Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3876/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(006)-5189/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildə yaşayış və istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildə istifadə, yaşamaq hüququnun itirilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)- 5189/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. 27 mart 2023-cü il tarixdə, İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-5189/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(006)-5189/2022 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildə yaşayış və istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-5189/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı tərəfindən qeyd olunan qərardaddan verilmiş şikayət məhkəmənin 15 may 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Məhkəmənin şikayətçidən qərardan şikayətini lazımi qədər əsaslandırmağı tələb etmək hüququ yoxdur. İddiaçı hesab etmişdir ki, məhkəmə qətnaməsi əsassızdır, Mülki və Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə istinad etməklə, qətnamənin əsassızlığını mübahisə etmişdir. Apellyasiya şikayəti halhazırda qüvvədə olan mülki prosessual qanunvericiliyin, yəni Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinin əlavələr edilmiş tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayətinin tələb olunan formasına əməl edilmədən tərtib edilmiş hesab olunması iddiası əsassızdır. Tələb olunan formaya iddiaçı tərəfindən tam əməl olunmuşdur, o cümlədən bu formanın 6, 8 və 9-cu qrafasının tələblərinə əməledilmişdir. Ümumiyyətlə, məhkəmənin apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı vətəndaşın şikayət vermək hüququnu kobud surətdə pozulması kimi qiymətləndirir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, hazırkı apellyasiya şikayəti tərtib edilərkən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlil göstərilsə də, düzgün tətbiq edilməmənin nədən ibarət olması əsaslandırlmamış, işin bəzi halları sadalanılmaqla qətnamənin əsassız olduğu irəli sürülmüşdür. (apellyasiya şikayətinin 6-cı qrafası). Bundan başqa, apellyasiya şikayətində iddaçı məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığını dəqiq göstərməmiş və bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməmişdir (apellyasiya şikayətinin 8-ci qrafası). Eyni zamanda məhkəmə qeyd etmişdir ki, hazırkı apellyasiya şikayətində iddiaçı iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini göstərəsə də, bunun nədə ifadə olunmasını (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) qeyd etməmişdir (apellyasiya şikayətinin 9-cu qrafası). Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı tərəfndən verilmiş apellyasiya şikayəti, apellyasiya şikayətinin formasına dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyindən məhkəmə tərəfindən düzgün olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İddiaçı isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmaqla mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(006)- 5189/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3876/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3876/2023
07.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver