Məhkəmə qərarları › İş №2(103)-3864/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3864/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3864/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin sahəsinə görə ödənilmiş artıq məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 68 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilən 16 mərtəbəli, 1 bloklu, 4-cü yaşayış binasından 22 saylı, ümumi sahəsi 153 m2 olan 3 otaqlı mənzil 1 m2 sahəyə görə 520 ABŞ dolları hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya 79.612 ABŞ dollarına satılmış, maliyyə arayışına əsasən iddiaçı mənzilin dəyərini tam ödəmişdir. Mübahisəli mənzilin yeni qaydalarla ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 47, mərtəbə 7, mənzil 2-dir. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışda mübahisəli mənzilin ümumi sahəsi 126,50 m2 göstərilmişdir. Hazırda iddiaçı cavabdehdən mənzilin sahəsinə görə ödənilmiş artıq məbləğin qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən mənzilə görə artıq hesablanmış 13.832 (on üç min səkkiz yüz otuz iki) ABŞ dolları pulun, (ödənilən günə olan məzənnə) ilə artıq hesablanmış 13.832 (on üç min səkkiz yüz otuz iki) ABŞ dolları pulun 17 il üzrə (13832 x 17 = 235144) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunan illik 5 faiz Bank uçot dərəcəsinə illik faiz dərəcəsinə görə 13 oktyabr 2013-cü ildən 07 aprel 2023-cü il tarixinədək olan dövr üçün 11.757 (on bir min yeddi yüz əlli yeddi) ABŞ dolları (ödənilən günə olan məzənnə ilə) Bank uçot dərəcəsinə əsasən əldən çıxmış fayda və 221 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə mənzilin ümumi sahəsinə uyğun olaraq hesablanmış dəyərini 79.612 ABŞ dolları (520 ABŞ dolları x 153.1 m2) iddiaçı cavabdehə tam ödəmişdir (Müqavilənin 2.1.2-ci maddəsi). Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. İddiaçı evinə çıxarış alınması üçün maliyyə arayışını vermədikləri üçün hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamış, bu şikayətlərdən sonra iddiaçıya xx.xx.2022-ci il tarixli maliyyə arayışı da verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, iddiaçıya həmin ünvanda ümumi sahəsi 153.1 m2 əvəzinə 126.50 m2 (26.6 m2 az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, iddiaçı cavabdehə 13.832 ABŞ dolları (26.6 m2x 520 ABŞ dolları) məbləğində artıq pul ödəmişdir. Bu hal, yəni mənzilin sahəsinin az olması iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda məlum olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə mübahisəli mənzilin ümumi sahəsinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4367 saylı ekspert rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən mübahisəli mənzilin ümumi sahəsi 126.5 m2-dir. Mənzilin divarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 153.1 m2 təşkil edir. Mənzil qanunvericiliyin (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun inşa edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə əlavə tikinti texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli, 10/8444 saylı rəyinə əsasən mübahisəli mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 134.8 kv.m m2-dir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahənin 153.1 m2-dir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 9.360 (doqquz min üç yüz altmış) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla iddiaçının xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 140 manat hissəsinin iddiaçıya, 81 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi, 150 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlə iddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh mübahisəli mənzili bu müqavilə ilə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən iddiaçının mənzilə görə MMC-yə heç bir borcu yoxdur. Hazırda iddiaçı cavabdehlə bağladığı müqavilədə mənzilin sahəsinin 153.1 m2 kimi qeyd olunmasına baxmayaraq faktiki olaraq çıxarışda 126.50 m2 olduğunu bildirərək, mənzilin hər kv.metri üçün artıq ödənilmiş, ümumilikdə 13.832 ABŞ dolları məbləğində pulun qaytarılmasını və 11.757 (on bir min yeddi yüz əlli yeddi) ABŞ dolları (ödənilən günə olan məzənnə ilə) Bank uçot dərəcəsinə əsasən əldən çıxmış fayda tələb edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, mülki işin hallarına görə tərəflərin iradəsi aralarında podrat müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Mülki Məcəllənin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır. Mülki Məcəllənin 404-cü maddəsinə istinadən diqqətə çatdırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, MMC ümumi sahəsi 153.1 m2 ibarət mübahisəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişdir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan arasında fərq 18.3 m2 təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Buna görə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, cavabdehdən mübahisəli mənzilə görə 18 m2 x 520 ABŞ dolları = 9360 ABŞ dolları pul vəsaiti iddiaçıya ödənilməlidir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alınsa ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır. Tərəflər arasında müqavilə bağlanmış və qarşılıqlı öhdəliklər müəyyən edilmişdir. İddiaçı 13 oktyabr 2005-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, MMC müqavilə üzrə mübahisəli mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, podrat münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Lakin buna baxmayaraq, nə qədər ki, hazırki mübahisəli halla bağlı tərəflər arasında mənzilin sahəsinin ölçülməsinə dair şərtlər müqavilədə öz əksini tapmamışdır, o cümlədən də, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə qeyd olunmamışdır, cavabdeh iddiaçıya Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış mənzili təhvil verməli idi. Cavabdeh isə iddiaçıya müqavilədə göstərilən sahədən 18.3 m2 daha az sahəsi olan mənzil təhvil vermiş, iddiaçı müqavilədə göstərilən 153.1 m2 sahəsi olan mənzilin hər m2 üçün 520 ABŞ dollar ödəmişdir. Bununla belə belə, birinci instansiya məhkəməsi iddia tələbinin “xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək illik 5% Bank uçot dərəcəsi üzrə 11.757 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsini təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Lakin iddiaçı əvvəla, həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır. Hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 144-1.4, 178, 404, 425.1, 439.7, 752.1, 762, 766-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-59.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. 2007-ci ildən iddia qaldırılan tarixədək iddiaçı mənzilin iddia edilən qüsuru ilə bağlı hər hansı pretenziya irəli sürməmiş, bununla da mənzili, onun iddia etdiyi qüsuru ilə qəbul etdiyini nümayiş etdirmişdir. Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən bu halda iddiaçının iddia etdiyi qüsurlarla bağlı tələb hüququ yaranmır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin iştirakı təmin olunmadığından cavabdeh tərəf iddiaçının 2007-ci ildə mənzili təhvil alıb, həmin ildə orada təmir işləri aparıb, 2008-ci ildən mənzilə köçüb yaşamağa başladığına dair sübutlarını, şahidlərini məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iddia məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Lakin, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin iştirakı təmin olunmadığından cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Cavabdeh eyni zamanda mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ayrıca ərizə vermiş, ərizəni müddətin ötməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-799/2025 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mübahisəli mənzilin dəyəri tam ödənildikdən sonra alıcıya (iddiaçıya) təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126.50 m2 göstərilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 153.1 m2 əvəzinə 134.8 m2 olan, yəni müqavilədə nəzərdə tutulandan 18.3 m2 az sahəsi olan mənzili təhvil vermişdir. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, cavabdehə birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı bildirişlər ünvan 3 ünvanı üzrə göndərilmiş, bildirişlər “ünvan tapılmır” qeydi ilə rabitə orqanı tərəfindən geri qaytarılmış, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, bundan sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdehin ünvanı olaraq məhkəmə bildirişlərinin göndərildiyi ünvandan fərqli ünvan qeyd edilmişdir. Belə olan halda hazırkı mərhələdə iddia müddətinin tətbiqi barədə ərizənin müzakirəsi mümkün sayılmışdır. İddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verərək, kollegiya onu əsassız saymış və belə qənaətə gəlmişdir ki, bu, qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 34/22 saylı maliyyə arayışı xx.xx.2022-ci il tarixdə verilmiş, mənzil üzərində iddiaçının mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126.50 m2 göstərilmişdir. Belə olan halda iddiaçı hüquqlarının pozulduğunu müvafiq çıxarış verildikdən sonra bilmiş, nəticə etibarilə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1446/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “məhkəmələr tərəflər arasındakı münasibətləri podrat münasibətləri kimi qiymətləndiriblər. Məhkəmə Kollegiyası bununla razılaşmışdır. Bununla belə, Məhkəmə Kollegiyası iddia müddətinin axımının başlanması ilə bağlı gəlinən nəticəni podrat münasibətlərini nizama salan normaların tələbi baxımından düzgün saymır. Mülki Məcəllənin 773-cü maddəsinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə görə isə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, podrat münasibətlərində sifarişçinin (hazırki işin halları baxımından iddiaçı “sifarişçi” qismindədir) tələb hüququnun hansı halda istisna edilməsi və bununla bağlı iddia müddəti ilə bağlı məsələlər qanunvericilikdə dəqiq müəyyən edilib. Cavabdeh apellyasiya baxışında iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ərizəsini də onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. İddiaçı mənzilin sahəsinin müqavilədə göstəriləndən daha az olması barədə məlumatlı olmasını daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı aldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən bildiyini demişdir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 776.1-ci maddəsi iddia müddətinin axımını sifarişçinin hüququnun pozulmasını bilməsi və ya bilə bilməsi anı ilə deyil, faktiki zamanla, yəni işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Başqa sözlə, həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üçün iddia müddətinin axımını işin qəbul edildiyi günlə şərtəndirmişdir. Bu baxımdan, mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddiaların həlli zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir və müddətin axımı qanunda nəzərdə tutulmuş qaydada işin qəbul edildiyi gündən hesablanmalıdır”. Məhkəmə Kollegiyası onu da vurğulamışdır ki, podrat münasibətlərində iddia müddətinin axımının hansı vaxtdan hesablanması ilə bağlı Ali Məhkəmənin ümumi təcrübəni müəyyən edən “3 ulduz”la işarələnmiş qərarı da mövcuddur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin axımını iddiaçının mənzilə çıxarış alması anından hesablaması düzgün olmamışdır. Bu isə cavabdehin iddia müddətinin tətbiq barədə verdiyi ərizədə göstərilən halların yoxlanılmasını zəruri edirdi. İşin mübahisəsiz halına görə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair müqavilə 13 oktyabr 2005-ci ildə bağlanıb, iddiaçı hazırki iddianı 23 aprel 2024-cü ildə məhkəməyə vermişdir. Nə işdən, nə də müqavilədən mənzilin təmirli vəziyyətdə təhvil verilməsi də müəyyən edilməyib. Təcrübədə təmirsiz əldə edilmiş mənzilin təmirinin alıcı (sifarişçi) tərəfindən həyata keçirilməsi halları geniş yayılıb. Mənzilin real sahəsinin nə qədər olması isə təmir üçün zəruri olan mal-materialların alınması və çəkilən xərclərin məbləğinin hesablanması zamanı nəzərə alınmalı olan əsas meyarlardan biridir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin iddia müddətini ötməsi ilə bağlı dəlillərinə əhəmiyyət verməmiş, mənzilin iddiaçıya nə vaxt təhvil verilməsi, iddiaçının mənzildə təmir işləri aparıb-aparmaması, iddiaçının mənzilə nə vaxt köçməsi kimi hallara aydınlıq gətirməmiş, bu barədə iddiaçını sorğu-sual etməmiş, üstəlik, iddia müddətinin axımını da iddiaçının mənzilə dair çıxarış aldığı vaxtdan hesablamaqla, podrat müqaviləsi üzrə iddia müddətinin axımının nə vaxtdan başlamalı olması barədə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Halbuki, qeyd edilən hallar müddətin axımının başlanmasının müəyyən edilməsində və nəticədə iddianın qanuni və əsaslı həllində mühüm əhəmiyyət kəsb etmişdir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etsə də, qətnamə ilə iddia tələbi qismən təmin edilmiş və iddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Şəhərsalma və Tikinti Məcəlləsi: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə Kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ümumi sahəsi 153 m2 olan mübahisəli mənzilə dair xx.xx.2005-ci il tarixli, 68 nömrəli müqavilə bağlanmış, müqavilədə mənzilin, hər 1 m2 sahəsinə görə 520 ABŞ dolları olmaqla, ümumi dəyəri 79.612 ABŞ dolları müəyyən edilmiş, iddiaçı mənzilin dəyərini tam ödəmişdir. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışda mübahisəli mənzilin ümumi sahəsi 126.50 m2 göstərilmişdir. Hazırda iddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışda mənzilin ümumi sahəsinin 126.50 m2 göstərilməsini, bunun da xx.xx.2005-ci il tarixli müqavilədə müəyyən edilən sahədən (153 m2) daha az olmasına istinad edərək, artıq sahəyə görə ödənilmiş pulun geri qaytarılmasını xahiş edir. Cavabdeh isə əvvəlki apellyasiya baxışında iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizəni də onunla əsaslandırmışdır ki, iddiaçı mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. 2007-ci ildən iddia qaldırılan tarixədək iddiaçı mənzilin iddia edilən qüsuru ilə bağlı hər hansı pretenziya irəli sürməmiş, bununla da mənzili, onun iddia etdiyi qüsuru ilə qəbul etdiyini nümayiş etdirmişdir. Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən bu halda iddiaçının iddia etdiyi qüsurlarla bağlı tələb hüququ yaranmır. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi təsbit edilsə də, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə qəbul edilməklə həmin ərizəyə işin müəyyən edilmiş halları ilə birlikdə qiymət verilməlidir, çünki məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmaqla cavabdeh tərəfin iş üzrə ərizə, vəsatət və sübutlarını təqdim etmək imkanından məhrum edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı mübahisəli mənzili 2007-ci ildə qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. İddiaçı isə mənzilin sahəsinin müqavilədə göstəriləndən daha az olması barədə məlumatlı olmasını daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı aldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən bildiyini demişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 773-cü maddəsinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsi iddia müddətinin axımını sifarişçinin hüququnun pozulmasını bilməsi və ya bilə bilməsi anı ilə deyil, faktiki zamanla, yəni işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Başqa sözlə, həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üçün iddia müddətinin axımını işin qəbul edildiyi günlə şərtəndirmişdir. Hazırda isə mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddiaların həlli zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir və müddətin axımı qanunda nəzərdə tutulmuş qaydada işin qəbul edildiyi gündən hesablanmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair müqavilə 13 oktyabr 2005-ci ildə bağlanıb, iddiaçı hazırki iddianı 7 aprel 2023-cü ildə məhkəməyə vermişdir. Bununla belə iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. Kollegiyanın iclasında iddiaçı mübahisəli mənzildə 2009-cu ildə yüngül təmir işi aparmaqla yaşamasını və 2013-cü ildən də həmin ünvanda qeydiyyatda olmasını etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəf mənzili qəbul etmiş, yüngül olsa da təmir işləri apararaq mənzili yaşayış üçün yararlı hala salmış və mənzildə yaşamaq üçün zəruri olan elektrik enerjisi eləcə də su və çirkab tələbatının təmin edilməsi üçün müvafiq müqavilələr bağlamaqla istifadə etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edən zaman Mülki Məcəllənin 776.1-ci maddəsinə qeyd edilən 5 illik iddia müddətini ötürmüşdür. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfin mənzildə məhz çıxarış əldə etdiyi vaxtdan yaşaması işin halları ilə təsdiqini tapmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfin iddia müddətinin keçməsi barədə ərizə verdiyindən məhkəmənin iddianın rədd edilməsi barədə qərar çıxarması üçün əsasdır. Beləliklə Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Həmçinin iddia tələbi rədd edildiyi üçün birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat ekspertiza xərci iddiaçıdan tutulmalı, Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 405 vı 420-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdehndən mənzilə görə artıq hesablanmış 13.832 (on üç min səkkiz yüz otuz iki) ABŞ dolları pulun, (ödənilən günə olan məzənnə) ilə artıq hesablanmış 13.832 (on üç min səkkiz yüz otuz iki) ABŞ dolları pulun 17 il üzrə (13832 x 17 = 235144) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunan illik 5 faiz Bank uçot dərəcəsinə illik faiz dərəcəsinə görə 13 oktyabr 2013-cü ildən 07 aprel 2023-cü il tarixinədək olan dövr üçün 11.757 (on bir min yeddi yüz əlli yeddi) ABŞ dolları (ödənilən günə olan məzənnə ilə) Bank uçot dərəcəsinə əsasən əldən çıxmış fayda və 221 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi” barədə iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Həmçinin iddia tələbi rədd edildiyi üçün birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat ekspertiza xərci iddiaçıdan tutulmalı, Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar