Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3873/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor tələbinin bank qarşısında olan öhdəliklə əvəz edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(006)-1828/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor tələbinin bank qarşısında olan öhdəliklə əvəz edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli YH-123/14 nömrəli kredit müqaviləsi üzrə geri qalan borcunun "xxxx" ASC-nin depozitində olan əmanət məbləği ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(006)-1828/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmış, iddiaçıya hazırki tələblə aidiyyəti inzibati orqana müraciət etmək, həmin orqanın bu müraciətlə əlaqədar qəbul etdiyi aktdan narazı qaldığı təqdirdə isə inzibati qaydada şikayət etmək və ya bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını, hazırki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e2(006)-2871/2020 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 671/2022 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılmışdır. Hazırki iş üzrə isə iddia tələbi qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi ilə bağlı tələb deyil, kreditor tələbinin bank qarşısında olan öhdəliklə əvəz edilməsi ilə bağlı tələbdir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı bank ilə arasında bağlanmış kredit müqaviləsi üzrə qalan borc məbləğinin qorunan əmanət olan depozit məbləği ilə əvəzləşdirilməsini tələb edir. Odur ki, hazırki tələb kreditor tələbi olduğu üçün məhkəmə haqlı olaraq hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli Qərarında xüsusilə vurğulanmışdır ki, qanunverici bank barəsində iflas proseduruna başlanılması və müflis elan olunaraq ləğv edilməsinin xüsusi qaydalarını nəzərdə tutur. Təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Plenum göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(006)-1828/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3873/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3873/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver