Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-387/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi və bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(008)-645/2019 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS-nin İK-nin 11/632 saylı, 18.11.1988-ci il tarixli qərarına və həmin qərara edilmiş 11 saylı əlavə ilə 20.03.1989-cu il tarixli 39 saylı orderə əsasən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsindən cavabdehin çıxarılması, həmin bağ sahəsində tikilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və bağ sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, müharibə iştirakçısı və veteranı olduğuna görə Bakı şəhər Soveti İcraiyyə Komitəsi nəzdində bağ təsərrüfatı məsələlərinə baxılması üzrə komissiyasının 03 noyabr 1988-ci il tarixli, 4 saylı protokolu əsasında Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 noyabr 1988-ci il tarixli qərarına və həmin qərara edilmiş 11 saylı əlavəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş massivində 43 saylı bağ evlərinin tikintisi kooperativinin üzvləri sırasına daxil edilmiş və həmin qərar əsasında sözügedən idarə tərəfindən 43 saylı tikinti kooperativinin nəzdində 20 mart 1989-cu il tarixli 39 nömrəli orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4703 saylı bağ sahəsi onun sərəncamına verilmişdir. Səhhəti və işi ilə bağlı ona məxsus bağ sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. Son vaxtlar bağ sahəsinin isə cavabdeh tərəfindən zəbt olunmasının şahidi olmuşdur. Cavabdeh ona məxsus bağ sahəsində bir mərtəbəli yaşayış evi də tikmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(008)- 645/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsindən çıxarılması, bağ sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və bağ sahəsinin iddiaçıya təhvil verilməsi, məhkəmə xərcinin əvəzi olaraq, 129.10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, Ləhiş bağ massivində ona torpaq sahəsi 2007-ci ildə, iddiaçıya isə 1988-ci ildə verilmişdir. Həmin torpaq sahəsində o, 2009-cu ildən əvvəlcə abadlıq işləri aparmış. Daha sonra isə yaşayış evi tikmişdir. İddiaçı isə 30 il öz torpaq sahəsi ilə maraqlanmamış, ümumiyyətlə ona məxsus torpaq sahəsinin yerini belə bilmir. Belə ki, iddiaçı bundan qabaq onu yox, başqa qonşunu torpaq iddiası ilə məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmişdir, lakin onun iştirakı ilə həmin bağ sahəsinə baxış keçirilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2021-ci il tarixli 2(103)- 220/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı 27 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.06.2021-ci il tarixli 2(102)-3580/2021 saylı Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-220/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi - vəkili apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cavabdehin 4702 saylı bağ sahəsindən istifadə etməsini və həmin bağ sahəsinin iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsi ilə həmsərhəd olmaqla üst-üstə düşməməsini əsas göstərmiş və bu zaman sübut kimi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli rəyinə istinad etmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə kollegiyası həmin nəticəyə iş üzrə alınmış mütəxəssis rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmadan eləcə də, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etmədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli rəyinə əsaslanıb onun 4702 saylı bağ sahəsindən istifadə etməsi barədə nəticəyə gələrkən Cavabdeh hansı əsasla həmin bağ sahəsindən istifadə etməsini, həmin bağ sahəsinin nə vaxt, kimin istifadəsinə verilməsini müəyyən etməmişdir. 4702 saylı bağ sahəsinin iddiaçıya məxsus 4703 saylı bağ sahəsi ilə üst-üstə düşməməsi barədə ekspertin rəyi hazırkı qeyri-müəyyən vəziyyətdə iddianın rədd edilməsi üçün əsas verməmişdir. Cavabdehə ayrılmış torpaq sahəsinin yerinin, eləcə də 4702 saylı bağ sahəsinin koordinatlarının dəqiq müəyyən olunmadığı təqdirdə ekspertin hansı əsasla 4703 və 4702 saylı bağ sahələrinin üst-üstə düşməməsi barədə nəticəyə gəlməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəyin iddianın rədd edilməsi üçün əsas verən mübahisəsiz sübut kimi qəbul edilməsi əsaslı sayıla bilməz ”. Məhkəmə kollegiyası izahatkları dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 noyabr 1988-ci il tarixli qərarı ilə İddiaçı bağ-tikinti kooperativinin tərkibinə daxil edilmiş və 39 saylı orderlə ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı 24.12.2009-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət edərək, 4703 saylı bağ sahəsinə dair müvaviq cizginin verilməsini xahiş etmiş, lakin idarənin 15.01.2010-cu il tarixli 04/930 saylı məktubu ilə baxış nəticəsində 4703 saylı bağ sahəsinin kənar şəxslər tərəfindən tutulduğunun müəyyən olunması barədə cavab verilmişdir (i.v.8, məktubun kserosurəti əlavə olunmuşdur). İddiaçı 2015-ci ildə təkrar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət edərək, 4703 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsini xahiş etmiş, lakin idarənin 18.12.2015-ci il tarixli **********12 saylı məktubu ilə sözügedən bağ sahəsinin digər fiziki şəxsin istifadə olması səbəbindən texniki baxışın keçirilməsinə şərait yaratmadığı bildirmişdir (i.v.11, məktubun əsli əlavə olunmuşdur). İddiaçı əvvəlcə başqa şəxsə - X1 qarşı «bağ sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi, bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair» iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində (30 avqust 2016-cı il tarixli **********51 saylı məktuba əlavə olunmuşdur) göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsi yüklü deyil, hər hansı mülkiyyətçiyə texniki və ya hüquqi sənədin verilməsi barədə məlumat yoxdur. Bağlar üçün ayrılmış dövlət mülkiyyəti torpağıdır. Hasara alınmış həyətdə yaşayış evi tikilmişdir. Bağ sahəsinin ilkin arxiv sənədləri barədə "xxxx" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur. İş materiallarında olan müqaviləyə əlavə edilmiş sxem (çizgi) situasiyasız və koordinatsız olduğu üçün 4073 saylı bağın həmin ölçülmüş ərazi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, həmin iş üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23 aprel 2018-ci il tarixli **********52 saylı məktubda göstərilmişdir ki, tərəflərin iştirakı ilə mübahisəli bağ sahəsinə texniki baxış keçirilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bölgü sxeminə istinadən vətəndaşın iddia etdiyi bağ sahəsi 4704 saylı bağ sahəsidir. 4703 saylı bağ sahəsi iddia olunan bağın şimal qonşuluğunda yerləşir. Həmin 4703 saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmışdır və ərazidə 1 mərtəbəli bağ evi inşa edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(008)-34/2018 saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh X1 qarşı bağ sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi, bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilmişdir (i.v.36-38). Bundan sonra İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrılmış 4703 saylı bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilərək yaşayış evi inşa edildiyini bildirmişdir. Cavabdeh isə faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsinə aid olmadığını və Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 10.07.2007-ci il tarixli 4/1321 saylı qərarı ilə ona ayrıldığı bildirir. Cavabdehin istinad etdiyi qərardan çıxarışın surətindən görünür ki, ona Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 1200 kv.m olan 5081 saylı torpaq sahəsi ayrılmışdır (i.v.33-34). Hazırki işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən 16.10.2018-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertlərinə və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin mütəxəssislərinə həvalə olunmuşdur. Lakin mülki işin Ekspertiza Mərkəzinə göndərilməsi iş materiallarından müəyyən edilmir. Məhkəmə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən məktub, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətindən isə mütəxəssis rəyi almaqla kifayətlənmiş, ekspertizanın keçirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 04.10.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Elektron kadastr bazada İsgəndərov X5 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından və Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 10.07.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız, hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X5 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X2 icraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə 20.03.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi naturada koordinatları müəyyən edilmiş bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinə uyğun gələn ölçülmüş ərazidə yaşayış evi inşa edilmişdir. İddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətindədir. İddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi özəlləşdirmədən öncə də bağçılıq təsərrüfatı üçün ayrılmış Dövlət mülkiyyətində olmuşdur. Rəyə mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxemi əlavə olunmuşdur (i.v.46-49). Eyni zamanda, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2019-cu il tarixli məktubda göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi digər vətəndaşın istifadəsindədir (bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmışdır və ərazidə 1 mərtəbəli bağ evi inşa olunmuşdur). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bölgü sxeminə istinadən vətəndaşın iddia etdiyi bağ sahəsi 4703 saylı bağ sahəsinin ərazisinə düşür. Birinci instansiya məhkəməsi göstərilənlərə əsaslanaraq, iddianı təmin etmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında işə birinci dəfə apellyasiya icraatı qaydasında baxılarkən məhkəmə kollegiyasının 26.02.2020-cı il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********01 saylı 29.10.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron kadastr bazada İsgəndərov X5 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil dövlət mülkiyyəti torpağı olduğundan və Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 10.07.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız, hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X5 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/632 saylı, 18.11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə 20.03.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı bildirilir 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1341 saylı 28.10.2020-ci il tarixli rəyinə əsasən, Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 10.07.2007-ci il tarixli 4/1321 saylı çıxarışı ilə Cavabdeh ayrılmış Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, araşdırma zamanı müəyyən olundu ki, Cavabdeh 4702 saylı bağ sahəsindən istifadə edir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə 20.03.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin yeri naturada müəyyən olundu, həmin torpaq sahəsi E.İskəndərovun istifadəsində olan 4702 saylı bağ sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Həmçinin İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir, bitişik olmaqla həmsərhəddir (rəy "xxxx" MMC-nin verdiyi mütəxəssis rəyi əsasında verilmişdir). Təkrar apellyasiya baxışı zamanı, Ali Məhkəmənin göstərişləri də nəzərə alınmaqla, 29.10.2020-ci il tarixli mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyəti aradan qaldırmaq məqsədilə Bakı Apelyasiya Məhkəməsinin 27.09.2021-ci il tarixli 2(103)-8067/2021 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2022-ci il tarixli 10/6484 nömrəli ekspert rəyinə əsasən, Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 10.07.2007-ci il tarixli, 4/1321 saylı çıxarışı ilə E.İskəndərova ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində torpaq sahəsi ilə Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə 20.03.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq faktiki vəziyyətdə cavabdehin istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1113 kv.m torpaq sahəsi ilə Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə 20.03.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşmədiyi, cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Ekspert rəyinin təqdidat prosesində göstərilmişdir ki, tədqiq olunan ünvanda yerləşən faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi üç tərəfdən qonşu sahələr ilə, bir tərəfdən yol ilə qonşuluq sərhəddinə malik olmaqla eni 25 m, uzunluğu 44,5 m təşkil edir. Faktiki vəziyyətdə torpaq sahəsi 1113 kv.m təşkil edir. Torpaq sahəsi yoldan (Bakı dairəvi yolu) şimal istiqamətində 5-ci bağ sahəsidir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş ərazisi üzrə Bağ sahələrinin yerləşmə sxemindən görünür ki, yoldan şimal istiqamətinə sıra ardıcıllığı ilə 5ci bağ sahəsi 4702 saylı bağ sahəsinə uyğun gəlir. Ekspertin mübahisəli ərazi üzrə tərtib edərək rəyə daxil etdiyi torpaq (bağ) sahələrinin faktiki yerləşmə planından da görünür ki, cavabdehin faktiki istifadəsində olan bağ sahəsi yoldan 5-cı sırada yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 43 saylı bağ tikinti kooperativi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsi sıra ardıcıllığı ilə 4-cü bağ sahəsdir (i.v.24). Beləliklə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi yoldan (Bakı dairəvi yolundan) şimal istiqamətində sıra ardıcıllığı ilə 5-ci bağ sahəsidir və qeyd olunan sxemə əsasən 5-ci bağ sahəsi 4702 saylı bağ sahəsinə uyğun gəlir. Buradan da aydın olur ki, cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış bağ sahəsi üst-üstə düşmür, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən ona ayrılmış bağ sahəsinin zəbt edilməsi halı öz təsdiqini tapmamışdır, əksinə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış bağ sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi bir-birilə qonşu sahələrdir. Kollegiya onu da qeyd edir ki, həm hazırki, həm də baxılmış başqa analoji işlər üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəli Bakı şəhər X2 İcraiyyə Komitəsinin qərarı ilə vətəndaşlara ayrılmış bağ sahələrinin elektron kadastrı aparılmamışdır, həmin sahələr (hazırki işdə olduğu kimi) müvafiq bağ tikinti kooperativinin (yoldaşlığının, cəmiyyətinin və s.) nəznində yaradılmış bağ sahələrinin yerləşmə sxemi əsasında paylanmışdır. Ona görə də hazırki işdə 1 saylı Bakı Ərazi İdarəsinin istinad etdiyi «elektron kadastr baza məlumatları» dedikdə, torpaq sahəsinin hər hansı elektron qeydiyyati (müvafiq koordinatlar üzrə yerləşmə yeri) yox, mülki işin 24-cü səhifəsində olan bağ sahələrinin yerləşmə sxemi nəzərdə tutulmuş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti də öz mütəxəssis rəyində məhz 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsaslanmışdır. Həmin sxemdən isə aşkar şəkildə görünür ki, İddiaçı ayrılmış 4703 saylı bağ sahəsi sıra ardıcıllığı ilə yoldan 4-cü bağ sahəsidir. Göründüyü kimi ekspet rəyinə əsasən faktiki vəziyyətdə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış bağ sahəsinin üst-üstə düşmədiyi, cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda isə iddiaçının hazırki iddia ilə cavabdehə qarşı hər hansı tələb irəli sürmək hüququ müəyyən olunmur. Kollegiya hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə gəldiyi nəticə yalnışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı mülki iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi və bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair” iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (100+100) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-387/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-387/2022
06.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver