Məhkəmə qərarları › İş №2(103)-3871/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3871/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3871/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdeh ilə birgə nikah dövründə tikdikləri və əsaslı təmir etdikləri ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 17 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. İddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra Bakı şəhəri, Xətai rayonu, M.Müşfiq küçəsində inşa olunmuş 4 Ç saylı 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. Onlar 2019-cu ildə yaşadıqları evi genişləndirmək qərarına gəlmişlər. Mart ayında evin əlavə 2 otağının tikintisinə başlamışlar, iyun ayınadək evin otaqlarının tikintisi bitmişdir. İddiaçı Cavabdeh1la 17 noyabr 2006-cı il tarixdən 2020-ci ilin noyabr ayına kimi ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilmiş fərdi evdə yaşamışdır. Həmin evin yenidən qurulmasına və təmirinə tərəflərindən xeyli məbləğdə pul vəsaiti xərclənmiş, həmin ev hər ikisinin birgə nikah dövründə əldə etdikləri gəlir hesabına tikilmiş və əsaslı təmir edilmişdir, lakin evin sənədləşdirilməsi aparılmamışdır. Cavabdeh1la aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etdikdən sonra onlar uşaqlarla birlikdə bir müddət həmin evdə yaşamışlar, lakin sonra cavabdehlər iddiaçının orada yaşamasına maneələr törətmişlər, iddiaçı uşaqları ilə birlikdə həmin evdən müvəqqəti çıxmağa məcbur olmuşdur. Hazırda iddiaçının övladları ilə birgə qalmağa yeri yoxdur və cavabdehlər iddiaçını qeydiyyatda olduğu evə buraxmırlar. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi, cavabdehlərdən 10 (on) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 nikaha daxil olduqdan sonra, iddiaçı qeyd edilən ünvanda yerləşən evə köçsə də həmin evin faktiki sahibi Cavabdeh1 deyil, digər Cavabdeh2dır. Cavabdeh2 qeyd edilən ev üzərində dövlət tərəfindən qeydə alınmış xüsusi mülkiyyət hüququna malik olmasa da, həmin evin faktiki mülkiyyətçisi məhz odur. Məhkəmə isə iş üzrə nəticəyə gələrkən bu faktı müəyyənləşdirməmişdir. Həmçinin, digər Cavabdeh1 qeyd edilən evin faktiki mülkiyyətçisi olması faktı da qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. İddiaçı isə evin faktiki sahibi Cavabdeh2 ailə üzvü sayılmır, tərəflər arasında yaxın qohumluq münasibətləri yoxdur. Məhkəmə iş üzrə nəticəyə gələrkən, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, fərdi yaşayış evi, həqiqətən, özbaşına tikilidir, mətbəx istisna olmaqla 3 otaqdan (zal, yataq otağı və uşaq otağı) ibarətdir, daha sonra isə uşaqlar böyüdükdən sonra 1 otaq da əlavə artırılmışdır. Nikah vaxtı evdə artırma və tikinti işləri aparılmışdır. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 17 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflər 2006-cı ildən etibarən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı və Cavabdeh1 arasında münasibətlər pisləşdiyi üçün 2020-ci ilin noyabr ayında iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. İşə əlavə olunmuş texniki sənədlərdən müəyyən olunur ki, M.Müşfiq küçəsi 4B ünvanındakı fərdi yaşayış evi 1970-ci ildə inşa edilmiş, 2 yataq otağı və mətbəxdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələri əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mübahisəli evdə birgə nikah dövründə yaşamışdır, bu əsasdan həmin evə köçürülməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş tikiliyə köçürülmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə iddiaçının köçmək istədiyi yerdə əvvəl yaşaması və yaşadığı yerdən məhrum edilməsi halları mövcuddur, ona görə də 3-cü hal olan, iddiaçının köçmək istədiyi, əvvəllər yaşadığı evdən məhrum edilmənin qanuniliyinə verilən hüquqi qiymətlə apellyasiya instansiyası məhkəməsi razılaşır. Belə ki, qanunvericiliyin mənasına görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İşin materiallarından görünür ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış, iddiaçı uzun müddət cavabdehlə birgə nikah dövründə həmin fərdi yaşayış evində əlavə otaqlar inşa və təmir edib orada yaşamışlar. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə deyildir. Belə ki, qeyd olunan normada istifadə olunan “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edil bilməz” məzmunlu obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Şəxsin yaşayış yeri tam həcmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Kollegiya qeyd edir ki, əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın (Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi) məqsədi baxımından həmin obyekt mənzil sayılır. Kollegiya həmçinin qeyd edir ki, Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən, özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Kollegiya qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə artırılmaqla təmir edilib və yaşayış sahəsi kimi istifadə olunur. Bu faktı cavabdeh öz izahatı ilə məhkəmə kollegiyasının iclasında təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, iddiaçının mübahisəli evə onun hüququnu yaratmasa da, iddiaçının həmin evlə (özbaşına tikili) bilavasitə əlaqəli olduğuna və orada yaşadığına dəlalət edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın hər bir normasının birbaşa hüquqi qüvvəyə malik olmasının nəzərə alınmaqla, qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçının məhrum edildiyi evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kollegiya, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar