Məhkəmə qərarları › İş №2(103)-3881/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3881/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3881/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilməklə həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

2. Cavabdeh direktoru Nümayəndə2 icra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 40 nömrəli məktubunda bildirir ki, 206 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh MKM-dən alınaraq, "xxxx" MMC-yə verilmişdir. "xxxx" MMC-də həmin mənzili X3 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə Cavabdeh MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Onlar kömək məqsədilə həmin ərazidə bina tikərkən İddiaçı bir ədəd 2 otaqlı mənzil verməyə söz verir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin hüquqi şəxs Cavabdeh MKM-nin direktoru Nümayəndə2 barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsi icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmışdır.

5. Hazırda iddiaçı müqavilənin ləğv edilməsini və bununla bağlı məruz qaldığı zərəri tələb edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MKM arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi və öhdəliyini icra etmədiyi üçün 20.542 manat ödənilmiş əsas məbləğin, 80000 manat real zərərin, 50400 əldən çıxmış faydanın, 5000 manat mənəvi zərərin, 452 manat dövlət rüsumu, o cümlədən iddiaçı tərəfindən çəkilmiş xərclər olaraq 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh MKM-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babək-94» MKM xx.xx.2008-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməmiş və təhvil verilməli olan mənzili bugünədək iddiaçıya verməmişdir. İllərdir rayonda qohumların evində qalmaq məcburiyyətindədir. Bu müddət ərzində öz evi olmadan ailəsi ilə birlikdə başqa şəxslərin evində yaşadığı və keçirdiyi mənəvi əziyyətlər bir yana, cavabdehin təqsiri üzündən 7 il məhkəmələrə get-gəllər, xərclər çəkib və bu səbəbdən də mənəvi maddi zərərə məruz qalmışdır. İndi həmin ərazidə həmin kvadratda evin qiyməti 100000 (yüz min) manatdan artıqdır. İndi iddiaçını evlə təmin edə bilməyən cavabdeh həmin evin real bazar qiymətini iddiaçıya ödəməlidir. Müqavilə öhdəliyi üzrə 20542 (iyirmi min beş yüz qırx iki) manat ödənilmiş əsas məbləğin və 80000 (səksən min) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Sözü gedən ərazidə 82.5 kvadrat metr 2 otaqlı mənzilin real alqısatqısını edə bilməsi üçün 2008-ci ildə ödədiyi məbləğlə real bazar qiyməti arasındakı fərq iddiaçının cavabdehin hərəkətləri nəticəsində çəkdiyi zərərdir. Eyni zamanda illərdir məhkəmələrdə iştirak və hüquqlarının müdafiəçi üçün xərclər çəkmişdir. 7 il ərzində 5000 (beş min) manat xərci çıxmışdır. Bu stress və əsəb səbəbindən hazırda yataq xəstəsinə çevrilən iddiaçının mənəvi ziyana görə tələbi 5000 (beş min) manatdır. Əgər həmin dövrdə sözügedən ərazidə mənzilin dəyəri 20542 manat idisə, bugün sözügedən ərazidə həmin sahəyə məxsus mənzilin təxmini dəyəri 100 000 manatdan artıqdır. Buna görə də Cavabdeh MKM iddiaçıya vurulmuş 80 000 (səksən min) manat real zərəri ödəməldir. Habelə, Cavabdeh MKM ona məxsus mənzili vaxtında vermiş olsa idi, o, 12 il ərzində həmin mənzili kirayə verməklə 50400 (əlli min dörd yüz) manat fayda qazanmış olardı.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-96/23 saylı iş üzrə 10 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 17 fevral 2008-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdehndən 20.542 manat əsas, 65.668 manat real zərər, 4.000 manat mənəvi zərər, 150 manat vəkilə ödənilmiş xərc məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 452 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında balanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı mənzilin tam dəyərini 20542 manat pulu cavabdehə ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış və qeyd olunan mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda həmin mənzilin yerləşdiyi bina faktiki olaraq mövcud deyildir. Cavabdeh həmin ərazidə bina tikməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı olsa da 15 il keçməsinə baxmayaraq MKM (cavabdeh) maddi vəsaiti olmadığından bina tikmək iqtidarında deyildir. Bu səbəbdən iddiaçı müqavilənin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə həmçinin maddi zərər hissəsində də iddianı əsaslı sayaraq “X9 Mərkəzi” MMC-nin rəyinə əsaslanmaqla onu 65668 manat, mənəvi zərəri isə 4000 manat həddində təmin etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 442, 752.1, 759-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsi qəsdən olmamış, habelə bu “yayınmaya” görə Cavabdeh MKM-nin üzərinə məhkəmə aktları ilə iddiaçını başqa mənzillə təmin etmək vəzifəsi qoyulmuşdur. Sözügedən icra sənədinin icrası hazırkı dövrdə mümkün olmasa da, müvafiq qanunla tələbin 30 illik müddəti olduğundan yaxın vaxtlarda həmin sənədin icrasının mümkün olması ehtimalı var. Habelə, icra sənədinin geri qaytarılması icra üzrə icraata xitam verilməsi demək deyildir. Başqa sözlə, həmin icra sənədinin icra olunması indi də olmasa, yaxın zamanda mümkün olacaq. Həmin icra icraatına xitam verilməmişdir. İddiaçının Cavabdeh KMM-nə qarşı hazırkı iddia tələbi ilə eyni olan “Əmlak dəyərinin tələb edilməsi” barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə rədd edilib. Ona görə də eyni tərəflər arasında, eyni predmet və eyni əsaslarla olan hazırkı iddia ərizəsi üzrə də icraata xitam verilməlidir. Əvvəlki eyni tələbə “müqavilənin ləğv edilməsi” tələbi də əlavə edilmişdirsə, onda məhkəmə pul tələbi üzrə iddiaya xitam verməli, yalnız sözügedən müqaviləni ləğv edə bilərdi. Bundan başqa məhkəmə “müqavilənin ləğvi tələbini” də təmin edə bilməzdi, ona görə ki, iddiaçı müqavilənin ləğvi barədə Mülki Məcəllənin müvafiq maddəsinin tələblərinə riayət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndələri X7 və Nümayəndə1 (vəkil) əvvəlki məhkəmə iclasında iştirak etsələr də, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq sonuncu iclasa gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

21. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin edildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən və qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdeh X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyərini təşkil edən 20542 manat iddiaçı tərəfindən ödənmiş və mənzili iddiaçıya təhvil vermək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür.

26. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş, cavabdeh isə müqavilə şərtlərinə əməl etməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin mənzilin əvəzi olaraq cavabdeh tərəfindən inşa edilməklə həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, lakin başqa bina tikilmədiyindən və bu əsasla qətnamənin icrası mümkün olmadığından icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə ki, icra hərəkətləri həyata keçirilən zaman icra məmuru tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılan yaşayış binası aşkar olunmamışdır.

27. Kollegiyanın qənaətinə görə yaranmış vəziyyətdə iddiaçının müqavilənin ləğv edilməsi və ödənilmiş pulların (zərərin əvəzinin) geri qaytarılmasını tələb etmək hüququ vardır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

28. Apellyasiya şikayətinin əsas dəlili əvvəllər eyni tələblər üzrə məhkəmə qətnaməsi çıxarıldığına görə hazırkı işin icraatına xitam verilməsi barədədir.

29. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə icraata xitam verilməsi üçün qanunla müəyyən edilmiş prosessual əsaslar mövcud deyildir. Belə ki, apellyatorun istinad etdiyi əvvəlki məhkəmə mübahisəsi üzrə tələb müqavilə öhdəliklərinin yerinə yetirilməsi və əmlak dəyərinin tələb edilməsi ilə bağlı olmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsi ilə iddia mənzil tələbi ilə bağlı icra işinin olması əsası ilə rədd edilmişdir. Həmin işdə zərərin ödənilməsi tələbi müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi çərçivəsində tələb olunurdu və həmin vaxt icra sənədi üzrə icraat davam edirdi və icra sənədi məhkəməyə geri qaytarılmamışdı. Hazırkı işdə isə iddia icra sənədi məhkəməyə qaytarıldıqdan sonra başqa əsaslarla qaldırılmış, həmin iddia tələbindən fərqli olaraq hazırki tələbdə iddiaçı müqavilənin ləğv edilməsini və müqavilədən imtina nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsini tələb edir.Göründüyü kimi, hazırkı iddia yeni əsasla qaldırılmışdır və bu baxımdan işin icraatına xitam verilməsi üçün əsas yoxdur.

30. Qeyd edilənlərə əsasən Kollegiya mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

31. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar