Məhkəmə qərarları › İş №2(103)-388/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-388/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-388/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)- 13299/2014 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 21 aprel 2011-ci il tarixli, 379 saylı müqavilə əsasında ona məxsus olan Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsində yerləşən Yeni Yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kvadrat metr, yaşayış sahəsi 79,68 kvadrat metr təşkil edən 29 saylı mənzilin ona təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən maraqlı şəxs kimi qeyd olunan X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə apellyasiya şikayətini verən şəxsin maraq və hüquqlarına toxunur. Belə ki, Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında “Xudafərin “ MMC tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin “C” korpusunda, 15-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 155,02 kv.m olan 30 saylı mənzilə dair onunla 441 saylı, 18 noyabr 2011-ci il tarixli payçılıq müqaviləsi bağlanmış, 18 noyabr 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir. Lakin məlum olmuşdur ki, hazırki iş üzrə İddiaçı adına “Xudafərin “ MMC tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin “C” korpusunda, 15-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 139,21 kv.m olan 29 saylı mənzilə dair 21 aprel 2011-ci il tarixli payçılıq müqaviləsi bağlanmış, 21 aprel 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Buradan da, aydın olur ki, tikinti şirkəti tərəfindən özbaşınalıq edilərək fakiti bir mənzilə dair ayrı-ayrı iki müqavilə tərtib edilərək saxtakarlığa yol verilmişdir. Çünki M.Məmmədova satılan yaşyış sahəsi başqa şəxs tərəfindən zəbt edilmiş, cavabdeh və iddiaçı tərəfindən ona məxsus olan mənzilin giriş qapısının kilidi sındırılaraq dəyişdirilmişdir. M.Məmmədov həmin mənzildə müəyyən təmir işləri görülmüş, suvaq işləri aparılmışdır. Baxmayaraq ki, iddiaçıya verilən payçılıq müqaviləsində mənzilin nömrəsində fərq olsa da, iddiaçı qanunsuz olaraq M.Məmmədova məxsus mənzilin qapısını sındıraraq kilid açarlarını dəyişməklə zəbt etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. İşdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri 16 may 2021-ci il tarixli təqdimat verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(102)-3856/2021 saylı qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2016 nömrəli iş üzrə 18 may 2016-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(102)-3856/2021 saylı qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə təqdimat verilməsi xahiş edilən məhkəmə aktı ilə Maraqlı şəxs hüquqları pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 may 2016-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması barədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4224/2019 nömrəli iş üzrə 03.07.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmiş, lakin həmin qətnamənin icrası Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli qətnaməsinə görə mümkün olmamışdır. Yuxarıda şərh olunanlardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maraqlarına toxunan şəxs Maraqlı şəxs işdə iştirak etməyə cəlb olunmamış və 18 may 2016-cı il tarixdə onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, işə maraqlarına toxunan şəxsin iştirakı ilə apellyasiya qaydasında yenidən baxılmalıdır. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəməsinin göstərişlərinə əməl edilərək maraqlarına toxunan şəxs Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2-ci və 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və maraqlarına toxunan şəxslər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə iddiaçının iddiasını təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, düzgün olmayan maddi və prosessual hüquq normalarına istinad etdiyindən, eyni zamanda məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmiş olduğundan maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21.04.2011-ci il tarixli, 379 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yeni yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən 29 saylı mənzili alıcı İddiaçı müqavilədə göstərilmiş şərtlər əsasında təhvil verir. İşdə olan 21.04.2011-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yeni yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən 29 saylı mənzilin dəyərini tam ödəmişdir və "xxxx" MMC-yə borcu yoxdur. İşdə olan mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması barədə İddiaçı "xxxx" MMC-yə ünvanladığı 13.04.2014-cü il tarixli ərizədən görünür ki, ərizəçi mənzilin hansı vəziyyətdə olması, nə kimi işlərin görüldüyü barədə ona heç bir məlumatın verilmədiyini, ona satılan 29 saylı mənzilin təhvil verilmədiyini bildirmiş,bu səbəbdən mənzilin ona təhvil verilməsini, mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 2(001)- 4224/2019 saylı qiyabi qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 a ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının C korpusu, 15-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 139,21 kv.m yaşayış sahəsi 79,68 kv.m olan mənzilin Maraqlı şəxs təhvil verilməsi, onun istifadə və sahibliyinə verilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs İddiaçı ərizəsi əsasında həmin məhkəmənin 03.07.2019-cu il tarixli, 2(001)-4224/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması 06.10.2021-ci il tarixə təyin olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli,2(001)-7234/2021 saylı qərardadı ilə iddiaçılar X1 və Maraqlı şəxs həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 2(001)- 4224/2019 saylı qiyabi qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin dierktoru R.M.Quliyev ilə payçı Maraqlı şəxs arasında bağlanmış 12.01.2012-ci il tarixli, 485 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yeni yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən mənzilin hər kv.m-nin dəyəri 339,66 ABŞ dolları həcmində qiymətləndirilərək 47284 ABŞ dollarına payçıya verməyi öhdəsinə götürmüş, kassa mədaxil qəbzinə əsasən payçı Maraqlı şəxs müqavilə üzrə 12.10.2012-ci il tarixdə "xxxx" MMC-yə 30350 manat (manatın ödəniş gününə olan məzənnəsi ilə) ödəniş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 12.10.2012-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yeni yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m olan 29 saylı mənzilin müqaviləyə əsasən borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsi tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativ üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativin isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Beləliklə məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etmiş olsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, müqavilənin şərtərinə əməl etməyərək mənzili iddiaçıya təhvil verməmişdir. Bu əsaslarla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və ona görə də iddia əsaslıdır. Digər tərəfdən, məhkəmə kollegiyası işdə olan sübutlara əsasən qeyd edir ki, cavabdehlə mübahisəli mənzilə dair əvvəlcə sifarişçi İddiaçı ilə, daha sonra isə Maraqlı şəxs ilə podrat müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası maraqlı şəxs Mollağa Məmmədovun apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, X3 ilə "xxxx" MMC arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli 441 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində “D” korpusu 15-ci mərtəbə, ümumi sahəsi 155,02 kv.m, yaşayış sahəsi 86, 48 kv.m təşkil edən mənzilin dəyəri 62000 manat təşkil edir, "xxxx" MMC tərəfindən X2 verilmiş 18 noyabr 2011-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində yerləşən yeni yaşayış binasında, “D” korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət 155,02 kv.m olan 30 saylı mənzilin müqaviləyə əsasən borcu yoxdur. Beləliklə də, apellyasiya şikayətində qeyd edilən X4 ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə göstərilən mənzillə iddiaçıya məxsus olan mənzil eyni deyil. Apellyasiya şikayətində həmin mənzillərin nömrələrinin fərqli olmasına baxmayaraq, əslində eyni mənzil olmaları qeyd ediləsə də, buna dair hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)- 13299/2014 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin ona təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması” barədə iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsində yerləşən Yeni Yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kvadrat metr, yaşayış sahəsi 79,68 kvadrat metr təşkil edən 29 saylı mənzil cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı təhvil verilsin və cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə təmir işlərinin aparılması üçün şərait yardılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar