Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3861/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2009-cu il tarixli xidməti müqavilə bağlanılmışdır. Müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərir, sifarişçi adından əqdlər bağlayır, sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəyir.
2. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 9-cu mərtəbəsində yerləşən 32 nömrəli mənzil 1 kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzil "xxxx" MMC tərəfindən cavabdeh sifarişçiyə satılmışdır (1450 manat x 156 kv.m. = 226200 manat).
3. Ödəniş qəbzlərinin surətlərinə əsasən, sifarişçi Cavabdeh tərəfindən mənzilə görə ödənilmiş məbləğ ümumilikdə 77.000 manat və 20000 ABŞ dolları təşkil edir.
4. Mübahisəli mənzilin yertləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C saylı bina xx.xx.2018-ci il tarixdə, mübahisəli mənzil isə xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin mülkiyyətindədir, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. "xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziyə göndərilərək, aralarında olan xx.xx.2009-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
6. İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən cavabdehin və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2009cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 9-cu mərtəbəsində yerləşən 32 nömrəli mənzil "xxxx" MMC tərəfindən cavabdehə satılmışdır. Cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 226.200 (iki yüz iyirmi altı min iki yüz) manat ödəməli idi. Lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq Cavabdeh ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 133.600 (yüz otuz üç min altı yüz) manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziyə göndərilərək, aralarında olan xx.xx.2009-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı MMC mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququndan istifadə edə bilmir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulub.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e- 2(004)3316/2024 nömrəli (hakim F.A.Əlizadə) qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, iddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir.
9. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(004)3316/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixi 2(103)- 5648/2024 nömrəli iş üzrə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov, S.X.Bəhramzadə) qətnaməsi ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e- 2(004)3316/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərərk, iddia rədd edilmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
11. İddiaçı (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işdə olan sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini, və yeni qərar qəbul edilməsi mümkün olmadığı halda qətnaməni ləğv edib işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-617/2025 nörmrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2024-cü il tarixli 2(103)-5648/2024 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
15. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
16. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
17. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
18. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
19. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçı tərəfin ərizəsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq iş üzrə tərəflər arasında razılıq əldə edildiyini, bu səbəbdən iddiadan imtina etdiklərini bildirərək icraatda olan mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
22. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
23. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 24.Kollegiya hesab edir ki, iddiadan imtina barədə ərizə ikinci apellyasiya baxışı mərhələsində verildiyindən tərəflərin ödədikləri məhkəmə xərcləri özlərinə aid edilməlidir.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı MMC-nin iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli