiqi barədə ərizə verə bilərdi.Lakin o, bu hüquqdan istifadə etməmişdir. -Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərlən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. -Hətta borcun xx.xx.2021-ci ildə verilməsi halında Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddəti xx.xx.2024-cü ildə bitir. İddiaçı tərəfindən həmin müddət bitmədən xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. 40.Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.Eyni zamanda kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 əv 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(004)-1154/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar