Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3873/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-899/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3440/2024 saylı qətnaməsinə əsasən birinci iddia tələbinin təmin edilməsi, Cavabdeh2 və İddiaçı arasında 05 iyul 2008-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrə ilə qeyd edilmiş nikahın pozulması, ikinci iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, Cavabdeh2 xx.xx.2024-cü il tarixdən başlayaraq (məhkəmənin müvəqqəti alimentin tutulmasına dair e-16(006)-326/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və qətnamənin aliment hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir.
2. 27 yanvar 2025-ci il tarixli qısamüddətli mühafizə orderinə əsasən vətəndaş Cavabdeh2 və vətəndaş İddiaçı bir-birinə qarşı məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması və məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərinin edilməsi qadağan edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə girib-çıxmasına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat, 50 manat mediasiya, 50 manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
4. Tələbdə göstərib ki, 2008-ci ildə ailə qurduqdan sonra, ünvan 2 ünvanına gəlin köçmüş, bütün cehiz və şəxsi əşyaları həmin evə yerləşdirilmiş, bugünə qədər də övladları ilə sözügedən evdə yaşayır və həmin ünvana qeydiyyata düşmüşdür. ünvan 3 həyətdə bir neçə ev vardır. Həmin həyətdə bir evdə İddiaçı, əri Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 ilə birlikdə yaşayıb. Cavabdeh2 2024-cü il də evdən çıxıb, iddiaçı övladları ilə bugünə qədər həmin evdə yaşayır. Cavabdeh2 isə həmin həyətdə öz valideynləri, qayınatası Cavabdeh3 Əlihümbət oğlu, qayınanası Cavabdeh1 ilə birlikdə yaşayır. Həmin ünvanda olan həyət evlərinin əksəriyyəti bugünə qədər dövlət reyestrində qeydə alınmayıb. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra cavabdehlər iddiaçıya və iki övladına sözügedən ünvanda yaşamalarına maneələr törətməyə başlayıb. Belə ki, cavabdehlər müxtəlif vaxtlarda müxtəlif hadisələr törədərək, maneə yaradaraq, evdə yaşayışı imkansız hala gətirib. Ümumi həyətdə yuyub asılqana asdığı iddiaçıya məxsus paltarları cırır, qayçı və bıçaqla kəsib doğrayır, yararsız hala salır. Belə ki, cavabdehlər bir gün evə gələn elektrik enerjisini kəsir, bir gün suyunu kəsir, bir gün kondisionerin xəttini kəsir. Yaşadığı evə gedən kommunal və digər xətlər cavabdehlərin yaşadığı evin yaxınlığından keçdiyi üçün onlar evə gələn bütün xətləri mütəmadi olaraq kəsir, zədələyir. Bundan əlavə nikah məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh2 evdə olmadığı saatlarda, icazəsi olmadan onun yaşadığı evə qanunsuz olaraq girərək iddiaçıya məxsus əşyaları götürür, özbaşınalıq edir. Cavabdeh2 sonuncu dəfə 2024-cü ilin sentyabr ayının əvvəllərində İddiaçı yaşadığı, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov dön. 1. 63 evə onun iradəsinə zidd olaraq daxil olmağa çalışmış, münaqişə baş vermiş, 102 çağrı mərkəzinə müraciət etmişdir. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iddiaçının şikayəti və izahatı alınmışdır. Hüquq mühafizə orqanları tərəfindən Cavabdeh2 izahatı alınmış, ona xəbərdarlıq edilmiş, onlar ümumiyyətlə münaqişəli ailə kimi hüquq mühafizə orqanlarında qeydiyyata alınmışdır. Göründüyü kimi Cavabdeh2 və onun valideynləri iddiaçıya sözgedən evdə yaşamağa meneələr yaradır, evdə yaşamağı imkansız hala gətirib çıxarır. İşləyir, hər gün işdən evə gələndə evdə müxtəlif maneələrin yarandığını görür. İşığın, suyun, qazın, evdə olan məişət əşyalarına gələn elektrik xətlərinin kəsilməsi, suyun kəsilməsi və sair kimi maneələr yaradırlar. İddiaçı işdən qayıdanda bu maneələri aradan qaldırmaq üçün uzun müddət vaxt, pul sərf etmək məcburiyyətində qalır. Bundan əlavə cavabdehlərin bugünə kimi hərəkətləri iddiaçını maddi və vaxt cəhətddən ziyana salır. Göründüyü kimi, iddiaçının ünvan 2 ünvanına yaşamasına cavabdehlərin yuxarıda qeyd edilən hərəkətlərlə maneə yaratması qanunsuzdur. Bu səbəbdən ünvan 1 ünvanına iddiaçının yaşamasına maneələr törətməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlihümbət oğluna və Cavabdeh1 qadağan edilməlidir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar qanunsuz əməllərinə son qoymamışdır, ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-899/2025 saylı, 08 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilərək İddiaçı ünvan 4 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə giribçıxmasına maneələrin törədilməsinin (yalnız iddiaçının yaşadığı sahəyə münasibətdə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan edilməsi; iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı və Cavabdeh2 arasında 2008-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan iki övladları olmuş, nikah bağlandıqdan sonra iddiaçı cavabdehlə birlikdə ünvan 5 ünvanında yaşamış və həmin evdə qeydiyyata düşmüş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə ünvan 5 ünvanında yaşamağa davam etmişdir. Hazırda iddiaçı eyni həyətdə, lakin başqa evdə yaşayan keçmiş həyat yoldaşı, yəni Cavabdeh2 və onun atası Cavabdeh3 və anası Cavabdeh1 tərəfindən sözügedən evdə yaşamasına, həmin evə sahiblik və istifadə etməsinə, evə girib-çıxmasına maneələr törədildiyini iddia edərək, həmin maneələrin cavabdehlərə qadağan edilməsini və əlavə olaraq məhkəmə xərclərinin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahları pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə daha əvvəl yaşadığı ünvanda yaşamağa davam etmişdir və iddiaçı hazırda həmin ünvanda rəsmi olaraq qeydiyyatdadır. Yəni iddiaçının hazırda yaşadığı evdən istifadə etməklə davam etməkdədir. İddiaçının iddia etdiyi kimi cavabdehlər tərəfindən həmin ünvanda yaşamasına müxtəlif maneələr törədilməsi işin sübuta yetirilmiş hallarıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının həyətə daxil olmasına mane olmaq üçün həyət qapısının bağlanması, iddiaçı daxil olmaq istədikdə ona müdaxilə edilməsi, su kanalizasiya sisteminin yararsız hala salınması, qaz xəttinin kəsilməsi, cavabdehlər tərəfindən iddiaçıya hədə-qorxu gəlinməsi halları iş materialları (qonşular tərəfindən tərtib edilmiş aktlar, videogörüntülər və s.) əsasında öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, iddiaçı yaşadığı evə daxil olmaq istədiyi zaman keçmiş qayınanası və qayınatası, yəni hazırki iş üzrə cavabdehlər Ə.Zərifə və Ə.Əli tərəfindən döyülmüş, bununla bağlı polisə müraciət edilmiş və iddiaçı döyüldüyünə görə onunla bağlı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmçinin, tərəflər arasında məişət zəmnində münaqişəli vəziyyət yaranmış və nəticədə, hər iki tərəf müxtəlif cür təhqir-təhdid etməklə yanaşı, qarşılıqlı psixoloji təzyiq göstərildiyinə görə qısamüddətli mühafizə orderi verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, qeyd edilən bütün hallar cavabdehlər tərəfindən iddiaçının ünvan 5 ünvanında sərbəst yaşamasına, evə sahiblik və evdən istifadə etməsinə, evə sərbəst girib-çıxmasına maneələr törədilməsinə əsas verir. Həmçinin, iddiaçı ilə Cavabdeh2 əvvəl ər-arvad münasibətlərində olduğundan və nikah pozulduğundan, eyni həyətdə nikah pozulduqdan sonra yaşamağa davam etdiklərindən bu hal sonuncu cavabdehdə müəyyən qədər qıcıq yaradaraq dahada emosional davranışlara gətirib çıxarmışdır (hər iki tərəfin telefon danışıqlarından müəyyən edilir). Bu da iddiaçıya cavabdehlər tərəfindən müxtəlif suni və fiziki mənada məhdudiyyətlər yaradaraq sözügedən sahədən maneəsiz istifadəsinə maneə yaratmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi əsas hissədə, yəni İddiaçı ünvan 1 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə giribçıxmasına maneələrin törədilməsi (yalnız iddiaçının yaşadığı sahəyə münasibətdə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan edilməsi hissəsinə münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun cavabdehlərdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki iş üzrə iddiaçı iddia qaldırılması üçün vəkilə 320 manat pul ödədiyini iddia edərək, həmin pulun cavabdehlərdən tutulmasını tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, qeyd edilən yaşayış evi iddiaçının mülkiyyətində olmadığına görə onun həmin evə sahiblik hüququ mövcud deyildir. İddiaçının ünvan 7 ünvanında qeydiyyatda olduğuna görə yaşayış sahəsindən istifadə hüququ vardır. Bundan başqa, evin hər hansı konkret sahəsi iddiaçının istifadəsinə verilməmişdir. Halbuki, məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, iddiaçıya evin istifadə etdiyi sahəsinə giriş çıxışına maneələrin törədilməsi cavabdehlərə qadağan edilmişdir. Belə bir sahənin olmadığı, heç bir sənədlə rəsmiləşdirilmədiyi halda məhkəmənin qəbul etdiyi qətnamənin icra qeyri-mümkündür. Məhkəmənin əsaslandığı qonşular tərəfindən tərtib edilmiş aktların heç biri əhəmiyyəti yoxdur və onlar yazılı sübutlar kimi qəbul edilə bilməzdi. Belə ki, qeyd edilən aktlar notarial qaydada təsdiq olunmamışdır. Aktlarda qeyd edilən - Cəfərova Lusə, Eminova Lamiyə, İsmayılova Təranə adlı şəxslərin heç birinin anket məlumatları, ata adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, qeydiyyat ünvanı barədə məlumatlar əks olunmamışdır. Adları çəkilən şəxslər məhkəmədə dindirilməmişdir. Belə olan halda şəxsiyyətləri müəyyənləşdirilməyən qonşuların adından tərtib edilən aktlar məhkəmə tərəfindən mötəbər yazılı sübutlar kimi qəbul edilməməli idi. Onlara əsaslanaraq qətnamə qəbul edilməməli idi. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazında şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdilər.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26, İİ hissə. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 60, İ hissəsi. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
24. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur. Ən azından o, qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Evin(qeydə alınmayan tikili) iddiaçı yaşadığı hissəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8).İddiaçının isə sözügedən evin yaşadığı hissəsindən istifadə etməsi mübahisə predmeti deyil. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4).Üstəlik şikayətdə də göstərilir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququ vardır, yəni evə(yaşadığı hissəyə) əmlak hüquqları da mövcuddur. Ona görə də evin iddiaçının yaşadığı hissəsinin daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması cavabdehlərə hansısa üstünlük yaxud imstiyaz vermir. Çünki bu iddiaçı ilə dövlət orqanı arasında olan başqa bir məsələdir.
25. Bundan əlavə, evin hansısa hissəsinin iddiaçının istifadəsinə verilibverilməməsinin də şikayətin əsaslılığına heç bir təsiri yoxdur. Çünki iddiaçının həmin evin bir hissəsində yaşadığı mübahisə olunmayan bir faktdır və buna görə həmin hissədən istifadə etməsi də mübahisə predmeti deyil. Cavabdehlərin mövqeyindən belə çıxır ki, iddiaçıının faktiki yaşadığı və istifadə etdiyi evin bir hissəsinin adına hansısa sənədlə rəsmiləşməməsi onun həmin sahədən istifadə etməsinə maneələr yaratmaq üçün əsas ola və cavabdehlərə belə qadağanın tətbiq edilməsi qətnamənin icrasını qeyri-mümkün edə bilər. Ancaq bu yanaşma düzgün və hüquqa uyğun deyil. Yetər ki, cavabdehlər iddiaçıya hansısa hüquqa zidd maneələr yaratmasın yaxud bu fikrə düşməsin. Həmin an qətnamə də icra olunmuş sayıla bilər.
26. Bundan başqa, qonşular tərəfindən tərtib edilmiş aktın notarial qaydada təsdiq olunmaması yaxud həmin aktda göstərilənlərin həqiqi olmaması belə, iddianın əsassız, apellyasiya şikayətinin isə əsaslı olduğunu şərtləndirmir. Çünki iddianın əsaslı olmasını təsdiq edən digər sübutlar məhkəmənin gəldiyi nəticənin düzgün olmasını müəyyən etmək üçün yetərlidir və kifayət edir.
27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-899/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-899/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.