Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3861/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, anasına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 118, 28 nömrəli mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən üçotaqlı mənzildə qeydiyyatda olsa da, mənzil iddiaçının anası Cavabdeh məxsusdur. 2014-cü ilin sentyabr ayında Bakı şəhərində yaşayan X2 ilə aralarında mövcud olan alqısatqı müqaviləsinə əsasən alqı-satqı prosesi notarial qaydada həyata keçirildikdən sonra 23 sentyabr 2014-cü ildən pasport qeydiyyatına düşmüşlər. Hazırda anası tərəfindən həmin mənzil 400 manata başqa şəxslərə kirayəyə verilmişdir. 2014-cü ilin aprelin 16-da atası vəfat etmiş, bundan 5 ay sonra anası bu evi almış və onu evdən qovmuşdur. O, 1993-cü ildə ünvan 2 ünvanda doğulmuş, ata və anasının yeganə övladı - varisi olaraq onlarla birlikdə 2013-cü ilin dekabr ayına kimi yaşamış, 2013-cü ilin dekabr ayından 2020ci ilin dekabr ayına kimi isə Sabunçu rayonu, sovxoz Ramana, M.Ə.Sabir küçəsindəki həyət evində şən, firavan birlikdə yaşamış, 2020-ci ildən bu günədək küçələrdə səfil, işsiz vəziyyətdə qalmışdır. Halbuki evin yeganə övladıdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-756/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 118, mənzil 28 Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 359 nömrəli reyestr kitabının 33504 nömrəli vərəqində 11 sentyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X2 -satıcı ilə Cavabdeh-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 26 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 118, 28 saylı mənzili 50.000 (əlli min) manat qiymətə alıcıya satmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 22 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 162896 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh nikahı 22 yanvar 2013cı il tarixdə 20 №-li qeyd ilə ləğv edilmişdir. İş materiallarında olan Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən 23 fevral 1993-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı 349163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23 fevral 1993-cü il tarixdə qeyd edilmişdir. X1, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan ASAN 5 tərəfindən 15 mart 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1993-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X1, anası Cavabdeh, qeydiyyat ünvanı ünvan 3 materiallarında olan ASAN 1 tərəfindən 23 sentyabr 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski PR, ev 118, m, 28 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski PR, ev 118, m, 28 ünvanında qeydiyyatdadır. İddiaçının tələbindən görünür ki, o, hazırda köçürülməsini tələb etdiyi Cavabdeh məxsus evə köçüb orada yaşamaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvad (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtlərindən çıxış edərək kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü olması, habelə həmin mənzildə onunla birlikdə yaşaması müəyyən edilməlidir. Hazırkı iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Qeyd olunan mənzilə iddiaçının anası Cavabdeh adına xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçı mülkiyyətçinin razılığı əsasında həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh qızı olmaqla, onun ailə üzvü olması mübahisəsiz olsa da, onun mübahisəli mənzildə nə vaxtsa yaşaması və cavabdeh tərəfindən həmin mənzildən zorla çıxarılması müəyyən edilmir. Belə ki, iddiaçı həmin mənzildə 5 ay ərzində yaşamasını və sonradan həmin mənzildən cavavbdeh tərəfindən qovulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli mənzildə pasport qeydiyyatında olması onun həmin mənzilə köçürülməsinə əsas vermir. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, işin araşdırılan halları və qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasaı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının köçürülməsini tələb etdiyi evə dair hər hansı əmlak hüququ, o cümlədən istifadə hüququ olmadığından onun tələbinin qanuni əsası mövcud deyildir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı mübahisəni həll edərkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-756/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3861/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3861/2022
02.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver