Məhkəmə qərarları › İş №2(103)-3885/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3885/2024

26.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3885/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı cavabdeh X5 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-72/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş **-UZ-*** nömrə nişanlı Opel-Astra markalı, **-HB-*** nömrə nişanlı-Audi A4 markalı, **-GG-*** nömrə nişanlı QAZ 2410 markalı avtomobillərə X3 payı ½ hissədə tanınmış, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsbəsi Dekorativ tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70000 manat pulun yarısı 35000 manat X2 alınaraq X5 verilməsi və Bakı şəhəri Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinə X4 ½ hissədə payının tanınması qərara alınmışdır.

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-27/2023 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin X7 məxsus payının üzərinə həbs qoyulmuşdur.

3. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

4. xx.xx.2023-cü il tarixli 8”V”-429 reyestr nörməli açılmış vərəsəlik işinə dair notariat işinin təsdiq olunmuş ksero surətindən görünür ki, X14 barəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və xx.xx.2023-cü il tarixində vəfat etmiş X4 vərəsələri İddiaçı və X11 atalarından miras qalmış əmlakların qəbul edilməsi üçün ərizə ilə notariat ofisinə müraciət etmişlər.

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-417/2023 saylı qərardadına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin X7 məxsus ½ hissəsi üzərində X3 mülkiyyət hüququnun tanınması və buna dair müvafiq tədbirlərin həyata keçirilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə təqdimatına dair iş üzrə icraata X4 ölməsi ilə əlaqədar xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X5 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun azyaşlı övladı X12 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi, qapı kilidinin açarının bir nüsxəsinin də ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında daimi olaraq rəsmi qeydiyyatda olmaqla yaşamışdır. Ailə həyatı qurduqdan sonra da həyat yoldaşı və övladı ilə birlikdə həmin ünvanda daimi yaşamış və təsərrüfatı idarə etmişdir. Sonradan atası X14 ilə anası X15 aralarında ailə münasibətləri pozulmuş və aralarında bir neçə məhkəmə prosesləri baş vermişdir. Həmin məhkəmə proseslərindən sonra anası X15 müxtəlif qanunsuz yollarla atası X4, onun və ailə üzvlərinin həmin mənzili tərk etməyi üçün hüquq mühafizə orqanlarına əsassız şikayətlər etmiş və həmin şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində aydın olmuşdur ki, cavabdeh X3 əsl niyyəti onları həmin mənzildən çıxarmaqdır. Həyat yoldaşı ilə ailə qurarkən onun başqa yaşayış yeri olmadığına görə onun cehiz əşyalarını da həmin mənzilə yığmışlar. Bundan başqa, övladı X12 da həmin mənzildə dünyaya gəlmişdir və hal-hazırda da həmin ünvanda rəsmi qeydiyytadadır. Anası ilə atası arasında olan məhkəmə mübahisələrinin sonunda ünvan 1 ünvanında yerləşən mənzil üzərində X14 ilə X3 hərəsinin ½ olmaqla pay hüquqları tanınmış və buna müvafiq olaraq onlara mülkiyyət hüququnun təsdiq edilməsi barədə Çıxarışlar verilmişdir. Cavabdeh X15 evdə dəfələrlə süni şəkildə davalar salır, qonşulara guya onu incitməkləri barədə yalan söhbətlər edir və onu və ailə üzvlərini müxtəlif vasitələrlə bezdirir və dava etməyə sövq edir ki, onların evdən çıxmaqlarıı üçün zəmin yaratmış olsun. Bütün bunlara nail ola bilmədiyini görən X15 avqust ayının sonunda atası X8 onkoloji xəstəliyi ilə əlaqədar olaraq “Məlhəm” klinikasına apararkən o və ailə üzvləri də onun yanında olmuşdur. Sonradan evə qayıdarkən ona məlum olmuşdur ki, X15 giriş qapısının kilidini dəyişmiş və onları evə buraxmamışdır. Bununla əlaqədar olaraq, AR DİN “102” Qaynar Xəttinə, Nizami rayon Polis İdarəsinə və 24 Polis Şöbəsinə etdiyi şikayətlər aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Bundan başqa, onun və ailə üzvlərinin bütün pal-paltarı, qızıl-zinət əşyaları və pul vəsaitləri, cehiz əşyaları və gündəlik istifadə etdiyi bütün əşyaları həmin evdədir və hətta cavabdeh şərait yaratmır ki, paltarları da götürsünlər. Onun və ailə üzvlərinin həmin mənzilə istifadə hüquqları mövcud olduğuna görə, bundan başqa, həmin mənzildən başqa digər yaşayış evləri olmadığına, hal-hazırda kirayədə qaldıqlarına görə, həmin mənzilə köçürülməkləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı azyaşlı övladı X12 ilə birlikdə ünvan 2 ünvanına köçürülsün və qapı kilidinin açarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı miras əmlakı qəbul etməsi işin mübahisəsiz halı olduğundan o, mübahisəli mənzilə mülkiyyət hüququna hüququna malikdir. Mülki qanunvericiliyin tələbinə əsasən İddiaçı mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etdiyi üçün mirasdan imtina edə bilməz. Belə olan halda miras açıldığı andan onun mülkiyyəti sayılır. (MM 1255m). İddiaçının mübahisəli mənzilə olan payının rəsmiləşdirilməməsi onun öz miras payına sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane deyildir. Mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən ibarətdir. İddiaçının payının rəsmi reyestrdə qeydiyyata alınmaması onun həmin əmlak barəsində sərəncam hüququnun həyata keçirilməsinə maneədir, sahiblik və istifadə hüququnun deyil. Həmçinin işin faktiki allarından görünür ki, məhkəmə prosesi dövründə vərəsəlik şəhadətnaməsi verilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatmamışdır. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) başa çatmaması əsası ilə iddianın təmin edilməməsi Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmçinin məhkəmə cavabdehin izahatına (mübahisəli mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması, İsayeva Saraya təklif edilməsi, cavabdehin təklifi qəbul etməsi ilə əlaqədar mübahisəli mənzilin üzərinə həbs qoyulmuş ½ hissəsinin potensial mülkiyyətçisi olması) münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan İsayev Abilin vəzifələri (o cümlədən, 35 min manat pul vəsaitinin X13 ödənilməsinə dair öhdəliyi) də vərəsələr tərəfindən qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda (xx.xx.2024 tarixli) həmin pul vəsaitinin onun tərəfindən ödəniləcəyini bildirməklə miras tam qəbul etməsi ilə bağlı iradəsini bildirmişdir. Mülki qanunvericiliyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (MM 1306.1m). Həmçinin icra haqqında qanunvericiliyə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir (İcra haqqında Qanun 31m). Belə olan halda X9 vərəsəsi olaraq İddiaçı öhdəliyin ona aid olan hissəsini yerinə yetirmədiyi halda öhdəliyin icrası qanunla müəyyən edilmiş qaydada ondan tələb edilə bilər. Məhkəmə iddia tələbinin İddiaçı azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçi öz payına yetkinlik yaşına çatmayan ailə üzvünü özü ilə birlikdə köçürə bilər. Həmçinin işin mübahisəsiz haldır ki, iddiaçı öz ailəsi ilə keçən ilin sentyabr-oktyabr aylarınadək cavabdeh ilə birlikdə həmin mənzildə yaşamışdır. İddia tələbinin qapı kilidinin açarının bir nüsxəsinin iddiaçıya verilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin məhkəmə iclasında tədqiq edilən faktiki hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh X15 qapı kilidini dəyişdirmişdir (özü xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında da bildirmişdir ki, iddiaçı gəlib onu narahat etdiyi üçün qapı kilidini dəyişdirmişdir). Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 213.2, 215.2, 215.4, 1151.1, 1151.2, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1267, 1306.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020- ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarınavə Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.2, 217.3, 217.4, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh X15 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(007)-681/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, tələbkar həbs qoyulmuş ½ hissəni-TƏKLİFİ qəbul etmiş, buna görə də Nizami Rayon İcra Şöbəsi Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin tam tələbkarın mülkiyyətinə keçməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət etmişdir. Hazırki iddiaçı cavabdehə qarşı, yəni öz doğma anasına qarşı məişət zorakılığı törətdiyi üçün Azərbaycan Respublikası Bakı Şəhər Nizami Rayon İcra Başçısı aparatının“məişət zorakılığı haqqında”iş üzrə 25 fevral, 2022-ci il tarixli qərarı ilə X7 məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, X5 qabaqlayıcı tədbir olaraq 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla məişət zorakılığı ilə bağlı hərəkəti törətmiş şəxslər X7 və İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə qısamüddətli mühafizə orderi qəbul edilməsinə və hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxsə narahatlıq gətirən məişət zorakılığına dair hərəkətlər etmələri öz təsdiqini tapmışdır. Əgər miras aktivini qəbul edəcəksə, deməli atası X4 iddiaçı X5 olan 35.000 AZN borcunu da yəni miras passivini də qəbul edir. Həmin 35.000 AZN pul 4 ildir ki, ödənilmədiyindən X4 payına tutma yönəldilmiş və tələbkar X15 həmin təklifi qəbul etmişdir. Yəni de fakto və de yure olaraq həmin ½ hissə artıq X5 məxsusdur. Köçürülmə tələb edilən mübahisəli mənzilin tam pay hüququ ilə potensial mülkiyyətçisi X10r. X14 atasından qalan mirası qəbul edirsə, demək ki, onun vəzifələrini də qəbul edir. İş materiallarından görünür ki, maddi hüquq normaları pozulmuş, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq edilməmiş və əvəzində tətbiq olunmuş maddi hüquq norması səhv təfsir və yanlış tövsif olunmuşdur. İş materiallarından açıq-aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

14. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirir ki, evə 2001-ci ildən köçüblər. Anası dəfələrlə polis bölməsinə şikayət edib. Atası xəstə idi onu müalicə üçün aparıb-gətirirdi. Evə qayıdanda açarı anası dəyişmişdi. Evdə sənədlər, paltarlar, pul bugün də qalıb. Onlar kirayədə yaşadılar. Ramanadakı yarım tikilini təmir etdirib orada yaşadılar. Uşağı məktəbə başlayanda yenə onu uzaq məktəbə aparmalı olacaq. Anası atasının yanında olduğu üçün belə etdi. O, atasına dəstək çıxdı. Son dövrlərdə problemləri olmuşdu, boşandılar. Anası süni formada cəhdlər etdi, buna görə də evə kamera qoydurdu. Çünki, anası şikayətlər edirdi. Mühafizə orderinin veriməsi ilə bağlı iclasla bağlı onun məlumatı olmayıb, 40 dəqiqə qalmış ona məlumat verilib. Nə o, nə də vəkili iştirak edə bilmədi.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirir ki, iddiaçının atası ilə anası məhkəmə mübahisəsi zamanında da mübahisəli mənzildə birgə yaşayıblar. Cavabdeh məhkəmə iclaslarında ağlaması göstəriş üçündür. Bütün oyunların hamısı evin satılması üçün olub. İddiaçının atası onkoloji xəstə olmuşdur. İddiaçı atasını klinkaya aparıb evə qayıdanda evin qapısının açarının dəyişdiyini görüb. Klinkaya gedənə kimi birgə təsərrüfatları olub. Cavabdeh onları evə qoymayıb. İddiaçının əşyaları mənzildə qalıb anası onları götürməyə belə icazə verməyib. Hazırda Ramandakı evin üzərinə həbs qoyulub. Uşaq hər gün Ramanadan Neftçilərə məktəbə gedib-gəlir. İddiaçı məhkəmələrdə bildirib ki, müəyyən məbləğ ödəməyə hazırdır, məsələ həll edilsin. İddiaçı ev alınandan orada yaşayıb, əşyaları da orada qalmışdır. Əvvəl Neftçilərdəki evdə yaşayıblar. Atası oranı satıb, mübahisəli mənzili alıblar. Həmin mənzil 2000-ci ildən alınıb. 2023-cü ilə qədər da iddiaçı orada yaşayıb. Cavabdeh bu halı inkar etməyib. İddiaçının qeydiyyatı bugün də həmin mənzilərdir. Ev alınan vaxtdan orada yaşayıb. İddiaçı 6 ay Amerikada yaşayıb, işləyib, ailəsinə pulunu xərcləyib. Atası onkoloji xəstə olan zaman atasına baxıb. Cavabdeh yoldaşını təhqir edib. Mühafizə orderinin verilməsi barədə iddiaçının xəbəri olmayıb. Dəfələrlə inzibati qaydada işləri olub, araşdırmalar aparılıb. Sonda iddiaçı evə kamera qoydurub ki, özünü sübut edə bilsin. Cavabdeh bunu da bəhanə edib. Arayış alıblar ki, iddiaçı və ailəsi orada qeydiyyatda olublar. Məktəbdən də arayış alıblar. İddiaçının oğlu ilə birlikdə mənzilə köçürülməsini xahiş ediblər. Hər gün uşaq 18-20 km-lik yolu gedib-gəlir. Bütün bunları nəzərə alıb qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. İddiaçının qeydiyyatı bugün də həmin mənzilərdir. Cavabdeh evdə tək yaşamaq istəyir. Buna görə də cavabdeh qərəzli mövqe göstərir.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29..İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzil iddiaçının valideynlərinin birgə nikahda olduğu dövrdə əldə edilərək iddiaçının anası olan hazırki iş üzrə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra mübahisə predmeti olan mənzildə iddiaçının atasının ½ hissədə payı müəyyən olunmuşdur. İddiaçının atasının cavabdehə olan borcuna görə onun sözügedən mənzildə olan payının üzərinə həbs qoyulmuşdur. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X4 övladları İddiaçı və X11 atalarından miras qalan əmlakı qəbul etmələri ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmişdirlər.

25. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, mənzil 2001-ci ildə alınmışdır. Nizami rayonu 76 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışda da qeyd edilir ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilin 2001-ci ildən mülkiyyətçisi X10r. İddiaçı həmin mənzildə xx.xx.2001-ci ildən qeydiyyatdadır.

26. İddiaçı övladı ilə birlikdə mənzilə köçürülməsini tələb edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia əsaslıdır.

28. İlk növbədə məhkmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin övladı olaraq 2001-ci ildən mübahisə predmeti olan mənzildə yaşamışdır. Onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, oğlu onu narahat edirdi. O, isə mənzilin açarını dəyişdi. Göründüyü kimi iddiaçının mənzildən istifadəsinə maneə vardır.

29. Bundan əlavə, iddiaçı atasının vərəsəsi olaraq ondan miras qalan əmlakı da qəbul etmişdir. Qeyd edilməlidir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. §18

30. Cavabdehin şikayətinin dəlili odur ki, iddiaçı cavabdehə qarşı məişət zorakılığı törətmişdir.

31. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1799/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, məişət zorakılığından zərər çəkmiş X5 məişət zorakılığı törətmiş şəxslər X4 və İddiaçı hərəkətlərindən mühafizə olunması üçün 30 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Həmin müddət artıq başa çatmışdır.

32. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-27/2023 saylı qərardadına əsasən həbs qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ hissəsi tələbkar X5 təklif edilmiş, bununla əlaqədar olaraq Bakı şəhəri, Nizami Rayon İcra Şöbəsi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin tam tələbkarın mülkiyyətinə keçməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət etmişdir.

33. Qeyd edilməlidir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-417/2023 saylı qərardadına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin X7 məxsus ½ hissəsi üzərində X3 mülkiyyət hüququnun tanınması və buna dair müvafiq tədbirlərin həyata keçirilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə təqdimatına dair iş üzrə icraata X4 ölməsi ilə əlaqədar xitam verilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan X4 vərəsələrindən onun borcunun ödənilməsi tələb oluna bilər. Qeyd edilən məsələ hazırki məhkəmə araşdırmasının predmeti deyil.

35. Məhkəmə kollegiyası iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi tələbi ilə bağlı qeyd edir ki, 2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onun valideynlərinin yaşayış yeri hesab edilir.

36. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

37. İddia tələbinin qapı kilidinin açarının bir nüsxəsinin iddiaçıya verilməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, X15 işə birinci instansiya məhkəməsind baxılması zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında qapı kilidini dəyişdirdiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.

38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar