Məhkəmə qərarları › İş №2(103)-3867/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3867/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3867/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, Həmçinin, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022cu il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair 13 yanvar 2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilə bağlanan tarixdə iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmiş, bu barədə maliyyə arayışı verilmişdir. Artıq yeddi ildir ki, mənzilin ona təhvil verilməsini gözləyir, üç ildir ki, başqa yerdə kirayə qalır və hər ay 800 manat kirayə haqqı ödəyir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, mənzili ona təhvil vermir. Tərəfindən cavabdehə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları da cavabsız qalmışdır. Onda olan məlumata görə cavabdeh şirkət mənzilləri başqa şəxslərə sataraq qeyri-qanuni yollarla varlanmaq niyyətindədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin olunmuş, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. İkinci iş üzrə, iddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu. A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair Müqavilə bağlanmışdır və mənzilin ümumi dəyərinin hamısı, yəni hər 1 kv.m üçün 750 manat olmaqla, cəmi 105225 manat məbləğində pul MTK-ya ödənilmişdir. Cavabdeh MTK yüksək mərtəbəli yaşayış binasını imkanı daxilində tez tikib yekunlaşdırmaq istəsə də, müəyyən səbəblərdən tikintinin başa çatdırılması yubanmış, son illər isə ölkədə yaranmış pandemiya səbəbindən tikinti işlərinin başa çatdırılması mümkün olmamışdır. Ona görə də İddiaçı 29 sentyabr 2019-cu il tarixdə MTK-ya müraciət edərək, həmin mənzilin MTK tərəfindən satılmasına və MTK-nın öz hesabına həmin mənzilə görə ödədiyi 105225 manat ödənişin ona geri ödənilməsini xahiş etmişdir. MTK İddiaçı bu xahişini nəzərə almış və tərəflər arasında qarşılıqlı razılaşma imzalanmışdır. Razılaşmaya əsasən həmin vəsait tam olaraq 30 mart 2020-ci il tarixədək İddiaçı ödənilməlidir. Bundan əlavə, ümumi qarşılıqlı razılaşmaya görə MTK tərəfindən həmin vəsaitin ödənişi hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin vəsait MTK tərəfindən İddiaçı şəxsi bank hesabına, bank kartına və ya ona nağd şəklində həyata keçiriləcəkdir. Bu seçimi İddiaçı özü edəcəkdir və bu barədə MTK-nın rəhbərinə məlumat verəcəkdir. MTK tərəfindən vəsait tam bağlandıqdan sonra İddiaçı MTK-ya aid olan mənzilin bütün sənədlərini MTK-ya qeyd-şərtsiz qaytarmalı və gələcəkdə bu mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Bu razılaşmaya əsasən MTK tərəfindən İddiaçı 25 iyun 2020-ci il tarixdə 10000 manat, həmin tarixdə əlavə olaraq 20000 manat. 03 dekabr 2021-ci il tarixdə 10000 manat və əlavə olaraq 5000 manat, ümumilikdə 45000 manat pul ödənilmişdir. Lakin buna baxmayaraq İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-cu il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci iş üzrə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Cavabdeh MTK ilə onun arasında Bakı şəhəri, Səbail rayonu. A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair 10 oktyabr 2013-cü il tarixdə müqavilə bağlanması, həmin mənzilin ona təhvil verilməsi, oranı təmir edərək, ailə üzvləri ilə orada yaşaması, sonradan ona İddiaçı Cavabdeh MTK-ya qarşı iddia qaldırmasının və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi ilə iddianın təmin olunmasının məlum olması, halbuki onun müqaviləsinin İddiaçı müqaviləsindən daha əvvəl bağlanması, belə olan halda onun mübahisəli mənzilə dair hüquqlarının daha üstün olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İkinci iş üzrə iddiaçı Cavabdeh MTK apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: 15 iyul 2022-ci il tarixdə yerində müayinə zamanı iştirak edən apellyasiya şikayətləri vermiş şəxslərin nümayəndəsi Vəkil1 verdikləri apellyasiya şikayətlərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən Cavabdeh MTK ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu. A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair 13 yanvar 2014-cü il tarixdə müqavilə bağlanmış, həmin tarixdə iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmiş, bu səbəbdən də iddiaçının adına maliyyə arayışı verilmişdir. Lakin sonradan tərəflər arasında 12 dekabr 2019-cu il tarixli razılaşma imzalanmış, razılaşmaya əsasən 150000 manat pul vəsaiti hissə-hissə (hər ay 50000 manat olmaqla) 30 mart 2020-ci il tarixədək İddiaçı ödənilməli, bundan sonra İddiaçı mənzildən imtina etməli idi və mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Bu razılaşmaya əsasən MTK tərəfindən İddiaçı 25 iyun 2020-ci il tarixdə 10000 manat, həmin tarixdə əlavə olaraq 20000 manat. 03 dekabr 2021-ci il tarixdə 10000 manat və əlavə olaraq 5000 manat, ümumilikdə 45000 manat pul ödənilmiş, lakin maddi vəziiyyət imkan vermədiyindən pul vəsaiti müəyyən olunmuş müddət ərzində tam ödənilməmişdir. Tərəflər arasında qeyd edilən razılaşma olduğundan mübahisəli mənzil Maraqlı şəxs satılmışdır. İddiaçı hazırda yaşadığı mənzil müqavilədə göstərilən mənzil deyildir. Buna baxmayaraq Maraqlı şəxs hansı mənzildə yaşamasını deyə bilmir. Məhkəmə baxışında iştirak edən İddiaçı apellyasiya şikayətlərini əsassız sayaraq, əvvəl verdiyi izahatlara uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hər iki iş üzrə qətnamələr qanuni və əsaslıdır. İlkin olaraq onun özünün iddia tələbi üzrə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Maraqlı şəxs təqdim etdiyi 10 oktyabr 2013-cü il tarixli müqavilə sonradan arxa tarixə tərtib edilməklə qanunsuz və əsassızdır. O və binədə yaşayan şəxslər (qonşular) Maraqlı şəxs adlı şəxsi tanımır. Bu hal məhkəmə kollegiyasının yerində müayinə zamanı dindirilmiş qonşular tərəfindən də təsdiq olunmuşdur. Maraqlı şəxs apellyasiya şikayətində mübahisəli mənzili təmir edib orada yaşadığını bildirsə də, bu hal da yerində müayinə zamanı öz təsdiqini tapmamış, maraqlı şəxsin nümayəndəsi və vəkili onun yaşadığı mənzili göstərə bilməmişdir. Bununla yanaşı, əgər Cavabdeh MTK həqiqətən onun mənzilini daha əvvəl Maraqlı şəxs satmışdırsa o zaman niyə bu halı birinci instansiya məhkəməsində bildirməmişdir. Halbuki, istər Cavabdeh MTK-nın, istərsə də Maraqlı şəxs nümayəndəsi və vəkili eyni şəxsdir. Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti verə bilmədiyindən, sonradan belə bir uydurma halı irəli sürmüşdür. Hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti tam əsassızdır və təmin olunmamalıdır. Bununla yanaşı, digər iş üzrə Cavabdeh MTK-nın da apellyasiya şikayəti əsassızdır. Cavabdeh MTK iddia tələbində aralarında bağlanmış razılaşmaya istinad etsə də, həmin razılaşmanı özü pozmuş, müəyyən olunmuş müddət ərzində 150000 manat pul vəsaitini ona ödəməmişdir. Həmin razılaşmanın üzərindən 2 ildən çox vaxt keçmişdir, halbuki, Cavabdeh MTK 30 mart 2020ci ilədək pul vəsaitini tam ödəməli idi. Belə olan halda isə onun müqaviləsi və mənzil üzərində hüquqları qüvvədədir. Hesab edir ki, Cavabdeh MTK-nın da apellyasiya şikayəti tam əsassızdır və təmin olunmamalıdır. O, bir müddətdir ki, icra məmurları tərəfindən mübahisəli mənzilə köçürülmüş, oranı təmir etmiş və ailəsi ilə birlikdə yaşayır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan, tərəflər arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə ilə İddiaçı (payçı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin hər 1 kv.m üçün 750 manat, cəmi 105225 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. İşdə olan Cavabdeh MTK tərəfindən verilmiş 13 yanvar 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 8-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-in 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. MM-in 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh MTK tərəfindən İddiaçı ilə bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin həqiqiliyi, həmçinin həmin müqaviləyə əsasən mənzilin ümumi dəyəri üçün 105225 manat pulun ödənilməsi halı mübahisələndirilməmişdir. Buna baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli bina və müqavilədə nəzərdə tutulmuş mənzil tikilib hazır olmasına baxmayaraq MTK tərəfindən İddiaçı təhvil verilməmiş, bu səbəbdən də sonuncu hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən (cavabdeh MTK tərəfindən sonradan apellyasiya şikayəti verilsə də, qəbul edilməmiş, müddətin bərpasına dair ərizə təmin olunmamış, şikayət qaytarılmışdır), qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarından və eyni tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş, mübahisəli mənzil tələbkar (iddiaçı) İddiaçı təhvil verilmişdir. Bundan sonra, üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş, şikayətdə - Cavabdeh MTK ilə onun arasında mübahisəli yaşayış sahəsinə dair 10 oktyabr 2013-cü il tarixdə müqavilənin bağlanmasını, həmin mənzilin ona təhvil verilməsini, oranı təmir edərək, ailə üzvləri ilə orada yaşamasını və s. göstərmişdir. Şikayətə əlavə olunmuş, Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanması qeyd edilmiş 13 oktyabr 2013-cü il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının kserosurətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok 8-ci mərtəbədə yerləşən tam sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin tikintisi ilə əlaqədar bağlanmış, eyni zamanda Maraqlı şəxs mənzilin hər 1 kv.m üçün 1200 manat, cəmi 168360 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüş, həmin pul vəsaiti tam ödənilmişdir, MTK-ya borc yoxdur. Göründüyü kimi, iddiaçının və üçüncü şəxsin təqdim etdiyi müqavilələrdə yaşayış sahələri eyni qeyd olunmuşdur. Həmçinin, müqavilələrə əsasən tərəflər arasında podrat münasibətləri yaranmışdır. Eyni zamanda, üçüncü şəxs yaşayış sahəsinin ona təhvil verilməsini, oranı təmir edərək yaşamasını göstərsə də, yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarından və eyni tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş, mübahisəli mənzil tələbkar (iddiaçı) İddiaçı təhvil verilmişdir. Bu səbəbdən də, iş üzrə tam və ətraflı araşdırma aparılması, həmçinin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən yerinə müayinə həyata keçirilmiş, müayinədə həmçinin İddiaçı və üçüncü şəxsin (eləcə də Cavabdeh MTK-nın) nümayəndəsi Vəkil1 iştirak etmişdir. Yerində müayinə zamanı məhkəmə kollegiyası tərəflərin də iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokuna daxil olmuş, liftin “8” düyməsi basılaraq mərtəbəyə qalxmışlar. İddiaçı faktiki yaşadığı mənzilə vizual baxış keçirilmiş, mənzil təmirli olmaqla, orada iddiaçının ailə üzvləri ilə yaşaması müəyyən olunmuşdur. Eyni zamanda yerində müayinə zamanı şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, o, İddiaçı tanıyır, onunla qonşu olmaqla, eyni mərtəbədə, yəni 8-ci mərtəbədə yaşayır. İddiaçı hazırda yaşadığı 3 otaqlı mənzil təqribən 2022-ci ilin mart ayında icra məmurları tərəfindən ona təhvil verilmiş, Emil bir müddət oranı təmir etməklə, hazırda ailə üzvləri ilə yaşayır. Maraqlı şəxs adlı şəxsi isə ümumiyyətlə tanımır, bir qonşu kimi adını belə eşitməmişdir. Maraqlı şəxs orada yaşamasını və ya hansısa mənzili təmir etməsini görməmişdir. Yerində müayinə zamanı üçüncü şəxsin (həmçinin Cavabdeh MTK-nın) nümayəndəsinə Maraqlı şəxs təmir edərək yaşadığı mənzilin göstərilməsi təklif olunsa da, nümayəndə konkret mənzili göstərə bilməmişdir. Bununla yanaşı, üçüncü şəxsin nümayəndəsi İddiaçı hazırda yaşadığı mənzilin müqavilədə göstərilən mənzil olmamasını bildirsə də, məhkəmə kollegiyası hazırki icraat çərçivəsində bu halı araşdırmağı zəruri hesab etməmişdir. Çünki, iddia tələbi məhz Cavabdeh MTK-ya yönəlməklə müqavilədə göstərilən mənzilin təhvil verilməsi ilə bağlıdır. İcra vaxtı iddiaçıya konkret mənzilin təhvil verilibverilməməsi hazırki iddianın qanuni həlli baxımından əhəmiyyətli deyildir (hər bir halda apellyasiya baxışı zamanı bunun əksini təsdiq edən mötəbər sübut da təqdim olunmamışdır). Əksinə, üçüncü şəxs apellyasiya şikayətində müqavilədə göstərilən mənzilin ona təhvil verilməsini, orada yaşamasını qeyd etsə də, yerində müayinə zamanı həmin tərəf konkret mənzili təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh MTK nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya şikayətində (yuxarıda qeyd edildiyi kimi cavabdeh MTK-nın apellyasiya şikayəti qəbul edilməmişdir) mübahisəli yaşayış sahəsi ilə bağlı Maraqlı şəxs ilə də müqavilə bağlanmasını, həmin mənzilin əslində İddiaçı deyil, Maraqlı şəxs məxsus olmasını, mənzilin məhz sonuncuya təhvil verilməsini və s. bu kimi halları bildirməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi – həm Cavabdeh MTK, həm də Maraqlı şəxs eyni nümayəndə (vəkil) tərəfindən təmsil olunur. Bu hal isə özü-özlüyündə həmin şəxslərin bir mövqeydə olmasını göstərir. Əksinə, Cavabdeh MTK işdə olan apellyasiya şikayətində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binasında heç kəs tərəfindən təmir-tikinti işləri aparılmış və heç bir sakin mənzillərinə köçüb yaşamır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini, eləcə də mübahisəli yaşayış sahəsinin ona təhvil verilməsi, oranı təmir edərək yaşaması barədə apellyasiya şikayətinin dəlillərini əsaslandıra və sübut edə bilməmişdir. MM-in 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. MM-nin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənindir. Mülki Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Üçüncü şəxs etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ikinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-cu il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsindən iddiaçı Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti də əsassızdır. Həmin iş üzrə iddiaçı Cavabdeh MTK tələbinin əsası kimi cavabdeh İddiaçı ilə sonradan, yəni 12 dekabr 2019-cu il tarixdə bağlanmış razılaşmaya istinadən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müəyyən olunmuşdur ki, həmin razılaşmanın şərtlərinə məhz Cavabdeh MTK tərəfindən riayət olunmamış, razılaşmada nəzərdə tutulmuş 150000 manat pul vəsaiti müəyyən olunmuş 3 ay müddət ərzində (30 mart 2020-ci il tarixədək) İddiaçı ödənilməmişdir. Halbuki, razılaşmanın şərtinə görə MTK tərəfindən qeyd edilən vəsait tam bağlandıqdan sonra İddiaçı mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Lakin, Cavabdeh MTK müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda isə 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğvi barədə tələb əsassız olmaqla, istər qanunvericiliyin tələblərinə, istərsə də tərəflər arasında olan razılaşmanın mahiyyətinə uyğun deyildir. MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmaqla, kifayət qədər əsaslandırılmış, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Eləcə də işdə iştirak edən şəxslərin izahatları özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti, həmçinin iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-cu il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsindən iddiaçı Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-cu il tarixli 2(011)-1545/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar