Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3883/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh2nə qarşı əmək haqqının ödənilməsi iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1587/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-ə, Cavabdeh2nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" mağazalar şəbəkəsinə daxil olan “Sputnik” mağazasında sınaq müddətinə çalışdığı günlərin əmək haqqının ödənilməsi və işə qəbuldan imtinanın səbəbi barədə yazılı bildirişin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1587/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qeyd edilən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, o, 3 (üç) natamam iş günü ərzində qeyri-rəsmi istehsalat praktikası keçib. Ərizəyə əlavə etdiyi iki sənəddən (sağlamlıq haqqında arayış və iş yerinə göndəriş vərəqəsi) göründüyü kimi, hər iki cavabdehlə arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı qarşılıqlı niyyət olmuş, lakin sonradan cavabdehlərdən birinin, yəni işə qəbul edən tərəfin günahı üzündən bu niyyət baş tutmamışdır. Cavabdehin şirkətdaxili işəqəbul qaydalarına görə, onun müəssisəsində işə düzəlmək istəyən şəxs əvvəlcə 3 (üç) natamam iş günü ərzində qeyri-rəsmi istehsalat praktikası keçməlidir. Ancaq bu qayda mövcud əmək qanunvericiliyi ilə tənzimlənmədiyindən işaxtaran bu və ya digər səbəbdən işə qəbul edilmədiyi təqdirdə həmin 3 natamam günün əmək haqqının ödənilməsi məsələsi açıq qalır və mübahisə predmetinə çevrilir. Nəticədə işaxtaran tərəf əldən çıxan fayda, yaxud muzdlu əmək hüququnun pozulması faktı ilə üz-üzə qalır. Cavabdehlərin heç biri - nə işə göndərən (Venta), nə də işə qəbul edən (Grandmart) həmin 3 günlük qeyri-rəsmi əmək fəaliyyətinə görə ödəniş öhdəliyini öz üzərinə götürmür, məsuliyyəti bir-birlərinin üstünə atırlar. Beləliklə, yuxarıdakılara əsasən demək olar ki, indiki halda hər iki cavabdehə qarşı bir-biri ilə bağlı iki iddia tələbi ortaya çıxır: 1) üç günlük qeyri-rəsmi əmək fəaliyyətinə görə əməkhaqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi; 2) əmək müqaviləsi bağlamaqdan imtinanın səbəbinin əsaslandırılması. Mübahisənin həllinin bu qədər uzanmasının səbəbi onunla əlaqədardır ki, o, keçən ilin dekabrında məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən qabaq 1-ci cavabdehin müəssisəsində qeyri-rəsmi əmək fəaliyyətinin olmasına dair sübutları əldə etməkdə ona kömək göstərilməsi xahişi ilə müvafiq icra hakimiyyəti orqanlarına (prokurorluq, əmək müfəttişliyi, daxili işlər nazirliyi) müraciət etmiş, lakin bu orqanlar, əksinə, mənim özümdən sübut istəmiş, məhkəmə qərarı olmadan yerində araşdırma aparmağın mümkünsüzlüyünü bildirmişlər. Bununla əlaqədar, o, məhkəmə təhqiqatının aparılması üçün müvafiq icra hakimiyyəti orqanına sorğu göndərilməsi barədə vəsatət qaldırmış, lakin vəsatət təmin olunmamışdır. Cari ilin mart ayında çıxarılan qətnamədə hakim iddia tələbinin qanuni əsasının tapılmadığını, yaxud işin faktiki hallarının tapılan qanuni əsasın dispozisiya şərtlərinə uyğun olmadığını əsas gətirərək iddianı rədd etmiş, iddia tələblərinin hüquqi qiymətləndirmə prosesini yarımçıq qoyaraq məhkəmə araşdırmasının aparılmasına ehtiyac qalmadığını bildirmişdir. Qətnamə çıxarılarkən iş üçün hüquqi əhəmiyyət kəsb edən hallar nəzərə alınmayıb. Məsələn, onun cavabdehə məxsus marketdə 3 natamam iş günü qeyri-rəsmi əmək fəaliyyətimin olduğunu təsdiq edən şəxslər var. Onlar məhkəməyə şahid qismində gəlmək istəməsələr də, yerində ifadə verməyə hazırdırlar. Lakin onların dindirilməsi, telefon (votsap) danışıqlarının eyniləşdirilməsi üçün məhkəmə araşdırmasının aparılması barədə vəsatət təmin olunmayıb. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, onun əlində səs yazıları var, orada onun işlədən mağaza müdiri bu faktları qismən də olsa etiraf edir, o, səmimi olaraq bildirir ki, istinad etdiyi 3 günü tam olaraq deyil, natamam, yəni yarım gün olaraq işləmişdir.
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etmiş və bildirdi ki, iddiaçının tələbi tam əsassızdır, o müəssisənin hüquqşünası olarq ilkin mərhələdə iddiaçını dinləmiş və məlum olmuşdur ki, iddiaçı ilə hər hansı əməkk müqaviləsi bağlanmamış, eləcə də onun faktiki olaraq 3 gün işləməsi barədə bildirdikləri də əsassızdır, onlarda belə işlərə çox ciddi yanaşılır, əmək müqaviləsi olmadan kiminsə işlədilməsi qəti yolverilməzdir, ola bilər ki iddiaçı qeyd etdiyi vaxtlarda tanıçlarından kimisə yanına gəlib – getmiş olsun, lakin onun işləməsi mümkünsüzdür. İddiaçının şikayətinə əsasən araşdırma aparan əmək müfəttişliyi də ona işləməsi barədə heç bir sübutunun olmadığını bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 2-ci cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. X10 Mərkəzi tərəfindən verilmiş 1308 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, AR SN Kollegiyasının xx.xx.2012-ci il tarixli 46 nömrəli qərarına əsasən "xxxx" MMC-nin (X10 Mərkəzi) və "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində imzalanmış 4 nömrəli müqaviləyə əsasən aparılmış işə qəbul və dövri tibbi müayinələrin nəticəsində İddiaçı tutduğu vəzifədə çalışması üçün əks göstəriş yoxdur.
10. ƏƏSMN yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətdə qeyd olunan pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağı ilə bağlı 3-17-5/2-H-68221/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və İddiaçı xx.xx.2024-cü il tarixində izahatı araşdırmaya təqdim etmişdir. Həmçinin müraciətlə bağlı İddiaçı ilə telefon (***-***-**-**) əlaqəsi zamanı "xxxx" MMC-də çalışdığını təsdiq edən hər hansı təsdiqedici sənədin olmadığını bildirmişdir.
11. "xxxx" MMC-nin ünvanına iddiaçıya aid olan sənədlərin təqdim edilməsi barədə 3-17-5/2-68380/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, "xxxx" MMC tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan məktubda İddiaçı cəmiyyətdə heç vaxt əmək fəaliyyətinin olmadığı bildirilmişdir.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC tərəfindən İddiaçı Məmmədərhim oğlununa aid əmək müqaviləsinin bağlanmasına dair hər hansı qeydiyyatın olmadığı müəyyən edilmişdir.
13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır
14. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək AR Silahlı Qüvvələrində, xx.xx.1989- cu il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
15. AR DİN tərəfindən xx.xx.2024-cü il tarixində verilən arayışa əsasən İddiaçı Ağdam Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 333.4, 62 maddələrinə əsasən şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ 1.Əmək fərdi və ictimai rifahın əsasıdır.
2. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
3. Heç kəs zorla işlədilə bilməz.
4. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsi: Maddə 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 3.8. İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə.7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə.7.2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Maddə.7.2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Maddə 51. Sınaq müddəti
1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.
2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası
1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
19. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
27. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
29. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
30. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda cavabdeh Grandmart MMC və Venta Təlim, Tədris və X7 iddia etdiyi kimi sınaq müddəti ərzində görülmüş işə görə əmək haqqının ödənilməsi və işə qəbuldan imtina barədə yazılı bildirişi tələb etməsinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı ilə cavabdehlər arasında sınaq müddətinə dair müqavilə müəyyən edilmədiyindən iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır.
36. Kollegiya hesab edir ki, iddiaçı ilə işəgötürən arasında yazılı əmək müqaviləsi bağlanmamış, işə qəbul prosesi rəsmiləşdirilməmişdir. Əmək qanunvericiliyinə əsasən əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında yaranır. Müqavilə bağlanmadığından tərəflər arasında əmək münasibətləri mövcud olmamışdır.
37. İddiaçı apellyasiya şikayətində 2 məsələni mübahisələndirmişdir: 1) Grandmart MMC şirkətinə məxsus marketdə 3 (üç) günlük qeyri-rəsmi əməyin ödənilməsi qaydasının müəyyənləşdirilməsi və ödənilməsi; 2) işə qəbuldan (əmək müqaviləsi bağlamaqdan) imtinanın səbəbinin əsaslandırılması.
38. Kollegiya qeyd edir ki, iddiaçının 3 gün müddətində faktiki işləməsi barədə təqdim etdiyi sənədlər onun faktiki əmək fəaliyyətini təsdiq etmir. Əmək haqqı ödənilməsi yalnız əmək münasibətləri yarandıqda mümkündür və hazırkı halda isə iddiaçı ilə cavabdeh arasında belə münasibətlərin yaranması sübut olunmamışdır.
39. İddiaçının digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında rəsmi əmək münasibətləri olmadığına görə işəgötürəndən yazılı imtina barədə bildiriş tələb etmək hüquqi cəhətdən mümkün deyil.
40. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1587/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.