Məhkəmə qərarları › İş №2(103)-3889/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3889/2022

25.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3889/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X10 və Cavabdeh4 qarşı “evə köçürülmə və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(003)-658/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X10 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki övladı - 11.05.2017-ci il təvəllüdlü X1 və 30.05.2018-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, hər beş cavabdehə və digər şəxslərə ona qoyulan maneələrin (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 07.08.2016-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 11.05.2017-ci il təvəllüdlü X1 və 30.05.2018-ci il təvəllüdlü X19 doğulmuşdur. X19 anadangəlmə xəstədir. Sağ yuxarı ətrafda hərəkəti yoxdur. Əzələ toxuması zəifdir, barmaqları hərəkətsizdir. Bununla bağlı əməliyyata ehtiyacı var və mütəmadi müalicələr alır, cavabdehlə ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh, onun qardaşı, bacısı zorakı şəkildə onu birgə nikah dövründə aldığı, yaşadığı və halhazırda bütün əşyalarının olduğu ünvan 2 ünvanından şər-böhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, cavabdehin qardaşı və bacısı barədə CM-nin 127-ci maddəsinə görə cinayət işi başlanılmış və istintaqı Xəzər RPİ İŞ-də aparılmış qanuni qiymət almış, daha sonra tərəfindən barışıq ərizəsi verilmiş, həmçinin 08.11.2021-ci il tarixində “Zəfər günü” münasibətilə Milli Məclisinin elan etdiyi amnistiya aktını tətbiq edilərək 04.10.2021-ci il tarixində “cinayət işinin icraatına xitam verilməsi”nə dair qərar qəbul edilmişdir. Dəfələrlə birgə nikah dövründə alınmış, təmir edilmiş sözügedən özbaşına tikiliyə geri dönmək istəsə də, cavabdehlər ona maneə olmuş, fiziki məhdudiyyətli övladı ilə birlikdə natəmiz şəraitdə olan yataqxanada yaşamağa məcbur etmişlər. Onun sözügedən tikiliyə hər iki övladı ilə birlikdə köçürülməsi mütləq və zəruridir. Sözügedən özbaşına tikilini birgə nikah dövründə əldə etmələrinə baxmayaraq, məcburi köçkün rayonuna qeydiyyatda olmağı səbəbi ilə evin komunal xərcləri cavabdeh - baldızı Cavabdeh1 həyat yoldaşı, digər Cavabdeh5 Saməddin oğlunun adına rəsmiləşdirilmişdir. Bundan əlavə köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərarından çıxarışa əsasən Zülfüqarov Hicran Telman oğluna ayrılsa da, əslində torpaq və ev ərinə məxsusdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(003)-658/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş materialında Cavabdeh5 Saməddin oğlunun adına hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığı halda həmin fərdi yaşayış evinin tikildiyi torpağın etibarnamə ilə Cavabdeh5 Saməddin oğlunun adına rəsmiləşdirilməsinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi-vəkili qeyd etdi ki, iddiaçı həmin evdən məcburi qaydada çıxarılmışdır. Evin Cavabdeh5 adına olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Mübahisəli ev birgə nikah dövründə tikilmişdir. İddiaçı özü işləyir. Cehizi həmin evdədir, uşaqlar orada doğulmuşdur. İddiaçı qeyd etdi ki, özü işləyir və evin tikilməsində onun əziyyəti çoxdur. 2016-cı ildə ailə qurduqları zaman mübahisəli ev tikilməmişdir, kirayədə yaşamışlar. Özü və əri işləmiş və mübahisəli evin tikilməsinə çalışmışlar, hələ də ev tam hazır vəziyyətdə deyildir. Evin tikilməsində həm maddi, həm də fiziki iştirakı olmuş, hər iki uşağına hamiləliyinin 8 ayına kimi fiziki işlər görmüşdür. 2017-ci ildə 1 otaq hazır olmuş və onlar evə köçmüşlər. Bu günkü gündə ev tam tikilib başa çatmamışdır. Torpaq ərinə satılmışdır, bu barədə satan şəxs ərizə də vermişdir ki, torpağı Möhsün Məcnuna satmışdır və sonuncu orada ev tikmişdir. Qaçqın olduqları üçün onlara dövlət tərəfindən ev veriləcəyini gözləyirdilər, bu səbəblə mübahisəli tikili ilə bağlı lazimi sənədlər Cavabdeh5 adına tərtib edilmişdir. 2021ci ilin avqustun sonuna kimi qədər həmin evdə yaşamışdır. Onu da nəzərə almaq lazımdır ki, onların qonşuluğunda Ruslanın özünün 7 sot boş torpağı var, lazım olsa idi Ruslan elə öz torpağında ev tikərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X14 və X7 tərəfindən notarial qaydada yazılmış 11.09.2021 və 14.09.2021-ci il tarixli ərizələrdə qeyd edilmişdir ki, qonşuları İddiaçı, əri Cavabdeh2, övladları X19, X8 və X2 ilə birlikdə ünvan 3 ünvanında 2016-cı ildən etibarən qeydiyyatsız yaşayırlar. İş materiallarından görünür ki, 04 oktyabr 2021-ci il tarixli qərara əsasən, İddiaçı müraciəti əsasında cinayət işi başlanmış, 30 noyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, mübahisəli ünvana çəkilmiş qaz xətti Cavabdeh5 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04.11.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 1 nömrəli “Ulduz” hərbi yataqxanasında 100A ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 nöməli qərarından çıxarışa əsasən, Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda hər ailəyə, həmçinin Zülfüqarov Hicran Telman oğluna həyətyanı torpaq ayrılmışdır. İş materiallarına əlavə edilmiş 28.09.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zülfüqarov Hicran Telman oğlu Buzovna qəsəbəsi tərəvəzçilik-südçülük sovxozunda yerləşən 600 kv.m. torpaq sahəsinə aid sənədləşmə işləri aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı bütün hüquqi hərəkətləri etməyi və s. Cavabdeh5 etibar etmişdir. Birinci instansiya məhkəməsinə şahid qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, o, Ruslanı tanımır. Ev tikilən vaxt Möhsün evli deyildi, ev də Ceyranın evidir. Evdə hal-hazırda heç kim yaşamır. Möhsün orada anası ilə qalırdı. Onlar əvvəllər eyni küçədə kirayədə yaşayıblar. Möhsünün bacısı üçün ev tikdilər. Ustaları Eldəniz işlədirdi. Hamı bilirdi ki, ev Möhsünün bacısı üçün tikilir. Digər şahid X4 ifadəsində göstərmişdir ki, o, Ruslanın evində usta işləmişdir. Ruslanla yalnız telefonla danışmış, pulu onlara Eldəniz vermişdir. O, həmin evdə bir həftə işləmiş, alçipan işləri görmüşdür. Orada bütün ustalar bilirdi ki, ev Ruslan üçün tikilir. Digər şahid X5 ifadəsində göstərmişdir ki, mübahisəli ünvanda yaşayır, divar qonşusudur. Əvvəllər orada Hicrana məxsus boş torpaq var idi. Sonra Ruslan oraya gəlibgedirdi. 6-7 il olar Hicran torpağı Ruslana satmışdır. Onlar qohum idilər. Ruslanın harada olduğunu bilmir, orada Möhsünlə anasını görmüşdür. Digər şahid X11 ifadəsində göstərmişdir ki, Ruslanla uzaqdan qohumdur, həm də evində usta kimi işləmişdir. O, Ruslanla telefonda danışmış, evə nəzarəti Eldəniz etmişdir. Digər şahid X6 ifadəsində göstərmişdir ki, o, mübahisəli ev yerləşən ərazidə dükan işlədirdi. O, həmin evdə Ruslanı görmüş, amma əsasən Eldənizi tanımışdır. Ev tikiləndə Eldəniz demişdir ki, evi yeznələri üçün tikirlər. Digər şahid X9 ifadəsində göstərmişdir ki, təxminən 2012-ci illərdə Ruslanın evində işləmişdir. Boş torpaqda ustalıq etmişdir. O, Ruslanla telefonda danışıb, ev Eldənizin bacısının evi olduğu üçün nəzarəti Eldəniz edib. Ruslan işlə əlaqədar gələ bilmirdi. Digər şahid X14 ifadəsində göstərmişdir ki, Möhsünü və Raidəni 3 ildir tanıyır. Ruslanın üzünü görməmiş, adını eşitmişdir. Onlar eyni məhəllədə yaşamış, kirvə olmuşlar. Orada Raidə, yoldaşı, iki uşağı və qaynanası yaşamışdır. İndi kimin yaşamasından məlumatı yoxdur. Digər şahid X12 ifadəsində göstərmişdir ki, o, Raidəni və onun qaynanasını tanıyır, digər tərəfləri isə tanımır. O, Raidəyə sistem iynə vurmağa gedirdi. Mübahisəli evi Raidəgil tikiblər. Onların gediş-gəlişi iynə-dərmanla bağlı olub. Raidə yoldaşı ilə dalaşıb evdən çıxıb. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi fərdi evin tikintisi üçün Hicran Zülfüqarovun istifadəsinə verilmiş, sonuncu tərəfindən torpaq üzərində hüquqları etibarnamə əsasında Cavabdeh5 ötürülmüşdür. İddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmamışdır. Mübahisəli evin Cavabdeh5 tərəfindən tikilməsi barədə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarından belə bir hal müəyyən edilmir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid ifadələri ziddiyyətli olmuşdur. Şahidlər bilavasitə Ruslanı tanıdıqlarını, evin tikilməsinə sonuncunun nəzarət etməsini göstərməmişlər, əksəriyyəti evin tikilməsinə Eldənizin nəzarət etdiyini qeyd etmişdir. Eldəniz isə iddiaçının qayını, Cavabdeh2 qardaşıdır. İki şahid isə ifadəsində mübahisəli evdə iddiaçı ilə ailəsinin yaşadığını, onlar tərəfindən tikildiyini qeyd etmişdir. Göründüyü kimi şahid ifadələri özlüyündə ziddiyyətlidir, onlara əsasən evin Cavabdeh5 üçün tikilməsi qənaətinə gəlmək yolverilməzdir. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəli ev iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə tikilmiş, iddiaçı, Cavabdeh2, onların uşaqları və sonuncunun anası ilə birlikdə həmin evdə yaşamışlar. İddiaçı və uşaqları 2021-cu ilin avqust ayının sonunda evdən çıxarılmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. İşin hallarından da göründüyü kimi ev iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. İddiaçının fasiləsiz olaraq 4 ilə yaxın müddətdə əri və qayınanası ilə birlikdə mübahisəli evdə yaşaması da onu göstərir ki, o, evin tikilməsində maddi və fiziki cəhətdən iştirak etmişdir. Torpağa etibarnamənin və qaz xəttinin Cavabdeh5 adına olması barədə məhkəmənin əsaslandırmasına gəldikdə, Kollegiya qeyd edir edir ki, bu halın özü mübahisəsiz qaydada evin məhz onun üçün tikilməsinə dəlalət etmir. İddiaçı bununla bağlı bildirmişdir ki, əri məcburi köçkün oluğu üçün, dövlətdən mənzil əldə etmək istəmiş, buna görə də adlarında əmlak olmasının əleyhinə olmuşlar. Kollegiya həmin xüsusatı inandırıcı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2022 saylı iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı iki övladı - 11.05.2017-ci il təvəllüdlü X1 və 30.05.2018-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün, cavabdehlərə və digər şəxslərə ona qoyulan maneələr (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar