Məhkəmə qərarları › İş №2(103)-3868/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3868/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3868/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar X4 və X2, onların vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X12 və X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11,400 ABŞ dolları pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, əvvəlki məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.Həmçinin əvvəlki məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçılar Rahmani ( əvvəlki soyadı Quliyeva ) Vüsalə Cəbrayıl qızı və İddiaçı2 tərəfindən “Zaminbank" ASCnın "Uğur" filialına X7 banka olan kredit borcu hesabına 8750 ( səkkiz min yeddi yüz əlli ) ABŞ dolları məbləğində ödəniş etmişlər və həmin ödənişlə bağlı qəbzlərə əvvəlki məhkəmə mübahisələri zamanı qəbul edilmiş qətnamələrdə qiymət verilib. Eyni zamanda əvvəlki məhkəmə mübahisələri zamanı qəbul edilmiş qətnamələrdə ( qərardadlarda ) X13 Ali Rəhmanidən 6550 ( altı min beş yüz əlli) manat aldığı adıçəkilən şəxsin yazılı ərizəsi ilə təsdiq edilmişdir. Eyni zamanda Ləğv prosesində olan "xxxx" ASC-ın iddiaçı qismində cavabdehlər Şamil Novruzov və Əli Cəbrayılova qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair Səbail rayon məhkəməsinin icraatında olmuş 2(009)-87/2020 saylı mülki işin materiallarında olan 22282 nömrəli, 05 fevral 2020-ci il tarixli məhkəməmühasibatlıq ekspertiza rəyindən də görünür ki, mərhum Şamil Novruzovun "xxxx" ASC ilə bağladığı 112 və 113 saylı kredit müqavilələri üzrə ödənilmiş 11.100.33 ( on bir min yüz dollar 33 sent) ABŞ dollarından 2649.00 ( iki min altı yüz qırx doqquz ) ABŞ dollarının kim tərəfindən ödənilməsi barədə qəbz olmadığından həmin məbləğin kim tərəfindən ödənilməsi müəyyən edilməyib. Halbuki, iddiaçılar əvvəlki məhkəməyə təqdim etdiyi iddia ərizələrində və məhkəmə izahatlarında da göstəriblər ki, mübahisəli avtomobillə bağlı banka birinci dəfə ödəniş edən zaman məlum olmuşdur ki, Şamil Novruzov banka əvvəlki aylarda ödəniş etmədiyindən onun əvvəlki aylara görə faiz borcu və həmin borca görə cəriməsi olmuşdur. İddiaçı, Ali Rahmanı, Əli Cəbrayılovla birlikdə Şamil Novruzovun əvvəlki aylara görə borcunu ödəsələr də, buna görə ona hər hansı ödəniş qəbzi verilməmişdir. Buna görə də ödəniş qəbzi olmayan lakin mərhum Şamil Novruzovun banka olan 112 və 113 saylı kredit borclarına görə "xxxx" ASC-yə ödənilmiş 2649.00 ABŞ dolları da iddiaçılar tərəfindən ödənilmiş məbləğ hesab edilməli və onlara qaytarılmalıdır. Beləliklə, əvvəlki məhkəmə mübahisəsi zamanı müəyyən edilmiş hallardan və hazırkı işdə olan materiallardan da görünür ki, mərhum Şamil Novruzov, daha sonra onun vərəsələri, hazırkı iş üzrə cavabdeh qismində olan hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıların hesabına əsassız ( qanunsuz ) varlanmışlar. Əvvəlki məhkəmə mübahisələri zamanı əldə edilmiş sübutlardan da görünür ki,( Bax: iş № 2(009)-224/2021 saylı mülki işin materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********29 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu) Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzilin mülkiyyət hüququ X7 adına qeydiyyatdan keçmişdir, mərhum Şamil Novruzovun birinci növbədə qanun üzrə vərəsələri və eyni zamanda mərhum Şamil Novruzovun prosessual hüquqi varisləri qismində hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şamil Novruzova məxsus Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a, 42 saylı evdə yaşayır və həmin mənzildə qeydiyyatdadırlar. Bundan əlavə məhkəmə qətnamələri zamanı əldə edilmiş sübutlardan da iddiaçıların mərhum Şamil Novruzovun kredit borclarına görə 8750 ABŞ dolları ödəməsi bankın ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil üçün ödənilmiş 8750 ABŞ dolları ödəniş qəbzləri ilə təsdiqini tapmış məbləğ və X13 yazılı ərizəsi ilə öz təsdiqini tapmış 6550 manatla yanaşı, mərhum Şamil Novruzovun kredit müqaviləsinə görə iddiaçılar tərəfindən banka ödənilmiş, lakin ödəniş qəbzi verilməmiş digər məbləğlərə də məhkəmə tərəfindən qiymət verilərək iddiaçıların hesabına əsassız varlanmış şəxslərdən geri alınaraq onlara qaytarılmalıdır. Bununla da, 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil üçün iddiaçılar tərəfindən ümumilikdə ödənilmiş 18550 ABŞ dolları məbləğində vəsaitin Əli Cəbrayılov ödənilmiş hissəsi çıxılmaqla, yerdə qalan 11400 ABŞ dolları cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməlidir. Eyni zamanda iddiaçıların məhkəməyə iddia ərizəsi vermək üçün ödədikləri dövlət rüsumu da cavabdehlərdən tutularaq onlara ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(009)- 2633/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 8,750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub X12 və X5 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub X12 və X5 ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasından birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Belə ki, iddiaçıların da qeyd etdikləri kimi İddiaçı2 Məmmədtağı oğlu BMW 535 markalı, **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün X19 ilə razılığa gəlmişdir. Bu razılaşmada mərhum X7 iştirakı və marağı olmamışdır. Belə olan halda iddia onlara qarşı deyil, məhz X17 qarşı qaldırılmalı idi. BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflər arasında olan razılaşmanın baş tutmama səbəbinə nəzər saldıqda görünür ki, İddiaçı2 Məhəmmədtağı oğlu mərhum X7 adına "xxxx" ASC-də olan 112 saylı kredit müqaviləsi üzrə ödəniş edib, BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekadan azad edərək, onun öz adına sənədləşdirilməsini təmin etməli olduğu halda, səhvə yol verərək, ödənişlərin bir qismini 112 saylı kredit müqavilə üzrə deyil, səhvən 113 saylı kredit müqaviləsi üzrə etmiş ki, bunun nəticəsində 112 saylı kredit müqaviləsi üzrə borc tam olaraq ödənilməmiş, avtmobili ipotekadan azad etmək mümkün olmamış və razılaşma da baş tutmamışdır. Razılaşmanın baş tumamasının səbəbkarı məhz iddiaçı tərəf olmuşdur. İddiaçı tərəfin düzgün ödəniş etməməsinin nəticəsi olaraq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu onlara qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc məbləğinin onlardan tutulması və tutmanın 112 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş BMW 535 markal, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini təmin etdirmişdir. Əgər iddiaçı tərəf "xxxx" ASC-yə ödəniş edən zaman səhvəyol verməsəydi halhazırda avtomobilə tutma da yönəldilməzdi. Məhkəmə iclasında vəkilləri tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilərək, bildirildi ki, iddiaçılar məhkəmə iclasında eləcə də iddia ərizələrində də bildirirlər ki, BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün sonuncu ödənişi etdikdən sonra (sonuncu ödənişin tarixi: xx.xx.2017-ci il, bu tarix iş materiallarında olan sənədlərdə, qəbzdə də var) "xxxx" ASC-yə müraciət edən zaman müəyyən ediblər ki, Şamil Novruzovun adına 2 müqavilə var, 112 və 113 saylı, ödənilən pullar hər iki müqavilə üzrə olan borclardan silinib, sözügedən avtomobili öz adlarına qeydə aldıra bilməmişlər və sair. Göründüyü kimi iddiaçılar iddia edir ki, xx.xx.2017-ci tarixdə artıq hüquqlarının pozulduğunu müəyyən edirlər. Həmin tarixdən artıq iddia müddətinin axımı başlayır və qanunvericiliyin tələbinə görə də əsasız varlanma halında iddia müddəti 2 il müəyyən edilmişdir. İddiaçılar isə hüquqlarının pozulduğunu müəyyən etdikləri vaxtdan yəni xx.xx.2017- ci il tarixdən 3 il sonra yəni xx.xx.2020-ci il tarixdə ilk dəfə məhkəməyə müraciət etmiş və sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişlər. Bununla da iddiaçılar sözgedən iddia tələbi üzrə qanunvericlikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Lakin məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təmin etməyərək belə nəticəyə gəlmişdir ki, iddiaçılar Şamil Novruzovun onların hesabına əsasız varlandığını 2017-ci il tarixdə deyil məhz "xxxx" ASC-nin X9 qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman bilmişdir. Məhkəmənin belə nəticəyə gəlməsi əsassızdır. Hesab edirlər ki, iddia müddətinin başlandığı tarix məhz xx.xx.2017-ci tarixdən hesablanmalıdır. Çünki iddiaçılar həmin tarixdə artıq bilir ki, BMW 535 markal, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekadan azad etmək üçün ödənişlər düzgün edilməyib və bu səbəbdən də onu öz adlarına sənədləşdirə bilməyəcəklər. Həmçinin həmin vaxtdan sonra X16 da "xxxx" ASCyə 112saylı kredir müqaviləsi üzrə heç bir ödəniş etməyib. İddiaçılar isə avtomobili geri qaytarmadan, X6 pul tələb etmədən onu istifadə etməyə davam etmişlər. Məhkəmə iclasında iddiaçıların vəkili iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək, bildirdi ki, X16 07 avqust 2019-cu il tarixdə İddiaçı1 etibarnamə vermiş busəbəbdən də iddia müddəti həmin tarixdən hesablanmalıdır. Buna etiraz edərək qeyd edirlər ki, mərhum X7 İddiaçı1 avtomobilə sərəncam verilməsinə dair etibarnamə verməsi o demək deyildir ki, həmin avtomobili ipotekadan azad etmək üçün 112 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə qalan borcu X9 ödəyəcəkdir. X1 həm banka olan borcu ödəməyi öz üzərinə götürməsi, həm də avtomobili iddaçıya verməsi heç bir məntiqə sığmır və inandırıcı eyil. X14 112 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu ödəməsini öz üzərinə götürdüyünü göstərən heç bir hərəkət etməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, Səbail Rayon Məhkəməsi hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız olaraq təmin etməmiş, iddia müddətinin başlama tarixini düzgün müəyyənləşdirməmişdir. Hesab edirlər ki, iş üzrə iddia müddəti tətbiq olunaraq, iddia ərizəsi təmin edilməməli idi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar X12 və X10, onların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.Əlavə olaraq bildirmişdir ki, BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil onlarda deyildir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, iddiaçıların da qeyd etdikləri kimi İddiaçı2 Məmmədtağı oğlu BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün X19 ilə razılığa gəlmişdir. Bu razılaşmada mərhum X7 iştirakı və marağı olmamışdır. Belə olan halda iddia onlara qarşı deyil, məhz X17 qarşı qaldırılmalı idi. BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflər arasında olan razılaşmanın baş tutmama səbəbinə nəzər saldıqda görünür ki, İddiaçı2 Məhəmmədtağı oğlu mərhum X7 adına "xxxx" ASC-də olan 112 saylı kredit müqaviləsi üzrə ödəniş edib, BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekadan azad edərək, onun öz adına sənədləşdirilməsini təmin etməli olduğu halda, səhvə yol verərək, ödənişlərin bir qismini 112 saylı kredit müqavilə üzrə deyil, səhvən 113 saylı kredit müqaviləsi üzrə etmiş ki, bunun nəticəsində 112 saylı kredit müqaviləsi üzrə borc tam olaraq ödənilməmiş, avtmobili ipotekadan azad etmək mümkün olmamış və razılaşma da baş tutmamışdır. Razılaşmanın baş tumamasının səbəbkarı məhz iddiaçı tərəf olmuşdur. Apellyasiya şikayətinin iddianın onlara qarşı deyil, X17 qarşı qaldırılmalı olması dəlili ilə bağlı Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçıların X17 qarşı iddialarına hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X12 və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə, yəni X11 pulun tutulması ilə bağlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin idiasının qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanması, Qətnamə dövlət rüsumunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı X11 tutularaq, X4 xeyrinə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı X11 tutularaq, X3 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsindən həmçinin, görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X11 iddiaçı X4 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X3 xeyrinə 6550 manat pul tutulması, cavabdeh X7 prosessual hüquqi varisləri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X3 xeyrinə 8750 ABŞ dolları tutulması, iddiaçı X4 ödədiyi 30 manat dövlət rüsumunun və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X3 ödədiyi 30 manat dövlət rüsumunun 10 manatı X11, 10 manatı Cavabdeh3, 10 manatı Cavabdeh1, 10 manatı Cavabdeh2 tutularaq iddiaçı X4 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X5 ödənilməsi qət olunmuşdur. Həmçinin, məhkəmə Kollegiyası şikayətin “iddiaçı tərəfin düzgün ödəniş etməməsinin nəticəsi olaraq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu onlara qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc məbləğinin onlardan tutulması və tutmanın 112 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş BMW 535 markal, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini təmin etdirmişdir. Əgər iddiaçı tərəf "xxxx" ASC-yə ödəniş edən zaman səhvə yol verməsəydi hal-hazırda avtomobilə tutma da yönəldilməzdi” dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin düzgün ödəniş etməməsinin nəticəsi olaraq həmin ödənişin qaytarılması ilə bağlı tələb hüququnun olmasına da yuxarıda qeyd edilən qətnamə ilə qiymət verilmişdir. Daha sonra şikayətdə göstərilmişdir ki, məhkəmə iclasında vəkilləri tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilərək, bildirildi ki, iddiaçılar məhkəmə iclasında eləcə də iddia ərizələrində də bildirirlər ki, BMW 535 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün sonuncu ödənişi etdikdən sonra (sonuncu ödənişin tarixi: xx.xx.2017-ci il, bu tarix iş materiallarında olan sənədlərdə, qəbzdə də var) "xxxx" ASC-yə müraciət edən zaman müəyyən ediblər ki, Şamil Novruzovun adına 2 müqavilə var, 112 və 113 saylı, ödənilən pullar hər iki müqavilə üzrə olan borclardan silinib, sözügedən avtomobili öz adlarına qeydə aldıra bilməmişlər və sair. Göründüyü kimi iddiaçılar iddia edir ki, xx.xx.2017-ci tarixdə artıq hüquqlarının pozulduğunu müəyyən edirlər. Həmin tarixdən artıq iddia müddətinin axımı başlayır və qanunvericiliyin tələbinə görə də əsasız varlanma halında iddia müddəti 2 il müəyyən edilmişdir. İddiaçılar isə hüquqlarının pozulduğunu müəyyən etdikləri vaxtdan yəni xx.xx.2017- ci il tarixdən 3 il sonra yəni xx.xx.2020-ci il tarixdə ilk dəfə məhkəməyə müraciət etmiş və sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişlər. Bununla da iddiaçılar sözgedən iddia tələbi üzrə qanunvericlikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası cavabdeh tərəfin şikayətinin göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçılar Şamil Novruzovun onların hesabına əsassız varlandığını cavabdehin iddia etdiyi kimi 2017-ci il tarixdə deyil, "xxxx" ASC-nin X9 qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman bilmişdir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 87/20 saylı qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə iddiaçı Rəhmani Vüsalə həmin tələb üzrə keçirilmiş məhkəmə iclasında 3-cü şəxs qismində iştirak etmiş və bildirmişdir ki, avtomobili onun əri Şamil Novruzovdan almış, lakin alqı-satqı müqaviləsi bağlamamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Şamil Novruzovun onların hesabına əsassız varlandığını və onlara vermiş olduğu vədə sadiq qalmayaraq iddiaçıları aldatdığını məhz 2020-ci ilin əvvəllərində öyrənmiş və qanunla müəyyən edilmiş 2 il müddəti ötürməməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdirlər. Bu səbəbdən cavabdehin müddətin tətbiqi ilə bağlı ərizəsi əsassız sayılmalıdır. Bundan başqa iş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi ev 2A, 42 saylı mənzil xx.xx.2007-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinin təsviri hissəsində qeyd edilmişdir ki, X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin “Uğur” filialına X7 banka olan kredit borcu hesabına 16 iyul 2015-ci il tarixdə 500 dollar, 27 iyul 2015-ci il tarixdə 500 dollar, 31 iyul 2015-ci il tarixdə 200 dollar, 07 sentyabr 2015-ci il tarixdə 650 dollar, 12 oktyabr 2015-ci il tarixdə 650 dollar, 11 dekabr 2015-ci il tarixdə 600 dollar, 01 mart 2016-cı il tarixdə 300 dollar, 11 aprel 2016- cı il tarixdə 300 dollar, 02 iyun 2016-cı il tarixdə 400 dollar, 11 avqust 2016-cı il tarixdə 300 dollar, 07 aprel 2017-ci il tarixdə 300 dollar, X20 tərəfindən "xxxx" ASC-nin “Uğur” filialına X7 banka olan kredit borcuna görə 10 noyabr 2015-ci il tarixdə 650 dollar, 18 yanvar 2017-ci il tarixdə 300 dollar, 14 fevral 2017-ci il tarixdə 300 dollar, 15 may 2017-ci il tarixdə 300 dollar, 13 iyun 2017-ci il tarixdə 300 dollar, 14 avqust 2017-ci il tarixdə 300 dollar, 05 sentyabr 2017-ci il tarixdə 300 dollar, 13 oktyabr 2017-ci il tarixdə 300 dollar, 07 iyul 2017-ci il tarixdə 300 dollar, 15 mart 2017-ci il tarixdə 300 dollar, 30 iyun 2016-cı il tarixdə 400 dollarr ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, “BMW 535” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil X9 məxsus olmuş və bankda ipotekada olmuşdur. İddiaçılar həmin avtomobili dəyəri ödənilməklə əldə etmək üçün Ş.Novruzovla razılaşmışdırlar. Bundan sonra iddiaçı həmin avtomobilə sərəncam verilməsinə dair Ş.Novruzovdan etibarnamə almışdır. İddiaçılar ilə Ş.Novruzov razılaşmışdırlar ki, Ş.Novruzovun "xxxx" ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli 112 nömrəli Kredit müqaviləsi üzrə qalan kredit borcunu ödəməklə avtomobili girovdan azad etsinlər. Bundan sonra ödəniş qrafiki üzrə iddiaçılar tərəfindən banka olan borc ödənilməyə başlanılmışdır. Sonradan iddiaçılara məlum olmuşdur ki, Ş.Novruzovun sözügedən bankda eyni tarixli 112 və 113 saylı Kredit müqavilələri mövcuddur. Sözügedən avtomobil 112 saylı Kredit müqaviləsi üzrə yüklü edilməsinə baxmayaraq, iddiaçılar tərəfindən ödənilmiş pul Ş.Novruzovun 112 və 113 saylı Kredit müqavilələri üzrə olan borcundan silinmişdir. Ş.Novruzov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehləri Ş.Novruzovun hüquqi varisləri kimi göstərmiş və pulun onlardan tutulmasını xahiş etmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası işin hallarını qeyd olunan hüquq normaları ilə yanaşı qiymətləndirərək qeyd edir ki, iddiaçılar tərəfindən bilməyərəkdən Ş.Novruzovun bankda olan 113 saylı Kredit müqaviləsi üzrə ödənişlər edildiyindən Ş.Novruzov iddiaçıların hesabına heç bir qanuni əsas olmadan varlanmışdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, 8,750 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçılara qaytarılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçılar Ş.Novruzovun kredit borcu üzrə 11,400 ABŞ dolları ödədiklərini bildirsələr də,məhkəmə iclasında bu məbləğin yalnız 8,750 ABŞ dolları hissəsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası eyni zamanda hazırki iş üzrə cavabdehlərin hazırki iddia tələbinə cavab vermələri, yəni ki Ş.Novruzovun hüquqi varisi olduqlarına münasibətdə qeyd edir ki, Ş. Novruzov vəfat etdikdən sonra cavabdehlər ona məxsus mənzildə hazırki vaxta kimi yaşamaqla Ş.Novruzovdan qalmış mirası faktiki qəbul etmiş sayılırlar. Bu səbəbdən cavabdehlərin hazırki vaxta kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamalarına baxmayaraq, onlar miras əmlakı faktiki qəbul edərək artıq hüquqi varis statusu qazanmışdırlar. Belə ki, 64 №-li MTK-nın xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yaşayırlar. MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, 8,750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub X12 və X5 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub X12 və X5 ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(009)- 2633/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar