Məhkəmə qərarları › İş №2(103)-3869/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3869/2021

29.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3869/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Qula oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadından İddiaçı tərəfındən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx.xx.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X2 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi, Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr, S.S.Axundov küçəsi, 2a saylı evin yanında yerləşən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx xxxxxxx 2007-ci il tarixli 250 saylı qərarları ilə ilkin cizgiyə (situasiya planına) uyğun İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin, yəni ortaq divar üzərindəki və X2 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması, onun həyətindən cavabdehlər tərəfindən çəkilmiş kanalizasiya xəttinin cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin dam örtüyünün yağış sularının onun həyətinə axıdılmaması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin evinin zirzəmisindən onun həyətinə çıxarılmış tüstü borusunun cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin evinin onun torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərələrin cavabdehlərin hesabına bağlanması və cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 3.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh1 Qula oğlu X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Bələdiyyəsi cəlb edilməklə) ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik əvvəllər ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, istifadəsində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh2 X2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması, mülkiyyətində olan 9,48 kv.metr torpaq sahəsi üzərindəki hüquqlarına yaradılmış maneçiliklərin aradan qaldırılması və ümumi istifadədə olan 200 kv.metr torpaq sahəsindəki tikililərin və yarımtikililərin sökülərək boşaldılması vəzifəsinin İddiaçı həvalə edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinin **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx.xx.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X2 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. İlk İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 26/2021 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci və Azərbaycan Respulikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respulikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarına görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respulikası Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi hazırkı mülki iş üzrə mübahisə əmlak xarakterli (iddiaçının mülki- əmlak hüqualarını pozan çıxarışın hissəvi ləğvi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və s. tələblər üzrə) olduğundan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Yəni, qaldırılmış iddianın hüquqi təbiəti onun mülki-hüquqi xarakterli olması ilə bağlıdır, əksinə qaldırılmış iddia ilə hər hansı inzibati hüquqi tələb irəli sürülmür. Odur ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respulikası Qanunun 2.1-ci və Azərbaycan Respulikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respulikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarı normativ xarakterli aktdır və Azərbaycan Respulikası ərazisində məcburi qüvvəyə malikdir. İddiaçı X1 məhkəmədə 2018-ci ilin iyul ayında iddia qaldırdığını, daha sonra 2019- cu ilin avqust ayında iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə “**********5110301” reyestr nömrəli çıxarış və texniki pasportun mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və ona məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi” barədə müraciət etməsini nəzərə alınsa, məhkəmənin əvvəl mövcud olmuş hüquq münasibətinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli Qərarını tətbiq etməsi hüquqi baxımdan əsassızdır. Ona görə ki, həmin qərar onun qəbul edilməsindən öncə mövcud olmuş münasibətlərə tətbiq olunmaqla onun hüquqi vəziyyətini ağırlaşdırır. Beləliklə, mövcud hüquq münasibətinə Azərbaycan Respulikası Konstitusiyası Məhkəməsi Plenumunun sözügedən qərarı tətbiq edilməli olduğu halda, həmin hüquq münasibətinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarının tətbiq edilməsi qanunsuz və əsassızdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, onlar inzibati aktı mübahisələndirmirlər. Çıxarış özü hüquqi aktdır, inzibati akt deyil. Konstitusiya Məhkəməsinin qərarına istinad edərək mövqeləri budur ki, bu işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Münasibətlər mülki-hüquqi xarakterlidir. Konstitusiya Məhkəməsinin qərarı məcburi, Ali Məhkəmənin qərarı isə tövsiyə xarakterlidir. Tövsiyə xarakterli qərar necə geriyə tətbiq oluna bilər. Cavabdeh2 adına çıxarış var. Onlar həmin çıxarışın İddiaçı torpaq sahəsinə girdiyi hissədə ləğv edilməsini xahiş edir. Torpaq sahəsi ilə bağlı onların sahiblik və istifadə hüququ var. Bu blədiyyə sənədləri ilə müəyyən olunur. Çıxarışları yoxdur. Çıxarış qeydiyyatın əsasında verilib. Onlar çıxarışın qeyd etdiyi hissəvi ləğvini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkilinin izahatını təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 Qula oğlunun nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, ilk növbədə iddia düzgün qoyulmayıb. Onlar torpaq sahəsini başqa şəxsdən almışlar. Çıxarışla əsası arasında heç bir yanlışlıq olmadığı halda çıxarışın ləğvi necə tələb oluna bilər. Alqı-satqı müqaviləsi düzgündürsə, çıxarış necə mübahisələndirilə bilər. Hazırki işə inzibati məhkəmədə baxılmalıdır. Çünki, burada birbaşa qeydiyyat mübahisələndirir, qeydiyyatın hissəvi ləğvini tələb edir. Çıxarış məhz qeydiyyatı əks etdirən sənəddir. Qeydiyyat inzibati orqanın hərəkətinin nəticəsidir və hazırda həmin hərəkət mübahisələndirilir. Məhkəmə iclasında Cavabdeh1 Qula oğlu nümayəndəsi və vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddianın bir hissəsi üzrə icraata xitam verərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 Qula oğluna və Cavabdeh2 qarşı iddia tələbinə **********5110301 reyestr nömrəli çıxarış və texniki pasportun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 266 saylı və xx.xx.2007-ci il tarixli 250 saylı qərarları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və X2 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv (etibarsız hesab) edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, işdən görünür ki, ilkin iddiaçının yekun iddia tələbi yeddi hissədən ibarət olmuşdur. Həmin tələblərin altısı qətnamə ilə rədd edilmiş, şikayət verilən tələb üzrə isə icraata xitam verilmiş, iddiaçıya həmin tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına edilən əlavə və dəyişikliklərə istinad etsə də, bu əlavə və dəyişikliklərin təfsirində səhvə yol vermişdir. Əvvəla ona görə ki, ilkin iddiaçı hər hansı bir inzibati orqana qarşı iddia irəli sürməmişdir. Başqa sözlə iddiaçının tələbinin yönəldiyi şəxs inzibati orqan deyil, fiziki şəxslər olan Adil və Cavabdeh2lardır. Bu iddiaçının seçimidir və cavabdehlərə qarşı olan həmin tələbə görə iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi düzgün olmamışdır. Çünki, yalnız bu hal kifayət idi ki, birinci instansiya məhkəməsi iddianın bu hissəsinin əsaslı yaxud əsassız olmasından, eləcə də iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verilib-verilməsindən asılı olaraq xitam verilmiş tələb üzrə də qətnamə qəbul etsin. İkincisi, mübahisənin məhkəmə aidiyyəti iddianın hüquqi təbiətindən, yəni tələbin mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Qeyd olunduğu kimi ilkin iddiaçının bütün tələbləri fiziki şəxslər olan cavabdehlərə qarşı yönəldilmişdir. Bu tələblərlərin birinci və ikinci hissələri məzmunca bir-biri ilə bağlı(asılı) olmuşdur. Birinin təmin yaxud rədd edilməsi digərinin də təmin və ya rədd edilməsini şərtləndirirdi. Lakin birinci instansiya məhkəməsi ilkin iddia tələbinin cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin, yəni ortaq divar üzərindəki və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması hissəsini qətnamə ilə rədd edir, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 348.5 kv.metr daşınmaz əmlakın 10.5 kv.metr hissəsinin ilkin iddiaçıya aid torpaq sahəsində inşa edilməsinə görə həmin hissənin ləğv(etibarsız) hesab edilməsi tələbi üzrə isə icraata xitam verir ki, sonuncu tələb inzibati məhkəməyə aiddir. Ancaq sonuncu tələb sırf inzibati-hüquqi tələb kimi qiymətləndirilə bilməz. Çünki, iddianın məzmunu da bunu deməyə əsas verir. Göründüyü kimi, nəticə etibarı ilə ilkin iddiaçı özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində cavabdehin inşa etdiyi tikilinin 10,5 kv. metr hissəsinin həm cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin onlar tərəfindən zəbt edilmiş hissədə boşaldılmasını, həm də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 348.5 kv.metr daşınmaz əmlakın 10.5 kv.metr hissəsinin ləğv(etibarsız) edilməsini tələb etsə də bu tələblərin hər biri üzrə fərqli məhkəmə aktları çıxarılmışdır. Üçüncüsü, ilkin iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində Cavabdeh2 adına aparılmış qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi halda yaxud mübahisələndirmək istəsəydi yəqin ki, inzibati orqanı da cavabdeh kimi göstərərdi və ona qarşı tələb irəli sürərdi. Məhz bu zaman tələbin bu hissəsi üzrə məhkəmə aidiyyəti məsələsinə hüquqi qiymət verilə bilərdi. Lakin ilkin iddiaçının inzibati orqana(qeydiyyat orqanına) qarşı hansısa tələbi olmadığı yaxud bu orqanın hansısa fəaliyyətinin nəticəsindən narazı qaldığını bəyan etmədiyi halda qeyd olunan tələb üzrə icraata xitam verilə və iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ da izah edilə bilməzdi. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-26/2021 saylı qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar