Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3874/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və verəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsinə əsasən baxılan mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.01.2015-ci il tarixli, 2(005)-33/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1936-cı ildə Bakı şəhərində anadan olmuş və 05.08.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X1 xalası nəvəsi olmağı faktının müəyyən edilməsi və miras qoyanın qanuni vərəsəsi olmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.01.2015-ci il tarixli, 2(005)- 33/2015 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Maraqlı şəxs2 22.12.2021-ci il tarixində məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı mülki iş üzrə onu maraqlarına toxunan şəxs qismində cəlb edərək, apelyasiya şikayətini icraata qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Maraqlı şəxs2 22.12.2021-ci il tarixində məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, buraxılmış prosessual müddəti bərpa edərək onun apelyasiya şikayətini baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Maraqlı şəxs2 Nərimanov Rayon Məhkəməsinin 23.01.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs2 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsini, əks halda hazırki qərardaddan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mülki işə baxıb qətnamə qəbul edərkən, mərhum X2 tərəfindən ona etibarnamə verilməsini və mərhumun son arzusunu nəzərə almamışdır. Ərizəçi özü isə onun mərhum qızı Tahirə Kərimovanın həyat yoldaşı olmuşdur. X3 ancaq onun vasitəsilə tanımışdır. Sonradan isə bu tanışlıqdan istifadə edərək, özünü məhkəmədə qohum kimi təqdim etmişdir. Məhkəmə isə əsaslı sübut olmadan bu qohumluğu təsdiq edən qətnamə qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 08 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs2 ərizəsində hüquq və vəzifələrinə toxunan şəxs olduğunu qeyd etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Maraqlı şəxs2 Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı işi üzrə 23.01.2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verərkən qətnamə ilə ehtimal edilən maraqlarına – hüquq və vəzifələrinə toxunan məsələ həll edilməmişdir. Qeyd olunan qətnamə ilə Maraqlı şəxs2 hüquqları haqqında məsələ bu hüquqların pozulması və əsassız məhdudlaşdırılması ilə müşayiət olunan formada həll edilməmiş və həmin şəxsin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Maraqlı şəxs2 mübahisələndirilən qətnamə üzrə hüquq və vəzifələrinə toxunan şəxs olduğunu qeyd etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini hüququ olmayan şəxs tərəfindən verilməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3874/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3874/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver