Məhkəmə qərarları › İş №2(103)-3889/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3889/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3889/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və üç övladının xx xxxxxx 2006-cı il təvəllüdlü X3, xx xxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2013-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən iki mərtəbəli özbaşına yeni tikili olan fərdi yaşayış evinə köçürülməsi, həmin evin 4 otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi və həmin evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan üç övladları---xx xxxxxx 2006-cı il təvəllüdlü X7, xx xxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Faktiki olaraq onların ailə münasibətləri pozulmuş, iddiaçı ailə qurduqdan sonra qayınatasına məxsus Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Levanevski küçəsi, 12/1a saylı evə gəlin köçmüşdür. Bir neçə il həmin evdə yaşadıqdan sonra həmin evin həyətində qaynatası tərəfindən tikilmiş 12/1 saylı evə köçmüş, valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə aparmış və hal-hazırda cehiz əmlakları oradadır. İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iddiaçıya və uşaqlarına orada yaşamağa imkan verməmiş və onları oradan qovmuşlar. Hazırda iddiaçı övladları ilə birlikdə atasına məxsus olan evdə çox çətinliklə yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və onun övladları---xx xxxxxx 2006-cı il təvəllüdlü X7, xx xxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X5 Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Levanevski küçəsi, 12/1 ünvanında yerləşən yeni tikilən ikimərtəbəli yaşayış sahəsinə (evinə) köçürülmələri qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli mənzili 2015-ci ildə qızı ilə birlikdə inşa etmiş, iddiaçı həmin mənzildə heç vaxt yaşamamışdır. İddiaçı 2005-ci ildə oğlu ilə ailə həyatı qurduqdan sonra Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Levanevski küçəsi, 12/1 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı yaşayış ünvanına gəlin köçmüş, həmin ünvanda yaşamış və 2019-cu ilin may ayında öz razılığı ilə həmin ünvandan köçüb getmişdir. Eyni zamanda iddiaçıya məxsus cehiz əşyaları da həmin birmərtəbəli evdədir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh2 izahatına əlavə olaraq bildirdi ki, iddiaçı gəlin kimi köhnə tikiliyə köçmüş, halhazırda onun cehiz əşyaları da həmin mənzildədir. Orada uşaqları ilə yaşamasına hər hansı bir narazılıq yoxdur. Ata kimi oğlu ilə iddiaçının münasibətlərinin düzəlməsinə çox çalışsa da, alınmamışdır. İddiaçı özü evi tərk edərək çıxıb getmiş, yəni onu heç kəs evdən çıxartmamışdır. İddia tələbi irəli sürdüyü evdə isə hal-hazırda o, həyat yoldaşı ilə birgə yaşayır. İddiaçı isə həmin mənzildə heç vaxt yaşamamışdır. İddiaçının onların yaşadıqları hazırkı mənzilə köçüb yaşaması qeyri-mümkündür. Buna görə də məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı isə şikayətin təmin edilməməsini xahiş edərək izahatına əlavə olaraq bildirdi ki, o, sözügedən yeni tikilidə uzun müddət yaşamış və cavabdehlə birgə təsərrüfat aparmışdır. Köhnə tikili isə yaşamaq üçün yararsız vəziyyətdədir. O, üç övladı ilə həmin mənzildə yaşaya bilməz. Cehiz əşyalarını isə təzə tikilidən götürərək köhnə tikiliyə aparıb qoymuşlar. İzahatının sonunda o, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı və Cavabdeh1 xx xxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2006-cı il təvəllüdlü X7, xx xxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra qayınatasına məxsus Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Levanevski küçəsi, 12/1 saylı evə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Mübahisəli ünvana yerli baxış keçirilərkən məhkəmə qeyd edilən ünvan üzrə iki tikili aşkar etmiş, tikililərin biri yeni, biri köhnə tikilidir. Bir həyət daxilində olmaqla iki evi bir birindən həyətin ortasından keçən hasar ayırır. İddiaçıya məxsus cehiz əşyaları isə köhnə tikilidə yerləşir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflərin mübahisəli evdə birgə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün sonuncunun evdən çıxmaq məcburiyyətində qalmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yeni tikilidə yaşayış otaqlarının boş olması, köhnə tikilidə isə əşyaların yığım qaydası yalnız ona dəlalət edir ki, həmin tikilidə yaşayış olmuş olsa idi, cehiz əşyaları istifadəyə yararlı vəziyyətdə yığılmış olardı. Nəticədə məhkəmə belə qərara gəlmişdir ki, cavabdehlərin mübahisəli evdə normal şərtlər daxilində yaşaması nəzərə alınsa, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, iddiaçı Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Levanevski küçəsi, 12/1a saylı yaşayış sahəsinə gəlin kimi köçmüş və uzun müddət həmin mənzildə yaşamış və sonradan öz razılığı ilə həmin ünvandan köçüb getmişdir. Bundan əlavə iddiaçı özü də ilk tələbini əvvəlcə həmin evlə bağlı irəli sürmüşdür. Eyni zamanda iddiaçıya məxsus cehiz əşyaları da həmin köhnə tikilidədir. Birinci instansiya məhkəməsi mübahisəli mənzilə yerli baxış keçirən zaman da iddiaçıya məxsus cehiz əşyalarının məhz köhnə tikilidə olduğunu müəyyən etmişdir. Lakin qərar qəbul edərkən məhkəmə öz mülahizəsinə əsaslanaraq iddiaçının yeni tikiliyə köçürülməli olması qənaətinə gəlmişdir. İkimərtəbəli olan yeni tikili isə hal-hazırda Cavabdeh2 faktiki sahibliyindədir. İddiaçı isə həmin mübahisəli mənzildə yaşamasına dair hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı tutulub Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar