Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3884/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-371/2021 saylı, 05 aprel 2022-ci il tarixli qərardaddan cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tapdıq Mahmudov) iddia təmin olunmuş, Cavabdeh ünvan 1 ünvanından öz əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə qeyd edilən qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, müddətin üzrlü səbəblərdən ötürülməsini göstərmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(094)- 371/2021 saylı qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdehin nümayəndəsi (vəkili) həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayəti - cavabdehin 2021-ci ilin sentyabr ayından etibarən “X1”ndə həkim nəzarəti altında olması, həmin vaxtdan mütəmadi olaraq həkim tərəfindən müayinə olunması, 01 mart 2022-ci il tarixdən ambulator müalicə alması və s. kimi əsaslandırmışdır. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(094)- 371/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşdən görünür ki, cavabdeh qətnaməni 04 noyabr 2021-ci il tarixdə məhkəmədən şəxsən (qəbzə imza etməklə) almış, lakin qanunla nəzərdə tutulmuş bir ay müddət ərzində ondan şikayət verməmişdir. Cavabdeh tərəf prosessal müddətin üzrlü olaraq buraxılmasının əsası kimi xəstə olmasını və bununla bağlı ərizəyə "X1”nin 15 mart 2022-ci il tarixli arayışını əlavə etsə də, həmin arayışdan görünür ki, cavabdeh əvvəllər tibb müəssiəssinə gedərək müayinələrdən keçmiş, 01 mart 2022-ci il tarixdən isə ambulator qaydada müalicəyə başlamışdır. Göründüyü kimi, cavabdehin qətnaməni rəsmi qaydada aldıqdan sonrakı bir ay müddət ərzində ondan ümumiyyətlə apellyasiya şikayəti vermək imkanının olmaması təqdim edilmiş arayışdan görünmür. Apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən sonra isə, yəni 01 mart 2022-ci il tarixdən cavabdehin ambulator müalicə alması faktı buraxılmış prosessual müddətin üzrlü sayılasına əsas ola bilməz. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün əsas yoxdur. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin rədd edilməsinə dair Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-371/2021 saylı, 05 aprel 2022-ci il tarixli qərardaddan cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-371/2021 saylı, 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3884/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3884/2022
10.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver